Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ədaləti bərpa edir!

Azərbaycan ədaləti bərpa edir!

06.11.2020 [09:28]

Yaxud niyə məhz bu gün?
30 il idi ki, Azərbaycan torpaqları təcavüzkar Ermənistanın işğalçılıq siyasəti nəticəsində düşmən tapdağı altında inləyirdi. Yüz minlərlə vətəndaşımız Dağlıq Qarabağ və ətraf rayonlardakı doğma ocaqlarından, yurd-yuvalarından məhrum olaraq qaçqınlıq, məcburi köçkünlük statuslu ağır yükü, məşəqqəti öz üzərində daşıyırdı və 30 il idi ki, Azərbaycan dövləti çoxsaylı beynəlxalq nüfuzlu təşkilatlarda ədalətin bərpası, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün çağırışlar edir, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilikləri ilə danışıqlar masasına oturur, müxtəlif təkliflərlə çıxışlar edirdi. Azərbaycan dövləti ötən 30 il ərzində münaqişənin məhz müharibəsiz, qansız-qadasız həll olunması üçün kifayət qədər böyük səbr, təmkin nümayiş etdirdi. Lakin bütün bu cəhdlərə baxmayaraq, işğalçı ölkə öz iddialarından əl çəkmirdi, baxmayaraq ki, Ermənistanın əvvəlki hakimiyyəti ilə aparılan sülh danışıqlarında müəyyən ümidverici məqamlara da rast gəlinirdi.
Təəssüf ki, sonda həmin ölkənin rəhbərlikləri öz sözlərinin üzərində dayanmamaqla yanaşı, həm də cəbhə xəttində atəşkəs rejiminin pozulmasına göz yumur, mülki insanlarımız - qadınlarımız, uşaqlarımız, yaşlılarımız erməni tərəfinin silahlı hücumlarına məruz qalır, hədəfə çevrilirdilər. Təkcə atəşkəs dövründə həyatlarını itirmiş Azərbaycan vətəndaşlarının sayı yüzlərlədir və bu gün biz həmin terrorun daha aqressiv halını Ermənistanın mövcud baş naziri Nikol Paşinyanın simasında görməkdəyik.
Ali Baş Komandanımız İlham Əliyevin də vurğuladığı kimi, bu cür münasibət Azərbaycan xalqına qarşı düşünülmüş təhqir idi...
Sual oluna bilər ki, niyə məhz bu gün? Niyə sentyabrın 27-dən başlayaraq Azərbaycan tərəfi düşmənlərə layiqli cavab verməyə başladı? Bunun isə bir sıra obyektiv səbəbləri var. Bildiyimiz kimi, Azərbaycan Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyev Ermənistan silahlı qüvvələrinin və qondarma “DQR”in quldur hərbi birləşmələrinin əzəli torpaqlarımızdan dərhal, qeyd-şərtsiz çıxarılmaları üçün qarşı tərəfə son şansı vermişdi. O, BMT-nin Təhlükəsizlik Şurasının çıxardığı dörd qətnaməsini, habelə Avropa İttifaqının və Avropa Şurasının qərarlarını əsas tutaraq, münaqişənin daha gərgin mərhələyə keçməsinin qarşısını almağa çalışdı. Ancaq göründüyü kimi, qarşı tərəf bu şansdan da istifadə etmədi, yaxud etmək istəmədiyini dinc şəhərlərimizi, mülki obyektlərimizi, vətəndaşlarımızı artilleriya və raket zərbələrinə məruz qoymaqla nümayiş etdirdi. Hüquqi tərəfi bəllidir və bu barədə qətnamələr, qərarlar barədə qeyd etdik. Mənəvi tərəfi isə budur ki, qondarma və separatçı “DQR”in saxta “prezidenti”ni də “seçib” “andiçmə” mərasimini də qədim Azərbaycan şəhəri Şuşada keçirdi, üstəlik, Ermənistanın baş naziri Nikol Paşinyan da həmin “mərasimə” qatıldı, məclislər təşkil edildi və s. Əlbəttə ki, həmin faktı özündə milli-mənəvi ruh daşıyan heç bir azərbaycanlı qəbul edə bilməzdi və bununla yanaşı, Ali Baş Komandanımız İlham Əliyev cənablarının da vurğuladığı kimi bu cür münasibət Azərbaycan xalqına qarşı düşünülmüş təhqir münasibəti idi...
Belə olan halda isə, təbii ki, uzun illər formalaşaraq Cənubi Qafqazın ən güclü silahlı qüvvəsinə çevrilmiş, dünyanın 50 ən güclü ordusu sırasında yer alan Azərbaycan Ordusu cənab Ali Baş Komandanın əmri əsasında həm hüquqi, həm də mənəvi baxımdan cavab tədbirləri görmək qərarını verməliydi.
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi strategiyasını, inkişaf konsepsiyasını uğurla davam etdirərək əvvəllər həyata keçirilməsi mümkün görünməyən işləri son 17 ildə reallaşdırmağa müvəffəq oldu
Təbii ki, Azərbaycan dövləti bu gücü, qüdrəti reallaşdırmaq üçün çox uzun yol qət etdi, iqtisadi imkanlarını gerçəkləşdirdi, neft və qeyri-neft sektorunda nəhəng layihələrini reallaşdırdı, təşəbbüskar və ideyaverici rolunda çıxışlar edərək dünyanın ən böyük şirkət və korporasiyaları ilə müqavilələr imzaladı. İqtisadi gücünü formalaşdıran və artıran Azərbaycan dövlətinin rəhbəri, Prezident İlham Əliyev cənabları Ulu Öndər Heydər Əliyevin siyasi strategiyasını, inkişaf konsepsiyasını uğurla davam etdirərək, əvvəllər həyata keçirilməsi mümkün görünməyən işləri son 17 ildə reallaşdırmağa müvəffəq oldu. Əldə edilən kapital gəlirləri dövlətin qüdrətlənməsinə, insan resurslarına, vətəndaşlarımızın rifahına xərcləndi və onun nəticəsi olaraq bu gün hər bir Azərbaycan vətəndaşı öz vətəndaşlıq borcundan çıxış edərək, bütün mənalarda öz dövlətinin təhlükəsizliyini, ərazi bütövlüyünün təmin olunmasını mənəviyyat, vicdan və şərəf timsalında əks etdirir. Əbəs deyil ki, cənab Prezident İlham Əliyev iqtisadiyyatdan əldə edilən kapitalı insan kapitalına çevriləcəyini vurğulayırdı və bu gün bir sıra məqamlarda biz bu uğurlu siyasətin məntiqi nəticələrini görməkdəyik.
Digər tərəfdən, həmin uğurlar çərçivəsində mövcud olan xalq-hakimiyyət birliyi amili ölkəmizin dövlətçilik maraqlarının möhkəm təməllərə söykənməsinə kifayət qədər geniş imkanlar verdi və bu gün həmin birlik özünü sarsılmazlığı, prinsipiallığı ilə təsdiq edir. Əlbəttə, xarizmatik, praqmatik və qətiyyətli Lider faktoru da bu kimi məsələlərdə öz sözünü dedi və deməkdədir. Əbəs deyil ki, bu gün İlham Əliyev dedikdə, liderliklə yanaşı, həm də yenilməz, müzəffər sərkərdə obrazı da özünü bütün tərəflərdən isbat etməkdədir. Deyərdim ki, bu gün Azərbaycanda olan tükənməz ruh birliyi analoqu olmayan bir hadisədir və tarixə yazılan həqiqətdir.
İqtisadi uğurlardan əldə olunan gəlirin əsas hissəsi sosial məsələlərlə yanaşı, həm də ordu quruculuğu prosesinə cəlb olunurdu
Bu gün Azərbaycanın şanlı Ordusunun Qarabağ cəbhəsində apardığı əks-hücum əməliyyatları və torpaqlarımızın düşmən işğalından azad olunması yönündə həyata keçirilən tədbirlər qeyd edilən şərtlərin hesabına qələbə və zəfərlərlə müşayiət olunmaqdadır. Belə ki, iqtisadi uğurlardan əldə olunan gəlirin əsas hissəsi sosial məsələlərlə yanaşı, həm də ordu quruculuğu prosesinə cəlb olunurdu. Azərbaycan Ordusu ən müasir hərbi-texniki texnologiyaları vasitəsi ilə şəhər və kəndlərimizi, qəsəbələrimizi işğaldan azad edir. Artıq məlumdur ki, dünyanın diqqətində olan Qarabağ cəbhəsində ən unikal hərbi əməliyyatlar keçirən Azərbaycan Silahlı Qüvvələri bir çox hərbi strateqləri sözün həqiqi mənasında heyrətləndirir. Azərbaycan Ordusu dünyanın müasir hərb elminə yenilikləri ilə imza atır və tarix yazır. O cümlədən, dünya artıq Azərbaycanı yeni texnologiyaları, ən müasir siyasi-iqtisadi və hərbi modelləri ilə qəbul edir, nümunələr götürür. Amma onu da unutmamalıyıq ki, hərbi uğurlarımızın təməlində dayanan əsas faktor Azərbaycan əsgəri, Azərbaycan zabiti və qəlbləri onlarla bir döyünən xalqın tükənməz dəstəyidir. Bu gün Azərbaycan əsgəri düşmənlə qarşılaşmağa böyük sevinc hissi ilə gedir və gözü də arxada qalmır. Çünki bilir ki, arxada onun ailəsinə sahib çıxan Azərbaycan dövləti, qeyrətli Azərbaycan xalqı dayanır. Əgər biz cəbhədə Azərbaycan əsgər və zabitlərinin şücaətlərinə, qəhrəmanlıq salnamələrinə, eyni zamanda şəhidlərimizin valideyinlərinin “Vətən sağ olusn!” kəlmələrini nə qədər qürurla səsləndirdiklərinə nəzər salsaq, zəfərin, qələbənin nə qədər yaxında olduğunu bir daha hiss edərik.
Xaotik vəziyyətdə başını itirmiş bir ölkənin güclü və dünya birliyində özünəməxsus yeri və rolu olan Azərbaycanla səfərbərlik faktlarını müqayisə edək
Bəs Ermənistanda, düşmən ordusunda vəziyyət necədir? Əslində bu sualın özümüzə verərkən, qarşı tərəfin vəziyyətinin nə yerdə olduğunu baş verən hadisələr fonunda cavabını tapmış olarıq. Ən adi bir misal gətirməklə deyə bilərik ki, bu gün ordumuz işğalçı düşmənin ərazilərimizdən çıxarılmasına nail olursa, demək ki, düşmən qaçır, düşmən fərarilik edir. Hazırda Ermənistanda yeridilən yarıtmaz, uğursuz, mənfur və məğlubiyyətə doğru sürətlə yuvarlanan siyasət xalqın mövcud hakimiyyətə qarşı narazılığını artırmaqdadır. Xaotik vəziyyətdə başını itirmiş bir ölkənin güclü və dünya birliyi içində özünəməxsus yeri və rolu olan Azərbaycanla səfərbərlik faktlarını müqayisə edək. Misal üçün, Azərbaycan qismən səfərbərlik elan edib və gənclərdən tutmuş ortayaşlı insanlarımıza qədər hər kəs cəbhəyə, döyüşməyə can atır. Çünki bilirlər ki, onlar öz torpaqlarının işğaldan azad olunmasında iştirak edəcəklər. Bəs erməni tərəfində nə baş verir? Polis və hərbi polis gücləri küçələrdə insanları zorla avtobuslara yığmaqla cəbhəyə göndərir. Yaxud, insanlar hərbi komissarlıqlara müxtəlif vasitələrlə rüşvətlər təklif edib, övladlarının Qarabağa yollanmasının qarşısını almağa çalışırlar. Eləcə də məlum olub ki, cəbhəyə getməyən kişilərin yeni doğulmuş övladlarına doğum evləri heç bir sənəd vermirlər, üstəlik həmin uşaqlara doğum haqqında şəhadətnamələrin də verilməsi yasaqlanıb. Bax, budur düşmən ordusu ilə müzəffər Azərbaycan ordusu arasındakı real fərq.
Dünya birliyi nəyə görə cənab İlham Əliyevə minnətdar olmalıdır?
Hətta Nikol Paşinyan hökumətinin yalançı pafos üzərində səsləndirdikləri saxta vətənpərvərlik çağırışları da artıq heç bir effekt vermir və hətta bu pafoslu çağırışların təsiri altına düşərək cəbhəyə gedənlər indi fərarilik edir, qaçıb-gizlənirlər. Və bu həmin Nikol Paşinyandır ki, hakimiyyətə yiyələnəndə də pafoslu, odlu-alovlu çıxışlar edib, xalqını aldadırdı, indi isə erməni xalqının başını bu cür çıxılmaz, ağrılı-acılı cəngəllərə doğru itələyir.
Beləliklə, Azərbaycan dövləti bu gün ədaləti bərpa edir - BMT-nin Avropa İttifaqının və s. beynəlxalq qurumların 30 ildir ki, kağız üzərində qalmış, toz basmış, həyata keçirilməmiş qətnamə və qərarlarının icrasını reallaşdırır. Bu təşkilatlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərgilədiyi iradəsinə, qətiyyətinə görə Ona minnətdar olmalıdırlar. Çünki Azərbaycan dünyada dondurulmuş münaqişələrin hərb yolu ilə də həlli yolunun olmasının nümunəsini yaradır. Həm də minnətdar olmalıdırlar ona görə ki, faşizmi, terrorçuluğu dövlət siyasətinə çevirmiş Ermənistanı yerinə oturdur, bu siyasətin regiona və dünyaya təsir göstərmək şanslarını heçə endirir. Çünki O, müasir dünyanın və gələcək üçün Sərkərdəlik, Liderlik tarixini yazır, özü də onu qızıl hərflərlə həkk edir!
Bəhruz QULİYEV,
“SƏS” qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru

Paylaş:
Baxılıb: 446 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31