Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir

Qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir

17.09.2010 [09:18]

Qaçqınların sosial infrastruktur təminatının yaxşılaşdırılması və onların ən müasir kommunal xidmət növləri ilə təchiz olunmuş yaşayış mənzilləri ilə təmin edilmələri sosial siyasətin başlıca hədəflərindən birini təşkil edir
öz inkişaf tempinə görə, regionun lider dövlət olan Azərbaycanda əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmaqdadır. Təbii ki, respublikamızda əldə edilən hər bir uğurdan, həyata keçirilən siyasətdən qaçqın və məcburi köçkünlərə də pay düşüb. Daha doğrusu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların davam etdirilməsi ilə yanaşı, qaçqın və məcburi köçkünlərin məskunlaşması, onların sosial şəraitinin yaxşılaşması, səhiyyə, təhsil, infrastruktur təminatları ilə əhatə olunmaları, bütün iaşə-məişət qayğılarının həll edilməsi üçün davamlı tədbirlər həyata keçirilməkdəir.
Azərbaycan hökuməti həm büdcə vəsaitləri və Dövlət Neft Fondundan ayrılan subsidiyalar, həm də digər maliyyə mənbələri hesabına qaçqın və məcburi köçkünlərin sosial həyat şəraitinin yüksəldilməsi ilə bağlı mühüm layihə və proqramları gerçəkləşdirməkdədir. Məlumat üçün deyək ki, indiyədək, ümumilikdə məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərə 2,9 milyard dollardan artıq vəsait xərclənib. Həmin vəsaitin 2,1 milyard dollarını Azərbaycan hökuməti, 800 milyon dollarını isə beynəlxalq humanitar qurumlar yönəldib. Bu vəsaitlər hesabına qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması, məişət qayğılarının həll olunması, çadır şəhərciklərinin ləğv edilməsi və onların hər cür infrastruktura malik yeni salınmış qəsəbələrdəki mənzillərlə təmin edilməsi həyata keçirilib. Bu tədbirlərin davamlı və geniş xarakter alması isə dövlətin bu insanlara olan yüksək diqqət və qayğısının bariz nümunəsi hesab oluna bilər.
Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Təsadüfi deyil ki, Ulu öndərin Sərəncamı ilə Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına ümumi sahəsi 392 min kv.metr olan 6410 fərdi yaşayış evi ilə yanaşı, 3150 yerlik 18 məktəb, 16 tibb məntəqəsi, 18 uşaq baxçası, 13 hamam, 75 çarpayılıq xəstəxana, 195 km uzunluğunda qəsəbələrdaxili və xarici yollar, 188 km uzunluğunda xarici və daxili içməli su xətləri, 350 km elektrik hava xətləri, 133 km irriqasiya su kəməri, 10 klub-icma mərkəzi, 11 rabitə evi və digər həyat üçün vacib olan sosial obyektlər tikilib istifadəyə verilib. Nəticədə Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi ləğv edilib və 1329 qaçqın və 5081 məcburi köçkün ailəsinin (32 min nəfər) mənzil şəraiti yaxşılaşdırılıb.
Əsası Ulu öndər tərəfindən qoyulan bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Yeri gəlmişkən, hələ 2003-cü ildə Azərbaycanın dövlət başçısı seçilərkən cənab İlham Əliyev qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yüksəldilməsinin prioritet sahə kimi diqqətə alınacağını bildirmişdi. Bu istiqamətdə aparılan fəaliyyət, həyata keçirlən dövlət proqramları onu deməyə əsas verir ki, ötən müddət ərzində verilən vədə tam əməl olunub.
Yeri gəlmişkən, 2003-cü ildə prezident seçkiləri ərəfəsində cənab İlham Əliyev bəyan etmişdi ki, növbəti beş ildə Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Artıq bu məsələ də tam şəkildə öz həllini tapıb. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində hazırda ölkəmizdə bir dənə də olsun çadır şəhərciyi qalmayıb.
Dövlət başçısının 2008-ci ilin aprel ayında Zobucuq qəsəbəsində orta məktəb binasının açılış mərasimində də qeyd etdiyi kimi, qaçqın və köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı uğurlar göz qabağındadır: “Bu gün artıq Azərbaycanda çadır şəhərciyi yoxdur. Əvvəllər o ağır, çətin vəziyyətdə yaşayan soydaşlarımız indi yeni evlərə köçürülür, yeni binalarda yaşayırlar. Bu qəsəbələrdə bütün infrastruktur yaradılmışdır. Gözəl evlər, yeni salınmış yollar, su xətləri, elektrik enerjisi, məktəb, tibb məntəqələri - yəni, yaxşı yaşamaq üçün bütün imkanlar var. Bu illər ərzində on minlərlə soydaşımız yeni evlərə köçürülmüşlər. Bu siyasət 2000-ci illərin əvvəllərində Ulu öndər Heydər Əliyev tərəfindən başlanmışdır. O vaxt qərar qəbul edilmişdi ki, çadır şəhərciklərinin bir hissəsi ləğv olunsun və orada yaşayan soydaşlarımız yeni evlərə köçürülsünlər. Birinci belə qəsəbə 2003-cü ildə Biləsuvar rayonunda salınmışdır. Ondan sonra, qeyd etdiyim kimi, 2004-cü ildə Dövlət Proqramı qəbul olunmuş, bu yaxınlarda, bir neçə ay əvvəl proqrama yeni əlavələr edilmişdir”.
Qaçqınların və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı 2004-cü ildə qəbul olunmuş Dövlət Proqramı ötən dövr ərzində böyük uğurla icra edilib. Dövlət Proqramı çərçivəsində isə ümumilikdə 22921 ailə - 110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən, 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 30 min iş yerinin (onlardan 25 mini inşaat işlərində, 5 mini isə yeni təşkil olunacaq kiçik sexlərdə) yaradılması prosesi həyata keçirilib. Dövlət Proqramına uyğun olaraq Dövlət Neft Fondundan ayrılan vəsait hesabına Ağdam rayonunda 12, Ağcabədi rayonunda 1 qəsəbənin tikintisi başa çatdırılıb, məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsi və 4 çadır düşərgəsinin ləğv edilməsi təmin olunub.
Hazırda qaçqınların sosial infrastruktur təminatının yaxşılaşdırılması və onların ən müasir kommunal xidmət növləri ilə təchiz olunmuş yaşayış mənzilləri ilə təmin edilmələri sosial siyasətin başlıca hədəflərindən birini təşkil edir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlara əsasən, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı davamlı tədbirlər həyata keçirilir. Məsələn, “Qaçqınlar və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq 700-ə yaxın məcburi köçkün ailəsi üçün yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulur. Bunun üçün Prezidentin Ehtiyat Fondundan Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 14 milyon manat məbləğində vəsait ayrılıb. Məcburi köçkünlərin sosial vəziyyəti ilə bağlı nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə 2 milyard dollara yaxın vəsait xərclənib. Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı qəbul olunmuş 2007-2011-ci illərə dair Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan tədbirlərin davam etdirilməsi üçün 500 milyon manatdan çox vəsaitin sərf olunması planlaşdırılır. Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bərabər, onların hər cür infrastrukturla təmin edilməsi hökumətin bu insanlara olan yüksək diqqət və qayğısının bariz təzahürü kimi qiymətləndirilə bilər. Dövlətimizin maliyyə imkanları gücləndikcə, büdcə gəlirləri və eyni zamanda, digər maliyyə mənbələrindən ayrılan vəsaitlər qaçqınların həyat şəraitinin yüksəldilməsinə yönəldilir.
Yuxarıda da qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-siyasət nəticəsində qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, onların məşğulluğunun təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün də əlverişli şərait yaradılıb. Məsələn, 2004-2008-ci illərə dair “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası nəticəsində məcburi köçkünlərin iş yerləri ilə təmin olunması, onların məskunlaşdığı ərazilərdə yeni müəssisələrin yaradılması, istehsal imkanlarının artırılması ilə bağlı mühüm nailiyyətlər əldə olunub. Proqram çərçivəsində qaçqınların fəaliyyət göstərdiyi yaşayış bölgələrində xeyli iş yerlərinin yaradılması mümkün olub və ölkə üzrə yaradılmış iş yerlərinin 2 faizdən çoxu Yuxarı Qarabağ, 1 faizə yaxını isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.
Bu istiqamətdə tədbirlərin davam etdirilməsi 2009-2013-cü illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın da əsas istiqamətlərindən biridir. Dövlət Proqramına uyğun olaraq, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarına daxil olan ərazilərdə sosialyönümlü obyektlərin inşa edilməsinin, kommunal və infrastruktur şəbəkələrinin yaradılmasının daha da gücləndirilməsi nəzərdə tutulub. Bu illər ərzində qaçqınların və məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə yeni müəssisələrin yaradılmasının miqyasının genişləndirilməsi, sahibkarların maliyyə təminatının yaxşılaşdırılması, onlara güzəştli vergi-gömrük tarifləri tətbiq edilməsi, yeni yaradılan müəssisələrin ən müasir avadanlıqlarla təmin edilməsi ilə bağlı layihələr həyata keçiriləcək.
Son olaraq qeyd edək ki, hazırda da ölkəmizdə həm büdcə vəsaitləri və Dövlət Neft Fondundan ayrılan subsidiyalar, həm də digər maliyyə mənbələri hesabına qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yüksəldilməsi ilə bağlı mühüm layihə və proqramların həyata keçirilməsi davam etdirilir.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1009 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30