Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyevin KİVDF-nin yaradılması haqqında Fərman imzalamasından bir il ötür

Prezident İlham Əliyevin KİVDF-nin yaradılması haqqında Fərman imzalamasından bir il ötür

03.04.2010 [10:59]

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qısa müddət ərzində milli mətbuatımızın inkişafına böyük töhfələr verməyi bacarıb
Bu gün dünyanın, eyni zamanda, informasiya vasitəsilə idarəolunması faktını diqqətə alsaq, bir daha hər bir ölkənin media məkanının nə qədər həssas və vacib sfera olduğunu anlayarıq. İnformasiya vasitəsilə mübahisələr həll edilir, müharibələr aparılır, işğal aktı həyata keçirilir, bu və ya digər media məkanının təhlükəsizliyi zəif təşkil olunmuş ölkədə qarşıdurmalar yaradılır, eynilə, bu məkanla cəmiyyətin ictimai şüuru, düşüncə tərzi, siyasi mədəniyyəti formalaşdırılır, ölkənin milli maraqları qorunur, əhalinin təhlükəsizliyi təmin edilir. Xüsusilə, qloballaşma dövründə informasiya kanallarının, media məkanının sağlam saxlanılması milli dövlətlərin strateji məqsədi olaraq qalır. Azərbaycan da qlobal transformasiya dövrünü yaşayan dünyanın bir parçasıdır və onun da qarşısında milli media məkanının təhlükəsizliyinin təmin olunması, mətbuatın demokratik, plüralizm, azad fikirlilik şəraitində inkişafına münbit şərait yaratması kimi əhəmiyyətli vəzifə durur.
Belə ki, ötən müddət ərzində Azərbaycan mətbuatı çox əhəmiyyətli qərarların verilməsi fonunda böyük inkişaf yolu keçib. Yəni, yarandığı gündən təkmilləşərək bu günümüzə qədər gəlib çatan Azərbaycan mediasının inkişaf tarixində ən mühüm qərarlar, məhz 17 il öncə - 1993-cü ildən verilməyə başlayıb.
Sovet imperiyası parçalandıqdan sonra totalitarizm ideologiyası çərçivəsindən kənar milli maraqlara xidmət edən və total nəzarətin, ümumiləşmiş mədəniyyətin qalıqlarını təmizləyəcək, cəmiyyətə yeni nəfəs gətirəcək milli mətbuatın formalaşdırılması prosesinə ehtiyac duyulurdu. çünki demokratik quruluşun, vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən olan söz azadlığının təminatı ölkə vətəndaşlarına verilə biləcək ən yüksək hüquqlardan biri sayılırdı.
ümumiyyətlə, bu gün hər bir azərbaycanlının 1991-1993-cü illərdə ölkəmizin hansı vəziyyətdə olması ilə bağlı amilləri bildiyindən, bu məsələlərə toxunmadan bir başa müstəqillik dövründə milli mətbuatın formalaşmasına, inkişafına keçmək istərdik. Belə ki, 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyevin ölkə Prezidenti seçilməsi ilə milli mətbuatımız yenidən qayğı ilə əhatə olundu, mətbuatın inkişafında yeni era başlandı. ölkənin ictimai-siyasi həyatında yaranan sabitlik, vətəndaşların təhlükəsizliyinin və qanunçuluğun təmini, sosial-iqtisadi problemlərin həlli istiqamətində ciddi addımların atılması kütləvi informasiya vasitələrinin fəaliyyətinə, söz, fikir və məlumat azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Məhz həmin dövrdən etibarən Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi və azad fəaliyyəti üçün ölkəmizdə zəruri qanunvericilik bazası yaradıldı. Bütün qanunvericilik amilləri isə - kütləvi informasiya vasitələrinin azadlığına təminat verən, mətbuatda dövlət senzurasının aradan götürülməsi prinsipi Azərbaycan Respublikasının Konstitusiyasına əsasən təsbit edildi. Azərbaycan Respublikasının Konstitusiyasında deyilir: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.
Daha sonra ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı kütləvi informasiya vasitələrinin sərbəst inkişafına, onların cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. çünki bununla Azərbaycan mətbuatında mövcud olan 6 illik senzura ləğv edildi.
Milli mətbuatın inkişafı istiqamətində, həmçinin, media məkanının gələcəyinin təminatı ilə bağlı da addımlar atıldı - 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” yeni Qanun qəbul edildi. Bu sənədlə Azərbaycanda mətbuatın dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması prosedurası xeyli asanlaşdırıldı. Təbii ki, Azərbaycan hökuməti demokratiyanın, plüralizmin ölkəmizdə daha da dərin köklər atması üçün bu cür tədbirləri davamlı şəkildə həyata keçirirdi. Yeni Qanunun qəbulundan sonra 2000-ci ilin martında ümummilli liderimiz Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu. Aparılan islahatlar nəticəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, beynəlxalq təcrübəyə əsaslanaraq, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi-təşkilati əsaslarının möhkəmləndirilməsi məqsədi ilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı.
Bu gün əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli mətbuata dəstək və qayğını özündə ehtiva edən siyasi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə mətbuatla bağlı bir sıra fərman və sərəncamların imzalanması bir daha onu göstərir ki, Azərbaycan mətbuatı hər zaman dövlətin qayğısını öz üzərində hiss edir. Bununla yanaşı, xüsusilə, vurğulanmalıdır ki, Mətbuata Dövlət Dəstəyi Konsepsiyasının hazırlanması və qəbul edilməsi, milli mətbuatın inkişafına zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun təsis edilməsi Prezident İlham Əliyevin mətbuata xüsusi diqqətinin bariz nümunəsidir.
Belə ki, dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında Fərmanın imzalamasından bir il ötür. KİV-in inkişafına dair konsepsiyanın qəbulu, Prezident yanında KİV-lərə Dövlət Dəstəyi Fondunun yaradılması bir daha sübut edir ki, dövlət mətbuatın Azərbaycanın və xalqımızın milli maraqları naminə müstəqil fəaliyyət göstərməsini istəyir, bunun üçün bütün şəraiti yaradır.
Xatırladaq ki, 2008-ci il iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nı təsdiq etmişdi. Konsepsiyanın təsdiq olunması ilə bağlı Sərəncamda KİV-in inkişafına dövlət dəstəyini həyata keçirəcək qurumun yaradılması üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdu. Bunun nəticəsi olaraq, 2009-cu il aprelin 3-də Azərbaycan Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Nizamnaməsi təsdiq olunmuş, mayın 22-də isə Fondun Müşahidə Şurası üzvləri və İcraçı direktoru təyin edilmişlər.
Bu gün KİVDF ölkəmizdə fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, KİV-lərin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və KİV-lər arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına şərait yaratmaq, onların sosial müdafiəsini gücləndirmək istiqamətində proqram və layihələrinin maliyyələşməsini həyata keçirərək demək olar ki, qısa müddət ərzində qarşısına qoyduğu məqsəd və hədəflərin əksəriyyətinə nail olub. Fondun fəaliyyət göstərdiyi müddət ərzində gördüyü işləri qruplaşdırsaq, aşağıdakı mənzərə ilə qarşılaşacağıq. KİVDF,
- fikir, söz və məlumat azadlığının inkişaf etdirilməsi ilə bağlı vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində aktiv iştiraka nail olub,
- kütləvi informasiya vasitələrinin inkişafına maliyyə təminatı yaratmaq üçün çoxsaylı və effektiv tədbirlər görüb,
- Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş mətbuatla bağlı Konsepsiyanın məqsədlərinə və prioritet istiqamətlərinə müvafiq olaraq təkliflər irəli sürmək, layihələr hazırlamaq, onların həyata keçirilməsini təmin etmək istiqamətində sıçrayışlı addımlar atıb,
- kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin gücləndirilməsinə, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artırılmasına, o cümlədən, sosial müdafiəsinə yönəldilmiş tədbirlər həyata keçirib,
- fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərlə çıxış edir,
- fikir, söz və məlumat azadlığı sahəsində araşdırmalar aparılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə tədbirlər görüb və s.
Beləliklə də, KİVDF-nin fəaliyyətilə bağlı gəldiyimiz bu qənaətləri, eyni zamanda, konkret faktlarla da təsdiqləmək olar. Amma Fondun qarşıdakı uzun illər ərzində göstərəcəyi səmərəli fəaliyyəti nəticəsində Azərbaycanın milli mətbuatının inkişafına verəcəyi töhfələrin daha çox olacağına əminliyimizi ifadə edərək, bunun daha çox elmi araşdırılmasının aparılmasını təklif edirik. çünki Azərbaycan mətbuatında unikal bir addım atılıb ki, onun səmərəsini demokratikləşən cəmiyyətimiz daim görəcək. Artıq 50-100 ildən sonra deyilməyəcək ki, Azərbaycan mətbuatı buxovlar, senzuralar içərisində boğulurdu. Cəmiyyətimizin bütün təbəqələri bilməlidirlər ki, demokratikləşən Azərbaycanın milli mətbuatının inkişafında yeni bir səhifə açılıb. Artıq əminliklə söyləmək olar ki, demokratik dəyərlərə malik Azərbaycan mətbuatı müasir kriteriyalara, keyfiyyətlərə, tələblərə tam cavab verir və sürətlə inkişaf edir.
Ramil VƏLİBƏYOV
Paylaş:
Baxılıb: 951 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30