Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyə universitetləri azərbaycanlı gənclərə xüsusi maraq göstərir

Türkiyə universitetləri azərbaycanlı gənclərə xüsusi maraq göstərir

24.04.2010 [09:05]

Bu sırada İzmir Ekonomik Universiteti də var
Son illər Azərbaycanla bir sıra xarici ölkələr, o cümlədən, qardaş Türkiyə arasında təhsil sahəsində geniş əlaqələr qurulub. Məhz həmin əlaqələrin nəticəsidir ki, həm Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin, həm də qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələrin sayı durmadan artır. Gənclərimizin elmi potensialı, onların elm və təhsilə xüsusi marağının olması isə, xarici ölkələrin təhsil müəssisələrinin təmsilçilərinin Azərbaycana marağını daha da artırır. Bu sırada Türkiyənin İzmir Ekonomik Universiteti də var. Dünənki sayımızda da qeyd etdiyimiz kimi, bu universitet də Bakıda keçirilən təhsil sərgisində öz xidmətlərini təklif edən təhsil ocaqları arasında yer alıb. İzmir Ekonomik Universitetinin sərgidəki təmsilçiləri-öyrənci işlər müdiri Nərgiz Filiz və Fənn Ədəbiyyat fakültəsinin dekanı, Matematik Bölüm Başkanı prof. dr. İsmihan Bayramoğlunu redaksiyamıza qonaq dəvət etdik.
- Əvvəla, sizi redaksiyamızda görməkdən çox məmnunuq. ümumiyyətlə, Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsindəki əlaqələri necə dəyərləndirərdiniz?
- İsmihan Bayramoğlu: ümumiyyətlə, iki qardaş ölkə arasında təhsil sahəsindəki əlaqələr ötən əsrin 90-cı illərindən başlayıb. Azərbaycanlılar hər zaman Türkiyəni ikinci vətənləri kimi gördükləri üçün özlərini qardaş ölkədə çox yaxşı şəkildə göstərə bildilər. Həmin vaxt Türkiyəyə təhsil almağa gedən azərbaycanlıların bəziləri isə qardaş ölkədə qalaraq, müxtəlif ali təhsil müəssisələrində çalışmağa başladılar. Yəni, bu günün özündə Türkiyənin müxtəlif nüfuzlu ali təhsil müəssisələrində müxtəlif fakültələrin dekanları səviyyəsində fəaliyyət göstərən azərbaycanlılar var və onlar iki ölkənin təhsil sahəsində daha sıx əməkdaşlıq etmələrinə öz töhfələrini verməkdədirlər. Eyni zamanda, bugünkü Azərbaycan gəncliyi öz potensialına, elmə marağına görə türkiyəli müəllimlərin diqqətini cəlb edir. Bu gün Azərbaycanın hərtərəfli inkişafı özünü həyatın bütün sahələrində, o cümlədən, təhsil sahəsində də göstərməkdədir. Təbii ki, bütün bunlar qardaş ölkə olaraq Türkiyədə xüsusi sevinclə qarşılanır. Eyni zamanda, onu da qeyd etməyi vacib bilirəm ki, iki ölkə arasında təhsil sahəsində mübadilə, həm də xalqlarımızın bir-birinə daha sıx şəkildə yaxınlaşmasına da kömək edir. çünki tələbələr təhsil aldıqları xarici dövlətlərdə, eyni zamanda, həmin ölkənin və xalqın təmsilçiləri olaraq da fəaliyyət göstərirlər.
- Nərgiz xanım İzmir Ekonomik Universitetində təhsil almaq gənclərə nə verə bilər, onlara hansı şansı yarada bilər?
- N.F: Sualınıza daha ətraflı cavab vermək üçün qeyd edim ki, İzmir Ekonomik Universiteti (İEU) 2001-ci ildə İzmir Ticarət Palatası tərəfindən yaradılıb. Bu gün dünyanın bir çox nüfuzlu universitetlərilə əməkdaşlıq edən İEU yaradıldığı müddətdə 300 tələbə ilə işə başlayıb. Universitet fəaliyyət göstərdiyi zaman kəsiyində ətrafında 7000-dən çox tələbə toplaya bilib. Hazırda 17 müxtəlif ölkədən gəlmiş tələbəmiz var. Universitetimizin hazırda 5 fakültəsi var. Bunlara iqtisadi və idarəetmə elmləri, kompüter elmləri, fənn ədəbiyyatları, sənət və dizayn, kommunikasiya fakültələri daxildir. Bu fakültələr daxilində iqtisadi və beynəlxalq əlaqələrdən tutmuş, riyaziyyat, dizayn, “pablik relayşn”, psixologiya, hətta sosiologiyaya qədər ixtisas sahələri mövcuddur”. O ki qaldı konkret sualınıza, qeyd etməliyəm ki, Türkiyədə bütün özəl universitetlər ödənişlidir. Amma İzmir Ekonomik Universiteti digərlərindən fərqli olaraq, təqaüd proqramları ilə ödənişi bir qədər neytrallaşdırmış olur. Belə ki, illik 8200 dollar təhsil haqqını tələbələr bu universitetdə 2 dəfəyə ödəyə bilərlər. Əgər ödənişli təhsil alan tələbə ikinci il yüksək göstəricilər göstərərsə, universitet təhsil haqqının 50 faizini bağışlayacaq. Amma bununla yanaşı, universitetin özünün xüsusi təqaüd proqramları da var. Əgər bu təqaüd proqramları vasitəsilə universitetə tələbə daxil olarsa, o təhsil haqqını ödəməyəcək, üstəlik universitetin yataqxanasında pulsuz qalacaq və ayda 350 türk lirəsi təqaüd alacaq. Onu da deyim ki, İzmir Ekonomik Universitetində təhsil ingilis dilindədir. Eyni zamanda, universiteti bitirən tələbələr ingilis dili ilə yanaşı, digər bir xarici dili də bilmiş olurlar. Yəni, bizim universitetdə tədris prosesi ingilis dilində aparılır. Amma bununla yanaşı, universitet özü tələbələrin daha bir xarici dil bilməsini istəyir və məcburən digər dili də öyrədirik. Bizim universitetdə, eyni zamanda, yeni daxil olan tələbələrə ingilis dili kursları da keçirik ki, onlar tədris prosesi zamanı heç bir çətinliklərlə qarşılaşmasınlar.
- Bəs, azərbaycanlı tələbələr İzmir Ekonomik Universitetində təhsil almaq üçün hansı şərtləri yerinə yetirməlidirlər?
- İ.B: Bunun üçün hər hansı özəl şərtimiz yoxdur. Sadəcə, Türkiyənin Yüksək öyrətim Kurulunun (YöK) xaricilər üçün imtahan proqramını uğurla verməli və tələb olunan minimal, yəni, 40 xalı toplamalıdır. Əgər imtahan nəticəsində müəyyən edilən maksimal bal toplanarsa, o zaman həmin tələbə universitetimizin hesabına təhsil alacaq.
- N.F: Bu il üçün Azərbaycandan yüksək nəticə göstərəcək 5 tələbənin təhsil haqqı universitetimizin hesabına ödəniləcək. Müəyyən olunmuş keçid xalını toplayıb təhsil almaq istəyən azərbaycanlı gənclər üçün isə say məhdudiyyətimiz yoxdur.
- Universitetinizi başa vuran tələbələrin işlə təmini istiqamətində hansı addımları atırsınız?
- İ.B: Tələbələrin aldığı nəzəri biliklərin təcrübədə tətbiqi üçün universitetdə araşdırma mərkəzləri fəaliyyət göstərir. Eyni zamanda, İzmir Ekonomik Universitetini yaradan İzmir Ticarət Palatasının bir çox sənaye və xidmət sahələri var ki, tələbələr orada təcrübə keçirlər. Bununla da onların mənimsədikləri ixtisas üzrə həm nəzəri, həm də praktiki bilikləri olur”.
- N.F: Bizim universitetdə bacarıqlı tələbələr əsas ixtisasa yiyələndikdən sonra digər ixtisas sahibi olmaqla, iki diplomu birdən almaq şansı qazanırlar. Yəni, bir tələbə psixologiyanı ixtisas olaraq mənimsəyib diplom alırsa, digər tərəfdən, sosiologiya elminin də mənimsənilməsi prosesində iştirak edib təhsilə yiyələnirsə, o zaman, bu tələbə iki diplom sahibi olur. Doğrudur, ixtisasdan kənar elm sahəsinin öyrənilməsi zamanı dərslərin sayı az olur. Amma bir mütəxəssis kimi, həmin tələbə istədiyi yerdə işləyə bilir. Dünya təcrübəsindən irəli gələrək söyləyirik ki, bu sistem məzunların daha asan iş tapmasına gətirib çıxarır”. Eyni zamanda, biz əldə etdikləri bilgiləri məzun olduqdan sonra daha səmərəli şəkildə həyatda tətbiq etmələri üçün tələbələrimizə lazımi şəraiti yaratmağa çalışırıq. Bundan başqa, ölkəmizin və regionun inkişafına dəstək verə biləcək kadrların hazırlanması üçün yeni-yeni ixtisasların açılmasına üstünlük veririk. Məsələn, Türkiyənin Avropa İttifaqına üzvlük məsələsinin aktuallığını nəzərə alaraq, “Beynəlxalq əlaqələr və Avropa İttifaqı” bölümünü açmışıq. Bundan başqa, digər mühüm sahələrdə bilikli kadrların lazım olacağını nəzərə alaraq, bir sıra fakültələr yaratmışıq. Qeyd edim ki, biz həmin fakültələrdə təhsil alan tələbələrə təkcə elmə yiyələnməklə kifayətlənməməyi, eyni zamanda, biliyini xalqının, dövlətinin inkişafı naminə yeni-yeni sahələr üzrə tətbiq etməyi tövsiyə edirik. Və bu istiqamətdə onlara imkanımız olduğu qədər dəstək veririk. Bir sözlə, İzmir Ekonomik Universiteti həm ölkədə, həm Ege bölgəsində, həm də beynəlxalq arenada ehtiyac duyulacaq kadrların hazırlanmasına xüsusi önəm verir.
- İzmir Ekonomik Universitetinin xarici əlaqələri, yəni, başqa ölkələrlə əməkdaşlığı barədə nə deyə bilərsiniz?
- N.F: İzmir Ekonomik Universitetinin dünyanın, xüsusilə də, Avropanın bir çox universitetlərilə əlaqələri var. Bununla yanaşı, universitetimizin ABŞ-ın Nyu-York Dövlət Universiteti ilə ortaqlıq münasibətləri mövcuddur. Yəni, bizim universitetin tələbələri biznes idarəçiliyi, iqtisadiyyat, kompüter mühəndisliyi və “pablik relayşn” ixtisaslarına yiyələnmək üçün proqrama daxil olarkən, avtomatik olaraq, Nyu-York Dövlət Universitetinin eyni ixtisas üzrə proqramının iştirakçısına çevrilirlər. Beləliklə də, həmin tələbə iki ilini bizim universitetdə, iki ilini isə Nyu-York Dövlət Universitetində oxuyur və hər iki universitetin diplomunu alır”. Bundan başqa, tələbələrimiz ikinci kursdan başlayaraq hər il məcburi olaraq xarici ölkələrdə təcrübə keçirlər. İsmihan müəllimin də qeyd etdiyi kimi, onların bu təcrübəni keçməsi üçün İzmir Ekonomik Universitetini yaradan İzmir Ticarət Palatası hər cür şəraiti yaradır.
- Bakıya gəlməyinizin əsas səbəbi buradakı gəncləri İzmir Ekonomik Universitetində təhsil almağa təşviq etməkdir. ümumiyyətlə, sizin axtardığınız xüsusi qabiliyyətə və bacarığa malik gənclərə rast gəldinizmi burada?
- N.F: Bayaq İsmihan müəllimin qeyd etdiyi kimi, ötən əsrin 90-cı illərindən etibarən azərbaycanlı gənclər Türkiyədə təhsil almağa başlayıblar. Həmin vaxt mən bir müəllim kimi Azərbaycandan və digər türk cümhuriyyətlərindən gəlmiş gənclərlə yaxından tanış ola bilmişdim. Bakıda keçirilən bu sərgi çərçivəsində isə, sizin gənclərin böyük inkişaf yolu keçdiyini gördüm. Azərbaycanlı gənclər artıq gələcəyi düzgün qiymətləndirməyi, hansı ixtisas üzrə təhsil almanın ona və ölkəsinə xeyir verə biləcəyini qiymətləndirməyə üstünlük verir. Mən Azərbaycanda qarşısına konkret hədəf qoymuş və o hədəfə çatmaq üçün hansı xarici ölkədə, hansı ixtisas üzrə təhsil almağın xeyirli ola biləcəyini müəyyən etmək qabiliyyətinə malik gənclik gördüm. Bu məni çox sevindirdi və əminəm ki, bu cür bacarıqlı gənclərin bir qismi İzmir Ekonomik Universitetində təhsil almağa üstünlük verəcəklər.
- Nəhayət, bir elm adamı kimi, Türkiyə-Azərbaycan əlaqələrini necə dəyərləndirərdiniz? Əlaqələrimiz Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə uyğun davam edirmi?
- İ.B: Türkiyə ilə Azərbaycan arasında əlaqələr hər zaman öz dərinliyi, öz yaxınlığı ilə dünyaya nümunə olub. Təbii ki, ölkələrimiz və xalqlarımız arasındakı bu əlaqələr bundan sonra da davam edəcək. çünki biz Ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi, “Bir millət, iki dövlətik”. Bu gün regionda həyata keçirilən qlobal layihələrdə iki qardaş ölkənin eyni mövqedən çıxış etməsi mövqelərimizi daha da gücləndirir. ümumilikdə, Türkiyədə dövlət və xalq hər zaman Azərbaycanın tərəfindədir”.
- Bəs, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair xəbərlərə türk xalqının münasibəti necədir?
- N.F: Erməni lobbisi tarix boyu türklərə təzyiq edib. Bu gün də həmin təzyiq davam edir. özü də ermənilər bu təzyiqi bəzi xarici ölkələr vasitəsilə edirlər. Lakin bu təzyiqlər Türkiyəni öz haqlı mövqeyindən döndərə bilməz. Qısası, Türkiyənin Ermənistanla sərhəddini heç zaman açmayacağı hər kəsə bəllidir.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 956 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30