Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Şuşa Bəyannaməsi milli maraqlarımıza tam cavab verən mühüm tarixi sənəddir

Şuşa Bəyannaməsi milli maraqlarımıza tam cavab verən mühüm tarixi sənəddir

21.06.2021 [08:52]

Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri çərçivəsində iyunun 15-də Şuşa şəhərində oldu. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalandı. Heç şübhəsiz, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Ekspertlərin vurğuladıqları kimi, Bəyannamədə əksini tapan bütün müddəalar iki qardaş ölkə arasında keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Yeri gəlmişkən, ölkəmizdə fəaliyyət göstərən 48 siyasi partiyanın birgə bəyanatında da Şuşa Bəyannaməsinin imzalanması təqdir olunur.
Məsələ ilə bağlı Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, Şuşa Bəyannaməsində strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətləri əhatə olunub: “Xüsusilə də Bəyannamədə hərbi sahədə əməkdaşlıq və Zəngəzur dəhlizi ilə bağlı konkret müddəalar əksini tapıb. Beləliklə, iki qardaş ölkə bu Bəyannaməni imzalamaqla təhlükəsizlik məsələlərində də bir-birinə qətiyyətli dəstək nümayiş etdirir. Məhz bu səbəbdəndir ki, ölkəmizdə fəaliyyət göstərən 48 siyasi partiya birgə bəyanat yayaraq Şuşa Bəyannaməsinin imzalanmasını tarixi hadisə kimi dəyərləndirib. Biz siyasi partiyalar olaraq birgə bəyanatda müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirən Şuşa Bəyannaməsinin mühüm tarixi və strateji əhəmiyyət kəsb etdiyini vurğulamışıq”.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı da işğaldan azad edilmiş Şuşa şəhərində imzalanan Bəyannamənin əhəmiyyətindən bəhs edib: “Bu, Türkiyə ilə Azərbaycan arasında imzalanan tarixi sənəddir. Bəyannamə təsdiq edir ki, bundan sonra əgər hansısa dövlət Azərbaycana qarşı işğalçı mövqedən çıxış edərsə və buna cəhd göstərərsə, Azərbaycan və Türkiyə birgə hərəkət edəcəklər. Vaxtilə imzalanmış Qars Müqaviləsinə əsasən, Naxçıvanın müdafiəçisi kimi çıxış edən Türkiyə indi həm müdafiə sahəsində, həm də BMT çərçivəsində işbirliyi, eyni zamanda, dövlətlərin təhlükəsizliyi məsələlərində Azərbaycanla daim birgə olacaq. Müttəfiqlik haqqında Bəyannamənin Şuşada imzalanmasının xüsusi rəmzi mənası var. Bu, Azərbaycan və Türkiyənin, doğrudan da, qardaş dövlət olduğunu nümayiş etdirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri və səfər zamanı imzalanan Bəyannamə düşmənlərə bir daha sübut etdi ki, Azərbaycana qarşı işğalçılıq siyasəti onlara baha başa gələ bilər”.
S.Rüstəmxanlı qeyd edib ki, sənəd milli maraqlarımıza tam cavab verdiyi üçün ölkədə fəaliyyət göstərən 48 siyasi partiya birgə bəyanat imzalayaraq ona öz dəstəyini nümayiş etdirib: “Eyni zamanda, VHP bu məsələ ilə bağlı ayrıca bəyanatla da çıxış edib. Hesab edirik ki, Şuşa Bəyannaməsi 44 günlük Vətən müharibəsindən sonra müstəqillik tariximizin ən böyük hadisələrindən biri sayıla bilər. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi ticarət əlaqələri, hərbi əməkdaşlıq, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Azərbaycan və Türkiyə arasında imzalanan Bəyannamədə Qars Müqaviləsinin xatırlanması, xüsusilə tarixi türk torpağı Zəngəzur dəhlizinin adının hallanması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 654 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31