Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyevin praqmatik islahatlar kursu Azərbaycanın milli gücünü artıran strateji faktordur

Prezident İlham Əliyevin praqmatik islahatlar kursu Azərbaycanın milli gücünü artıran strateji faktordur

28.11.2020 [01:48]

Ötən ilin noyabr ayının 29-da Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyətə başlamasından sonra ölkəmizdəki siyasi qüvvələrlə dialoq prosesinə start verilməsi, yeni siyasi partiyaların qeydiyyatdan keçməsi və digər mühüm addımlar yeni siyasi konfiqurasiyanın formalaşmasını, plüralizmin güclənməsini və milli həmrəyliyin möhkəmlənməsini şərtləndirib

Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Milli inkişaf modelinin uğurla tətbiq olunması, siyasi, hüquqi və sosial-iqtisadi islahatların davamlı olaraq həyata keçirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Bütün bunların nəticəsidir ki, Cənubi Qafqaz regionunun lider dövləti olan, ictimai-siyasi sabitliyin, dinamik-dayanıqlı inkişafın təmin olunduğu Azərbaycan tərəqqi yolunda əmin addımlarla irəliləyir. Xüsusilə də, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlar Azərbaycanın qüdrətinin daha da artmasına xidmət edir. Ümumiyyətlə, Azərbaycanın güclü dövlət mexanizminin əsasını təşkil edən mühüm faktorlardan biri davamlı islahatların reallaşdırılması, dövlət idarəçiliyində yeni və təkmil standartların tətbiq olunmasıdır. Təsadüfi deyil ki, bu istiqamətdə dövlət başçısı tərəfindən mütəmadi olaraq müvafiq Fərman və sərəncamlar imzalanır, konkret əməli tədbirlər görülür.

Çoxşaxəli, sistemli və kompleks xarakterli islahatlar qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan verir

Heç şübhəsiz, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs Azərbaycanın dinamik inkişafını təmin etməklə yanaşı, ölkəmizin qarşısında yeni perspektivlərin açılmasını şərtləndirib. Bu, Azərbaycanın qüdrətinin daha da artmasını təmin edən mühüm faktor olaraq qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan verir. Dövlətimizin başçısının bildirdiyi kimi: “Ölkəmizdə köklü islahatlar aparılır. Bu islahatlar demək olar ki, bütün sahələri əhatə edir”.

Respublikamızda həyata keçirilən genişmiqyaslı reformalardan bəhs edərkən struktur, institusional və kadr islahatlarının əhəmiyyətini xüsusi vurğulamaq gərəkdir. Məlum olduğu kimi, Azərbaycanın davamlı inkişafının təmin edilməsi məqsədilə aparılan sosial-iqtisadi islahatların dərinləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması və ixrac potensialının artırılması vəzifələri müvafiq sahələrdə struktur dəyişikliklərinin sürətləndirilməsini və dövlət idarəetmə strukturunun təkmilləşdirilməsini zəruri edib. Ardıcıllıqla həyata keçirilən struktur islahatları dövlət idarəetməsini inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur. Bütövlükdə, 2019-cu ilin əvvəlindən Prezident İlham Əliyev tərəfindən struktur islahatları ilə bağlı mühüm qərarların qəbul edilməsi, bu istiqamətdə işlərin daha aktiv fazaya daxil olması müsbət nəticələr verməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir.

Kadr və struktur islahatları Azərbaycanın müasir qlobal çağırışlar -  yeni trendlər əsasında dinamik inkişafını təmin edir

Ölkəmizdə institusional islahatların davamı olaraq kadr siyasətində də keyfiyyətcə yeni mərhələ başlanıb. Dövlətimizin başçısı bu məqama toxunaraq “Struktur islahatları ilə bərabər, kadr islahatları da aparılır. Struktur islahatlarına gəldikdə, cəmiyyət bu islahatları yüksək qiymətləndirir”, - deyə vurğulayıb. Əlbəttə, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin yeni strukturlarının təsdiq edilməsi, Milli Məclisin yenidən formalaşması Azərbaycanın milli maraqlar və müasir qlobal çağırışlar - trendlər əsasında inkişafını təmin edir. Paralel olaraq idarəetməyə daha yüksək keyfiyyətlərə malik kadrlar cəlb olunur, dinamizm və çevikliyin artırılması məqsədilə kadr islahatları davamlı xarakter daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim apardığımız kadr və struktur islahatları, eyni zamanda, ölkəmizin beynəlxalq imicini daha da yüksəklərə qaldırır və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir”.

İslahatlar çərçivəsində Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması siyasi proqressə təkan verib

Bu məqamda xatırlatmaq yerinə düşər ki, ardıcıl xarakter daşıyan institusional və struktur islahatlarının tərkib hissəsi kimi ötən ilin noyabr ayının 29-da Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılıb. Ötən müddət ərzində müşahidə olunan reallıqlar göstərir ki, şöbənin fəaliyyətə başlamasından sonra müvafiq sahədə ciddi keyfiyyət dəyişiklikləri baş verib. Belə ki, hakimiyyət tərəfindən parlamentdə təmsil olunan və olunmayan siyasi qüvvələrlə dialoq prosesinə start verilməsi, paralel olaraq yeni siyasi partiyaların qeydiyyatdan keçməsi siyasi sistemdə plüralizmin güclənməsini, yeni siyasi konfiqurasiyanın formalaşmasını və ümummilli həmrəyliyin möhkəmlənməsini şərtləndirib.

Ölkədə fəaliyyət göstərən əksər partiya sədrləri ilə görüşlərin keçirilməsi siyasi sistemin inkişafında böyük əhəmiyyətə malikdir

Ümumiyyətlə, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin Azərbaycanda fəaliyyət göstərən əksər partiya sədrləri ilə görüşlər keçirməsi siyasi proqressə aparan mühüm və zəruri təşəbbüs kimi xüsusi əhəmiyyətə malikdir. Bunun nəticəsidir ki, artıq iqtidar və müxalifət arasında yüksək səviyyədə dialoqun baş tutmasının şahidiyik. Ümumiyyətlə, belə görüşlərin, davamlı və səmərəli dialoq prosesinin real nəticələrini milli məsələlərdə həmrəylik nümayiş etdirilməsi və vahid mövqedən çıxış edilməsi kontekstində görürük.

Siyasi dialoq prosesi milli həmrəyliyi gücləndirən mühüm amildir

Respublikamızda fəaliyyət göstərən siyasi partiyaların ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində Prezident, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasətinə birmənalı dəstək göstərmələri bunun bariz nümunəsidir. Xatırladaq ki, ermənilər bu ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlar törətdiyi zaman ölkəmizdə fəaliyyət göstərən 43 siyasi partiya bir araya gələrək bəyanat imzalayıb. Eyni zamanda, Ermənistanın sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribatla əlaqədar 50 siyasi partiyanın bəyanat imzalayaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində Ali Baş Komandanımızın qətiyyətli siyasətini dəstəkləməsi çox mühüm əhəmiyyətə malikdir. Oktyabrın 3-də 50 siyasi partiya rəhbərinin iştirakı ilə “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında görüş keçirilib və müzakirələr aparılıb. Oktyabrın 17-də isə Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıb. Bəhs olunan müraciətdə Ermənistanın son 30 ildə çox ciddi şəkildə silahlanmasının regional və beynəlxalq təhlükəsizliyi ciddi şəkildə təhdid etdiyi diqqətə çatdırılıb, bu silahlanmanın, əsasən, Azərbaycana qarşı yönəldiyi və yeni ərazilərin işğal edilməsi ilə bağlı olduğu vurğulanıb. Müraciətdə siyasi partiyalar tərəfindən Ermənistanın şəhər və kəndlərimizi, dinc əhalini hədəfə alması kəskin şəkildə qınanılır. Sənəddə 50 siyasi partiyanın Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəklədiyi bildirilib, Azərbaycan xalqı ilə birlikdə Onun ətrafında sıx birləşdiyi Ermənistanın və dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Şuşanın işğaldan azad edilməsi münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd edilib ki, əks-hücum əməliyyatları başladığı gündən bütün Azərbaycan xalqı kimi, ölkədə fəaliyyət göstərən siyasi partiyalar da ətrafınızda yumruq kimi birləşərək, Sizi qeyd-şərtsiz dəstəklədi: “Qələbəyə təşnə olan xalqımız Sizin apardığınız böyük qalibiyyət yolu ilə inamla addımladı”.

Bunlarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar Vətən müharibəsində həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, erməni yalanlarının ifşa olunması və bütövlükdə, milli maraqların qorunması istiqamətində də fəallıq nümayiş etdirirlər. Məsələn, bir müddət öncə Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıb. Müraciətdə qeyd edilib ki, terroru dövlət siyasəti vasitəsinə çevirən Ermənistanın hərbi-siyasi rəhbərliyi dinc əhalini raket atəşinə tutmaq qərarı verdiklərinə görə məsuliyyət daşıyırlar. Milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarlar ədalət mühakiməsinə cəlb edilməlidir. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı bəyanat yaymaları da bu baxımdan xüsusi vurğulanmalıdır.

Beləliklə, bu kimi nümunələrdən göründüyü kimi, siyasi birlik Azərbaycanın milli gücünü artıran strateji faktor kimi çıxış edir. Və təqdirəlayiq haldır ki, artıq ölkəmizdə siyasi baxışlarından asılı olmayaraq, əksər partiyalar və vətəndaş cəmiyyəti təsisatları taleyüklü məsələlərlə bağlı aparılan müzakirələrdə və onların həlli yollarının tapılmasında, ümummilli mənafeyə hədəflənən siyasətin reallaşdırılmasında fəallıq göstərərək proseslərə öz töhfələrini verməyə çalışırlar. Bütövlükdə isə, siyasi partiyaların ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində Ali Baş Komandanın qətiyyətli siyasətinə birmənalı dəstək göstərmələri Azərbaycan cəmiyyətinin vahid mövqedən çıxış etməsinin və xalqımızın milli həmrəylik nümayiş etdirməsinin göstəricisidir.

Yeni siyasi konfiqurasiya ölkəmizdə siyasi münasibətlərin sağlam zəmində inkişafına xidmət edir

Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların siyasi sistemin inkişafına təkan verməsi ölkəmizin qarşısında yeni perspektivlər açır. Biz bunu hakimiyyətin üç müstəqil qolundan biri olan qanunvericilik hakimiyyətində aparılan islahatlar fonunda da müşahidə edirik. Xüsusilə də, 2020-ci il fevralın 9-da ölkəmizdə keçirilmiş azad, demokratik və şəffaf parlament seçkilərindən sonra yeni formalaşan qanunverici orqanda aparılan islahatlar siyasi sistemin yeni konfiqurasiyasının meydana çıxmasını şərtləndirib. Bəhs olunan seçkilərdən sonra müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq müxalifət nümayəndəsinin Milli Məclisin Sədrinin müavini vəzifəsinə, eləcə də müxalifət nümayəndələrinin parlament komitələrinə həm sədr, həm müavin vəzifələrinə seçilmələri bu baxımdan, xüsusi qeyd edilməlidir. Şübhəsiz ki, bu, siyasi sistemin təkmilləşdirilməsi istiqamətində atılmış strateji əhəmiyyətli addım kimi səciyyələndirilə bilər.

Paralel olaraq, qeyd etdiyimiz kimi, siyasi qüvvələrlə dialoq prosesi siyasi sistemin inkişafına əlavə təkan və töhfə olaraq mühüm əhəmiyyətə malikdir. Təbii ki, öz fəaliyyətində milli maraqları - dövlətin strateji mənafelərini üstün tutan siyasi qüvvələr dövlətin islahatlar strategiyasının tərkib hissəsi olan dialoq təşəbbüsünü təqdirəlayiq hal kimi xarakterizə edirlər. Nəticə etibarilə, Prezident İlham Əliyevin praqmatik islahatlar kursu bütün sahələrdə yeni keyfiyyət dəyişiklikləri yaradan strateji faktor kimi Azərbaycanın milli gücünün artmasını şərtləndirir.

“Yeni Azərbaycan”ın Analitik Qrupu

Paylaş:
Baxılıb: 608 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31