Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 104 il əvvəl Bakı...

104 il əvvəl Bakı...

15.09.2022 [10:39]

Daşnak-bolşevik istilasından azad edildi

Mübariz ABDULLAYEV

Hər zaman zirvədə olan Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı tarixində bir neçə taleyüklü məqamı ayrıca qeyd edə bilərik. Tariximizdə silinməz iz buraxan və gələcəyimiz üçün müstəsna önəm daşıyan belə məqamların sırasında 1918-ci ilin payızında baş verən hadisələr xüsusi önəm daşıyır. Söhbət həmin il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik əsarətindən qurtulmasından gedir. Tam əminliklə demək mümkündür ki, zamanında bəhs etdiyimiz hadisələr baş verməsə idi, gələcək nəsillərə Bakını Azərbaycanın paytaxtı kimi görmək xoşbəxtliyi nəsib olmayacaqdı.

Gəncədən başlayan xilaskarlıq missiyası

Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycanda xilaskarlıq missiyasına Gəncədən başladı. Bəhs olunan dövrdə Gəncədə vəziyyət ağır idi. Erməni-bolşevik qruplaşması Bakı kimi Gəncəni də tamamilə öz nəzarəti altına keçirmək istəyirdi.

Belə çətin dönəmdə AXC-nin köməyinə Qafqaz İslam Ordusu çatdı. Açıq demək lazımdır ki, bu ordu birləşməsi olmasaydı, AXC Gəncədə öz fəaliyyətini təşkil edə bilməyəcəkdi. Qeyd edək ki, Nuru paşanın komandan təyin olunduğu Qafqaz İslam Ordusu beş minlik əlahiddə Azərbaycan hərbi korpusu, beşinci, doqquzuncu və on beşinci Çanaqqala alaylarının bazasında yaradılmışdı. Türk qoşun hissələrinin Gəncəyə gəlməsi erməni-bolşevik qruplaşmasının böyük hiddətinə səbəb olmuşdu. Onlar iki istiqamətdən - Şamaxı yolu və dəmir yolu xətti ilə Bakıdan Qərbə doğru irəliləyərək Gəncəyə can atırdılar. S.Şaumyanın rəhbərlik etdiyi qüvvələrin məqsədi Gəncədə AXC-nin fəaliyyətinə imkan verməmək, milli hökuməti elə beşikdəcə boğmaq idi. Buna görə də yerli əhali tərəfindən dəstəklənən Qafqaz İslam Ordusu qəti hərəkətə keçərək Şərqə doğru istiqamət götürdü. İyunun 10-da Gəncədə ermənilərin tərk-silah edilməsinə başlanıldı. Ermənilərin tamamilə tərk-silah edilməsi üç gün ərzində başa çatdırıldı. Bununla da Gəncədə AXC hökuməti və Qafqaz İslam Ordusu üçün gözlənilən təhlükənin qarşısı alındı.

Daşnak-bolşevik qüvvələrinin Gəncədə məğlubiyyətə uğraması və AXC-nin buradakı fəaliyyəti Şaumyan başda olmaqla, Bakı xalq komissarları sovetinin rəhbərliyini hiddətləndirdi. Bakı Xalq Komissarları Soveti tərəfindən AXC-nin və Qafqaz İslam Ordusunun fəaliyyətinə son qoymaq üçün xüsusi plan hazırlanmışdı. Elə bu məqsədlə də 1918-ci il iyunun 4-də 20 minlik Bakı soveti qüvvələri hərbi və dəniz işləri üzrə komissar Korqanovun əmri ilə Hacıqabuldan qərb istiqamətində hücuma başladı. Qafqaz İslam Ordusu düşmən qüvvələrini Qaraməryəm ətrafında qarşıladı.

Düşmən qüvvələri ilk dəfə məğlubiyyətin acısını Göyçayda iyunun 27-də yaşadılar. Qafqaz İslam Ordusu düşmən qüvvələrinə sarsıdıcı zərbələr vurdu. Göyçayda aparılan uğurlu əməliyyatlardan sonra Qafqaz İslam Ordusu müdafiə taktikasını hücumla əvəzlədi və düşmən tərəf zəbt etdiyi ərazilərdən geriyə sıxışdırıldı. Ağsu, Kürdəmir düşməndən təmizləndi. İyulun 20-də Şamaxı Qafqaz İslam Ordusunun nəzarətinə keçdi.

Bakıya doğru hərəkət

Əlverişli coğrafi mövqedə yerləşən, eləcə də karbohidrogen ehtiyatları ilə zəngin olan Bakı tarixən istilaçıların, müxtəlif imperialist güc mərkəzlərinin iqtisadi və siyasi maraqlarının kəsişdiyi bir məkan olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan olunan vaxtda da Bakı yad əllərdə - erməni-bolşevik birləşmələrinin nəzarətində idi. Elə bu səbəbdən də AXC respublikamıza idarəçiliyi Gəncədən həyata keçirmək məcburiyyətində qalmışdı. Çox təhlükəli proseslər izlənilirdi. Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Sovetinin qarşıya qoyduğu əsas məqsədlərdən biri yaxın perspektivdə Bakının milli tərkibini ermənilərin xeyrinə dəyişmək, daha sonra isə Azərbaycandan ayırıb ona muxtariyyət statusu qazandırmaq idi. Digər imperialist güc mərkəzləri də Bakıda özlərinin çirkin niyyətlərini reallaşdırmaqdan ötrü əlverişli məqam gözləyirdilər. Bütün bu kimi amillər doğma şəhərimizin mümkün qədər tez bir zamanda erməni-bolşevik işğalından azad edilməsini həyati zərurətə çevirmişdi.

Bakıya doğru hərəkət edən türk-Azərbaycan əsgərləri iyulun 29-da və 30-da artıq Bibiheybət və Xırdalan istiqamətinə gəlib çatmışdılar. Milli qüvvələrdə böyük ruh yüksəkliyi var idi. Qafqaz İslam Ordusu qarşı tərəfə döyüşsüz təslim olmaqla bağlı müraciət etdi. Bakı sovetinin rəhbərliyinə bildirildi ki, şəhər döyüşsüz təslim ediləcəyi təqdirdə ermənilərin oradan istədikləri yerə çıxıb getmələrinə şərait yaradılacaq. Erməni-bolşevik qüvvələri belə bir humanist təklifə müsbət cavab vermədilər. Onlar bütün silahlı qüvvələrin döyüşlərə göndərilməsi ilə bağlı qərar qəbul etdilər. Qafqaz İslam Ordusu hissələri Bakı uğrunda döyüşlərdə düşmənin müqavimətini qırdı. S.Şaumyan hakimiyyətdən əl çəkdiyini elan etdi. Avqustun 1-də yeni hökumət - “Sentrokaspi” diktaturasının yaradıldığı elan edildi. Bu hökumətin eser, menşevik və ermənilər tərəfindən təşkil edildiyi bildirilsə də, əsas hakimiyyət daşnaksütyun partiyasının əlində idi.

Bakı uğrunda həlledici döyüşlər

Sentyabrın 14-də axşam saat 20:30-da Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakı şəhərinə hücumu başa çatdırmaq üçün 100 saylı əmri imzaladı. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatdırıldı.

Bakı uğrunda həlledici döyüşlər sentyabrın 15-də səhər saatlarında başladı. Qafqaz İslam Ordusu bir neçə saat davam edən döyüşlərdən sonra düşməni təslim olmağa məcbur etdi. “Sentrokaspi” rəhbərliyi məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı. Beləliklə, 104 il əvvəl Bakının erməni-bolşevik işğalından azad edilməsi böyük tarixi əhəmiyyət daşıyır. Məhz həmin tarixi zəfərdən sonra Bakı tarixdə ilk dəfə Azərbaycanın paytaxtı elan edildi. Xalqımız bu tarixi həmişə böyük minnətdarlıq hissi ilə xatırlayır.

Paylaş:
Baxılıb: 667 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31