Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / XXI əsrdə müstəqil və qüdrətli Azərbaycanın möhtəşəm tarixi nailiyyətlərinin memarı Prezident İlham Əliyevdir

XXI əsrdə müstəqil və qüdrətli Azərbaycanın möhtəşəm tarixi nailiyyətlərinin memarı Prezident İlham Əliyevdir

16.10.2020 [09:22]

Praqmatik siyasətçi, böyük dövlət xadimi, müasir dövrümüzün zəfər tarixini və salnaməsini yazan məharətli sərkərdə cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 17 il ötdü
Müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı situasiyalarla qarşılaşan Azərbaycan xalqı əzmkarlıq nümayiş etdirərək dövlətçilik ənənələrimizin əbədiliyini, müstəqil Azərbaycanın tərəqqisini təmin etmişdir. Şübhəsiz, bütün bu tarixi və misilsiz nailiyyətlərin əldə edilməsində lider faktoru müüstəsna rol oynamışdır.
Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu Öndər Heydər Əliyev olmuşdur. İctimai-siyasi sabitliyin qorunmasının, iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində məhz Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı və hər bir azərbaycanlının Prezidenti
Bu gün müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Bu məqamda xatırlatmaq yerinə düşər ki, Ümummilli Lider Heydər Əliyev 2003-cü il oktyabrın 1-də kütləvi informasiya vasitələri ilə Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə bildirirdi: “Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Tarix Ümummilli Lider Heydər Əliyevin bu çağırışda ifadə etdiyi fikirlərin reallıqda öz əksini mütləq mənada tapmasına şahidlik etdi. 17 il bundan əvvəl - 15 oktyabr 2003-cü il tarixində Azərbaycan xalqı cənab İlham Əliyevə böyük etimad göstərdi, Onu özünün Prezidenti kimi gördü. Zaman göstərdi ki, xalq öz seçimində yanılmayıb. Belə ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Cənab İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib. Beləliklə, bu gün Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edən Azərbaycan uğurlu gələcəyə doğru irəliləyir, ölkəmizin bu günü, gələcəyi əmin əllərdədir.
Azərbaycan çoxəsrlik dövlətçilik tarixində heç vaxt indiki qədər güclü olmayıb
O da xüsusi olaraq vurğulanmalıdır ki, Prezident İlham Əliyev modern cəmiyyətdə lider obrazının ən mühüm keyfiyyətlərini özündə birləşdirir. Prezident İlham Əliyev Öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin milli-strateji maraqlarını qoruya bilmək qabiliyyəti ilə Özünün əsl siyasi lider olduğunu isbatlayıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Dövlətimizin başçısının qeyd etdiyi kimi, çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdır.
Müstəqil siyasət milli maraqların qorunmasını təmin edən strateji amildir
Bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs ölkəmizin maraqlarının təmin olunmasına xidmət edir, qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan verir.
Ümumiyyətlə, Azərbaycanın strateji kursunun səciyyəvi xüsusiyyətlərindən biri onun müstəqil xarakter daşımasıdır. Yəni ölkəmiz hər hansı bir güc mərkəzindən, transmilli təsisatdan asılı deyil, dostluq və tərəfdaşlıq münasibətlərini hansısa geostrateji təsirə məruz qalmadan müəyyənləşdirir, ikitərəfli və çoxtərəfli münasibətlərdə, dünya siyasətində fəal təmsilçilikdə ali geosiyasi iradəsini nümayiş etdirir. Respublikamızın daxili və xarici siyasət kursunun strateji episentri milli maraqlardır. Yəni Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan çoxvektorlu və praqmatik xarici siyasət həyata keçirilir, ikitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlıq prinsipi əsas götürülür.
Eyni zamanda, uğurlu strateji kurs həm ölkəmizin milli maraqlarının qorunmasında, həm də regional sabitliyin, təhlükəsizlik və inkişafın təmin olunmasında öz ifadəsini tapır. Bu isə həm beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı ölkələr, o cümlədən dünya siyasətində güc mərkəzi kimi çıxış edən milli dövlətlər tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu və real siyasi proseslərdə özünü doğrultması beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Nəticə etibarilə, Azərbaycana olan maraq və diqqət ölkəmizin beynəlxalq arenada qazandığı yüksək nüfuzun əyani göstəricisidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verən dövlət kimi tanınması və qəbul olunmasını təmin edib.
Bütövlükdə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müstəqil siyasət Azərbaycana çox böyük üstünlüklər qazandırıb, ölkəmizin tərəqqi yolunda əmin addımlarla irəliləmisini təmin edib və respublikamız qarşısında yeni perspektivlər açıb. Dövlətimizin başçısının vurğuladığı kimi, müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaqdır.
Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu aktor kimi...
Yuxarıda qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev ötən 17 il ərzində milli dövlətimizin qazandığı kompleks xarakterli möhtəşəm nailiyyətlərin altına imza atıb. Xüsusilə, 17 illik periodun xarici siyasət sahəsində yüksələn qrafikə əsaslanan xronika və dinamikası olduqca zəngin və məhsuldardır.
Çoxvektorlu və praqmatik xarici siyasət kursunun qanunauyğun nəticəsi kimi, ötən müddət ərzində regional güc mərkəzinə çevrilən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınıb. Eyni zamanda, respublikamız xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürərək beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edib. Bununla yanaşı, regionda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan strateji əhəmiyyətli layihələr reallaşdırıb, Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsini formalaşdıraraq yeni geostrateji əməkdaşlıq platformaları yaradıb, regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr verib. Azərbaycanın təşəbbüsü ilə yeni əməkdaşlıq platformaları yaranıb - üçtərəfli, dördtərəfli formatda diplomatik münasibətlərin təməli qoyulub. Eyni zamanda, respublikamız öz xarici siyasət kursunda işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Bu, bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından strateji önəm kəsb edib. Digər tərəfdən, Azərbaycan yeni geostrateji şəraitdə beynəlxalq dialoq və əməkdaşlıq mərkəzinə çevrilib, qlobal xarakterli - strateji əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi edib. Qeyd etdiyimiz kimi, ölkəmiz, eyni zamanda, geopolitik güc mərkəzlərinin maraqlarının toqquşduğu yox, uzlaşdığı məkan kimi tanınıb. Bundan başqa, Azərbaycanın 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi səmərəli xarici siyasət kursunun nəticəsi, ölkəmizə yüksək beynəlxalq etimadın göstəricisidir. Respublikamızın 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilməsi, 2019-2022-ci illərin isə Azərbaycanın Hərəkata sədrlik dövrü kimi müəyyənləşdirilməsi də strateji əhəmiyyətə malikdir.
Nəticə etibarilə, rasional və praqmatik xarici siyasət Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsini, dostlarının və tərəfdaşlarının sayının mütəmadi olaraq artmasını təmin edib.
Dünyanın ən güclü 50 ordusu sırasında olan Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə tarix yazır və tarixi ədaləti bərpa edir
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun ən mühüm prioritetlərindən biri Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdır. Bu istiqamətdə həm uğurlu hücum diplomatiyası həyata keçirilir, həm ölkəmizin hərbi qüdrəti kifayət qədər artırılıb. Həyata keçirilən ordu quruculuğunun nəticəsidir ki, Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alır.
Ümumiyyətlə, Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olsa da, imitasiya naminə danışıqlarda iştirak etmək niyyətində olmadığını dəfələrlə bəyan edib. Ermənistanın isə qeyri-konstruktiv mövqe ilə danışıqlar prosesini pozmağa hesablanmış addımlar atması heç kəsə sirr deyil. İşğalçı ölkənin diktator rəhbərliyi indiyə qədər müxtəlif formalarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziddiyyətli bəyanatlar səsləndirib, bu məsələ ilə əlaqədar beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olmayan çıxışlar edib. Beləliklə, Ermənistan həm hərbi, həm də diplomatik-siyasi müstəvidə təxribatlar etməklə danışıqlar prosesini faktiki olaraq pozub. İşğalçı ölkənin iyulda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribat cəhdi və siyasi-diplomatik müstəvidə təxribatçı hərəkətləri Ermənistanın münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını bir daha aydın şəkildə göstərmişdi. Eyni zamanda, sentyabrın 27-də işğalçı Ermənistanın təcavüzkar silahlı birləşmələri qoşunların təmas xəttinin geniş bir coğrafiyasını əhatə edən ərazilər üzrə Azərbaycanın mülki kəndlərinə hücumlara başlamaqla növbəti təxribatlar törətdi. Bu, Azərbaycana qarşı növbəti silahlı təcavüz idi. Bu təxribatın qarşısını layiqincə alan qüdrətli Azərbaycan dövləti isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz qətiyyət və güclü iradə nümayiş etdirdi. Ölkəmiz beynəlxalq hüquq normalarına əsaslanan müvafiq konvensiyalarda, o cümlədən BMT-nin nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququnu həyata keçirməyə başladı. Bütövlükdə, güclü Azərbaycanın qüdrətli Ordusu bir neçə gün ərzində Ermənistanın 30 il müddətində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Çox sayda tank, artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, düşmənin xeyli sayda hərbi texnikası, silah-surastı ələ keçirildi. Eyni zamanda, Ermənistan ordusunun peşəkar zabit heyəti və müddətdən artıq hərbi xidmətçiləri böyük sayda məhv edildi. Ekspertlərin də qeyd etdikləri kimi, bundan sonra Ermənistana 10 illiklər lazım olacaq ki, özünə yeni ordu qursun. Bu silah-sursat sistemlərinin qurulması üçün Ermənistan tərəfindən milyardlarla vəsait sərf olunmuşdu. Nəticə etibarilə, Azərbaycan Ermənistanı təslim bayrağı qaldırmağa məcbur etdi. Bir sıra ərazilərimiz və strateji yüksəkliklər azad edildi, indi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Bütün cəbhə xətti boyu ermənilərin müdafiə istehkamları yarıldı və ələ keçirildi, bundan sonra düşmənin yenidən müdafiə xətti qurmağa nə vaxtı, nə imkanları, nə resursları var.
Beləliklə, bütün dünya Azərbaycan dövlətinin gücünü, xalqımızın isə əzmini gördü. Başqa sözlə, əks-hücum əməliyyatlarında düşmənə sarsıdıcı zərbələr endirməklə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Bir daha məlum oldu ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün bütün xalq Ali Baş Komandanın ətrafında sıx birləşib, Onun qətiyyətli siyasətinə birmənalı dəstək ifadə edir.
O da xüsusi olaraq vurğulanmalıdır ki, bu müharibə işğalçı Ermənistanın hərbi-siyasi müstəvidə mövqeyini alt-üst etdi. Eyni zamanda, Azərbaycan uzun illər mövcud olmuş status-kvonu aradan qaldırdı, təmas xəttini ləğv etdi. Şübhəsiz ki, ordumuzun döyüş meydanında qazandığı uğurlar diplomatik müstəvidə də üstünlüyümüzü şərtləndirib. Bundan sonra ölkəmiz diplomatiya cəbhəsində diktə edən tərəf kimi çıxış edir. Bütövlükdə isə, Azərbaycanın Ermənistan üzərində hərbi və siyasi-diplomatik üstünlüyü ölkəmizin ərazi bütövlüyünün tam təmin olunmasına imkan verir.
O da xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycan xalqı öz dövlətinə, ölkə Prezidenti və Ali Baş Komandanımız İlham Əliyevə və müzəffər ordumuza qətiyyətli dəstək göstərir, haqq mübarizəmizin zəfərlə başa çatacağına böyük inamını ifadə edir. Dövlət başçısına ünvanlanan çoxsaylı minnətdarlıq məktublarında da dünya azərbaycanlılarının ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində Ali Baş Komandanın prinsipial siyasətinə birmənalı dəstək nümayiş etdirmələri də bunun bariz nümunəsidir.
Xalq-iqtidar birliyi Azərbaycanın milli gücünü artıran mühüm faktor kimi
Bütövlükdə, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib, eyni zamanda, öz gücünə arxalanaraq ərazi bütövlüyünün təmin olunması istiqamətində qətiyyət nümayiş etdirir, şərəfli tarix yazır.
Bununla yanaşı, Azərbaycan Prezidentinin xalqın mənafeyinə əsaslanan uğurlu siyasəti, hər bir vətəndaşın rifahına, ölkənin inkişafına xidmət edən addımları bütün bu nailiyyətləri şərtləndirən strateji faktor kimi çıxış edir. Təsadüfi deyil ki, ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi dövlət başçısının uğurlu siyasətinin nəticəsidir. Dövlətimizin başçısı qeyd edib: “Bilirsiniz, mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Xalq bilməlidir nələr baş verir, hansı yerdəyik, nədir bizim siyasətimiz. Mən çıxışlarımda və media nümayəndələri ilə görüşlərimdə aktual məsələlərə aydınlıq gətirirəm və hesab edirəm ki, bu, çox vacibdir”.
Təbii ki, bütün bu müsbət reallıqlar Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir. Təsadüfi deyil ki, ictimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir.
Nəticə etibarilə, 17 il əvvəl xalqın böyük etimadı əsasında ilk dəfə Prezident seçilən böyük dövlət xadimi, müasir dövrümüzün zəfər tarixini və salnaməsini yazan məharətli sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz uğurla inkişaf edərək yeni zirvələr fəth edir. Bir sözlə, XXI əsrdə müstəqil və qüdrətli Azərbaycanın möhtəşəm tarixi nailiyyətlərinin memarı Prezident İlham Əliyevdir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 447 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31