Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan danışıqlar prosesini pozmaqda israrlı görünür

Ermənistan danışıqlar prosesini pozmaqda israrlı görünür

21.08.2010 [09:57]

Edvard Nalbandyanın yenilənmiş Madrid prinsiplərinin “Sankt-Peterburq variantını” icad etməsi buna sübutdur
Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar işğalçı Ermənistanın qeyri-konstruktivliyi səbəbindən hələ də nəticə vermir. Erməni tərəfi Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşündən sonra yenilənmiş Madrid prinsiplərini qəbul edib-etmədiyini bildirməli olduğu halda, müxtəlif bəhanələrlə bu cavabı uzatdı. Hazırda isə işğalçı Ermənistan Rusiyanın təşəbbüsü ilə son altı görüşü kənara qoyaraq yalnız prezidentlərin iyun ayında keçirilmiş Sankt-Peterburq görüşünü əldə bayraq edərək danışıqların bu görüşün nəticələri əsasında davam etdirilməsində israrlıdır. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son Almatı görüşünün də nəticəsiz başa çatmasına səbəb məhz işğalçı tərəfin bu tipli iddiaları oldu.
Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan işğalçı dövlət olduğu halda həmsədr ölkələr, xüsusilə, Rusiya rəsmi Yerevana hər hansı təzyiq göstərmir. Əksinə, dolayısı ilə Ermənistan himayə edilməkdədir. Fakt kimi deyə bilərik ki, danışıqlar prosesini dəfələrlə pozmasına baxmayaraq, həmsədrlər işğalçı Ermənistanın bu hərəkətinə münasibət bildirməyib.
Ermənistanın xarici işlər naziri Edvard Nalbadyan iddia edib ki, prezidentlərin iyun ayında Sankt-Peterburqda keçirilmiş görüşündə tərəflərə Madrid sənədinin yenilənmiş variantı təqdim edilib. O, deyib ki, Ermənistan danışıqları Madrid sənədinin bu variantı əsasında danışıqları davam etdirməyə hazırdır.
Göründüyü kimi, Ermənistan, sadəcə, bu cür hərəkətlərlə manevr edir, münaqişənin həllini uzatmağa çalışır. İndi də işğalçılar yenilənmiş Madrid prinsiplərinə bir quyruq-”Sankt-Peterburq təklifləri” qoşmaqla danışıqlar prosesinə növbəti maneə yaradıblar. Azərbaycan tərəfi isə Ermənistanın bu iddialarını təkzib edir. Xatırladaq ki, bir müddət öncə xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Almatıda keçirilən görüş nəticəsiz olub və Ermənistan imzalanması Bakı tərəfindən alqışlanan “3+2” formatında bəyanatla çıxış etməkdən imtina edib. “Bu günədək danışıqlar prosesində sirli heç bir şey qalmayıb. Danışıqların planı hamıya məlumdur və bu plan Torontodakı “Böyük səkkizlik”in sammitində prezidentlərin bəyanatı ilə təsdiqlənib” - deyə, Elmar Məmmədyarov vurğulayıb. Nazirin sözlərinə görə, bununla belə, Azərbaycan danışıqları davam etdirməyə hazırdır, lakin danışıqların nəticələri erməni tərəfindən asılı olacaq.
Xatırladaq ki, Rusiya, ABŞ və Fransa prezidentləri Dmitri Medvedev, Barak Obama və Nikola Sarkozi Kanadada “Böyük səkkizlik”in (G-8) sammiti çərçivəsində birgə bəyanat qəbul edərək hər iki tərəfin münaqişənin bir sıra prinsiplərə, o cümlədən, Dağlıq Qarabağ ətrafındakı torpaqların Azərbaycana qaytarılması, Dağlıq Qarabağın təhlükəsizliyi və özünüidarəsi üçün təminat verən keçid statusu və Dağlıq Qarabağı Ermənistanla birləşdirəcək dəhliz kimi prinsiplərə əsaslanması zərurətini anlaması faktını irəliyə doğru mühüm addım sayıblar. Bunlar yenilənmiş Madrid prinsiplərinin əsas müddəalarıdır: qalan iki rayonun beş ildən sonra azad olunması şərti ilə birinci mərhələdə yeddi rayondan beşinin azad edilməsi, kommunikasiyaların açılması, bərpa işlərinin keçirilməsi, qaçqınların öz evlərinə qayıtması, əhalinin təklükəsizliyini təmin etmək üçün sülhməramlı qüvvələrin yerləşdirilməsi, Dağlıq Qarabağa geniş özünüidarəetməni təmin edən aralıq statusunun verilməsi;  sonda, tərəflər arasında etibarın bərpa olunmasından sonra dinc şəraitdə Dağlıq Qarabağın son statusunu müzakirə etmək mümkün olacaq.
Edvard Nalbandyanın son bəyanatına gəlincə isə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib ki, işğalçı dövlətin XİN rəhbəri Qarabağ nizamlanması ilə bağlı danışıqları yalnız prezidentlərin Sankt-Peterburq görüşündə Rusiyanın  təqdim etdiyi təkliflər əsasında davam etdirməyə hazır olduğunu bəyan etməklə populizmlə məşğul olur. “çünki o, gözəl başa düşür ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların formatı iki münaqişə tərəfi və nizamlanmaya dair təkliflər hazırlayan ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir” - deyə, E.Poluxov qeyd edib. Onun sözlərinə görə, prezidentlərin Sankt-Peterburq görüşündə Rusiya tərəfinin səsləndirdiyi təkliflər də daxil olmaqla rəsmi təsdiqlənmiş formatdan kənarda səsləndirilən bütün təkliflər “sadəcə, nəzərdən keçirilən və müzakirə edilən, lakin danışıqlar üçün əsas olmayan təkliflərdir”.
“Əgər E.Nalbandyan danışıqların formatını birtərəfli qaydada dəyişməyi qərara alıbsa, o bu barədə rəsmən bəyanat versəydi, pis olmazdı” - deyə, XİN mətbuat katibi vurğulayıb.
Son proseslərə münasibət bildirən politoloq Vəfa Quluzadə isə deyib ki, nəticəsiz danışıqların davam etdirilməsi bir sıra qüvvələrin marağındadır. Onun fikrincə, bu prosesdə ciddi oyunlar gedir: “Danışıqların uzanmasına görə heç kim Ermənistanı qınamayacaq. Ermənistan sadəcə, Rusiyanın əmrlərini yerinə yetirir. Ermənistan elə bilir ki, bununla dünya ictimaiyyətini aldadır. Amma reallığı hamı bilir”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1061 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30