Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan gəncləri böyük potensiala malikdir

Azərbaycan gəncləri böyük potensiala malikdir

02.09.2010 [10:04]

YAP-ın güclü dayaqlarından olan gənclər parlament seçkilərində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər
Azərbaycan gəncləri ölkəmizin aparıcı təbəqələrindən biri olaraq böyük potensiala malikdir. Gənclər bütün sahələr üzrə yüksək göstəricilər əldə edir, böyük uğurlar qazanırlar. Siyasi fəaliyyətə gəlincə, onlar Yeni Azərbaycan Partiyasının sıralarına qoşulmağa üstünlük verirlər. Təsadüfi deyil ki, 18 yaşı tamam olmuş, bu il ilk dəfə seçkilərdə səs vermək hüququ qazanmış gənclərin YAP-ın sırlarında təmsilçiliyi kifayət qədərdir. Dünən YAP-ın rəhbər şəxsləri ilə keçirilən görüşdə gənclər Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyaya böyük inam bəslədiklərini bir daha vurğulayıblar.
Ukraynanın Heydər Əliyev adına Akademiyasının beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Gülmirə Əbdülrəhmanova bildirib ki, YAP ümumxalq partiyası olaraq vətəndaşların maraqlarının ifadəçisidir. Onun sözlərinə görə, xalqın və dövlətimizin çətin zamanlarında yaranan partiya Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa zamanda böyük, mütəşəkkil siyasi təşkilata çevrilib: “Bu gün partiyamızın üzvlərinin 40 faizini gənclər təşkil edir. Bu da təsadüfi deyil. çünki partiyamız və onun rəhbərliyi gənclərin inkişafına böyük diqqət yetirir, qayğı göstərir. Bu gün gənclər bütün sahələr üzrə böyük uğurlara imza atır. Əgər gənclər üçün yüksək şərait yaradılmasaydı, bu uğurların qazanılması mümkün deyildi”.
G.Əbdülrəhmanova ilk dəfə səs vermək hüququndan düzgün istifadə edəcəyini, xalqın maraqlarını ifadə edən partiyanın namizədlərinə səs verəcəyini vurğulayıb.
Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Adil Quliyev isə bildirib ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, gənclər xüsusilə təhsil və idman sahəsində böyük uğurlara imza atır. “Azərbaycan gənclərinin xaricdə təhsil almaları üçün 2007-2015-ci illəri əhatə edən dövlət proqramı qəbul olunub. Bu proqram nəticəsində ümumilikdə 5000 azərbaycanlı gənc dünyanın nüfuzlu ali məktəblərində təhsil alacaq. Onlar təhsillərini başa vurduqdan sonra güclü kadr kimi ölkəmizə dönəcəklər. Təbii ki, onlar Azərbaycanın inkişafına öz bilikləri ilə töhfə verəcəklər. Eləcə də, dövlətimizin idmana qayğısı nəticəsində gənclərimiz dünyada bayrağımızı zirvələrə ucaldırlar” deyən A.Quliyev vurğulayıb ki, gənclər öz siyasi seçimlərini də düzgün ediblər. “Azərbaycan öz gəncləri ilə fəxr edə bilər. Gənclər öz fəaliyyətlərilə YAP-ın flaqman olaraq daha da güclənməsinə töhfələrini verməkdə davam edəcəklər”, - deyə o, qeyd edib.
Azərbaycan Tibb Universitetinin tələbəsi Şəbnəm Əhmədova da öz siyasi fəaliyyətini YAP-la bağladığını vurğulayıb. O, Azərbaycan dövlətinin gənclər siyasətinin, gənclərin inkişafını daha da stimullaşdırdığını bildirib: “Ulu öndərimiz Heydər Əliyev tərəfindən imzalanmış Sərəncam əsasında 2 fevral tarixi hər il Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Prezident İlham Əliyev 2005-ci ildə dövlətin gənclər siyasəti ilə bağlı proqramı təsdiqlədi, 2007-ci ili isə “Gənclər ili” elan etdi. Bütün bunlar gənclərə olan qayğının nümunələridir. Biz gənclər öz fəaliyyətimizlə dövlətimizin göstərdiyi etimadı doğrultmalıyıq”.
Ş.Əhmədovanın sözlərinə görə, təhsil sahəsində də ciddi nəticələr əldə olunmaqdadır. O, 670 bal toplayaraq Azərbaycan Tibb Universitetinə daxil olduğunu deyib. YAP üzvü olmaqdan qürur duyduğunu deyən Ş.Əhmədova parlament seçkilərində də fəal iştirak edəcəyini bildirib. O, qeyd edib ki, YAP gənclərin inkişafına xüsusi diqqət yetirir. Bu mənada partiyanın sıralarında yüz minlərlə gənc cəmləşib. “Yeni Azərbaycan Partiyasının sıraları gündən-günə genişlənir. Gənclərimizin YAP-ın sıralarında təmsil olunması, partiyaya daha çox gənclərin cəlb edilməsi Ulu öndər Heydər Əliyevin tövsiyələrindən biri idi. ümummilli liderimiz həmişə gənclərə xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Məhz bu qayğının nəticəsidir ki, Azərbaycan gəncliyi irəliyə doğru addımlayır, sabaha inamla baxır”, - deyə gənc YAP-çı vurğulayıb.
Azərbaycan Kooperasiya Universitetinin tələbəsi Həmidağa Əliyev YAP-ın parlament seçkilərində uğur qazanacağına inandığını deyib. Onun sözlərinə görə, partiya seçkilərdə layiqli namizədlər irəli sürür və onlar əhali tərəfindən dəstəklənirlər. “Yaşadığım Xəzər rayonunda son beş ildə xeyli abadlıq-quruculuq işləri görülüb. Bütün bunlarda 14 saylı Xəzər seçki dairəsindən millət vəkili seçilmiş Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əməyi böyükdür. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonumuzda əsaslı yeniliklər baş verib. Biz yenə də parlament seçkilərində ən layiqli namizədlərə səs verəcəyik”, - deyə o, qeyd edib.
Dövlət İqtisad Universitetinin tələbəsi, dünya çempionu Ceyhun Xaliqli də Azərbaycan vətəndaşı olmaqla fəxr etdiyini deyib. O, 4 dəfə dünya çempionu olduğunu və 2 dəfə dünya kuboku qazandığını xatırladıb. C.Xaliqlinin sözlərinə görə, dövlət tərəfindən lazımi şərait yaradılmasaydı, bu nəticələr əldə edilməzdi. “Ona görə də, ilk növbədə Prezident İlham Əliyevə gənclərimizə göstərdiyi qayğıya, idmanın inkişafına diqqətinə görə təşəkkür edirəm. Prezidentimizin rəhbərlik etdiyi partiyanın üzvü olmaq mənim üçün qürurludur. Bir vətəndaş, seçici olaraq qarşıdan gələn parlament seçkilərində öz vəzifəmi aydın dərk edirəm. Parlament seçkiləri ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edir. Əlbəttə, YAP-ın bu seçkilərdə də favorit olduğuna inanırıq. Bununla belə, üzərimizə düşən vəzifəmizi layiqincə yerinə yetirməyə çalışacağıq”, - deyə dünya çempionu vurğulayıb. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının daima yaradıcı, qurucu bir partiya olduğunu görür və hiss edirik: “Bunun nəticəsidir ki, bu gün biz gənclər mütəşəkkil və milli birlik partiyası olan Yeni Azərbaycan Partiyası ətrafında daha sıx birləşmişik və partiyanın mövqelərini yenilməz gənclik qüvvəsi ilə möhkəmləndiririk”.
YAP Sabunçu rayon təşkilatının üzvü Elvin Səlimov da bildirib ki, gənclərimizin partiyamıza könüllülük əsasında gəlməsi YAP-ın ölkəmizdə avanqard rola malik, həmçinin alternativsiz siyasi qüvvə olduğunu sübut edir. Onun sözlərinə görə, müasir Azərbaycanın gəncləri ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən dövlət siyasətini dəstəkləyir: “Bütün dövrlərdə Ulu öndərimiz Heydər Əliyev ideyalarını rəhbər tutan, gənclərin əvəzsiz lideri Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyən Azərbaycan gəncliyi də qarşıdan gələn seçkilərdə Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının Milli Məclisinin üzvlüyünə irəli sürdüyü namizədlərin qalib gəlməsi üçün əlindən gələni əsirgəməyəcək”.
Dövlət İqtisad Universitetinin tələbəsi Lalə Qəhrəmanova da YAP sıralarına yeni qoşulmuş gənclərdən biridir. O, bu il ali məktəbə 615 bal toplamaqla daxil olduğunu bildirib və bunu dövlətimizin həyata keçirdiyi uğurlu siyasətin, gənclərə olan qayğının nəticəsi kimi dəyərləndirib. L.Qəhrəmanova qarşıdan gələn seçkilərdə də fəal iştirak edəcəyini deyib: “Yaradıcısı və qurucusu ümummilli liderimiz Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin siyasi həyatında mühüm rol oynayır. Partiyanın ideyaları, gördüyü əməli işlər, apardığı məqsədyönlü tədbirlər xalqın istəyi ilə səsləşir. Partiyamız daim dövlətçilik ənənələrinə sadiq olub, dövlət quruculuğuna öz töhfələrini verib. Partiyanın hər bir üzvü Ulu öndərin yaratdığı siyasi məktəbin yetirməsi, onun ideyalarının təbliğatçısıdır. ümummilli liderimizin müəyyənləşdirdiyi istiqamət, doğru yol Onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmiz iqtisadi cəhətdən inkişaf edib, möhkəmlənib. Bu siyasət Azərbaycanımızı xoşbəxt, işıqlı gələcəyə aparır”.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 990 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30