Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ordusu regionun ən hazırlıqlı və ən müasir ordusudur

Azərbaycan ordusu regionun ən hazırlıqlı və ən müasir ordusudur

20.07.2010 [11:02]

Prezident İlham Əliyev: Hərbi gücümüz ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində həlledici rol oynaya bilər
Heç kəsə sirr deyil ki, bu gün Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin bir nömrəli problemidir. Məhz bu səbəbdən, rəsmi Bakı bütün diplomatik səylərini problemin sülh yolu ilə həllinə yönəldib. Azərbaycan beynəlxalq ictimaiyyətin də ciddi dəstək verdiyi ATƏT-in Minsk qrupunun irəli sürdüyü təkliflərə razılıq verərək münaqişənin diplomatik yolla həllinə sadiq olduğunu göstərib. Lakin Ermənistan tərəfinin sülh danışıqlarına konstruktiv mövqedən yanaşmaması və manipulyasiya ilə məşğul olması danışıqların müsbət nəticələnəcəyinə olan inamı azaldır. Elə bu səbəbdən də, müxtəlif vaxtlarda münaqişənin başqa alternativ üsullarla həlli məsələsi gündəmə gəlir.
Təbii ki, beynəlxalq hüquqda sülh danışıqlarının alternativi hərbi yoldur. Bütün beynəlxalq konvensiyalarda da əksini tapan əsas məqamlardan biri dövlətlərin ərazi bütövlüyünə təcavüzün qarşısını almaq və sərhədlərinin toxunulmazlığını təmin etmək üçün hərbi üsula müraciət etməsinə hüquq verilməsidir. Ona görə də, gələcəkdə sülh danışıqları nəticə verməsə müharibə variantının gündəmə gəlməsi də real ola bilər. Bunu nəzərə alaraq, Azərbaycan sülh danışıqlarına paralel olaraq, ölkənin hərbi qüdrətinin artırılması istiqamətində də çox ciddi işlər görür. Son illər ərzində həyata keçirilən köklü islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri böyük inkişaf yolu keçib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev də dəfələrlə bəyan edib ki, ölkəmizdə ordu quruculuğu prosesi çox uğurla gedir və bu, məsələ ölkənin prioritetləri sırasındadır. Təsadüfi deyil ki, hazırda dövlət büdcəsindən ordu quruculuğu sahəsinə ayrılan vəsait birinci yerədir. Bir müddət öncə büdcəyə edilən dəyişikliklərdən sonra bu rəqəm 2 milyard 150 milyon dollar təşkil edir ki, bu da Ermənistanın bütün dövlət büdcəsindən çoxdur.
ümumiyyətlə, ordu quruculuğu hər bir ölkə üçün çox önəmli məsələlərdəndir. Xüsusilə müharibə şəraitində yaşayan Azərbaycan üçün bu məsələ daha böyük əhəmiyyət kəsb edir. Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası zamanı söylədiyi nitqində dövlət başçısı İlham Əliyev bu məsələnin əhəmiyyətinə diqqət çəkərək vurğulayıb ki, görülən işlər imkan verir ki, ordumuzu daha da müasirləşdirək, ən müasir silah-sursatı, texnikanı Azərbaycana gətirək: “Hərbi gücümüz ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində həlledici rol oynaya bilər. Biz istəmirik ki, bu, həlledici rol oynasın. Biz istəyirik ki, məsələ danışıqlar yolu ilə, diplomatiya yolu ilə öz həllini tapsın. Ancaq hərbi güc olan zaman əlbəttə ki, bizim mövqeyimiz daha da möhkəmlənəcəkdir”.
Onu da qeyd edək ki, ölkəmizdə ordu quruculuğu işinin sürətləndirilməsi üçün müxtəlif istiqamətlərdə tədbirlər görülür. Belə ki, son illər ərzində çağırış və səfərbərlik işi xeyli təkmilləşdirilib, hərbi hissələrdə intizam möhkəmlənib, qanun-qaydalara tam riayət olunması təmin edilib. Bütün bunlar orduya gələn gənclərin peşəkar hərbi qulluqçu kimi hazırlanmasına, hərbi ixtisaslara dərindən yiyələnməsinə şərait yaradıb. Silahlı Qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması fasiləsiz, yəni hər gün davam edən bir prosesdir. Döyüş hazırlığı məsələlərinə ciddi önəm verilməsinin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri hazırda istər quruda, istər havada, istərsə də dənizdə hər hansı döyüş tapşırığını yerinə yetirməyə qadirdir. O cümlədən, güclü hüquqi baza yaradılıb ki, bu da daha əhatəli islahatların aparılmasına imkan verir. Qəbul olunmuş hüquqi sənədlər arasında da heç şübhəsiz ki, Hərbi Doktrina xüsusi əhəmiyyətə malikdir. Qeyd olunmalıdır ki, Hərbi Doktrina ölkəmizin ikinci Konstitusiyası sayıla bilər. Sənəddə ölkənin hərbi təhlükəsizliyini təmin edən bütün müddəalar açıqlanır. Həmçinin, Azərbaycan ərazi bütövlüyünə hərbi təhlükə törədəcək faktorlar sadalanır. Onların içərisində birincisi Ermənistanın torpaqlarımızı işğal etməsidir, daha sonra Azərbaycanın dövlət müstəqilliyinin şübhə altına alınması cəhdləridir, qeyri-qanuni miqrasiyadır, daxili sabitliyi pozmaq cəhdləri və s. amillərdir. Bunun qarşısını almaq üçün yüksək hazırlıqlı silahlı qüvvələrin hazırlanması, onun peşəkar kadrlarla təmin edilməsi, strateji və taktiki hazırlıq məsələlərinin həyata keçirilməsi və ən əsası ordu ilə cəmiyyətin sıx birliyinin təmin edilməsidir.
Amma bunlarla yanaşı, birmənalı olaraq qeyd olunmalıdır ki, son dövrlər Azərbaycanda hərbi sənaye potensialının gücləndirilməsi istiqamətində görülmüş mühüm əhəmiyyətli tədbirlər göstərilən sahədə ciddi dönüş yaratmaqla bərabər, ordumuzun daha müasir texnika ilə təchizatı, silah - sursat ehtiyaclarının daxili imkanlar və istehsal hesabına ödənilməsi, Azərbaycanın həm də hərbi sənaye ölkəsi kimi nüfuz qazanması, nəhayət, Silahlı Qüvvələrin inkişafında yeni imkanların meydana gəlməsi baxımından da olduqca vacibdir. Ona görə də, hökumət bu məsələyə də çox diqqətlə yanaşır və atılan addımları ciddi maliyyə dəstəyi ilə stimullaşdırır. Yeri gəlmişkən, qeyd edək ki, 2006-2009-cu illərdə Müdafiə Sənayesi Nazirliyinə dövlət büdcəsindən ayrılan 414,4 milyon manat məbləğində vəsait hesabına onlarla texnoloji xətlər, müəssisələrin avadanlıq parkının təzələnməsi məqsədilə dünyanın inkişaf etmiş ölkələrindən müxtəlif mürəkkəb əməliyyatları həyata keçirən 423 adda dəzgah və avadanlıq alınıb. Nazirliyin müəssisələrində müxtəlif növ atıcı silahların, döyüş sursatlarının və onların ehtiyat hissələrinin istehsalı məqsədilə 141,7 min kvadratmetr sahəyə malik olan 21 obyektdə tikinti və yenidənqurma işləri aparılıb və nəticədə, nazirliyin “İqlim”, “Dalğa”, “Peyk”, “Telemexanika”, “Alov”, Elektron Hesablama Maşınları, Radioquraşdırma, “Araz” zavodu, Elmi Tədqiqat İnstitutu və “Təcrübə-sınaq” zavodunun əsaslı yenidənqurmadan sonra açılış mərasimləri keçirilib. Bu müəssisələrdə onlarla yeni istehsal sahələri yaradılaraq, müdafiə təyinatlı məmulatların istehsalına başlanıb. Bu gün Müdafiə Sənayesi Nazirliyi dünyanın 60-dan çox ölkəsi ilə əməkdaşlıq edir. Məhz bu tədbirlər nəticəsində qısa müddət ərzində nazirliyin müəssisələrində müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatların seriyalı istehsalı həyata keçirilir. Yaradılmış yeni istehsal sahələri, quraşdırılmış texnologiya və avadanlıqlar hesabına istehsal olunan müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 413-ə çatdırılıb.
Təbii ki, görülən bütün işlər isə hazırda məntiqi nəticəsini verməkədir. Təsadüfi deyil ki, Azərbaycan ordusu bu gün Azərbaycan dövlətinin qüdrətinin nümunəsi olmaqla dövlətimizin ərazi bütövlüyünü təmin etmək iqtidarındadır. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin verdiyi qiymətə görə, Azərbaycan ordusu regionun ən hazırlıqlı və ən müasir strukturu sayılır.
Aqşin ŞAHİNOÄžLU

Paylaş:
Baxılıb: 1030 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30