Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Nazirlərin telefon söhbəti...

Nazirlərin telefon söhbəti...

16.11.2022 [11:49]

Politoloq: İranın parçalanması üçün silahın tətiyində gözləyənlər var

Nardar BAYRAMLI

Noyabrın 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər ikitərəfli gündəliyin aktual məsələlərini, habelə regional vəziyyəti müzakirə ediblər. Tərəflər iki ölkə arasında münasibətlərdə yaranmış son vəziyyətin, ictimai ritorika ilə bağlı narahatlığın və digər mövcud problemlərin qarşılıqlı dialoq və anlaşma çərçivəsində həll edilməsinin zəruri olduğunu bildiriblər. Bu xüsusda, Xarici İşlər nazirliklərinin mətbuat katibləri arasında əlaqə yaradılmasının faydalı ola biləcəyi diqqətə çatdırılıb. Telefon danışığı zamanı, nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb və təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.

Nazirlərin telefon danışığı nədən xəbər verir? İran Azərbaycana qarşı qərəzli mövqeyindən geri çəkiləcəkmi? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Şəbnəm Həsənova bildirib ki, İran sadəcə gücün sərt forması kimi hərbi təlimlərlə müşaiyət olunan əzələ nümayiş etdirmir, paralel olaraq gücün yumşaq formasını da işə salır, media vasitəsilə Azərbaycana qarşı təzyiq və təhdidlər yağdırır. Artan eskalasiya isə İran - Azərbaycan münasibətlərinin yaxşılaşmasına deyil, əksinə daha da pisləşməsinə xidmət edir ki, bu mənfi tendensiya mövcud vəziyyətdə ilk olaraq elə məhz İrana lazım deyil. Onun sözlərinə görə, bir müddət öncə də İran xarici işlər naziri Azərbaycan xarici işlər naziri ilə telefon danışığında “İran Azərbaycanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir” ifadəsini işlətmişdi. Şübhəsiz ki, rəsmi Tehran mövcud situasiyanın diktə etdiyi şərtləri də nəzərə alaraq Bakı ilə qarşıdurmadan geri çəkilməyin vacibliyini anlamamış deyil. Bu, hər baxımdan müsbət məqamdır.

Həmsöhbətimizin fikrincə, rəsmi Tehran görür ki, özünün Azərbaycana qarşı təhdidlər yağdırdığı bir vaxtda İrana qarşı güclər də koalisiyaya çevrilərək Bakını müdafiə etməyə başlayırlar. İran demək olar ki, bütün qonşuları ilə düşmənçilik şəraitindədir. Regional dövlətlərdən artıq Türkiyə və Gürcüstanın atdığı addımlar məlumdur. Rusiya özünü Qərbin birbaşa hədəfi olmaması baxımından İranın səhnədən tam zəifləyib aradan çıxmaması üçün çalışır. Boşluğa yol verib, regionda bu boşluğun İran tərəfindən doldurulmasını da qəti istəmir. Suriya ilə bağlı olan mövqeyindəki qarşıdurma da bura daxildir. Okeanın o tayından isə ABŞ-ın gözləmə məqamında dayanması, İsrailin də hər kəsə aydın olan mövqeyi İranı düzgün qərarlar verməyə məcbur edəcək.

“Çünki İran son zamanlarda region xaricindən gələn bəyanatlardan daha da aydın görür ki, regionda üstünlük hansı aktora verilir və İranın parçalanması üçün hər cür üsul və vasitələrə əl ataraq silahın tətiyində gözləyənlər var. Mülki missiyanın da bölgədə yerləşdirilməsinin əleyhinə olan İran, regionu yeni müharibə ocağına çevirməmək baxımından eyni tendensiyaya üstünlük verən aktorlarla münasibətləri qəlizləşdirməkdən çəkinməlidir. Elə İranın öz xeyiri baxımından qırmızı xətti keçilməməli olan aktor varsa, o, birinci Azərbaycandır. Biz İranla münasibətlərin gərginləşməsində maraqlı deyilik. Azərbaycan necə Ermənistanı sülhə məcburetmə addımları atdırdısa, İranla bağlı atdığı addımlar da indiki məqamda onu adekvat, düzgün qərarlar almağa, buna sövq etməyə hesablanıb. İranın daxili olmaqla, həm də xarici siyasətində yanlış addımlar atmasının nəticəsi onun bir dövlət kimi hal-hazırda beynəlxalq aləmdən təcrid olunması ilə nəticələnib. Həm də bu məsələ baxımından İranla müqayisədə mövcud beynəlxalq vəziyyət bizim lehimizədir. Odur ki, nazirlərin telefon danışığında da artıq vurğulandığı kimi, məsələlər qarşılıqlı dialoq və anlaşma çərçivəsində həll edilməlidir. Ən azından hələ ki, indiki məqamda buna gedilməlidir”, - deyə politoloq vurğulayıb.

Paylaş:
Baxılıb: 620 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31