Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qaçqın və məcburi köçkünlərin məşğulluq səviyyəsinin artırılması istiqamətində davamlı tədbirlər görülür

Qaçqın və məcburi köçkünlərin məşğulluq səviyyəsinin artırılması istiqamətində davamlı tədbirlər görülür

08.10.2010 [11:06]

ölkəmizdə həyata keçirilən siyasət nəticəsində qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraiti yaxşılaşdırılıb, eyni zamanda, onlar
üçün iş yerlərinin açılması, icma mikrolayihələrin həyata keçirilməsi və bu təbəqədən olan insanlara mikrokreditlərin verilməsi təmin olunub
Hazırda öz inkişaf tempinə görə regionun lider dövləti olan Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzindədir. Ayrı-ayrı nüfuzlu beynəlxalq maliyyə qurumları ölkəmizdə həyata keçirilən islahatları, reallaşdırılan dövlət proqramlarını təqdir etməklə yanaşı, hazırladıqları hesabatlarda respublikamızın əldə etdiyi nailiyyətləri xüsusi olaraq vurğulayırlar. Azərbaycan hakimiyyəti isə öz növbəsində bu uğurlarla kifayətlənmir, ölkəmizin daha da inkişaf etməsi üçün yeni-yeni proqram və layihələrin reallaşdırılması istiqamətində addımlar atır.
Təbii ki, Azərbaycanın hərtərəfli inkişafından Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox azərbaycanlıya da pay düşüb. Bu da səbəbsiz deyil. çünki qaçqınların sosial infrastruktur təminatının yaxşılaşdırılması və onların ən müasir kommunal xidmət növləri ilə təchiz olunmuş yaşayış mənzilləri ilə təmin edilmələri sosial siyasətin başlıca hədəflərindən birini təşkil edir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində respublikamızda qaçqın və məcburi köçkünlərin məskunlaşması, onların sosial şəraitinin yaxşılaşması, səhiyyə, təhsil, infrastruktur təminatları ilə əhatə olunmaları, bütün iaşə-məişət qayğılarının həll edilməsi üçün davamlı tədbirlər həyata keçirilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində hazırda ölkəmizdə bir dənə də olsun çadır şəhərciyi qalmayıb.
Onu da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Azərbaycan hökuməti təkcə qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə kifayətlənmir, eyni zamanda, bu katiqoriyadan olan insanların məşğulluğunun artırılması istiqamətində də davamlı tədbirlər həyata keçirir. Belə ki, qaçqınların və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı 2004-cü ildə qəbul olunmuş Dövlət Proqramı ötən dövr ərzində böyük uğurla icra edilib. Həmin proqram çərçivəsində isə ümumilikdə 22921 ailə - 110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən, 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 30 min iş yerinin (onlardan 25 mini inşaat işlərində, 5 mini isə yeni təşkil olunacaq kiçik sexlərdə) yaradılması prosesi həyata keçirilib.
Bundan başqa, 2004-2008-ci illərə dair “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası nəticəsində məcburi köçkünlərin iş yerləri ilə təmin olunması, onların məskunlaşdığı ərazilərdə yeni müəssisələrin yaradılması, istehsal imkanlarının artırılması ilə bağlı mühüm nailiyyətlər əldə olunub. Proqram çərçivəsində qaçqınların fəaliyyət göstərdiyi yaşayış bölgələrində xeyli iş yerlərinin yaradılması mümkün olub və ölkə üzrə yaradılmış iş yerlərinin 2 faizdən çoxu Yuxarı Qarabağ, 1 faizə yaxını isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb. Yeri gəlmişkən, bu istiqamətdə tədbirlərin davam etdirilməsi 2009-2013-cü illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın da əsas istiqamətlərindən biridir. Dövlət Proqramına uyğun olaraq, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarına daxil olan ərazilərdə sosialyönümlü obyektlərin inşa edilməsinin, kommunal və infrastruktur şəbəkələrinin yaradılmasının daha da gücləndirilməsi nəzərdə tutulub. Bu illər ərzində qaçqınların və məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə yeni müəssisələrin yaradılmasının miqyasının genişləndirilməsi, sahibkarların maliyyə təminatının yaxşılaşdırılması, onlara güzəştli vergi-gömrük tariflərinin tətbiq edilməsi, yeni yaradılan müəssisələrin ən müasir avadanlıqlarla təmin edilməsi ilə bağlı layihələr həyata keçiriləcək.
Bir məqamı da qeyd etmək yerinə düşər ki, qaçqın və məcburi köçkünlərin həyat şəratinin yaxşılaşdırılması istiqamətində bir sıra yerli və xarici qurumlar, o cümlədən, Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) da dövlətə yaxından dəstək olur. ümummilli liderimiz Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmana əsasən yaradılan Fondun formalaşmasında Azərbaycan hökuməti ilə bərabər, beynəlxalq donorlar da iştirak edib. Bu isə bir növ bir sıra beynəlxalq maliyyə qurumlarının da qaçqın və məcburi köçkünlərin problemlərinin həllində yaxından iştirak etməsinə imkan yaradıb.
Sözügedən Fondun əsas fəaliyyəti məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlar üçün iş yerlərinin açılması, sosial infrastrukturun bərpası ilə bağlı davamlı tədbirlərin həyata keçirilməsinə yönəldilib. ötən müddət ərzində Fondun maliyyə vəsaitləri hesabına icma mikrolayihələri həyata keçirilib, mikrokreditlərin verilməsi təmin olunub. Sonradan Fondun fəaliyyəti daha geniş xarakter alıb və maliyyələşmə mənbələri artıb. Belə ki, MKSİF-in hazırda maliyyələşmə mənbələrinin sırasına Dövlət Neft Fondu və Dövlət Neft Şirkəti, büdcə vəsaitləri, Dünya Bankı, İslam İnkişaf Bankı, Yaponiya Sosial İnkişaf Fondu və digər donorların maliyyə resursları daxildir.
MKSİF-nin maliyyələşmə mənbələri sırasında əsas donor kimi Dünya Bankı (DB) xüsusi yer tutur. Hazırda da Dünya Bankı Fondun ən vacib donorlarından biri olaraq qalır. DB məcburi köçkünlərin problemlərinin həll edilməsi üçün Azərbaycan hökuməti ilə artıq ardıcıl olaraq üç güzəştli kredit sazişi bağlayıb. Dünya Bankının 10 mln. dollar həcmində ayırdığı birinci güzəştli kredit sazişi çərçivəsində həyata keçirilən layihənin icrasına 2001-ci ilin yanvar ayında başlanılıb və 2005-ci ilin sentyabr ayında başa çatıb. Həmin layihə iki əsas komponentdən (icma mikrolayihələri və mikrokredit proqramı) ibarət olub. Bu layihə çərçivəsində 2001-2005-ci illər ərzində 192 müxtəlif növ icma mikrolayihəsi (mikrolayihələrin ümumi dəyəri 7,1 mln. ABŞ dolları təşkil etmişdir) həyata keçirilib. İcma mikrolayihələrindən 168 min nəfərdən artıq məcburi köçkün faydalanıb. Mikrolayihələr Azərbaycanın 4 mərkəzi şəhərini və 26 kənd inzibati rayonunu əhatə edib. Fondun mikrokredit fəaliyyəti müsabiqə yolu ilə seçilmiş vasitəçi kredit təşkilatları, o cümlədən, beş beynəlxalq mikrokredit təşkilatı və yeddi yerli kredit birlikləri tərəfindən həyata keçirilib və bu məqsəd üçün 2 mln. ABŞ dolları həcmində vəsait istifadə olunub. Layihənin icrası nəticəsində 8624 nəfər məcburi köçkün (fiziki şəxs kimi) kredit əldə edib. Kredit almış hüquqi şəxslərin (məcburi köçkünlər tərəfindən yaradılmış kiçik müəssisələrin) sayı 1255 təşkil edir. Bu müəssisələrdə 5123 nəfər işləyir. Digər bir layihənin icrasına isə 2005-ci ildə başlanılıb və 2008-ci ilin sonunda başa çatıb. Dünya Bankı və Azərbaycan hökuməti arasında əldə olunmuş razılığa əsasən, “Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi” həyata keçirilib. Kredit Sazişi çərçivəsində məcburi köçkünlərin sosial problemlərinin həlli üçün 12,6 mln. ABŞ dolları həcmində kredit ayrılıb. Həmin vəsaitin 11,5 mln. dolları Dünya Bankı tərəfindən, 1,1 mln. dolları isə Azərbaycan Respublikası tərəfindən maliyyələşdirilib. Bu layihə iki əsas komponentdən (icma mikrolayihələri və mikrokredit proqramı) ibarət olub. Bu Kredit Sazişi çərçivəsində 168 müxtəlif növ icma mikrolayihəsi (mikrolayihələrin ümumi dəyəri 10,64 mln. ABŞ dolları təşkil etmişdir) həyata keçirilib. Bu layihədən 110 minə yaxın adam faydalanıb. Həmçinin, bu Kredit Sazişi çərçivəsində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində qeydiyyata düşmüş 4235 nəfər məcburi köçkünə mikrokreditlər verilib. Həmin vəsaitlər vasitəçi mikrolayihə təşkilatlarının tətbiq etdiyi şərtlər əsasında və Dünya Bankının maliyyə vasitəçilərinə tətbiq olunan şərtlərə müvafiq olaraq verilib. Bu mikrokredit proqramından 17 mindən artıq adam faydalanıb.
Bir sözlə, göründüyü kimi, bu gün ölkəmizdə həyata keçirilən siyasət nəticəsində nəinki qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraiti yaxşılaşdırılıb, eyni zamanda, onlar üçün iş yerlərinin açılması, icma mikrolayihələrin həyata keçirilməsi və bu təbəqədən olan insanlara mikrokreditlərin verilməsi təmin olunub.
Nadir AZƏRİ
Paylaş:
Baxılıb: 948 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30