Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan hökumətinin çevik tədbirləri daha böyük faciələrin baş verməsinin qarşısını aldı

Azərbaycan hökumətinin çevik tədbirləri daha böyük faciələrin baş verməsinin qarşısını aldı

14.05.2010 [10:44]

Təbii fəlakətin ziyan vurduğu rayonlarımızda vəziyyət tam nəzarətə götürülüb, müvafiq orqanlar fəsadların aradan qaldırılması üçün fasiləsiz iş rejimində çalışır
Xəbər verdiyimiz kimi, ötən ayın sonlarından başlayaraq ölkə ərazisinə yağan şiddətli leysan yağışları bəzi rayonlarımızda təbii fəlakətə yol açıb. Xüsusən, Kür və Araz çaylarının ətrafında yerləşən rayonlarımız təbii fəlakətdən ciddi ziyan çəkiblər. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin və hökumətin çevik tədbirləri daha böyük faciələrin baş verməsinin qarşısını alıb. Qeyd edək ki, Prezident İlham Əliyev təbii fəlakət baş verən zaman dərhal müşavirə keçirərək görüləcək işlərlə bağlı göstəriş və tapşırıqlarını verdi. Bundan bir neçə gün sonra isə dövlətimizin başçısı təbii fəlakət zonasına baş çəkərək görülən işlərlə yerində tanış oldu, əhalinin problemləri ilə maraqlandı. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması, onun daha böyük faciələrə səbəb olmaması üçün lazımi tədbirlər görülür, insanların köçürülməsi, onların müvəqqəti məskunlaşdırılması, yeməklə, ərzaqla, tibbi xidmətlə təmin edilməsi məsələləri operativ şəkildə həll olunur: “Bu onu göstərir ki, bizim bütün qurumlarımız istənilən şəraitdə, hətta təbii fəlakət zamanı öz işlərini lazımi səviyyədə qura bilirlər”.
Dövlət başçısı daha sonra vurğulayıb ki, Azərbaycan dövləti, bütün aidiyyəti qurumlar nə mümkündür onu edirlər: “Biz hesab edirdik ki, son iki-üç gün ərzində suyun səviyyəsi düşməyə başlamışdır və artıq hava şəraiti də yaxşılaşdı. Hesab edirdik ki, necə deyərlər, əsas böhranlı anlar artıq geridə qalıb. Amma dünən axşam bəndin yarılması nəticəsində əlavə sahələr suyun altında qaldı. İndi yenə yağışlar başladı, leysanlar başlayır, dağlarda əvvəlki illərdə görünməmiş həcmdə qar, buzlaşma müşahidə olunur. İndi o buzlar, o qarlar əriyəcək. Əridikcə yenə sel sularının gəlməsinə səbəb ola bilər. Yəni, biz hesab etməməliyik ki, bu gün artıq böhran arxada qaldı. Gələcəkdə də bu təkrar oluna bilər. Ona görə mən bir daha demək istəyirəm, Azərbaycanda indi elə idarəçilik sistemi yaradılıbdır ki, hər bir qurum və hər bir qurumun rəhbəri istənilən anda öz vəzifə borclarını bilir və çalışır ki, onları şərəflə yerinə yetirsin. Görülən tədbirlər bir daha onu göstərdi ki, bütün bu hadisələri qabaqcadan proqnozlaşdırmaq mümkün deyildi. Buna baxmayaraq, biz bu fəlakətlə üzləşəndə dərhal operativ tədbirlər görüldü və bu gün də bu tədbirlər görülür”.
O da qeyd olunmalıdır ki, dövlət başçısının bütün tapşırıq və tövsiyələri operativ şəkildə yerinə yetirilir, təbii fəlakətin törətdiyi fəsadlar aradan qaldırılır. Bunu fəlakətdən zərər çəkən rayonlarımızda da müşahidə etmək mümkündür.
İmişli rayonunda bənd bərkitmə işlərinə 2000 nəfərdən artıq adam cəlb olunub
Təbii fəlakət İmişli rayonuna elə də böyük ziyan vurmasa da, bu rayonda da müəyyən fəsadlar özünü göstərir. Rayon fövqəladə hallar komissiyasının rəhbəri, Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının sədri Səfa Ağayevin sözlərinə görə, Kür çayının Sabirabad rayonunun Muradbəyli kəndi ərazisində mühafizə zolağını yararaq İmişli rayonu ərazisində yerləşən Sarısu gölünə daxil olması nəticəsində göl öz məcrasından çıxaraq təxminən 10 km məsafədə Baş Mil-Muğan kollektoruna, 11 km məsafədə İmişli-Kürdəmir magistral avtomobil yoluna, 9 km məsafədə isə Telişli, Allahmədətli və Əlyetməzli kəndlərinə ciddi təhlükə yaradıb. Onun bildirdiyinə görə, rayonda su basmış həyət və evlərin sayı 850-dir. Fəlakət nəticəsində 33 ev uçub, 215 ev qəzalı vəziyyətə düşüb. Həmçinin, 1500 hektar əkin və otlaq sahəsi suyun altında qalıb. S.Ağayev bildirib ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün bütün aidiyyəti orqanlar fasiləsiz iş rejimində çalışır: “Bənd bərkitmə işlərinə 9 traktor, 5 buldozer, 24 ədəd digər texnikalar cəlb olunub. Hazırda, 65 nasos həyətlərdən suyun çəkilməsi üçün fəaliyyət göstərir. Bənd bərkitmə işlərinin həyata keçirilməsi üçün 2000 nəfərdən artıq adam işə cəlb olunub. Sarısu gölü ərazisində 2,5 min metr məsafədə bənd bərkitmə işləri artıq tamamlanıb”.
Saatlıda intensiv tədbirlər davam etdirilir
Təbii fəlakət digər rayonlarımız kimi, Saatlı rayonuna daziyan vurub. Belə ki, mayın 12-də gecə Sarısu gölündəki mühafizə bəndlərindən birində yarılma əmələ gəlib. Ancaq bu ətrafdakı kəndlər üçün qorxulu deyil. çünki gölün suyu yaxınlıqdakı kollektorlarla kənara axıdılır, bəndin yarılmış hissəsi bərpa olunur. Rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyasının sədri İlham Quliyevin sözlərinə görə, hələlik əhalinin bu ərazidən köçürülməsinə ehtiyac yoxdur. Daşqının qarşısını almaq üçün intensiv tədbirlər davam etdirilir, vəziyyət nəzarət altındadır.
İ.Quliyev daha sonra bildirib ki, Saatlıda Kür çayında daşqınların törətdiyi fəsadların aradan qaldırılması üçün intensiv tədbirlər davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının yüzdən çox texnikası daşqına qarşı mübarizə tədbirlərinə cəlb edilib. Bu işlərdə yerli sakinlər də fəal iştirak edirlər. Hazırda, rayonda təhlükəli sahə Sarısu gölü ətrafındakı 5 kənddir. Bu kəndlərdə təqribən 6 min əhali yaşayır. Mütəxəssislərin rəyinə görə, bu kəndlərdə əhalinin köçürülməsinə hələ ehtiyac yoxdur. çünki Sarısu gölü ətrafında 10 kilometrə yaxın qoruyucu bəndlər var. Hazırda bütün qüvvələr həmin bəndlərin gücləndirilməsinə yönəldilib.
Zərdab rayonunda fəlakətin nəticələrini aradan qaldırmaq üçün yerli əhali də öz köməyini əsirgəmir
Kürdə suyun səviyyəsinin artması Zərdab rayonunda da ağır fəsadlara yol açıb. Belə ki, yağan aramsız yağışlardan sonra çayda suyun səviyyəsi artaraq maksimal həddə çatıb. Yaranan vəziyyətlə əlaqədar Zərdab rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb. Rayon fövqəladə hallar komissiyasının sədri, İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərovun qəzetimizə verdiyi açıqlamada bildirilir ki, baş verən hadisələr zamanı rayonda 884 həyəti su basıb, 37 ev tamamilə uçub, 74 evin sökülüb yenidən tikilməsinə ehtiyac yaranıb. Bundan başqa, 2 min hektara qədər taxıl, yonca və digər əkin sahələrinə ziyan dəyib. Daşqından əziyyət çəkənlər üçün rayonda 30 ədəd çadır qurulub. 34 ailə rayon “Aqrotexservis”in həyətində hər cür kommunal şəraitlə təmin olunmuş çadırlara və yaxın qohumlarının yanına köçürülüblər: “130 ədəd su nasosu ilə vətəndaşların fərdi həyətlərinə yığılan qurunt suları kollektorlara axıdılır. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Suvarma Sistemləri İdarəsinin və Kür-bənd İdarəsinin 6 buldozeri, 5 ekskavatoru Kür çayı sahilində bənd bərkitmə işlərinə səfərbər olunub. Bununla yanaşı, 15-ə qədər “KAMAZ” markalı maşınlar, şəhər və kəndlərdən 50-dən çox digər texnika bu işlərə cəlb olunub. Fəlakətin nəticələrini aradan qaldırmaq üçün yerli əhali də öz köməyini əsirgəmir. 3000 nəfərdən çox yerli sakin bənd bərkitmə işlərində yaxından iştirak edir. İndiyə kimi 50 mindən çox kisə torpaqla doldurularaq Kür çayının sahillərində zəruri yerlərə vurulub. Fövqəladə Hallar Nazirliyinin 16 ədəd suçəkən nasosu, 51 nəfər şəxsi heyəti artıq 14 gündür ki, şəhər mərkəzində və kəndlərdə su basmış həyətlərdən, kommunal ərazilərdən suyun çəkilib kollektora vurulması işini davam etdirirlər. Aprelin 27-dən Sukanal idarəsinin su nasos stansiyası və transformatoru su içərisində qaldığı üçün şəhərin içməli su ilə təchizatında problemlər yaranıb. Əhali “Azərsu” Birləşmiş Sukanal MMC-nin xətti ilə 10 ədəd su maşını ilə Ucar və Göyçay rayonlarından gətirilən təmiz içməli su ilə təmin olunur”.
Komissiya sədri “Azəryolservis” Departamentinin, “Əfqan”, “Azərtuneltikinti” və “Əlibəyli” şirkətinin 50-dən çox buldozer, ekskavator, “KAMAZ” maşınlarının Otmanoba, Şəftəhal, Aşağı Seyidlər, Mehdililər, Qaravəlli, İsaqbağı, Ağabağı, Şıxbağı, Nəzəralılı, Kəndəbil, Təzəkənd, Əlibəyli və digər zəruri ehtiyac olan kəndlərdə Kür çayının mühafizə zonasında bənd bərkitmə işləri apardığını diqqətə çatdırıb. Bundan başqa, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən suyu çəkilmiş ərazilərdə profilaktik dezinfeksiya işlərinin təşkilinə başlanılıb: “Kürqırağı kəndlərdə 3 növbəli iş və bəndin üstündə 24 saat növbətçilər təşkil olunub, hər bir narahatçılıq dərhal rayon komissiyasına çatdırılır və operativ tədbirlər görülür. Dünən verilən son məlumatda Kür çayında suyun səviyyəsinin 50 sm qalxdığı göstərilib. Kürətrafı ərazilərdə yaşayan əhalinin uşaq, xəstə və yaşlı kateqoriyalarının ərazilərdən köçürülməsinə başlanılıb. Otmanoba, Əlibəyli və Təzəkənd ərazisində mühafizə zonasındakı təhlükəli yerdəki 11 ailə yaxınlarının evinə köçürülüb”.
Hacıqabul rayonunda 150-yə yaxın ev qəzalı vəziyyətə düşüb
Kürdə suyun səviyyəsinin artması Hacıqabul rayonunda da bir sıra problemlərin yaranmasına yol açıb. Bu barədə qəzetimizə məlumat verən Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Sahib Aslanov Kürün Hacıqabul rayonunda 46 km ərazidən keçdiyini xatırladıb. Komissiya sədri bildirib ki, bu məsafə 10 kəndin ərazisini əhatə edir: “Kür çayında suyun səviyyəsinin artması əsasən Abdulabad, Talış, Meyniman, Ağacanlı, Xilə və başqa kəndləri, o cümlədən, Balıqçı qəsəbəsini təhlükə ilə üz-üzə qoyub. Güclü leysan yağışlarından sonra çayın səviyyəsinin artması müşahidə olunan zamandan rayon İcra Hakimiyyəti yanında qərargah yaradılıb. Bütün qüvvələrimiz səfərbər olunub. Bundan başqa, əlaqədar təşkilatlar öz köməklərini göstərirlər. “Meliorasiya və Su Təsərrüfatı” ASC, Suvarma Sistemləri idarəsi, “Azinko” şirkəti öz köməyini əsirgəmir. Bu şirkətin texnikaları bəndlərin bərkidilməsi işində yaxından iştirak ediblər. Bundan başqa, yerli əhali bəndlərin möhkəmləndirilməsinə kömək ediblər. Demək olar ki, artıq baş verə biləcək hər hansı xoşagəlməz nəticələrə apara biləcək problemlər aradan qaldırılıb. Bəndlər möhkəmləndirilib, kəndlərin ərasində 15 min kisədən artıq torpaq səddi hazırlanıb. Bu işdə 15 ədəd “KAMAZ”, 5 ədəd buldozer, 5 ədəd torpaq yükləyən və 6 ədəd “Belorus” markalı texnikadan istifadə olunub”.
Sahib Aslanov Kürdə suyun səviyyəsinin artması ilə həyətlərdə qrunt sularının artdığını diqqətə çatdırıb: “Ən böyük problemi də elə həmin qrunt sularının artması yaradıb. Kürqırağı kəndlərdə 400 evin həyətini qrunt suyu basıb. Bu sular artıq nasoslarla başqa ərazilərə axıdılır. Bununla belə, 150-yə yaxın ev qəzalı vəziyyətə düşüb. 2 ailə isə evindən köçürülüb. Artıq bu problemin həlli ilə bağlı da addımlar atılır və su nasoslar vasitəsilə çəkilir. Yəqin ki, yaxın günlərdə bu problem də öz həllini tapacaq”.
Şirvan şəhərində bəndlərin möhkəmləndirilməsi işi başa çatır
Şirvan şəhərində artıq bəndlərin tam möhkəmləndirilməsi və bərkidilməsi prosesi yekunlaşır. Bu barədə qəzetimizə məlumat verən Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov bildirib ki, artıq əhali Kürün bu ərazidə də daşma təhlükəsindən qurtulub: “Sabirabad rayonunun Şirvan şəhərinə yaxın ərazisində yerləşən kəndlərinin əhalisi artıq öz kəndlərinə qayıtmağa başlayıblar. Həmin ərazilərdə də suyun çəkilməsi prosesi gedir. Bununla belə, hələ də çadırlarda qalan insanlar var. Bu insanlar üçün isə bütün şərait yaradılıb. Onlar isti yemək, paltar, yataq ləvazimatı və gündəlik lazımi vasitələrlə təchiz olunurlar. Dövlət rəsmiləri tez-tez həmin çadırlarda olurlar və insanların problemləri ilə maraqlanırlar. Bununla yanaşı, həmin kəndlərdə bəndlərin yenidən bərkidilməsi prosesi davam etdirilir”.
Xatırladaq ki, Sabirabad rayonunda Kür çayında suyun səviyyəsinin artması ilə bağlı 9 kəndin əhalisi Şirvan şəhərində çadırlarda yerləşdirilmişdi. YAP şəhər təşkilatı sədri bildirib ki, baş verən hadisə nəticəsində Şirvan şəhərində 700 evin həyətini qrunt suları basıb. 35 ev qəzalı vəziyyətə düşüb, 35 evin isə sakinləri köçürülüb. Bundan başqa, şəhərdə 2 məktəb, bir uşaq bağçasının həyəti su ilə dolub.
Neftçala rayonunda da qabaqlayıcı tədbirlər gücləndirilir
Neftçala rayonunda da Kürdə suyun səviyyəsinin artması ilə müşahidə olunan problemlər aradan qaldırılmaqdadır. Bu barədə məlumat verən rayon fövqəladə hallar komissiyasının sədri, İcra Hakimiyyəti başçısının birinci müavini Dilavər Əliyev bənd bərkitmə işlərinin davam etdirildiyini diqqətə çatdırıb. Komissiya sədri bildirib ki, Kür çayı boyunca kəndlərin əhalisi bu işdə fəal sürətdə iştirak edir: “Bundan başqa, Kürboyu ərazilərdən qrunt sularının əhalinin həyətyanı sahələrindən kənarlaşdırılması məqsədilə 110 elektrik nasosu, 34 ədəd yanacaqla işləyən motopompa və Mülki Müdafiə qüvvələrinə məxsus 9 ədəd motopompa quraşdırılıb. Bu, qrunt sularının yaşayış məntəqələrindən kənarlaşdırılması işlərinin daha fəal həyata keçməsinə yardımçı olacaq. Ərazilərdə Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dezinfeksiya işlərinə başlanılıb və bu işlər bütün ərazilər üzrə davam etdiriləcək”.
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Xəzər dəniz yolları Xidmətinə məxsus “Narva” torpaqsovuran və “Abşeron-5” yedək gəmilərinin hazırda Xəzər dənizindən Kürün qoluna tərəf liltəmizləmə işlərini apardığını bildirən D.Əliyev rayonun Cəngan, Qaraqaşlı, Beştalı, Pirəbbə, Yuxarı Qaramanlı, Abasallı, Tatarməhlə, Uzunbabalı, Aşağı Surra, Kürqarabucaq, Qaralı, Aşağı Qaramanlı, Astanlı, Dördlər, Xıllı, Bankə, Kürkənd, Mayak-1, Yenikənd, Sübh və Mayak-2 kəndlərində rayonun idarə, müəssisə və təşkilatlarına məxsus texnikalarla birlikdə Dövlət Neft Şirkətinin Neft-Qaz, “Azneft”, Qaz emalı, “Azqaz”, “Neft-yağ”, Dərin özüllər, Neft Yanacaq və Kompleks Qazma idarələrinə məxsus 130 texnikanın bənd bərkitmə işlərinə cəlb edildiyini söyləyib: “Kürboyu ərazilərdə 300-ə yaxın evin həyətlərinə qrunt suları daxil olub. 4 ev uçub, 30 ev qəza vəziyyətindədir. 5 ailə köçürülüb. Problemlərin həlli ilə bağlı fəaliyyət davamlı şəkildə inkişaf etdirilir”.
Aqşin ŞAHİNOÄžLU
Pərviz SADAYOÄžLU
Paylaş:
Baxılıb: 1179 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30