Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı regionun inkişafını təmin edir

Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı regionun inkişafını təmin edir

16.04.2010 [09:40]

Bu iki dövlət arasında mövcud olan qardaşlıq, strateji əlaqələr həm müasir münasibətlər sisteminin tələblərinə, həm də tarixi reallıqlara tam uyğundur
Dəyişən geosiyasi şərtlər fonunda dünyada yeni yaranmaqda olan konyukturanın içərisində müxtəlif qütbləşmələrin, qruplaşmaların meydana gəlməsi təbii bir prosesdir. Bu prosesdə isə xüsusi diqqətçəkən məqamlardan biri qruplaşmalar formalaşarkən dini, milli, tarixi uyğunluqların rəhbər tutulmasıdır. Bu baxımdan, Türkiyə ilə Azərbaycan arasında mövcud olan qardaşlığın, strateji əlaqələrin həm müasir münasibətlər sisteminin qanunauyğunluğuna, həm də tarixi reallıqlara tam müvafiq olduğunu söyləmək mümkündür. Tarixin ən mürəkkəb dövrlərindən, müşkül sınaqlardan üzüağ çıxan Azərbaycan-Türkiyə qardaşlığı bu gün də bütün dünyaya örnək təşkil edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millətin iki dövləti” kimi xarakterizə etdiyi Azərbaycan və Türkiyə bu gün bütün problemlərə birlikdə sinə gərir, dünyada sülhün və ədalətin, təhlükəsizliyin təmin olunması istiqamətində birgə səylərini davam etdirir. Təbii ki, əlaqələrin bu yüksək səviyyədə saxlanmasında və daha da inkişaf etdirilməsində, dövlət rəhbərlərinin xüsusi rolu var. Həmçinin, qarşılıqlı səfərlər əməkdaşlığın inkişafı üçün daha geniş perspektivlər yaratmaqdadır. Bu mənada Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin də bu ayın əvvəllərində qardaş ölkəyə səfərini yüksək qiymətləndirmək olar. Akademik Türkiyə Cümhuriyyətinin rəhbərləri, media təmsilçiləri ilə görüşlərində münasibətlərimizin bütün istiqamətləri ilə bağlı dolğun, təfərrüatlı bilgilər verməklə, gələcək perspektivlər haqqında da geniş fikirlər səsləndirib. Həmçinin, o, iki dövlətin üzləşdiyi çətinliklərin aradan qaldırılmasında birgə addımlamasının da əhəmiyyətini vurğulayıb.
Təbii ki, akademikin səfərində Dağlıq Qarabağ münaqişəsi əsas diqqət mərkəzində saxlanılıb. Heç kəsə sirr deyil ki, bu münaqişənin başladığı ilk gündən Azərbaycanla Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində tarixi-etnik bağlılıqların tələbləri çərçivəsində çıxış edir. Siyasi iqtidarlardan asılı olmayaraq, Azərbaycan hər zaman Türkiyənin dəstəyini hiss edib. Ən azından Ankara ölkənin sərhədlərini işğalçı Ermənistan dövlətinin üzünə bağlı saxlamaqla, Azərbaycanın bu dövlət ətrafında yaratdığı iqtisadi və siyasi blokadanı dərinləşdirməsinə şərait yaradıb. Bu iki dövlətin ortaq davranışları Ermənistanı iflic vəziyyətinə salıb. Doğrudur, bir müddət öncə sərhədlərin açılacağı ilə bağlı bir sıra mətbuat orqanlarında spekulyativ bəyanatlar səsləndirilsə də, Ankara rəsmi şəkildə bəyan etdi ki, işğalçı dövlətin qoşunları Azərbaycan torpaqlarını boşaltmayınca Türkiyə buna yol verməyəcək. Elə akademik Ramiz Mehdiyevin səfəri zamanı da bu fikir xüsusi olaraq vurğulanıb və Azərbaycanın haqq mübarizəsinə qardaş ölkənin verdiyi dəstək yüksək qiymətləndirilib. Ramiz Mehdiyev vurğulayıb ki, Türkiyə rəhbərliyinin Azərbaycan torpaqları işğaldan azad olunmayınca Ermənistanla protokolların təsdiq olunmayacağı barədə bəyanatları xalqımızı məmnun edir: “Unutmaq lazım deyil ki, Ermənistan təkcə Azərbaycan torpaqlarına deyil, Türkiyənin ərazilərinə də göz dikmişdir. Rəsmi Yerevan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirir və Madrid prinsipləri ilə razılaşmadığını bəyan edir. Doğrudur, bu prinsiplər Azərbaycanı qane etməsə də, biz bunu bir mərhələ kimi qiymətləndiririk. Təəssüf ki, 20 ildir münaqişənin nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupu işğalçı Ermənistandan təcavüzə son qoymağı tələb etmir. Azərbaycan indi hərbi sənayesini inkişaf etdirir və güclü ordu qurmuşdur. Biz, torpaqlarımızı işğaldan istənilən şəkildə azad etmək hüququna malikik”.
Yeri gəlmişkən, Türkiyənin bu mövqeyinə Azərbaycan da heç vaxt biganə qalmayıb. Rəsmi Bakı da Ankaranın Dağlıq Qarabağ məsələsində verdiyi dəstəyi başqa məsələlərdə Türkiyənin yanında olmaqla cavabsız qoymur. Misal üçün, Şimali Kipr türklərinə Azərbaycanın verdiyi dəstək Ankarada yüksək dəyərləndirilir. Həmçinin, PKK terrorçularına qarşı mübarizədə ölkəmiz daim Türkiyəyə dəstəyini əsirgəməyib. Həmçinin, Türkiyəyə qarşı ermənilərin absurd iddialarının qarşısının alınması üçün də ölkəmiz köməyini əsirgəmir. Hörmətli akademikimizin də vurğuladığı kimi, Azərbaycan Türkiyə əleyhinə erməni lobbisi və onların havadarlarının fəaliyyətinə qarşı mübarizədə qardaş ölkəni dəstəkləyir: “Prezident İlham Əliyev ABŞ Konqresi Xarici Əlaqələr Komitəsinin qondarma “erməni soyqırımı” qərarından sonra bəyanat verərək, qardaş Türkiyənin yanında olduğunu bildirmişdir. Son zamanlar Rusiya və Türkiyənin Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylərinin güclənməsi də Azərbaycanda məmnunluqla qarşılanır”.
O da qeyd olunmalıdır ki, Ankara ilə Bakı arasında siyasi sahədə mövcud olan bu müsbət dialoq digər sahələri, o cümlədən, iqtisadi sahələri də əhatə edir. Bir neçə il əvvəl ölkələr arasında ticarət dövriyyəsinin həcmi 300 milyon dollar təşkil edirdisə, hazırda bu rəqəm 1 milyard dolları ötüb. Bu rəqəmin 2 milyard dollara çatması istisna olunmur. Türkiyə Azərbaycanın investisiya bazarında ən böyük sərmayədarlardan biridir. Qeyri-neft sektoruna qoyulan investisiyaların həcminə görə qardaş ölkə ilk yerlərdə dayanır. “Azərsun-Holdinq”, “Efsen” şirkətlər qrupu, “Koçholdinq”, Türkiyə İş Bankası, Azər-Türk-Bank, “Ata Holdinq”, “Azfen-Tekfen” alyansı və digər məşhur şirkətlərin proqramları regionların inkişafında əhəmiyyətli rol oynayır. Son illər Azərbaycan-Türkiyə münasibətlərində daha bir yeni mənzərə nəzərə çarpır. İndiyədək Türkiyə respublikamıza sərmayə qoyuluşuna görə fərqlənirdisə, indi Azərbaycan qonşu dövlətə investisiya yatıran əsas dövlətə çevrilib. Bu gün qonşu ölkədə inşasına başlanılan yeni limanın, yanacaqdoldurma məntəqələrinin, neft emalı müəssisələrinin və ən nəhəng layihə olan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin maliyyələşdirilməsi, “Petkim”, “Tekfen” holdinqlərin səhmlərinin əldə edilməsi, məhz Azərbaycanın regionda maliyyə qüdrətinin artmasından xəbər verir.
Sevindirici haldır ki, bu gün Türkiyə və Azərbaycan dünyanın təhlükəsizlik və qlobal layihələrinin mərkəzi regionuna çevrilib. Türkiyə-Azərbaycan birliyi dövlətlər arasında əlaqələrin, iqtisadi-siyasi münasibətlərin hazırki səviyyəsinin yeni mərhələyə qədəm qoymasına impuls verib. Xüsusilə, son 15 ildə keyfiyyət və kəmiyyət baxımından yeni çalarlarla zənginləşən Türkiyə-Azərbaycan münasibətlərini Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi dünya miqyaslı neft və qaz layihələri daha da dərinləşdirib. Bu layihələr bölgədə coğrafi-siyasi və iqtisadi vəziyyəti köklü şəkildə həm Azərbaycanın, həm də Türkiyənin xeyrinə dəyişdirib. Respublikamızın bu gün dünya bazarlarına çıxışını əsas tranzit məkanı kimi Türkiyə təmin edir və bundan bütün türk dünyası faydalanmaqdadır. Türkiyənin infrastruktur və tranzit imkanlarından istifadə etməklə Azərbaycan dünya bazarlarına çıxışla bərabər, bütün türk dünyasını birləşdirməyə müvəffəq olub. Azərbaycanın neft, qaz, energetika, maşınqayırma, yüngül və yeyinti sənayesi, kənd təsərrüfatı, xidmət və digər sahələrdə təmsil olunan türk iş adamlarının perspektiv planları regiondakı layihələrə sərmayə axınlarını gücləndirməkdən ibarətdir.
Beləliklə, yuxarıda sadalanan faktlar da sübuta yetirir ki, müasir dünyada bənzəri olmayan Azərbaycan və Türkiyə qardaşlığı, strateji münasibətləri həm bu iki dövlətin milli və tarixi maraqlarına uyğundur, həm də regionun inkişafına və təhlükəsizliyinə böyük töhfələr verməkdədir.
Aqşin ŞAHİNOÄžLU

Paylaş:
Baxılıb: 1210 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30