Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Kor tutduğunu buraxmır və ya İsa Qəmbərin siyasətdən getməkliyi...

Kor tutduğunu buraxmır və ya İsa Qəmbərin siyasətdən getməkliyi...

13.10.2010 [09:27]

Müxalifətin seçki kampaniyasının imzatoplama mərhələsində uğradığı fiasko onları yenidən böhtanlarla “silahlanaraq” Yeni Azərbaycan Partiyasına (YAP) qarşı qara piar kampaniyasına başlamağa sövq edib. Xalqdan imza toplaya bilməyən müxalifət namizədləri qəribə də olsa, bunun günahını YAP-da görürlər. Düşərgə rəhbərləri öz uğursuzluqlarının səhv seçki strategiyası, yanlış seçki taktikası və ən əsası xalqın onlara inamının olmamasından irəli gəldiyini etiraf etmək əvəzinə, bunu özlərinə xas üslubda, yalanlarla izah etməyə üstünlük verir. Onlar bütün bəyanat və fikirlərində bu açıq-aydın özünü büruzə verir. özünü bir qrup müxalifət qisminin rəhbəri sayan İsa Qəmbər də təmsil etdiyi düşərgənin düçar olduğu biabırçı durumu ört-basdır etmək üçün YAP-a qarşı böhtan yağdırmağa çalışıb. O, imzatoplama kampaniyasının başa çatması ilə əlaqədar keçirdiyi brifinqdə partiyasının fiaskosunu ört-basdır etmək üçün Yeni Azərbaycan Partiyasının apardığı seçki kampaniyasının üstünə kölgə salmağa cəhd edib. Hətta, YAP-ın 113 namizədinin yığdığı imzaların düzgünlüyünün qarşılığında İ.Qəmbər tutduğu vəzifədən və siyasətdən gedə biləcəyini deyib.
Bu səbəbdən də, əvvəlcə, istərdik, İsa Qəmbərin bərk əsəbləşməsinə səbəb olan imzatoplama məsələsinə aydınlıq gətirək. Bəri başdan, qeyd etməliyik ki, müxalifətə xalq tərəfindən imza verilməməsi və YAP-ın yüksək səviyyədə dəstəklənməsində qeyri-adi bir şey yoxdur. Hakimiyyətdə olduqları dövrdə ölkənin, xalqın gələcəyini Allahın ümidinə buraxan, müstəqilliyin itirilməsi üçün bütün mümkün addımlardan istifadə edən İ.Qəmbərin komandası hansı mənəvi haqla xalqdan imza istəyə bilər? Bütün fəaliyyətini, siyasi karyerasını xalqa zərbə vurmağa, dövlətçiliyimizə qarşı çıxmağa həsr edən qüvvələrin bu gün xalqdan dəstək gözləməyə nə qədər mənəvi haqqı çatır? Təbii ki, çatmır, xalqa qarşı edilmiş bağışlanılmaz səhvlər heç bir halda dəstək şəklində geri qayıda bilməz. Odur ki, müxalifət 450 imzanı toplaya bilmir, Azərbaycan xalqı onun iradəsinin əleyhinə olanları məhz bu cür cəzalandırır.
Amma nədənsə, İsa Qəmbər və onun ətrafındakı 3-5 nəfər hələ də bu reallığı dərk etmək iqtidarında deyillər. Onların siyasi idrakı ya bu reallığı qavramağa imkan vermir, ya da xalqın iradəsinə qarşı gəlməkdə hələ də israr edir. Bütövlükdə isə onlar Yeni Azərbaycan Partiyasının mütəşəkkil fəaliyyətinin səbəblərini də anlamaqda çətinlik çəkirlər.
YAP-ın lazımi qədər imzaları qısa vaxtda  təqdim etməsinin səbəbləri...
Yeni Azərbaycan Partiyasının vahid, monolit, mütəşəkkil qüvvə kimi fəaliyyət göstərməsi, bütün zəruri seçki tələblərini vaxtında və yüksək keyfiyyətlə icra etməsi müxalifətə qeyri-adi görünür. Əslində, nizamsız, nə istədiyini bilməyən, məqsədyönlü fəaliyyəti, siyasi strategiyası və taktikası olmayan, müxalifət qruplarına planlı, nizamlı fəaliyyət yaddır. Amma onlara xatırlatmaq yerinə düşər ki, siyasi cəhətdən yetkin, ideoloji baxımdan təkmil, intellektual baxımından hazırlıqlı, kifayət qədər mütəşəkkillik və əla təşkilatlanmış, güclü sosial dayaqlara malik olan Yeni Azərbaycan Partiyası üçün isə imzalar toplamaq elə də çətin bir məsələ deyil. Bu məqama dəfələrlə açıqlama gətirməyimizə baxmayaraq, müxalifət yenə də eyni əsassız fikirlərini səsləndirməkdə davam edir. “Yeni Azərbaycan” qəzeti olaraq, YAP-ın necə imza topladığına dəfələrlə səhifələrimizdə aydınlıq gətirmişik. Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədovun son müsahibəsində də bu məsələyə tam izah verilib. Bildirilib ki, hər bir namizədin imza toplanması kampaniyasının uğurla həyata keçirilməsindən ötrü müəyyən proqram əsasında fəaliyyət göstərilib. Həmin proqrama görə, hər bir namizədin xeyrinə lazım olan imzaların toplanması üçün müvafiq dairə ərazisində partiyanın yerli strukturları tərəfindən 10 nəfər ayrılmışdı. Namizədin qeydə alınmasından ötrü tələb olunan imzaları toplamaq üçün YAP tərəfindən hər bir namizədə 10 nəfər fəal təhkim edilmişdi. Eyni zamanda, həmin fəallara müvafiq treninqlər keçirilib, imzaların toplanması vərdişləri onlarda formalaşdırılıbdır və bundan savayı hər bir imzatoplama kampaniyasına cəlb olunmuş fəalımızın imzaları toplaması dislokasiyası əvvəlcədən müəyyənləşdirilmişdi. Sanki bir növ bu insanlar namizədlərin müəyyənləşməsini və elan olunmasını gözləyirdilər ki, imzaların toplanması kampaniyasına start verilsin və onlar artıq müəyyənləşdirilmiş və tətbiq edilmiş sistem əsasında, qısa bir zaman içində tələb olunan imzaları toplayıb namizədlərin qeydə alınması üçün müvafiq DSK-lara təqdim etsinlər. Beləliklə də, YAP-ın müəyyənləşdirdiyi sxem əsasında namizədlərin qeydə alınması üçün lazım olan imzaların toplanması üçün müəyyən edilmiş fəalların hər biri cəmi 50 imza toplamaq kimi vəzifəni yerinə yetirməli idi. Eyni zamanda, bu 50 nəfərin imzasını da haradan, hansı dislokasiya əsasında toplamaq da əvvəlcədən artıq müəyyənləşdirilmişdi. Beləliklə də, düşünmək heç də çətin deyil ki, müəyynləşdirilmiş sxem əsasında 50 imzanın toplanmasına uzağı bir gün vaxt sərf etmək olar. 115 namizədin imzalarının toplanması üçün isə partiyanın 1150 nəfər fəalı səfərbər edilmişdi. Bu 1150 nəfərin fəaliyyəti nəticəsində YAP çox qısa zaman ərzində irəliyə sürdüyü namizədlərin xeyrinə imzaları DSK-lara təqdim edə bildi.
İkinci bir tərəfdən, qeyd olunduğu kimi, YAP-ın üzvlərinin sayı 500 mindən çoxdur. İrəli sürülən namizədlərin qeydə alınması üçünsə, 50-55 min imza tələb olunur. Belə olan halda müxalifətin bəyan etdiyi fikirlərin elə yalandan başqa bir şey olmadığı bir daha meydana çıxır.
İctimai sorğular da YAP-ın namizədlərinin daha şanslı olduğunu göstərir
Yeni Azərbaycan Partiyasına olan böyük dəstəyi və ictimai marağı müxtəlif təşkilatların və KİV orqanlarının keçirdiyi sorğuların nəticələri də sübuta yetirir. Seçkidən əvvəl keçirilən rəy sorğuları (təbii ki, həqiqəti əks etdirən rəy sorğularından söhbət gedir) bir daha göstərir ki, xalqın etimad göstərdiyi siyasi qüvvə hansıdır. Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə irəli sürdüyü namizədlər seçicilər tərəfindən rəğbətlə qarşılanır və vətəndaşlarımız hakim partiyanın namizədinə sevə-sevə imza verirlər. Müxalifətin heç kim tərəfindən tanınmayan, xalq tərəfindən qəbul olunmayan, ən əsası xalqın dəstəkləmədiyi namizədləri 450 imza yığmaqda çətinlik çəkirlər. Bir daha qeyd edək ki, bu məntiqi bir nəticədir. Müxalifətin iddiası yerə-göyə sığmayan “birliklərinin” gücünün hansı dərəcədə olduğu xalq tərəfindən onlara bir daha nümayiş etdirildi...
Hətta müxalifətin imzatoplama kampaniyasında Yeni Azərbaycan Partiyasının adından və nüfuzundan istifadə etməsi faktları da aşkarlanıb. 86 saylı İsmayıllı seçki dairəsində AXCP-Müsavat birliyinin irəli sürdüyü namizəd aşkar şəkildə YAP-ın adından istifadə edərək özünə imza toplamağa çalışıb. Hörmətli oxucularımız bu haqda geniş məlumatı qəzetimizdə yer alan yazıdan oxuya bilərlər.
İsa Qəmbər siyasətdən getməlidir
Əslində, bu gün özünü cəmiyyətə müxalifətin lideri kimi təqdim etməyə çalışan İsa Qəmbərin kimliyi Azərbaycan ictimaiyyəti üçün bəllidir. Rusiyanın keçmiş xarici işlər naziri, köhnə kəşfiyyatçı Yevgeni Primakovun onun haqqında dediyi “yaxşı oğlan” ifadəsi İ.Qəmbərin tərcümeyi-halının əsas xarakter ştrixlərini ifadə etmək üçün yetərlidir. çox da uzaq olmayan keçmişə qısaca nəzər salmaq da onun mahiyyətini açıq göstərməyə imkan verir. Müstəqillik dövrünün ilk illərində ölkəmizin suverenliyinin, müstəqilliyinin itirilməsi üçün İsa Qəmbər nələr etmədi? özünü Rusiyaya qarşı kimi göstərərək, əslində, imperiya güclərinin, konkret olaraq KQB-nin bir nömrəli adamı qismində çıxış etməsi İ.Qəmbərin hələ o zamanlar siyasətdən gedişini şərtləndirmişdi. Sadəcə, İ.Qəmbərdə o siyasi iradə və müstəqillik yox idi ki, siyasi arenanı tərk etsin.
İ.Qəmbərin kimliyi haqda keçmiş düşərgədaşları da zaman-zaman mətbuata açıqlamalarında fikir bildiriblər. Hətta bəziləri, konkret olaraq Əvəz Temirxan ən “böyük” çekist adına iddialı olan İsa Qəmbərin sovet KQB-sinin AXC-yə yeritdiyi, bu günə kimi müxalifətdə “at oynadan” “Molotov” ləqəbli agent olması haqqında da təkzibolunmaz faktlar təqdim ediblər. Təbii ki, məhz bu faktlar belə bir siyasətçi üçün başucalığı gətirmir, əksinə, onun bu faktların açıqlanmasından sonra siyasətdə qalması qəbuledilməzdir. Amma İsa Qəmbər belə məsələlərə öyrəncəkli olduğu üçün, bu cür biabırçı faktları öz reputasiyasının tərkib hissəsi kimi qəbul edir və ona görə də istefa etmək haqqında düşünmür. Lakin inanmaq istəyirik ki, o, heç olmasa bundan sonra özündə cəsarət tapıb bu addımı ata bilər. çünki İ.Qəmbər də qəbul edər ki, normal siyasi münasibətlərin hökm sürdüyü cəmiyyətlərdə onun “siyasi xidmətlərinin” qarşılığı yalnız istefa verib, siyasətdən getməkdir. İsa Qəmbər Yeni Azərbaycan Partiyasının namizədləri üçün yığılmış imzaların həqiqi olduğu sübuta yetirilsə, siyasətdən  gedəcəyini deyib. Faktlar isə ortadadır. İmzalar gerçəkdir və bütün seçki prosedurlarına uyğun olaraq hüquqi təsdiqini tapıb...
Deməli, növbə İsa Qəmbərindir.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Paylaş:
Baxılıb: 938 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30