Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda ədalətli və demokratik seçkilərin keçirilməsi üçün bütün zəruri imkanlar və şərait təmin edilib

Azərbaycanda ədalətli və demokratik seçkilərin keçirilməsi üçün bütün zəruri imkanlar və şərait təmin edilib

14.10.2010 [09:30]

YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov mətbuat konfransı keçirib
Dünən Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov partiyanın parlament seçkilərinə hazırlığı ilə bağlı mətbuat konfransı keçirib. Əli Əhmədov bildirib ki, Azərbaycanda növbəti parlament seçkilərinin keçirilməsinə bir aydan az vaxt qalıb. Bu vaxta qədər seçkilərdə iştirak edən partiyalar və fərdi namizədlər seçki kampaniyasının əhəmiyyətli bir hissəsini artıq arxada qoyublar. Onun sözlərinə görə, Azərbaycanda növbəti parlament seçkilərinin keçirilməsi üçün lazımi hüquqi baza mövcuddur, Seçki Məcəlləsi ölkəmizdə demokratik, ədalətli, bərabər yarışa əsaslanan seçkilərin keçirilməsinin hüquqi bazasını təşkil edir. Əli Əhmədov bildirib ki, Azərbaycan hökuməti də özünün seçdiyi demokratik inkişaf yoluna uyğun olaraq ölkəmizdə bütün seçki kampaniyalarının, o cümlədən də, növbəti parlament seçkiləri kampaniyasının demokratik norma və dəyərlərə uyğun şəkildə keçirilməsi üçün zəruri mühiti formalaşdırıb.
YAP-ın irəli sürdüyü namizədlərdən 112 nəfəri müvafiq seçki komissiyalarında qeydə alınıb
“Hesab edirəm ki, bu gün Azərbaycanda ədalətli və demokratik seçkilərin keçirilməsi üçün bütün zəruri imkanlar və şərait təmin edilib. Bunun çox vacib göstəricilərindən biri Azərbaycanda mövcud olan çoxsaylı partiyaların parlament seçkilərində iştirak etmək istəyi və bu istəyinə uyğun olaraq da, seçki kampaniyasına qatılmalarıdır. Azərbaycanda az-çox özünə hörmət edən bütün siyasi partiyalar seçki kampaniyasına qoşulublar və kampaniyanın birinci mərhələsini özünəmüvafiq şəkildə başa vurublar”, - deyə o, vurğulayıb. Əli Əhmədov qeyd edib ki, YAP da qanunvericiliyə uyğun olaraq seçki kampaniyasının birinci mərhələsini uğurla başa vurub. “Namizədlərimizin hamısı kiçik istisnalarla müvafiq prosedurlardan keçərək dairə seçki komissiyaları tərəfindən deputatlığa namizəd qismində qeydə alınıblar. YAP İdarə Heyətinin sentyabrın 18-də keçirilən iclasında parlament seçkilərində 114 dairədən öz namizədini irəli sürüb. Yerdə qalan dairələrdən YAP-la müttəfiqlik edən partiyaların namizədləri irəli sürüldüyü hallarda və Azərbaycan cəmiyyətinin hörmətli ziyalı insanlarının seçkilərə qoşulduğu dairələrdə YAP öz namizədliyini irəli sürməyib. Beləliklə də, partiyamız həmin namizədləri dəstəkləmək xətti tutub. Buna görə də, YAP 114 dairədən namizəd irəli sürdü və bundan sonra kiçik dəyişikliklər edilməklə nəticə etibarilə partiyamızın irəli sürdüyü namizədlərdən 112-si bütün prosedur qaydaları qanunauyğun şəkildə keçərək deputatlığa namizəd kimi qeydə alınıb. YAP 112 namizədi olan partiya kimi parlament seçkilərində iştirak edir. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq 60-dan çox seçki dairəsində namizədini qeydə aldırdığına görə YAP bu seçkilərdə partiya qismində iştirak etmək hüququ qazanıb. Güman edirəm ki, bu dediklərim YAP-ın parlament seçkilərinə hazırlığının və onun nəticələrinin bariz ifadəsi kimi qəbul oluna bilər.
Diqqətinizə çatdırmaq istəyirəm ki, YAP özünün fəaliyyətinin əsas istiqamətini, hədəfini və mənasını da ölkəmizdə keçirilən seçki kampaniyalarında yaxından və fəal surətdə iştirak etməkdə görür. Biz ölkəmizdə keçirilən bütün seçki kampaniyalarında mütəmadi olaraq iştirak etmişik və bununla əlaqədar bizim seçki kampaniyasını keçirmək sahəsində çox böyük təcrübəmiz mövcuddur. Biz bir qayda olaraq, seçki kampaniyasına rəsmi start verilməmişdən xeyli əvvəl seçkilərə hazırlaşmağa başlayırıq və bu prosesin gedişində əldə etdiyimiz bütün uğurlar, o cümlədən, səsvermənin YAP-ın qələbəsini özündə göstərən nəticələri də partiyamızın seçkilərə kifayət qədər ciddi hazırlaşması ilə əlaqədardır” deyə o, bildirib.
Prezident İlham Əliyevə olan etimad partiyamızın insanlarımız tərəfindən dəstəklənməsində özünün ifadəsini tapır
Əli Əhmədovun sözlərinə görə, YAP özünün yerli strukturlarını və malik olduğu resursları seçki kampaniyasının uğurla keçirilməsinə səfərbər edərək müvafiq hazırlıq işlərini aparıb. YAP-ın həm seçki proqramının, həm də seçki strategiyasının müəyyənləşdirilməsindən tutmuş onlardan irəli gələn taktikaların ardıcıl yerinə yetirilməsi üçün partiyanın bütün resurslarının səfərbər edilməsi istiqamətində çox böyük, genişmiqyaslı işlər aparılıb. “YAP-ın Azərbaycanın hər bir inzibati ərazi bölgüsündə fəaliyyət göstərən yerli strukturları bu proqrama uyğun olaraq fəaliyyət göstərib və bu fəaliyyətin nəticələri özünün bəhrələrini verir. Dəfələrlə qeyd etdiyimiz kimi, qarşıdan gələn seçkilərdə YAP-ın ümid etdiyi, inandığı nailiyyətlər bir çox səbəblərlə əlaqədardır. Bunun birincisi, Azərbaycan iqtidarının, Prezidentin həyata keçirdiyi siyasətin Azərbaycan vətəndaşları, bizim seçicilərimiz tərəfindən yüksək qiymətləndirilməsidir, Azərbaycan Prezidentinin malik olduğu yüksək nüfuz və hörmət insanların Ona olan etimadıdır. Biz bunu tam məsuliyyəti ilə qeyd etmək istəyirik ki, partiyamızın Sədri və ölkəmizin Prezidenti İlham Əliyevə Azərbaycan vətəndaşlarının böyük etimadı seçki kampaniyasının gedişi dövründə Onun rəhbərlik etdiyi YAP-ın insanlarımız tərəfindən dəstəklənməsində özünün ifadəsini tapır. Bu hörmət və etimad YAP-a seçici etimadına transformasiya edir. Digər çox əhəmiyyətli seçki resursu Prezidentimizin həyata keçirdiyi siyasətin uğurlu nəticələri, Azərbaycan iqtisadiyyatının yüksəlməsi, ölkəmizin regionda və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi, iqtisadiyyatın inkişafı nəticəsində Azərbaycan vətəndaşlarının rifahının yüksəlməsi istiqamətində həyata keçirilən genişmiqyaslı sosial proqramlar, Azərbaycanın hər bir guşəsinin Bakı şəhəri başda olmaqla simasının, insanların yaşayış səviyyəsinin əhəmiyyətli dərəcədə dəyişməsidir” deyə YAP Sədrinin müavini vurğulayıb.
Partiyamızın istinad etdiyi digər bir resurs bütövlükdə YAP-ın malik olduğu möhtəşəm ictimai dəstəkdir
Əli Əhmədovun sözlərinə görə, partiyamızın istinad etdiyi digər bir resurs bütövlükdə YAP-ın malik olduğu möhtəşəm ictimai dəstəkdir. Onun fikrincə, bunun ən güclü ifadəsindən biri YAP-ın sıralarında bu gün 520 min nəfərdən çox insanın birləşməsidir: “Nəzərinizə çatdırmaq istəyirəm ki, bu 520 mindən çox insan həm də seçicidir. Bilirsiniz ki, parlament seçkilərində seçicilərin iştirak səviyyəsi təxminən 40-45 faiz civarında olur. Azərbaycanda 5 milyon seçici var. Bunun 40 faizi də təxminən 2 milyona yaxın edir. YAP-ın 500 min üzvünün hər birinin özü ilə bərabər öz dost-tanışından iki nəfərini seçki məntəqəsinə gətirməsi milyon yarım səsin təmin edilməsi anlamına gəlir və bu da YAP tərəfindən irəli sürülən namizədlərin uğur qazanması üçün çox əhəmiyyətli bir arqument rolunu oynayır”.
Əli Əhmədov YAP-ın çox vacib resurslarından biri kimi partiyanın təşkilatçılığı, bütün yerlərdə səmərəli şəkildə fəaliyyət göstərən strukturların olması, seçki təcrübəsi, seçki kampaniyasına kifayət qədər ciddi yanaşılması və uğurlu seçki taktikası əsasında kampaniyanın aparılmasını göstərib. O, vacib amil olaraq seçkilərin taleyinin həll olunmasında layiqli, şanslı namizədlərin irəli sürülüb qeydə alınmasını xüsusi vurğulayıb: “İstər-istəməz seçicilər etimad göstərməklə yanaşı, konkret dairələrdə irəli sürülmüş namizədlərin fərdi keyfiyyətlərini də mütləq şəkildə nəzərə alır. Bunu əsas tutmaqla YAP olaraq biz hər bir dairədən elə şəxsləri namizəd qismində irəli sürməyə çalışmışıq ki, onların malik olduğu şəxsi keyfiyyətləri və insanlar arasında nüfuzları, eyni zamanda, partiyamızın malik olduğu resurslar bu namizədlərimizin seçki kampaniyasının gedişində və səsvermə zamanı uğur qazanmasını təmin edə bilsin. YAP-ın irəli sürdüyü namizədlər Azərbaycan cəmiyyətinin böyük hörmət bəslədiyi, ayrı-ayrı dairələrdə yaşayan insanların böyük hörmət bəslədiyi, Azərbaycan dövlətçiliyi qarşısında, Azərbaycanın iqtisadi, sosial, mədəni inkişafına böyük töhfələr vermiş çox dəyərli, ləyaqətli ziyalılar, siyasətçilər, ictimai xadimlərdir. YAP-ın namizədlərindən 48 nəfəri bu gün YAP-ı, Azərbaycan xalqını Milli Məclisdə təmsil edir. 5 nəfər AMEA-nın həqiqi, 3 nəfər müxbir üzvləridir. 10 nəfər bu və digər ali məktəblərin rektorlarıdır. Təxminən 20-yə yaxın elmlər doktoru və professorlar var. O cümlədən, qadınların təmsilçiliyi istiqaməində addımlar atmışıq və 24 nəfər namizəd qadınları təmsil edir. Mənimlə razılaşarsınız ki, bu insanlar həqiqətən Azərbaycanda böyük hörmətə sahibdirlər. Ona görə də inanırıq ki, onların seçkilərdə qalib gəlmək şansları kifayət qədər yüksəkdir”.
Azərbaycanda sorğu keçirilsə, müxalifətin namizədlərinin 80 faizini cəmiyyətimizin tanımadığı məlum olacaq
Daha sonra Əli Əhmədov YAP-ın irəli sürdüyü namizədlərlə onların rəqibləri olan partiyaların namizədlərini qısa şəkildə müqayisə edib. Onun sözlərinə görə, bizim rəqiblərimiz olan bir sıra partiyalar YAP-ın irəli sürdüyü namizədlərin şansının guya yüksək olmaması haqqında həqiqəti əks etdirməyən fikirlər səsləndirirlər: “Bizə qarşı özünü rəqib kimi görmək istəyən AXCP və Müsavat partiyasının irəli sürdüyü naizədlərin xarakteristikasına diqqət yetirmək lazımdır”.
Əli Əhmədov bildirib ki, YAP-ın namizədlərinin qarşısına çıxan müxalifətin namizədlər siyahısındakıların yarıdan çoxu işləməyən adamlardır: “Onlar 10-15 il məktəbdə belə iş tapa bilməyən adamlardır. Azərbaycanın hər bir vətəndaşına hörmətlə yanaşırıq. Amma 40 min nəfəri qanunverici orqanda təmsil etmək iddiasına düşən bir insanın gərək həmin seçicilər qarşısında məsuliyyəti olsun ki, bu dövlət üçün nə edib. 10 il ərzində özünə iş tapa bilməyən adam seçicilərin hüquqlarını necə qoruyacaq? Azərbaycanda sorğu keçirilsə, həmin siyahıdakılarn 80 faizini cəmiyyətimizin tanımadığı məlum olacaq. Belə bir siyahı ilə YAP-ın qarşısına çıxıb çox nüfuzlu namizədlərə rəqib olmaq nə dərəcədə məntiqə və siyasi mübarizə prinsiplərinə uyğun gəlir? Bu qədər böyük fərqlər qarşıdan gələn parlament seçkilərində YAP-ın qazanacağı ictimai dəstək və seçici səsləri ilə müxalifətin əldə edə biləcəyi səslər arasında böyük fərqləri ortaya qoyacaq. İşsizlik günah deyil, hər bir adamın həyatında belə hallar ola bilər. Amma 10-15 il ərzində heç bir iş tapa bilməyən, iş etibar olunmayan bir adam deputat olmaq istəyir. Deputat seçilmək işsiz adamın iş problemini həll etmək üçün heç də ağıllı yol deyil. Mən bunu ona görə deyirəm ki, həmin blokun namizədlər siyahısındakıların yarıdan çoxu işsizlərdir. Onların namizədlərinin arasında çoxlu sayda mətbuat nümayəndələri var. Mən mətbuat işçilərinə dərin hörmətimi ifadə etmək istəyirəm. Bizim də partiyamızın qəzeti var. “Yeni Azərbaycan” və “Səs” qəzetlərində 40-50 nəfər işləyir. Belə çıxır ki, biz də gərək onların namizədliyini irəli sürək, onların hamısı hörmətli insanlardırlar. Amma onların əksəriyyəti cavan adamlardırlar. Hələ özlərini cəmiyyətə təqdim edib kifayət qədər tanıtmalıdırlar. Amma müxaliflər öz qəzetlərində işləyənlərin hamısının adlarını siyahıya yazıblar. “Yeni Müsavat” qəzetinin redaktoru namizədliyini irəli sürüb, “Azadlıq” qəzetinin direktoru Azər Əhmədin yəqin bu ərəfədə başı qarışıq olub, ona görə də, seçki yadına düşməyib. Bu fikirləri ona görə ətraflı bildirdim ki, müxaliflər xoşagəlməyən əhval-ruhiyyə yaratmaq istəyirlər, amma yarada bilməyəcəklər”.
YAP lazımı sayda imzanı qısa müddətdə necə topladı?
YAP Sədrinin müavini bildirib ki, müxalifət partiyaları partiyanın namizədlərinin qısa bir vaxtda imza toplayıb DSK-lar tərəfindən qeydə alınmalarına şübhə ilə yanaşırlar. O, YAP-ın seçkilərə mart ayından başlayaraq hazırlaşdığını xatırladaraq müxalifət düşərgəsinin isə heç bir iş görmədiyini qeyd edib. Əli Əhmədovun sözlərinə görə, bu ilin əvvəlindən müəyyənləşdirilmiş seçki proqramı əsasında YAP müvafiq prosedurları qısa vaxtda keçib: “YAP-ın böyük seçki təcrübəsi, malik olduğu insani resurslar, təşkilati strukturlar və təbiidir ki, daxili birliyi və monolitliyi partiyamızın seçki kampaniyasının bu əhəmiyyətli mərhələsini uğurla, mütəşəkkil olaraq, qısa bir zamanda həyata keçirməsini mümkün edib. Konkret olaraq, 2010-cu il parlament seçkiləri ilə əlaqədar YAP tərəfindən irəliyə sürülən namizədlərin xeyrinə imzaların toplanmasında da adını çəkdiyim yerli strukturlar və onun fəalları çox yaxından iştirak ediblər. Hər bir namizədin imza toplanması kampaniyasının uğurla həyata keçirilməsindən ötrü müəyyən proqram əsasında fəaliyyət göstərilib. Bilirsiniz ki, hər bir namizədin qeydə alınmasından ötrü tələb olunan imzaların sayı 450-dir. Bu imzaları toplamaq üçün YAP tərəfindən hər bir namizədə 10 nəfər fəal təhkim edilmişdi. Eyni zamanda, həmin fəallara müvafiq treninqlər keçirilib, imzaların toplanması vərdişləri onlarda formalaşdırılıbdır və bundan savayı hər bir imzatoplama kampaniyasına cəlb olunmuş fəalımızın imzaları toplaması dislokasiyası əvvəlcədən müəyyənləşdirilmişdi. Beləliklə də, bizim müəyyənləşdirdiyimiz sxem əsasında namizədlərimizin qeydə alınması üçün lazım olan imzaların toplanması üçün müəyyən edilmiş fəalların hər biri cəmi 50 imza toplamaq kimi vəzifəni yerinə yetirməli idi. Beləliklə də, düşünmək heç də çətin deyil ki, müəyyənləşdirilmiş sxem əsasında 50 imzanın toplanmasına uzağı bir gün vaxt sərf etmək olar. Bütövlükdə tərəfimizdən irəli sürülən 115 namizədin imzalarının toplanması üçün 1150 nəfər partiya fəalı səfərbər edilmişdi. Bu 1150 nəfərin fəaliyyəti nəticəsində biz çox qısa zaman ərzində YAP-ın irəliyə sürdüyü namizədlərin xeyrinə imzaları DSK-lara təqdim edə bildik. Bir məqamı ayrıca qeyd etmək istəyirəm ki, YAP-ın üzvlərinin sayı 500 mindən çoxdur. Bizim irəli sürdüyümüz 115 namizədin, real olaraq 113 namizədin qeydə alınması üçün imzalar isə bütövlükdə orta hesabla 50-55 min civarındadır. 500 mindən yuxarı üzvü olan YAP-ın irəliyə sürdüyü namizədlərin hamısının bir yerdə qeydə alınması üçün 50 mindən bir az çox imzanın toplanması hesab edirəm ki, o qədər də çətin bir iş deyil. Belə demək olar ki, YAP-ın üzvlərindən hər onundan birinin namizədlərimizin xeyrinə imza verməsi kifayət edirdi ki, YAP-ın irəli sürdüyü namizədlərin hamısı qeydiyyatdan keçsinlər. Bir qədər də konkretləşdirmək istəyirəm, məsələn, YAP Gəncə şəhərində yerləşən dairələrdən 4 namizəd irəli sürüb. Bu 4 namizədin qeydə alınması üçün maksimum 2000 imza tələb olunur. Bu isə bizim üçün çətin bir iş deyildi”.
İndiyə qədər bu cür böhtanlar onların müəlliflərinə heç bir uğur gətirmədiyi kimi, indi də, bundan sonra da, uğur gətirməyəcək
YAP Sədrinin müavini qeyd edib ki, bu qədər gücün həyata keçirdiyi işin üzərinə kimsə məsuliyyətsiz şəkildə kölgə salmağa çalışırsa, o, ya işi təşkil etmək haqqında təsəvvürü olmayan adamdır, ya da yalnız böhtan atmaqla məşğuldur. Aydındır ki, 10 nəfərin bir gündə gördüyü işi, bir nəfər 10-12 gündə görə bilər. Bizim rəqiblərimizin imzalarını isə hər namizədin özü toplayıb. Belə olan halda həmin bir nəfər müxalifətçi bizim kimi qısa müddətdə imza toplamaq iqtidarında ola bilməz. “AXCP-Müsavat bloku nəyə etiraz edir? YAP özünün fəaliyyətini mütəşəkkil şəkildə qurursa, onlar buna etiraz etməlidirmi? Bizim rəqiblərimiz partiyalarımız arasında güc fərqinin çox böyüklüyünü görüb bunu konpensasiya etməyin heç də siyasi etikaya uyğun gəlməyən formasını seçiblər ki, bunun da adına şər, böhtan, qarayaxma deyirlər. Amma biz bunu çox görmüşük, əvvəllər də belə olub. Hesab edirəm ki, indiyə qədər bu cür böhtanlar onların müəlliflərinə heç bir uğur gətirmədiyi kimi, indi də, bundan sonra da, uğur gətirməyəcək” deyən Əli Əhmədovun sözlərinə görə, müxalifətin namizədləri insanlar arasında tanınmır və ona görə də, imza toplaya bilməyiblər. YAP İcra katibi həmin blokun namizədlərinin əksəriyyətinin imza vərəqələrini DSK-lara yalnız sonuncu gün-oktyabrın 8-də təqdim olunmasının məqsədli olduğunu vurğulayıb. O, qeyd edib ki, həmin müddət keçdikdən sonra hər hansı nöqsanların aradan qaldırılması üçün vaxt qalmır və bununla da, müxaliflər müəyyən beynəlxalq dairələrdə guya onlara qarşı ədalətsizlik edildiyi görüntüsü yaratmağa çalışırlar. Əli Əhmədov İ.Qəmbərin YAP-ın imzaları obyektiv şəkildə toplamasına şübhə etməsinə də münasibət bildirib. Onun sözlərinə görə, istənilən komissiya yaradılıb bu məsələni araşdıra bilər: “O ki qaldı imzaların düzgünlüyü müəyyən olunarsa, İ.Qəmbərin siyasətdən getməsi haqqında fikirlərinə bu, onun ənənəsidir. Əvvəllər İ.Qəmbər hər altı aydan bir deyirdi “gəlirik”. Sonra buna bənzər çox sözlər deyib. Belə fikirlər ictimai rəyə təsir baxımından sıfıra bərabərdir və çürük bir yanaşmadır”.
İsa Qəmbərin ermənilərlə saziş imzalaması Azərbaycanın dövlət və milli maraqlarına ziddir
YAP Sədrinin müavini, həmçinin, Müsavat başqanı İsa Qəmbərin ermənilərlə işbirliyi yaratmasını pisləyib: “İsa Qəmbərin ermənilərlə saziş imzalamasını Azərbaycanın dövlət və milli maraqlarına zidd hesab edirik. Bu, Müsavat partiyasının özünün ideologiyasına ziddir. İsa Qəmbər Müsavat partiyasından özünün şəxsi maraqları üçün istifadə edir. İnanırıq ki, Müsavat partiyasının daxilində sağlam düşüncəli insanlar İsa Qəmbərin bu hərəkətlərinə etiraz edəcəklər”.
Əli Əhmədov qeyd edib ki, Müsavatın başqanı İsa Qəmbərin Almaniyanın Potsdam şəhərində Ermənistan Milli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyanla qarşılıqlı əməkdaşlığa dair saziş imzalaması dərin şübhələr yaradır. Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı təcavüzünün ideoloji mərkəzlərindən biri də Erməni Milli Hərəkatıdır. Belə olan halda, bu təşkilatla qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalamaq nəyə xidmət edir?
“Məhz onların hakimiyyəti dövründə Azərbaycan torpaqları işğal olunub. Onlarla imzalanan saziş Azərbaycana qarşı yönəlib” - deyə, Əli Əhmədov əlavə edib.
Onun sözlərinə görə, seçkiöncəsi ermənilərlə əlaqələr yaratmaq müxalifətdə bir ənənəyə çevrilib.
YAP pulsuz efir vaxtından istifadə etməyə bilər
Pulsuz efir vaxtından istifadəyə gəlincə, Əli Əhmədov bildirib ki, başqa partiyalar İctimai Televiziya və Radioda pulsuz təbliğat-təşviqat aparmaq hüququ qazanmasa, Yeni Azərbaycan Partiyası efir vaxtından imtina edəcək. Əli Əhmədov qeyd edib ki, YAP-ın 112 namizədi qeydə alınıb və partiya pulsuz təbliğat-təşviqat aparmaq hüququ qazanıb: “Digər partiyalar isə hələlik bu hüququ qazanmayıblar. Pulsuz efir dialoqun aparılması üçün nəzərdə tutulub. Rəqib olmayanda dialoq da olmur. Arzulayardıq ki, rəqibimiz olsun və onlarla dialoq aparaq. Lakin bu, bizim arzuyla həll olunmur, son qərarı seçki komissiyaları verməlidir”.
Güclü dövlət-yüksək rifah
YAP-ın hansı şüarlarla seçkiyə getməsinə gəlincə, Əli Əhmədov qeyd edib ki, seçicilərin rəyini qazanmaq metodlarından biri də partiyanın hansı mesajlarla seçkiyə getməsindən bilavasitə asılıdır: “Əlbəttə, YAP hər zaman Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğur qazanmasını özünün seçki taktikasının ən mühüm arqumenti hesab edir. Bu, birmənalı şəkildə belədir. YAP olaraq biz dəfələrlə bəyan etmişik ki, qarşıdan gələn parlament seçkilərində bizim uğurlarımızın əsasında dayanan ən böyük məqam Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin seçicilər tərəfindən qiymətləndirilməsidir. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, bu inkişafın əsasında digər sahələrdə əldə olunan əhəmiyyətli irəliləyişlər, insanların rifahının, yaşayışının yüksəlməsi, Azərbaycanın beynəlxalq aləmdə və regionda mövqelərinin güclənməsi-bütün bunların hamısı YAP-ın ən əhəmiyyətli və başlıca seçki resursudur. Prezident İlham Əliyevin apardığı siyasətin uğurlarının xalq tərəfindən dəstəklənməsi YAP-ın parlament seçkilərində istinad etdiyi əsas həlledici resursdur. Bu siyasətin bundan sonra da həyata keçirilməsinə bizim inamımız ondan ibarətdir ki, o, Azərbaycana daha böyük iqtisadi nailiyyətlər və sosial inkişaf perspektivləri vəd edir. Güclü dövlət və yüksək rifah bizim başlıca şüarımızdır”.
Namizədliyini müstəqil şəkildə irəli sürən 3 nəfər YAP-ın sıralarından xaric edilib
Əli Əhmədovun bildirdiyinə görə, fərdi qaydada öz namizədliyini irəli sürən Yeni Azərbaycan Partiyasının 3 üzvü təşkilatdan xaric olunub. Onun sözlərinə görə, fərdi qaydada deputatlığa namizədliyini irəli sürən YAP-çıların böyük bir hissəsi geri çəkilib: “Biz onlara təklif etmişik ki, özlərini şanslı hesab edirlərsə, partiyadan istefa verib namizəd olsunlar. Qalib gəlsələr, onları birinci biz təbrik edərik. Lakin fərdi qaydada namizədliyin irəli sürülməsini pisləyirik. çünki bu, partiya etikasına uyğun deyil, hər bir YAP üzvü partiyanın rəsmi qaydada irəli sürdüyü namizədin qalib gəlməsinə çalışmalıdır”.
Əli Əhmədov bildirib ki, namizədliyini geri götürməkdən imtina edən YAP-çıların sayı 9 nəfərə yaxındır: “Artıq onlardan 3-ü YAP-dan xaric olunub”.
YAP İcra katibi partiyanın 31 saylı Suraxanı seçki dairəsindən kimi dəstəkləyəcəyinə dair qərar vermədiyini də xatırladıb: “Həmin dairədən YAP-ın bir neçə üzvünün namizədliyi qeydiyyata alınıb. Hazırda bu dairədən üzvlərimizdən hansının şansının daha çox olduğuna dair araşdırmalarımız davam edir”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 926 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30