Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Naxçıvan MR Ali Məclisində müşavirə keçirilib

Naxçıvan MR Ali Məclisində müşavirə keçirilib

12.01.2011 [09:49]

Yanvarın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində gənclərlə iş, idman sahəsində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, ölkəmizdə idman sahəsində həyata keçirilən tədbirlər Azərbaycanın tərkib hissəsi olan Muxtar Respublikada  da öz bəhrəsini verməkdədir: “ötən illər ərzində bir çox idman qurğuları yaradılmış, yarışlar təşkil edilmiş, idmanın kütləviliyinə nail olunmuşdur. Ancaq bunlar son hədd deyil, görüləsi işlər çoxdur. Muxtar Respublika əhalisinin 64 faizi 35 yaşına qədər olanlardır. Odur ki, gənclər və idman sahəsinə diqqəti artırmaq, bu sahədə tədbirlər həyata keçirmək qarşıda duran mühüm vəzifə olmalıdır. ümummilli liderimizin əsasını qoyduğu gənclərlə iş, idman sahəsinə göstərilən qayğı ölkəmizdə uğurla davam etdirilir. Ulu öndərimizin yolunun davam etdirilməsi imkan verdi ki, Azərbaycan idman sahəsində uğurlu nailiyyətlər əldə etsin. Beynəlxalq, qitələrarası yarışlarda, dünya  çempionatlarında iştirak edən Azərbaycan idmançıları həmin yarışlardan qələbə ilə qayıtmış, ölkəmiz idman sahəsində də öz layiqli yerini tuta bilmişdir. Muxtar Respublika blokada vəziyyətində yaşadığına görə idmançılarımızın Azərbaycan daxilində keçirilən və digər yarışlarda iştirakı həmişə mümkün olmur. Ona görə də, ilk növbədə, Muxtar Respublikada daxili yarışların keçirilməsi təmin edilməli, qonşu ölkələrlə əlaqələr genişləndirilməli, idman yarışlarının kütləviliyinə nail olunmalıdır. Məqsəd ondan ibarətdir ki, Muxtar Respublika əhalisinin əksəriyyətini təşkil edən uşaq və gənclərin asudə vaxtı düzgün təşkil olunsun. Muxtar Respublikada yaradılan idman qurğularından səmərəli istifadə edilməsi üçün federasiyaların  üzərinə mühüm vəzifələr düşür. Uşaqlar yaş qruplarına görə federasiyalara cəlb edilməli, federasiyadaxili yarışlar təşkil olunmalı, idman sahəsində xüsusi istedadı olan uşaqların qeydiyyatı aparılmalı, onların idmançı kimi formalaşmaları üçün lazımi tədbirlər həyata keçirilməlidir”.
Ali Məclisin sədri Muxtar Respublikada müxtəlif idman qurğularının mövcud olduğunu, təcrübənin yarandığını, federasiyalarda fəaliyyət göstərmək üçün uşaq və gənclərin yetişdirildiyini bildirib. Qeyd olunub ki, dövlətin idman sahəsinə yönəltdiyi vəsaiti, investisiyanı doğrultmaq üçün idman qurğularından istifadənin səviyyəsi yüksəldilməlidir: “çalışıb ona nail olmaq lazımdır ki, gənclərimiz asudə vaxtından səmərəli istifadə etsin, pis vərdişlərə yiyələnməsinlər. İdman qurğularının, kitabxanaların, məktəbdənkənar müəssisələrin yaradılması ilə yanaşı, gənclərin orada iştirakı da təmin olunmalıdır”.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Xaqani İsmayılov, təhsil naziri Piri Nağıyev, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli muxtar bölgədə gənclər və idman sahəsinə göstərilən dövlət qayğısından danışıb, həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Müşavirədə təşkilati məsələlərə də baxılıb, Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədri təyin olunub.
Naxçıvan Muxtar Respublikası Basketbol, Şahmat və Yüngül Atletika federasiyalarının fəaliyyəti müzakirə olunarkən bu istiqamətdə işin gücləndirilməsi tövsiyə edilib, müvafiq tapşırıqlar verilib.
Ali Məclisin sədri müşavirəyə yekun vuraraq deyib: “Hər bir ölkənin gələcəyi cəmiyyətin ictimai-siyasi həyatında aparıcı rol oynayan gəncliyin əlindədir. Gənc nəslin sağlam ruhda böyüməsi, savadlı, yüksək mənəviyyata malik olması çox vacibdir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə yaranan ictimai-siyasi sabitlik, demokratik mühit, aparılan islahatlar ölkə həyatının bütün sahələrində olduğu kimi, gənclərlə iş sahəsində də ciddi dönüş yaratdı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996, 1999 və 2003-cü illərdə Azərbaycan gənclərinin forumlarının keçirilməsi, 1997-ci ildə Azərbaycan Gəncləri Gününün təsis edilməsi, 1999-cu ildə “Dövlət gənclər siyasəti haqqında” Fərmanın, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması bu sahədə fəaliyyət üçün geniş imkanlar açmışdır.
Ulu öndərimizin əsasını qoyduğu dövlət gənclər siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yüksək intellekti və bacarığı ilə seçilən gənclər dövlət idarəetməsinə cəlb olunur, Azərbaycan gənclərinin hərtərəfli inkişafı istiqamətində geniş miqyaslı işlər aparılır. Bu işlərin bir istiqaməti də idmanın inkişafı ilə bağlıdır. 1997-ci ildə dövlət başçısı İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra Azərbaycan idmanında, olimpiya hərəkatında böyük inkişaf mərhələsi başlandı. “Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” kimi vacib sənəddə bədən tərbiyəsi və idmanın inkişafının əsas istiqamətləri, sağlam həyat tərzinin formalaşması, fiziki, mənəvi dəyərlərin təbliği, zərərli vərdişlərin aradan qaldırılması ilə bağlı məsələlər öz əksini tapmışdır. Aparılan məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Dövlət başçısının təşəbbüsü ilə son illər ölkəmizdə mötəbər idman yarışları, müxtəlif idman növləri üzrə dünya və qitə çempionatlarının keçirilməsi, dövlət başçısının bu tədbirlərdə şəxsən iştirakı, idmançılarımızı dəstəkləməsi, qələbəyə həvəsləndirməsi, respublikanın müxtəlif regionlarında olimpiya idman komplekslərinin tikilib istifadəyə verilməsi ölkədə idmanın və bədən tərbiyəsinin inkişafının parlaq təzahürüdür”.
Ali Məclisin sədri gənclərlə iş sahəsində görülən işlərdən danışaraq bildirib ki, 2006-2010-cu illər üzrə Naxçıvan Muxtar Respublikasında xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafına dair Dövlət Proqramına uyğun olaraq Muxtar Respublikada uşaq, yeniyetmə və gənclərin qabiliyyətlərinin aşkar edilməsinə, asudə vaxtlarının səmərəli təşkilinə, onların intellektual səviyyələrinin yüksəldilməsinə geniş şərait yaradılıb. Muxtar Respublikada həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən birinin də gənclərin asudə vaxtlarının səmərəli təşkilindən ibarət olduğunu vurğulayan Ali Məclisin sədri deyib: “Bu sahədə xeyli iş görülmüş, Naxçıvan şəhərində Kitab Evi, respublika kitabxanası, uşaq kitabxanası, “Gənclik Mərkəzi”, Şərur və Şahbuz rayonlarında kinoteatrlar, Culfa, Ordubad, Babək rayonlarında mədəniyyət evləri, bundan başqa muxtar respublikanın qəsəbə və kəndlərində müasir standartlara uyğun inşa edilmiş qəsəbə və kənd mərkəzlərində klub və kitabxanalar gənclərin istifadəsinə verilmişdir. Hazırda Muxtar Respublikada 2 Olimpiya İdman Kompleksi, 2 üzgüçülük Mərkəzi, 1 Şahmat Mərkəzi, 7 Uşaq-Gənclər Şahmat Məktəbi, 10 Uşaq-Gənclər İdman Məktəbi, 9 süni örtüklü mini futbol meydançası, 12 stadion, 689 sadə idman qurğusu olmaqla cəmi 732 idman müəssisəsi və sadə idman qurğuları fəaliyyət göstərir. ümumilikdə Muxtar Respublikada 33 idman obyekti tikilib, yenidən qurulmuş və ya əsaslı şəkildə təmir olunaraq istifadəyə verilib”.
Ali Məclisin sədri görülmüş işlərə görə təşəkkürünü bildirib, nöqsan və çatışmazlıqların aradan qaldırılacağına, qarşıya qoyulan tapşırıqların gələcəkdə uğurla yerinə yetiriləcəyinə əminliyini ifadə edib.

Paylaş:
Baxılıb: 869 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30