Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Seçicilərin etimadını əməli işi ilə qazanan namizəd

Seçicilərin etimadını əməli işi ilə qazanan namizəd

28.10.2010 [09:21]

Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi 24 saylı Nizami birinci seçki dairəsindən irəli sürülən ARDNŞ-nin və AFFA-nın prezidenti Rövnəq Abdullayev də partiyanın sadiq üzvlərindən biri kimi üzərinə düşən bütün tapşırıqlara layiqincə əməl etməklə ona göstərilən yüksək etimadı doğruldub
“Güclü dövlət, yüksək rifah” devizi altında növbəti parlament seçkilərinə qoşulan YAP xalqın etimadını ümummilli lider Heydər Əliyevin ideyalarına sədaqəti, əməli işi və konkret fəaliyyəti ilə qazanıb. Parlament, prezident və bələdiyyə seçkilərində xalqın yekdil səsini qazanan YAP müstəqilliyimizin möhkəmləndirilməsində, milli dövlətçiliyimizin gücləndirilməsində, xalqımızın rifah halının yaxşılaşdırılmasında və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artırılmasında alternativi olmayan siyasi qüvvə olduğunu məqsədyönlü siyasəti və real işi ilə təsdiqləyib. Partiya tərəfindən deputatlığa namizədliyi 24 saylı Nizami birinci seçki dairəsindən irəli sürülən ARDNŞ-nin və AFFA-nın prezidenti Rövnəq Abdullayev də YAP-ın sadiq üzvlərindən biri kimi üzərinə düşən bütün tapşırıqlara layiqincə əməl etməklə ona göstərilən yüksək etimadı doğruldub. Bu yazıda biz yalnız Rövnəq müəllimin AFFA prezidenti kimi ölkəmizin futbol təsərrüfatında müəyyənləşdirdiyi layihələrə, qazandığı nailiyyətlərə və təməlini qoyduğu işlərə toxunmaqla ölkəmizdə bu idman növünün qısa vaxt ərzində necə böyük sürətlə inkişaf etdiyinə aydınlıq gətirəcəyik.
AFFA-nın 2008-ci il martın 14-də keçirilən hesabat-seçki konfransında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilən Rövnəq Abdullayev futbolun inkişafı üçün kompleks tədbirlərin sürətlə həyata keçirilməsi ilə bağlı başlıca sahələri müəyyənləşdirdi və bu sahələr üzrə xüsusi tapşırıqlar verdi. Beləliklə də ilk gündən Azərbaycanda futbolun inkişafı istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlanıldı. İlk növbədə, AFFA-nın yeni Nizamnaməsi hazırlanaraq qəbul olundu. Yeni Nizamnaməyə əsasən, AFFA-nın 4 birbaşa üzvü təsis edildi: Peşəkar Futbol Liqası; Regional Futbol Federasiyaları; Sahə Futbol Federasiyaları; İctimai Futbol Federasiyaları. Bununla da ölkəmizdə futbolun inkişafı üçün AFFA-nın 3 əsas prioriteti (kütləvi futbol, təhsil və infrastruktur) müəyyənləşdi və əməli fəaliyyətə başlanıldı. Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın müvafiq müddəalarının yerinə yetirilməsi, futbolun kütləviliyinin təmin olunması, istedadlı uşaqların üzə çıxarılması, uşaq futbolunun inkişafı məqsədilə futbolumuzun tarixində ilk dəfə olaraq AFFA-nın U-13 liqası yaradıldı. AFFA ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 8 regiondan 80 komandanın mübarizə apardığı bu liqada yaşı 13-dək olan 2000-dən artıq uşaq təmsil olunur. Bu liqada çıxış edən komandaların nəqliyyat və yemək xərcləri AFFA və Gənclər və İdman Nazirliyi tərəfindən ödənilir.
ölkəmizdə futbolun inkişafını və kütləviliyin təmin etmək məqsədi ilə AFFA ölkəmizdə fəaliyyət göstərən bir çox bank və şirkətlərlə əməkdaşlıq edir. AFFA ilə “Azercell” və “AccesBank” arasında əməkdaşlıq müqavilələrinin imzalanması da bu qəbildəndir. Eyni zamanda “Danone” şirkəti ilə birgə 1997-1998-ci il təvəllüdlü uşaqlardan təşkil olunmuş komandalar arasında “Donane kuboku” keçirilib. Turnirdə 2000-dən artıq uşaq iştirak edib. Uşaqlar AFFA tərəfindən futbol geyim dəstləri, toplarla təmin olunub. Turnirin qalibi bu il Cənubi Afrika Respublikasında keçiriləcək “Beynəlxalq Danone Kuboku” yarışlarında iştirak edəcək.
Uşaq və yeniyetmələr arasında futbolun inkişafını təmin etmək məqsədilə AFFA-nın U-15 və U-17 liqaları yaradılıb. “Kapital Bank”ın sponsorluğu ilə keçirilən U-15 liqası yarışlarında 6 regionu əhatə edən 19 komanda (511 oyunçu), “Azercell”in sponsorluğu ilə keçirilən U-17 liqası yarışlarında isə 6 regionu əhatə edən 15 komanda (436 oyunçu) iştirak edib.
AFFA 2010-cu ildə ölkəmizdə ilk dəfə U-14 liqasının da yaradılması ilə bağlı qərar qəbul edib. 54 komandanın (955 oyunçu) iştirak etdiyi bu liqanın da oyunlarında komandaların nəqliyyat və yemək xərclərini AFFA ödəyir. Qeyd olunan liqaların oyunları mütəmadi xarakter daşıyır və hər il təşkil olunacaq.
Aşağı yaş qruplarından ibarət yığma komandaların heyətinin komplektləşdirilməsi məqsədilə 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yaradılıb.
Futbolun kütləviliyinin artırılması məqsədilə Lənkəranda və Sumqayıtda “Top festivalı” layihəsi həyata keçirilib. Festivalın qaliblərinə AFFA-nın mükafatları təqdim olunub. Futbolun kütləviliyinin artırılması məqsədilə ölkə boyu bir çox küçə və məhəllələrdə futbol oynayan uşaqlara AFFA tərəfindən toplar paylanıb. Paytaxtın və Sumqayıt şəhərinin müxtəlif məhəllələrində uşaqların rahat futbol oynaya bilməsi üçün səyyar meydançalar quraşdırılıb. Habelə Bakıda və respublikanın müxtəlif bölgələrində 51 süni örtüklü meydança inşa olunaraq təmənnasız şəkildə uşaqların istifadəsinə verilib və bu iş mütəmadi olaraq davam etdirilir.
Məktəblərdə futbolun təbliğinin gücləndirilməsi məqsədi ilə ilkin olaraq Bakı şəhərinin Səbayel və Nərimanov rayonlarında, sonra isə “Qəbələ” klubu ilə birlikdə Qəbələ rayonunda orta məktəblərdə “Məktəbli kuboku” keçirilib. Gələcəkdə bu turnirin respublikanın bütün bölgələrindəki məktəbləri əhatə etməsi nəzərdə tutulur.
Tələbələrin böyük futboldan kənarda qalmaması üçün 2008, 2009 və 2010-cu illərdə ali məktəb tələbələri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş respublika çempionatı keçirilib, qalib komandaların tələbələr arasında Avropa çempionatlarında iştirakı təmin olunub. AFFA İcraiyyə Komitəsi Tələbə liqasının yaradılması barədə də qərar qəbul edib.
Futbolda təhsilin əhəmiyyəti nəzərə alınaraq, bu istiqamətdə bir çox işlər görülüb. AFFA tərəfindən məşqçilərə UEFA-nın C, B və A lisenziyası verən kurslar təşkil olunub. C lisenziyalı kurslarda 96, B lisenziyalı kurslarda 74, A lisenziyalı kurslarda isə 41 nəfər məşqçi iştirak edib. “Pro” kateqoriyalı lisenziya kursunun təşkili üçün AFFA UEFA-ya müraciət edib.
Məşqçilərin və AFFA əməkdaşlarının ixtisasının artırılması məqsədilə UEFA-nın təşkil etdiyi çoxsaylı seminarlarda onların iştirakı təmin olunub. U-13 liqasında regionları təmsil edən komandaların məşqçiləri üçün mütəmadi seminarlar keçirilir və  onlara  zəruri olan avadanlıqlar verilib. Həmçinin, FİFA-nın “Grassroots” proqramı çərçivəsində seminar, ardınca isə “Şəfa” stadionunda festival təşkil olunub. ölkə daxilində və xarici ölkələrdə hakimlər üçün seminarlar, təlim-məşq prosesləri keçirilib. Bu seminarlarda xarici ölkələrdən təlimatçılar iştirak edib.
2009-cu ildə pilot layihəsi çərçivəsində Bakı şəhərindəki 239, 240 və 201 saylı orta məktəblərdə futbol dərsləri tədris olunmağa başlayıb. Bu dərslər AFFA-nın təyin etdiyi məşqçilər tərəfindən keçirilir. Hakimlər, yığma komandaların məşqçiləri və AFFA-nın işçiləri üçün xarici dil kursları, Bakı şəhərindəki orta məktəblərin bədən tərbiyəsi müəllimləri üçün seminarlar təşkil olunub.
AFFA tərəfindən futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyat sistemi yaradılıb və bu proses uğurla davam etdirilir. 2009-cu ilin yanvarında bu sistemdə qeydiyyata alınanların sayı 1320 nəfər olduğu halda indi Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçmiş üzvlərinin sayı 13 659 nəfərdən çoxdur. ölkəmizdə kütləvi futbolun inkişafı ilə bağlı həyata keçirilən çoxsaylı tədbirləri yüksək qiymətləndirən UEFA AFFA-ya ilk dəfə olaraq 3 ulduz təqdim edib və bu tədbirlərin digər respublikalarda da tətbiq olunması üçün noyabrın 1-dən 4-dək Bakıda seminar keçirəcək. Qeyd edək ki, Avropa futbol qurumu növbəti ayda futbolun təbliği və marketinq işinin qurulması ilə də bağlı ölkəmizdə seminar təşkil edəcək. çünki UEFA AFFA-nın bu sahələrdə də fəaliyyətinin geniş yayılmasına xüsusi diqqət yetirir.
Futbolun kompleks şəkildə inkişafı üçün infrastrukturun müasir tələblərə uyğun qurulması məqsədilə müvafiq işlər görülür. Qısa müddət ərzində AFFA-nın Futbol akademiyası inşa olunaraq istifadəyə verilib. Müxtəlif yaş qruplarından ibarət yığma komandalar Futbol akademiyasının xidmətlərindən yararlana bilir.
Tofiq Bəhramov adına Respublika stadionunda AFFA tərəfindən yenidənqurma işləri aparılıb. Mərdəkanda, “Dalğa” İstirahət Mərkəzinin ərazisində çimərlik futbolu üçün stadion tikilərək istifadəyə verilib. Hazırda həmin ərazidə 6 min nəfərlik stadionun inşası gedir. Paytaxtın Bayıl və 8-ci kilometr qəsəbələrində də AFFA tərəfindən yeni stadionlar tikilir.
AFFA beynəlxalq əlaqələrin inkişaf etdirilməsi istiqamətində də fəaliyyətini genişləndirib. AFFA-nın prezidenti Rövnəq Abdullayevin FİFA prezidenti Yozef Blatter, Avropa futbol qurumunun prezidenti Mişel Platini ilə görüşlərində ölkəmizdə futbolun inkişafı ilə bağlı səmərəli müzakirələr aparılıb.
AFFA ilə Almaniya Futbol İttifaqı, İspaniya Futbol Federasiyası, “Bavariya”, “Hannover”, “Fənərbağça” klubları arasında əməkdaşlıq müqavilələri imzalanıb. Bu müqavilələrə əsasən, almaniyalı uşaq məşqçiləri ölkəmizə gələrək klublarımızda məşqlər keçib, aşağı yaş qruplarından ibarət yığma komandalarımızın futbolçuları “Bavariya” və “Hannover” klublarının bazasında təlim-məşq toplanışında olub, 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Fənərbağça” klubunun bazasında 3 aylıq hazırlıq prosesi keçib. U-15 Almaniyanın Duysburq şəhərində də uzunmüddətli təlim-məşq toplanışında olub.
UEFA-nın mətbuat və tibbi seminarı Bakıda təşkil olunub və bu ilin noyabr ayında daha 3 seminarın ölkəmizin paytaxtında keçirilməsi nəzərdə tutulub.
ölkəmizdə futbol üzrə beynəlxalq yarışların keçirilməsi üçün AFFA tərəfindən beynəlxalq futbol qurumlarına edilən müraciət əsasında, FİFA-nın İcraiyyə Komitəsi 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında 2012-ci ildə keçiriləcək dünya çempionatının final mərhələsinin Azərbaycanda təşkil olunması ilə bağlı qərar qəbul edib.
çimərlik futbolu üzrə Avropa kuboku oyunları Bakıda təşkil olunub. Turnirin oyunları Mərdəkanda çimərlik futbolu üçün inşa olunmuş meydançada keçirilib və milli komandamız yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək gümüş medala layiq görülüb.
Əlillərdən təşkil olunmuş komandalar arasında mütəmadi turnirlər təşkil edilib. Əlillərdən ibarət yığma komandanın Avropa və dünya çempionatlarında iştirakı təmin olunub.
Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsində uğurla çıxış edərək, dördüncü yeri tutub.
Klublarımız qitəmiqyaslı yarışlarda daha uğurla çıxış etməyə başlayıb. “Qarabağ” klubu artıq iki mövsümdür ki, Avropa Liqasının pley-off mərhələsinə qədər irəliləyir.
ölkə çempionatında çıxış edən klubların legioner futbolçuları üçün ödənilən rüsumun məbləği azaldılıb. Bu ildən etibarən Premyer Liqada 8+3 limiti tətbiq olunub.
AFFA veteran futbolçulara xüsusi diqqətlə yanaşır. Assosiasiya tərəfindən Futbol Veteranları Fondu yaradılıb və fondun Əsasnaməsinə uyğun olaraq, onlara aylıq təqaüd verilir.
AFFA-nın rəhbərliyi Milli Mətbuat Günü münasibətilə hər il KİV nümayəndələri ilə görüş təşkil edir, idman jurnalistlərinə AFFA-nın hədiyyələrini təqdim edir.
ölkə futbolunun tarixində ilk dəfə “İlin futbolçusu”nun seçilməsi üçün sorğu keçirilmiş və qaliblər təntənəli mərasimdə mükafatlandırılmışdır.
Futbol ictimaiyyətinin nümayəndələri ilə ünsiyyətin artırılması üçün AFFA-da mütəmadi olaraq “Açıq qapı günü” keçirilir.
Beynəlxalq təcrübə nəzərə alınaraq, AFFA-nın loqotipi yenilənib. AFFA-nın XVII Konfransında qəbul olunan yeni loqotip daha müasir olması, eyni zamanda milli elementləri özündə daha yaxşı əks etdirməsi ilə fərqlənir.
Milli komandanın oyunlarına biletlərin yeni satış sistemi tətbiq olunmağa başlanılıb. Yeni sistem sayəsində azarkeşlər satış məntəqəsində qurulan monitora baxmaqla bilet almaq istədikləri sektordan meydançanın necə göründüyünü müəyyənləşdirə bilirlər.
ölkədə futbol təbliğatının gücləndirilməsi məqsədilə AFFA yeni layihələr həyata keçirir. Bu layihələrdən biri də affavideo.az saytında ölkə futbolunun bütün sahələrini əhatə edən videomaterialların yerləşdirilməsidir. Müxtəlif yaş qruplarından və kateqoriyalardan ibarət yığma komandaların ölkəmizdə və xaricdə keçirdiyi yoldaşlıq və rəsmi oyunlarının diqqət çəkən anları operativ olaraq affavideo.az-da yerləşdirilir. AFFA-nın rəsmi saytı - affa.az isə 3 dildə (Azərbaycan, ingilis və rus) operativ fəaliyyət göstərir. Saytda tədbirlərin və milli komandaların oyunlarının keçirilmə vaxtından asılı olmayaraq ətraflı və geniş məlumatla tanış olmaq mümkündür.
Milli komandanın və müxtəlif yaş qruplarından ibarət yığmaların hazırlıq prosesi üçün hərtərəfli şərait yaradılıb.
Milli komandamızın Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Türkiyə millisini 1:0 hesabı ilə məğlub etməsi son illər həyata keçirilən çoxsaylı tədbirlərin artıq bəhrə verdiyinin əyani göstəricisidir. Məhz bunun nəticəsi olaraq millimiz FİFA-nın reytinq cədvəlində tarixi ərzində ilk dəfə olaraq 91-ci pilləyə yüksəlib. Futbolumuzun inkişafı naminə son illər həyata keçirilən kompleks tədbirləri və onun nəticələrini yüksək qiymətləndirən Respublika Prezidenti cənab İlham Əliyev oktyabrın 14-də Mingəçevir şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə demişdir: “çox şadam ki, futbolçularımız da nəhayət, uzun fasilədən sonra bizi sevindirdilər. Biz onlara inanırdıq. Komandamız gənc komandadır və çox böyük əzmkarlıq göstərir. Əlbəttə ki, hələ peşəkarlıq üzərində işləmək lazımdır. Ancaq artıq görürük və sevinirik ki, milli komandamız və klublar beynəlxalq yarışlarda ləyaqətli oyun göstərirlər, özlərini çox ləyaqətli aparırlar. Srağagünkü qələbəmiz, əminəm ki, bizi daha da ruhlandıracaqdır. Mən əminəm ki, Azərbaycanda idmanın futbol növü də yüksək zirvələrə çatacaqdır. Buna vaxt və səbir lazımdır. Əminəm ki, bir neçə ildən sonra futbolçularımız hər bir oyunda azarkeşləri sevindirəcəklər”.
ölkəmizdə futbolun tərəqqisi naminə həyata keçirilən çoxsaylı tədbirlər AFFA prezidenti Rövnəq Abdullayevin bu sahədə apardığı gərgin və məqsədyönlü fəaliyyətinin bəhrələridir. Qazanılmış nailiyyətlər bir daha sübüt edir ki, YAP tərəfindən Milli Məclisin deputatlığına namizədliyi 24 saylı Nizami birinci seçki dairəsindən irəli sürülən Rövnəq Abdullayev ona səs verənlərin etimadını növbəti dəfə də doğruldacaq. Biz bunu tam əminliklə bildiririk.
Elxan Məmmədov,
AFFA-nın baş katibi, UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin sədr müavini
Mikayıl Quluyev,
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi, “Futbol dünyası” qəzetinin baş redaktoru, əməkdar jurnalist

Paylaş:
Baxılıb: 944 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30