Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın iqtisadi, hərbi potensialı və beynəlxalq hüquq Dağlıq Qarabağın hərbi yolla azad olunmasına imkan verir

Azərbaycanın iqtisadi, hərbi potensialı və beynəlxalq hüquq Dağlıq Qarabağın hərbi yolla azad olunmasına imkan verir

14.08.2010 [09:04]

Prezident İlham Əliyev: Lazım gələn anda bütün hərbi qurumlar bir yumruq kimi hərəkət edəcəklər və Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəklər
Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq ictimaiyyətin yetərli iradə və israrı ortaya qoymaması, buna paralel olaraq, Ermənistan dövlətinin beynəlxalq hüququn norma və prinsiplərini heçə sayaraq işğalçı siyasətində israr etməsi təbii olaraq münaqişənin yekun həllinə nail olunması baxımından başqa alternativ üsulların da gündəmə gəlməsini şərtləndirir. Sirr deyil ki, beynəlxalq təcrübədə də diplomatik danışıqların alternativi hərbi yoldur. Məsələn, BMT-nin Nizamnaməsinin 51-ci maddəsində açıq-aydın göstərilir ki, hər bir ölkə özünü müdafiə etmək üçün bütün hüquqlara malikdir.
Beynəlxalq hüquqda öz əksini tapan və münaqişəli məsələlərin həllində istinad olunan başqa bir mühüm məqam isə dövlətlərin ərazi bütövlüyü məsələsidir. O cümlədən, bu tip məsələlərdə “konstitusiya” rolunu oynayan Helsinki prinsiplərində də ən başlıca tələb kimi ərazi bütövlüyü məsələsi göstərilir. Qeyd olunur ki, bütün digər proseslər ərazi bütövlüyü çərçivəsində tənzimlənməlidir. Həmçinin, 1945-ci ildə II Dünya müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatı yaradılarkən, növbəti böyük müharibələrin qarşısının alınması üçün əsas açar kimi ərazi bütövlüyünün toxunulmazlığı prinsipi gündəmə gəlib və yekdilliklə qəbul olunub. Məhz, bu prinsip bütün dövlətlərin sərhədlərinə hörmətlə yanaşılmasını və ərazilərin toxunulmazlığı məsələsini ehtiva edir. Ərazi bütövlüyünə təcavüz olunmuş dövlətlər də istənilən yolla bu təcavüzün qarşısını ala və onun nəticələrini aradan qaldıra bilər. Bundan başqa, NATO-nun, Avropa Şurasının, Avropa Parlamentinin, İslam Konfransı Təşkilatının və digər bütün beynəlxalq təşkilatların sənədlərində ərazi bütövlüyü başlıca şərt kimi əks olunur. Deməli, bütün beynəlxalq sənədlər və dünyada ədalətin mühafizəsini həyata keçirən əsas qətnamələr Azərbaycanın öz ərazi bütövlüyünü istənilən yolla bərpa etmək hüququnu tanıyır. Təbii ki, Azərbaycan da ehtiyac yaranarsa, beynəlxalq hüquqda təsbit olunmuş bu hüququndan yararlana bilər.
Təbii ki, müharibə etmək, pozulmuş hüquqlarını bu yolla bərpa etmək bir dövlətin güclü iqtisadiyyata və qüdrətli orduya sahib olmasını tələb edir. Bunu nəzərə alaraq, ölkəmizdə güclü iqtisadi potensial yaradılıb, Azərbaycan bu gün dünyada ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Eyni zamanda, bu inkişaf digər sahələrin, o cümlədən, ölkənin hərbi potensialının artırılmasına da geniş imkanlar açır. Azərbaycan isə bu imkanlardan istifadə edərək güclü hərbi potensial yarada bilib. Hazırda, dövlət büdcəsindən ordu quruculuğu sahəsinə ayrılan vəsait birinci yerədir. Büdcəyə edilən dəyişikliklərdən sonra bu rəqəm 2 milyard 150 milyon dollar təşkil edir ki, bu da Ermənistanın dövlət büdcəsindən çoxdur.
ümumiyyətlə, ordu quruculuğu müharibə şəraitində yaşayan Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Bu da təsadüfi deyil. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev də avqustun 10-da Dövlət Sərhəd Xidmətinin Akademiyasının açılış mərasimindəki nitqində xüsusi olaraq vurğuladı ki, işğal altındakı torpaqlarını azad etmək üçün Azərbaycan öz hərbi qüdrətini daha da artırmalıdır: “Bir daha demək istəyirəm ki, bunu etmək üçün ilk növbədə hərbi güc lazımdır. Biz bu hərbi gücü yaradırıq, böyük dərəcədə yaratmışıq və bu proses uğurla davam etdirilir. Azərbaycanın hərbi potensialının gücləndirilməsi üçün biz bütün səyləri səfərbər etmişik, bütün maliyyə resurslarını cəmləşdirmişik ki, torpaqlarımızı işğalçılardan azad edək. Bu gün Azərbaycan ordusu, Azərbaycanın hərbi potensialı buna imkan verir”.
Qeyd olunmalıdır ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illərdə ölkəmizdə ordu quruculuğu işinin sürətləndirilməsi üçün müxtəlif istiqamətlərdə işlər görülüb. Bu tədbirlər nəticəsində çağırış və səfərbərlik işi xeyli təkmilləşdirilib, hərbi hissələrdə intizam möhkəmlənib, qanun-qaydalara tam riayət olunması təmin edilib. NATO və digər güclü təşkilatlarla qurulmuş əməkdaşlıq çərçivəsində Silahlı Qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması istiqamətində mühüm addımlar atılıb. Döyüş hazırlığı məsələlərinə ciddi önəm verilməsinin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri hal-hazırda istər quruda, istər havada, istərsə də dənizdə hər hansı döyüş tapşırığını yerinə yetirməyə qadirdir. O cümlədən, güclü hüquqi baza yaradılıb ki, bu da daha əhatəli islahatların aparılmasına imkan verir. Bunlarla yanaşı, xüsusi olaraq qeyd olunmalıdır ki, son dövrlər Azərbaycanda hərbi sənaye potensialının gücləndirilməsi istiqamətində görülmüş mühüm əhəmiyyətli tədbirlər bu sahədə ciddi dönüş yaratmaqla bərabər, ordumuzun daha müasir texnika ilə təchizatı, silah - sursat ehtiyaclarının daxili imkanlar və istehsal hesabına ödənilməsi, Azərbaycanın həm də hərbi sənaye ölkəsi kimi nüfuz qazanması, nəhayət, Silahlı Qüvvələrin inkişafında yeni imkanların meydana gəlməsi baxımından da olduqca vacibdir. Ona görə də, hökumət bu məsələyə də çox diqqətlə yanaşır və atılan addımları ciddi maliyyə dəstəyi ilə stimullaşdırır.
Sadalanan faktlar isə o gerçəkliyi ortaya qoyur ki, Azərbaycan istənilən anda işğal altındakı torpaqlarını azad etməyə qadirdir. Bunun üçün həm yetəri qədər iqtisadi və hərbi gücü var, həm də beynəlxalq hüquq da bu məsələdə ölkəmizin tərəfindədir. Həmçinin, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və milli maraqlarımızın müdafiəsi üçün ortaya qoyduğu iradə hər bir vətəndaşımızda bu inamı yaradır ki, gec - tez Azərbaycanın məruz qaldığı işğal siyasətinin fəsadları aradan qaldırılacaq və Dağlıq Qarabağ üzərində ölkəmizin suveren hüquqları bərpa  olunacaq. Dövlət başçısı sözügedən nitqindəki çıxışı zamanı bu inamı bir daha ifadə edərək vurğuladı ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik: “Bunu etmək üçün bütün hərbi qurumlar vahid komanda altında birləşib və Ali Baş Komandanın əmrləri ilə hərəkət edirlər. Lazım gələn anda bütün hərbi qurumlar bir yumruq kimi hərəkət edəcəklər və Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəklər”.
Aqşin ŞAHİNOÄžLU

Paylaş:
Baxılıb: 966 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30