Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xarici mətbuat parlament seçkilərinin yüksək səviyyədə keçirildiyini yazır

Xarici mətbuat parlament seçkilərinin yüksək səviyyədə keçirildiyini yazır

09.11.2010 [09:29]

Rəy sorğusu da aparan bəzi media orqanları Yeni Azərbaycan Partiyasının namizədlərinin böyük üstünlüklə qalib gələcəyini əvvəlcədən müəyyənləşdirib
Məlum olduğu kimi, Azərbaycanda keçirilmiş 7 noyabr parlament seçkiləri bir çox dövlətlərin, beynəlxalq təşkilatların və dünya mediasının diqqət mərkəzində olub. Seçkiləri müşahidə etmiş beynəlxalq və yerli müşahidəçilər rəylərində seçkilərin yüksək səviyyədə təşkil olunduğunu və beynəlxalq seçki standartlarına cavab verdiyini söyləyiblər. Əlbəttə ki, dünya mediası da 7 noyabr parlament seçkilərini yüksək qiymətləndirib. Onlardan bəzilərini oxucuların diqqətinə çatdırmaq istərdik.
Belə ki, Türkiyənin DHA, “İhlas” xəbər agentliyində qeyd olunur ki, Mərkəzi Seçki Komissiyası seçkilərə çox güclü hazırlaşıb, dairələrdə 500 veb-kameralar quraşdırıb və öz binasında mətbuat nümayəndələrinin işini asanlaşdırmaq üçün İnformasiya mərkəzi təşkil edib. Türkiyənin “Hürriyet”, “Sabah” qəzeti, “Yeniasya”, “Zaman”, “Star”, “Türkiyə” və digər qəzetlərinin materiallarında qeyd olunur ki, seçki prosesində 23 partiya və 5 siyasi blok iştirak edib, bütün namizədlər üçün eyni şərait yaradılıb və hər bir namizədə təşviqat üçün 4 dəqiqə pulsuz efir vaxtı ayrılıb. Bildirilir ki, Azərbaycanda keçirilmiş budəfəki parlament seçkilərini böyük beynəlxalq marağa səbəb olub, seçkiləri 1026 xarici və 47 minə yaxın yerli müşahidəçilər müşahidə edib. Seçkilər zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb.
Rusiya mətbuatında da Azərbaycanda keçirilmiş 7 noyabr parlament seçkiləri geniş işıqlandırılır. Polit.ru, “Vzqlyad” qəzeti, “Noviye İzvestiya”, “Nezavisimaya qazeta”, “Vremya Novostey”, “Kommersant” kimi qəzetlərdə qeyd olunur ki, beynəlxalq müşahidəçilər Mərkəzi Seçki Komissiyasının seçkilərə hazırlıq səviyyəsini yüksək qiymətləndirir. Müşahidəçilər üçün bütün şəraitlər yaradılmışdır. Qeyd edilir ki, Azərbaycanda parlament seçkiləri sakit şəraitdə keçmiş, səsvermə zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. AŞPA-nın seçki qabağı hesabatında bildirilir ki, qabaqkı seçkilərlə müqayisədə budəfəki parlament seçkilərində müsbət dəyişiklər baş vermişdir. MDB-dən olan müşahidəçilərin rəylərinə görə, bütün deputatlığa namizədlərə azad təşviqat kampaniyası üçün eyni imkanlar yaradılmış, hamısına  4 dəqiqəlik pulsuz efir vaxtı ayrılmışdır. İTAR-TASS-ın məlumatına görə, budəfəki seçkiqabağı vəziyyət Azərbaycanın yeni tarixi boyunca ən sakiti olub. Heç bir mitinqlər, yürüşlər, kütləvi aksiyalar baş tutmamışdır. İkili səsvermənin qarşısını almaq üçün seçicilərin barmaqlarına rəngsiz mürəkkəb vurulmuş, dairələrdə quraşdırılmış veb-kameralar vasitəsilə hər bir kəs MSK-nın saytına girərək səsverməni sərbəst izləmək imkanına malik idi. Seçkilər zamanı heç bir polis əməkdaşı qanun pozuntusuna yol verməmişdir.
“Nezavisimaya qazeta”da qeyd olunur ki, seçkilərin nəticələrini hesablayarkən, hər-hansı sensasiya gözləmək lazım deyil. Bir sıra digər MDB ölkələrindən, məsələn, Moldova və Qırğızıstandan fərqli olaraq, Azərbaycanda xalq etirazları və partiyalararası mübarizə gözlənilmir... Ekspertlər müstəqil deputatların sayının artacağını proqnozlaşdırır.
“Vremya Novostey” isə yazır ki, seçkilərdə saxtakarlığa yol verməmək üçün seçki məntəqələrində veb-kameralar quraşdırılıb, bəzi xırda texniki xarakterli pozuntular dərhal aradan qaldırılıb. MDB müşahidəçilər missiyasına rəhbərlik edən Sergey Lebedyev isə deyir ki, “biz seçki məntəqələrində seçicilər tərəfindən şikayətlərin olub-olmadığını soruşduq, məlum oldu ki, heç bir şikayət yoxdur. Seçki normal qaydada keçir, insanların əhval-ruhiyyəsi yaxşıdır”.
Qazaxıstanın “Kazinform” agentliyi yazır ki, Azərbaycanda yerli əhali ən çox Yeni Azərbaycan Partiyasını dəstəkləyir. çünki məhz bugünkü hakimiyyətin sayəsində Azərbaycanda hazırda stabillik hökm sürür, yeni evlər, məktəblər, uşaq bağçaları, idman və mədəniyyət obyektləri, yollar və s. tikilir. Ekspertlər hesab edir ki, budəfəki seçkilər çox sakit, heç bir çətinliklər olmadan keçib. “Kazinform” ATƏT-in hesabatından sitat gətirərək bildirir ki, MSK seçki komissiyasının üzvləri üçün müxtəlif treninqlər keçirmiş, müzakirə ediləcək məsələləri qabaqcadan demiş, qərarlar ictimaiyyətə dövlət KİV və MSK-nın saytı vasitəsilə çatdırılmış. Məqalədə sonda o da qeyd olunur ki, ölkədə qayda-qanun hökm sürür, yeni iş yerləri açılıb, əmək haqları və pensiyalar artırılıb, paytaxt və bölgələrdə yeni abadlıq işləri aparılır.
“The Georgia Times” agentliyi “Rosbalt”a istinadən xəbər verib ki, seçki məntəqələrindən çıxanlar arasında aparılan sorğuların nəticələrinə görə, hakim Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərdə irəli gedir. Rəyi soruşanların 42 faizi iqtidar partiyasının namizədlərinə səs verdiklərini bildiriblər. Rəsmi məlumatlara əsasən, bu il seçkilərə gələnlərin sayı 2005-ci il parlament seçkiləri ilə müqayisədə 4 faiz çoxdur.
“Azadlıq” radiosu isə yazır ki, hakim Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərdə səslərin əksəriyyətini qazanıb: “Seçki məntəqələrini tərk edən seçicilər arasında aparılan sorğulara əsasən belə qənaətə gəlmək mümkündür. Yeni Azərbaycan Partiyasının nümayəndələri artıq özlərinin inamlı qələbə qazandıqlarını bildirmişlər. Seçkiyə gələnlərin sayı 50 faizi ötmüşdür”.
“Kommersant” qəzeti Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov sözlərinə istinadən bildirib ki, seçkilər sakit şəraitdə qanunvericiliyə müvafiq olaraq keçirilib: “İlkin proqnozlara görə, Prezident İlham Əliyevin partiyası növbəti qələbə qazanacaq. Avropa Şurası Parlament Assambleyasının məruzəsində seçkiqabağı kampaniyanın yekunlarına görə ötən seçkilərlə müqayisədə müsbət dəyişikliklərin olduğu qeyd edilib”.
“RİA-Novosti” yazıb ki, MDB müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin icraçı katibi-sədri Sergey Lebedev gələcəkdə seçkilərdə barmaqların mürəkkəblənməsi təcrübəsindən imtina olunmasını təklif edib: “O, noyabrın 8-də Bakıda keçirilən mətbuat konfransında həmin üsulun insanların heysiyyatına toxunduğunu bildirib. İlkin məlumatlar görə, seçkilərdə Yeni Azərbaycan Partiyası liderliyi əldə saxlayıb”.
“Nezavisimaya qazeta”, həmçinin,  Prezident İlham Əliyevin seçki məntəqəsinə xanımı Mehriban Əliyeva ilə birgə gəldiyini yazıb: “Respublika MSK dördüncü çağırış parlament seçkilərinin pozuntular olmadan keçdiyini bildirmişdir. Azərbaycanda birpalatalı 125 yerlik parlamentə seçkilər Konstitusiyaya müvafiq olaraq majoritar sistem üzrə keçirilir. Respublikanın yaşı 25-dən az olmayan hər bir vətəndaşı parlamentin deputatı ola bilər. Azərbaycanda seçkilərin keçirilməsi üçün 5.314 min seçki məntəqəsi yaradılmışdır. 4,95 milyon seçici 690 namizəddən 125 deputatı seçməlidir. Azərbaycanlı seçcilərin öz iradəsini ifadə etməsini təxminən 47 min yerli və mindən çox xarici müşahidəçi izləmişdir. “Rəy” monitorinq mərkəzinin seçki öncəsi təxminən 1500 respondent arasında keçirdiyi sosial sorğuya əsasən 42,2 faiz seçici hakim partiyanın namizədlərinə səs verməyi planlaşdırmışdır. Seçkilər səsvermənin nəticələrinə təsir edə biləcək kobud pozuntular olmadan sakit şəraitdə keçmişdir”.
“The Deutsche Welle” agentliyində də Prezident İlham Əliyevin seçki məntəqəsində səs verməsinə dair fotomaterial dərc olunub: “Noyabrın 7-də keçirilən parlament seçkilərində rəsmi məlumatlara görə, Prezident İlham Əliyevin başçılıq etdiyi Yeni Azərbaycan Partiyası qalib gəlmişdir. MSK-nın sədri Məzahir Pənahov seçki günü gecə keçirilmiş mətbuat konfransında hakim partiyanın ilkin məlumatlara görə, 125 yerdən təxminən 70-nə iddialı olduğunu bildirmişdir. MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev Azərbaycanda keçirilən seçkiləri demokratik adlandırmışdır. Agentlik qeyd etmişdir ki, Azərbaycan Avropa İttifaqı üçün strateji baxımdan mühüm olan bir ölkədir. Qərb onun ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə yanacaqla təmin olunur. Azərbaycanın ərazisindən Nabukko qaz kəməri də keçəcəkdir. Avropa İttifaqı Rusiyadan asılılığını azaltmaq üçün Mərkəzi Asiyadan həmin kəmər vasitəsilə mavi yanacaq almaq niyyətindədir”.
“Exo Moskvı” radiosu da yazır ki, Prezident İlham Əliyevin partiyadaşları 125-dən ən azı 68 mandata sahib ola bilərlər: “Bu, MSK-nın ilkin məlumatlarıdır. MSK səsvermə və bülletenlərin sayılması vaxtı ciddi pozuntular qeydə almamışdır”.
“İTAR-TASS” agentliyi: İlkin məlumatlara görə, Yeni Azərbaycan Partiyası ən azı 68 mandat əldə edəcəkdir. Noyabrın 8-də MSK-nın “Seçkilər” informasiya mərkəzinin saytında yerləşdirilmiş məlumatlara əsasən bunu demək mümkündür. MSK sədri Məzahir Pənahovun sözlərinə görə, mərkəzi komissiyaya səsvermə və səslərin hesablanması zamanı seçkilərin nəticələrinə təsir edəcək pozuntular barədə məlumatlar daxil olmamışdır.
“RBK” yazır ki, ilkin məlumata görə, Yeni Azərbaycan Partiyası ölkə parlamentinə seçkilərdə 125 deputat yerindən 68-ni alacaqdır. MSK rəhbəri seçki prosesində ciddi pozuntular barədə müraciətlərin daxil olmadığını bildirmişdir.
“Lenta ru” internet saytı: Yeni Azərbaycan Partiyası parlament seçkilərində 125 yerdən ən azı 68-nə iddialıdır. Namizədlərə qələbə üçün sadəcə səsçoxluğu qazanmaq kifayətdir. Səsvermə hüququ olan ölkə vətəndaşlarının 50,14 faizi səsvermədə iştirak etmişdir. MSK sədri Məzahir Pənahovun sözlərinə görə, mərkəzi komissiyaya səsvermə və səslərin hesablanması zamanı seçkilərin nəticələrinə təsir edəcək pozuntular barədə məlumatlar daxil olmamışdır.
“RİA-Novosti” agentliyi bildirib ki, Yeni Azərbaycan Partiyası ilkin məlumatıara görə, 72 deputat yeri qazanmışdır: “MSK sədrinin sözlərinə görə, ilkin hesablamalara əsasən daha çox səs qazanan namizədlərin 40-ı müstəqildir. 11 namizəd digər partiyalara mənsubdur, iki nəfər isə özünün partiya mənsubiyyətini göstərməmişdir. MSK sədri seçkilərdə 2480205 seçicinin iştirak etməsini seçkilərə böyük marağın göstəricisi kimi qiymətləndirmişdir. İndiki seçkilər Azərbaycanın sovet dönəmindən sonrakı tarixində dördüncüsü olmuşdur”.
“BBC” agentliyi: Prezident İlham Əliyevin partiyası parlament seçkilərində yerlərin əksəriyyətini əldə edib: “MSK sədri Məzahir Pənahov seçkilərdə 50 faizdən çox seçicinin iştirakını yaxşı göstərici adlandırmışdır. Hakim partiyada daha çox səs qazananlar arasında ölkənin birinci xanımı Mehriban Əliyeva irəlidə gedir”.
“Kazinform” agentliyi: Agentliyin məlumatına görə, Azərbaycanda keçirilən Parlament seçkilərində Yeni Azərbaycan Partiyası qalib gəlib. Seçkilərdə seçicilərin 50,14 faizi iştirak edib. ölkədə seçkiləri təxminən 50 min yerli müşahidəçi və MSK-da qeydiyyatdan keçmiş 1029 xarici müşahidəçi izləyib. Onların arasında AŞPA, Aİ Şurası, Avroparlament, ATƏT-in Parlament Assambleyası və MDB-dən olan müşahidəçilər də vardır. ABŞ, Böyük Britaniya, Qazaxıstan, Norveç, Bolqarıstan, Polşa, Yaponiya və Belçika səfirliklərinin təmsilçiləri də seçkiləri müşahidə etmişlər. Seçkinin gedişinə nəzarət etmək üçün 500 seçki məntəsəində veb -kamera quraşdırılıb.
“Amerikanın səsi” radiostansiyası yazır ki, Azərbaycanda seçkilər sürprizsiz ötüşüb. “Azərbaycanda seçkilər: sürpriz ehtimalı azdır” adlı məqalədə bildirilir ki, parlament seçkilərinin ilkin nəticələrinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası böyük üstünlüklə qalib gəlib.
“Reuters” agentliyi Yeni Azərbaycan Partiyasının seçkilərdə qalib gəldiyini yazır: “İlkin rəsmi məlumata görə, Yeni Azərbaycan Partiyası 125 seçki dairəsindən 74-də qalib gəlib. Onlarla digər dairədə isə bitərəf namizədlər qalib gəlib”.
“Reuters”, həmçinin, seçkilərin nəticələrini müsbət qiymətləndirən Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun fikirlərindən sitat gətirib: “Deyə bilərəm ki, seçkilər azad və ədalətli keçirilib”.
Türkiyənin “Hürriyet” qəzeti Prezident İlham Əliyevin liderlik etdiyi Yeni Azərbaycan Partiyasının seçkidən güclənərək çıxdığını yazıb: “Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məclisdəki 125 kreslodan 70-ni YAP-ın əldə etdiyini açıqlayıb”.
“Milliyet” qəzeti də Azərbaycan Mərkəzi Seçki Komissiyasının seçki gecəsi ilkin nəticələri açıqlamağa başladığına diqqət çəkərək yazıb: “Xalq Cəbhəsi və Müsavat partiyaları “AXCP-Müsavat” adı altında seçki ittifaqı yaratmış və seçkiyə ortaq namizədlərlə getmişdilər. Lakin onlardan heç birinin seçilmə şansı yoxdur. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov isə seçkilərə kölgə sala biləcək hər hansı hadisənin baş vermədiyini söyləyib”.
“Sabah” qəzeti isə seçki xəbərini “ilkin nəticələrə görə İlham Əliyevin partiyası öndədir” başlığı ilə verib.
Türkiyənin NTV telekanalının xəbərində bildirilir: Seçkinin nəticələrinə görə, Prezident İlham Əliyevin liderlik etdiyi Yeni Azərbaycan Partiyası 125 yerlik parlamentdə azı 68 kreslo əldə edib. Müxalifətdəki Müsavat və Xalq Cəbhəsi partiyalarının namizədləri məclisə girə bilməyiblər.
“Assosiated Press” də seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbə qazandığını qeyd edir, agentlik bildirir ki, bu qələbə gözlənilən olub: “Müxalifətdə olan Müsavat Partiyasının bir üzvü belə qələbə qazana bilməyib. İsa Qəmbər bəyan edib ki, müxalifət çərşənbə axşamı etiraz aksiyası keçirəcək, lakin heç kim beş il əvvəl keçirilən seçkilərdən sonra baş verən kütləvi aksiyaların təkrarlanacağını gözləmir. Müxalifətin son mitinqlərində yalnız onlarla partiya üzvü iştirak edib, seçki kampaniyası da ötən illərə nisbətən sakit keçib. Bunu neft və qaz ixracatçısı olan Azərbaycanda həyat səviyyəsinin yaxşılaşmasına və siyasi apatiyanın ayağına yazmaq olar”.

Paylaş:
Baxılıb: 990 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30