Milli Məclisin iclası keçirilib
14.04.2021 [08:23]
İclasda Hesablama Palatasının 2020-ci il üzrə illik hesabatı müzakirə olunub
Aprelin 13-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Milli Məclisin Sədri Sahibə Qafarova iclasın gündəliyi haqqında məlumat verib. İclasın gündəliyi təsdiq edildikdən sonra cari məsələlərin müzakirəsinə başlanılıb.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edərək bildirib ki, aprelin 12-də Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını etdi. Respublikamıza rəhbərlik etdiyi dövrdə cənab Prezident minlərlə obyektin, o cümlədən biri-birindən gözəl yüzlərlə parkın açılışını etmişdir: “Lakin aprelin 12-də keçirilən tədbir mahiyyətinə və tarixi əhəmiyyətinə görə tamamilə fərqli bir mərasim idi. Bu açılış qələbəmizin, zəfərimizin, haqqın təntənəsinin fərqli bir formatda növbəti təqdimatı idi. Bu təqdimat həm də tarixdə və dünyada təkcə ərazi bütövlüyümüzün təmin edilməsi deyil, həm də tarixi ədalətin bərpasının təqdimatı idi”.
Musa Quliyev söyləyib ki, həm parkın açılışında, həm də qəhrəman hərbçilərimizlə görüşdə cənab Prezidentin söylədiyi fikirlərin dərindən öyrənilməsi və təhlil edilməsi doğru nəticə çıxarmaq üçün hər birimizə faydalıdır: “Cənab Prezident tarixi qələbəmizi şərtləndirən amillərdən danışarkən digər faktorlarla yanaşı, 3 səbəbi xüsusi vurğuladı: güclü iqtisadiyyat, müasir yanaşma və Vətən sevgisi. Cənab Prezident qələbəmizin sevincini yaşayan bizlərə zamanında torpaqlarımızın itirilməsi səbəblərini də xatırlatmaqla, qələbəmizdən yasa batan xainlərə və satqınlara daha bir ibrət dərsi vermiş oldu”.
Komitə sədrinin sözlərinə görə, qələbəmizi həzm edə bilməyən düşmən qüvvələr, zəfər yürüşümüzü ləngitməyə çalışan ikiüzlülər, o cümlədən “beşinci kolon”un sosial şəbəkə cəngəlliyində eşələnən tör- töküntüləri bilməlidir ki, Azərbaycan xalqının “dəmir yumruğu” hər zaman onların xain başını əzməyə qadirdir. Bizim milli birliyimizi heç kəs poza bilməz. “Hərbi Qənimətlər Parkının ibrət dərslərindən biri də budur ki, işğalçının gec-tez aqibəti bu cür olmalıdır. Güclü lideri olan xalqın iradəsini əzmək, ona qalib gəlmək mümkün deyildir. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, cənab İlham Əliyev kimi güclü, iradəli, müdrik, Vətənini və millətini sevən xarizmatik bir lideri var. Cənab İlham Əliyev də xoşbəxt dövlət başçısıdır ki, müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edə bilmişdir. Vətəninin hər bölgəsində dizini yerə qoyub öpdüyü üçrəngli bayrağı Vətən səmasının ucalığında dalğalandırmaq Onun qüdrətli əllərinə nəsib olmuşdur. Cənab İlham Əliyevin bəhs olunan çıxışında Vətən sevgisi ifadəsini eşidəndə 90-cı illərin əvvəllərində Naxçıvanda Ümummilli Liderlə görüşündən sonra Nikolay Baybakovun dediyi sözləri xatırladım: “Mən Azərbaycanı Heydər Əliyev qədər sevən ikinci adam tanımıram”. Həmin adamı artıq bütün dünya tanıyır. Bu, Heydər Əliyev yolunu Şuşa ucalığına qədər yüksəldən, Zəngəzur dəhlizinə qədər aparan, Türk dünyasının bütövlüyünü bərpa edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir!”, - deyə Musa Quliyev vurğulayıb.
Həmçinin millət vəkilləri Zahid Oruc, Fazil Mustafa, Şahin İsmayılov, Azay Quliyev, Musa Qasımlı, Qüdrət Həsənquliyev, Ramin Məmmədov, Sahib Alıyev, İlham Məmmədov çıxış edərək ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Hərbi Qənimətlər Parkının açılışı barədə öz fikirlərini söyləyiblər. Bildirilib ki, bu, Qarabağ uğrunda 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsinin əbədiləşdirilməsi baxımından önəmli hadisədir. Bu, eyni zamanda, ərazi bütövlüyümüzün təmin edilməsi, həm də tarixi ədalətin bərpasının təqdimatı idi. Millət vəkilləri öz çıxışlarında, həmçinin digər aktual məsələlərə də toxunublar.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, iclasda 9 məsələ müzakirə ediləcək. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatıdır. Spiker bildirib ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında hesabatın geniş müzakirəsi keçirilib. İclasda parlamentin digər komitələrinin sədrlərinin və sədr müavinlərinin, ictimai təşkilatların nümayəndələrinin iştirak etməsi müzakirələrin səmərəsini daha da artırmağa imkan verib.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat”ı təqdim edib. Bildirilib ki, 2020-ci il bizi onillərdir işğal altında olan torpaqlarımıza qovuşduran, yurd həsrətimizə son qoyan zəfər, qələbə ili olmaqla Azərbaycan tarixinin şanlı səhifələrindən ən parlağı kimi yaddaşlarda həkk olunub. 44 gün davam edən və qələbə ilə nəticələnən Vətən müharibəsi dünya hərb elminə Ali Baş Komandan tərəfindən hazırlanmış qələbə strategiyası kimi daxil olub. Qeyd edilib ki, Vətən müharibəsinin ilk günündən Hesablama Palatası bu müharibənin ədalətin, hüququn bərpa müharibəsi olduğunu öz xarici həmkarlarının, beynəlxalq təşkilatların diqqətə çatdırıb.
Vüqar Gülməmmədov hesabatında deputatların diqqətini ötən il dünyanı bürüyən COVID-19 pandemiyası ilə əlaqədar statistik göstəricilərə yönəldib. Bildirib ki, əsasən distant fəaliyyətə üstünlük verilən 2020-ci ildə plana daxil edilmiş nəzarət tədbirlərinin sayı 25 faiz azaldılıb. Bununla belə, həmin dövr ərzində qurumun qanunvericiliklə müəyyən edilmiş fəaliyyəti vaxtında və operativ qaydada həyata keçirilib, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihəsi, müvafiq büdcələrə dəyişikliklər, dövlət büdcəsinin icrası üzrə Hesablama Palatasının rəyləri qısa müddətdə hazırlanaraq millət vəkillərinin diqqətinə çatdırılıb. Qeyd edilib ki, hesabata rəylərdə əks olunmuş əsas tövsiyələr daxil edilib.
Diqqətə çatdırılıb ki, hesabat ilində 83 faizi audit olmaqla 41 kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirilib. Bildirilib ki, maliyyə hesabatlarının tərtib edilməsi zamanı iki istiqamətdə nöqsana yol verilir. Maliyyə hesabatlarında məlumatların düzgün əks etdirilməməsi birinci qrupa aid edilməklə təsir dərəcəsinə görə daha əhəmiyyətli pozuntu hesab edilir. Hesabatlarda düzgün əks etdirilməyən məbləğ 412,4 milyon manat müəyyən olunub. İkinci qrupa mühasibatlıq prinsiplərinə əməl edilməməsi və mühasibat yazılışlarının doğru verilməməsi halları aid edilir. Bu, ümumilikdə 335,4 milyon manat həcmindədir.
Məlumat verilib ki, 2020-ci ildə başa çatdırılmış 34 audit üzrə nəticələr ümumiləşdirilərək 452 halda nöqsan müəyyən edilib. Bu nöqsanlar arasında büdcə qanunvericiliyinin pozulması, dövlət satınalmaları ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət edilməməsi, əsaslı qoyuluşlarla bağlı xərclərin icrasında yol verilmiş nöqsanları göstərmək olar.
Hesabatın yekununda 2021-ci ildə qarşıda dayanan vəzifələr barədə deputatlara məlumat verilib.
Sonra parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat”ı ilə bağlı komitənin rəyini təqdim edib. Bildirilib ki, Milli Məclis Sədrinin tövsiyəsi əsasında Hesablama Palatasının hesabatının komitədə müzakirələri zamanı ilk dəfə olaraq parlament Sədrinin birinci müavini və hesabatın əhatə etdiyi sahələrə aidiyyəti olan Milli Məclisin 6 komitəsinin sədri və onların müxalifətdən olan müavinləri, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Diqqətə çatdırılıb ki, Hesablama Palatasının iş planında nəzərdə tutulmuş hesabata audit, analitik və monitorinq fəaliyyəti ilə bağlı məlumatlar daxil edilib. Hesabat geniş və əhatəlidir. Aşkar edilmiş pozuntuların miqyası və ünvanlılığı barədə geniş təhlil aparılıb. Dövlət və icmal büdcəyə əlavə yük ola biləcək iş sahələri açıq göstərilib. Hesablama Palatasının 2021-2025-ci illər üzrə Strateji İş Planında əks olunan vəzifələrin göstərilməsi və gələcəkdə fəaliyyətin bu vəzifələrə uyğunlaşdırılması təqdirəlayiqdir. Əsas dəyərlər kimi qanunçuluq, müstəqillik, şəffaflıq, hesabatlılıq, obyektivlik və peşəkarlığın müəyyən olunması Palatanın fəaliyyətində nəticəliliyin artmasına xidmət edəcək. Mürəkkəb keçən 2020-ci il şəraitində 30 faiz işçi heyəti ilə işləmək məcburiyyətində qalan Palata qarşısına qoyduğu hədəflərə əsasən nail olub.
Çıxışının sonunda komitə sədri bildirib ki, Hesablama Palatasının hesabatı komitənin iclasında məqbul hesab edilib.
Hesablama Palatasının hesabatı ətrafında müzakirələr zamanı çıxış edən deputatlar Musa Quliyev, Əli Məsimli, Razi Nurullayev, Zahid Oruc, Rəşad Mahmudov, Azay Quliyev, Etibar Əliyev, Elman Nəsirov, Sadiq Qurbanov Palatanın 2020-ci ildə fəaliyyətini müsbət dəyərləndiriblər. Millət vəkilləri hesabatla bağlı bir sıra irad və təkliflərini səsləndiriblər. Milli Məclisin Sədri Sahibə Qafarova da bildirib ki, Hesablama Palatasının illik hesabatı yüksək səviyyədə hazırlanıb.
Müzakirələrin sonunda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deputatların qaldırdığı məsələlərə münasibətini bildirib.
İclasda “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat”ı nəzərə alınıb.
Sonra “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Qanun layihəsinə üçüncü oxunuşda baxılıb. Sənədi təqdim edən Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənəd “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Qanuna təklif edilən dəyişiklik uyğunlaşdırma məqsədi daşıyır.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, növbəti iki məsələ - “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda və “Veteranlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri parlamentə bir məktubla daxil olub və mahiyyətcə bir-birinə yaxındır.
Həmin Qanun layihələrini Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı təqdim edib.
Müzakirələrdə çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə dövlətin diqqət və qayğısı ən yüksək səviyyədədir. Hikmət Babaoğlu bildirib ki, qazilərin müalicəsinin təmin olunması, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün istər dövlətin müvafiq qurumları, istərsə də müxtəlif fondlar vasitəsilə çoxsaylı tədbirlər həyata keçirilir. Millət vəkilinin sözlərinə görə, ayrı-ayrı hallarda şəhid ailələrinə və qazilərə qarşı hansısa məmurların səhlənkarlığı varsa, bu, əsla dövlətin siyasəti ilə əlaqələndirilməməlidir: “Dövlətin siyasəti birmənalıdır, Azərbaycan Prezidentinin mövqeyi dəqiqdir. Bu məsələdə hər bir məmur, deputat, eləcə də vətəndaş öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir”.
“Şübhəsiz ki, XXI əsr həm də informasiya müharibələri əsridir. Bu gün Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işi davam etdirilməlidir. Ona görə də yeni informasiya resurslarının yaradılması, milli informasiya ehtiyatlarımızın fəaliyyətinin koordinasiya edilməsi aktualdır. Hazırda “Media haqqında” yeni Qanun layihəsi hazırlanır. Qanun layihəsi təqdim olunanda bir daha aydın olacaq ki, bu sahədə nə qədər böyük işlər görülməlidir. Hesab edirəm ki, hazırkı qlobal çağırışlara cavab verəcək bir qanun layihəsi hazırlanacaq və müzakirəyə çıxarılacaq. Yəni dövlətin informasiya siyasəti, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması siyasəti qanunla əsaslandırılmaqla kompleks şəkildə fəaliyyətin daha da optimallaşdırılmasını təmin edəcək. Azərbaycan Prezidenti bütün çıxışlarında ermənilərin dövlətimiz əleyhinə informasiya təxribatlarına qarşı çox əsaslandırılmış cavablar verir. Dövlət başçısı ADA Universitetində xarici media nümayəndələrinin suallarını cavablandırıb. Azərbaycan Prezidenti regionda baş verən proseslərlə bağlı fikirlərini bildirib, dövlətimizin mövqeyi ilə bağlı mühüm mesajlar verib”, - deyə deputat vurğulayıb.
Müzakirələrdə, həmçinin Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, millət vəkilləri Aqil Abbas, Sabir Rüstəmxanlı, Sahib Alıyev, Musa Qasımlı, Novruzəli Aslanov, Rauf Əliyev, Fatma Yıldırım qanunlara təklif olunan dəyişiklər barədə öz fikirlərini bildiriblər.
Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra parlamentin Sədri bildirib ki, gündəliyin digər iki məsələsi - “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunda dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxın layihələrdir. Bu layihələr barədə də parlamentin komitə sədrinin müavini Məlahət İbrahimqızı məlumat verib. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Daha sonra iclasda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlarda nəzərdə tutulan dəyişikliklər barədə məlumat verib.
Müzakirələrdən sonra qanun layihələri birinci oxunuşda qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58

