Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Radikal düşərgənin erməni sevgisi tükənməzdir

Radikal düşərgənin erməni sevgisi tükənməzdir

17.08.2021 [14:21]

Radikal müxalifət düşərgəsinin təmsilçilərinin və düşərgənin xaricdəki uzantılarının Vətən müharibəsində əldə olunan tarixi qələbəmizə qarşı apardıqları kampaniya səngimir. Belə ki, 2020-ci ilin noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasının, Azərbaycanın qələbəsinin rəsmiləşməsinin, Ermənistanın kapitulyasiyasının həmən ardından səsini başına ataraq qələbəmizi kiçiltməyə çalışan AXCP sədri Əli Kərimli, o cümlədən antimilli şura üzvləri yenidən “iş başındadır”lar. Vurğulamaq lazımdır ki, bu şər-böhtan kampaniyasında ən öndə gedənlərdən olan antimilli şuraçı Gültəkin Hacıyeva və onun kimiləri sosial şəbəkələrdə mütəmadi şəkildə bu qələbəyə ləkə yaxmağa cəhd göstərir, bununla da xaricdəki ermənipərəst dairələrin “dəyirmanına su tökməyə” çalışırlar. Bu isə bir daha sübut edir ki, radikal düşərgənin erməni sevgisi tükənməzdir. Təbii ki, onların bu uğursuz cəhdləri fiaskoya məhkumdur və xalq xəyanəti özünə peşə etmiş belələrinin yalanlarına inanmır.

Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, radikal müxalifətin Vətən müharibəsində əldə olunan qələbəyə kölgə salmaq cəhdləri sadəcə ikrah doğurur. R.Həsən vurğulayıb ki, radikal ünsürlərin bu addımı bir daha onların ermənilərlə və xaricdəki ermənipərəst dairələrlə işbirliyini təsdiqləyir: “Adını “müxalifət” qoymuş, amma milli maraqlarımıza qarşı xəyanətkarlıqla məşğul olan radikal ünsürlər sosial şəbəkələrdə, eləcə də əllərində olan internet resurslarında Ermənistanın maraqlarını müdafiə etməklə məşğuldurlar. Bu, bir daha onların milli maraqlara düşmən kəsildiyini ortaya qoyur, antimilli ünsürlərin ölkəmizə qarşı aparılan yalan, böhtan kampaniyalarında yer aldığını təsdiqləyir. Belələri unudurlar ki, dövlətə, xalqa qarşı edilən xəyanətlər heç zaman bağışlanmır”.

Milli Məclisin deputatı Anar Məmmədov isə bildirib ki, radikal müxalifətin Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbəyə qarşı sosial şəbəkələrdə qaralama kampaniyaları aparmaq cəhdləri, bu qələbəni həzm edə bilməmələri və yalanlarla ləkə yaxmağa çalışmaları bir daha onların əsl simasını Azərbaycan cəmiyyətinə göstərir: “Bu kimi yalanları sosial şəbəkələrdə yaymağı artıq özünə peşə seçmiş, xaricdəki ermənipərəst mərkəzlərə xidmət edən radikallar çirkin kampaniyalarla böyük qələbəmizə kölgə salmağa cəhd göstərirlər. 30 il öncə torpaqların işğalına şərait yaradan, torpaqlarımızı hakimiyyət hərisliklərinə qurban verənlərin bu gün də eyni mövqedən çıxış etməsi onların dəyişməz xislətinin göstəricisidir. Radikal müxalifət unutmamalıdır ki, Azərbaycan xalqının milli birliyi, Azərbaycan Ordusunun rəşadəti və Ali Baş Komandanımızın qətiyyəti nəticəsində azad edilən bu torpaqlar bir vaxtlar məhz onların hakimiyyət oyunlarının qurbanına çevrilmişdi”.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 530 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31