Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanı inkişaf yolundan döndərmək mümkün deyil

Azərbaycanı inkişaf yolundan döndərmək mümkün deyil

16.04.2011 [11:19]

Millət vəkilləri hesab edirlər ki, xarici qüvvələrlə radikal müxalifətin əməkdaşlığı milli maraqlarımıza uyğun deyil
Milli Məclisin dünən keçirilən iclası millət vəkillərinin cari məsələlərlə bağlı çıxışları ilə başlayıb. Millət vəkilləri daha çox radikal müxalifət partiyalarının fəaliyyətinə və bir sıra xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin, beynəlxalq təşkilatların nümayəndələrinin onlarla gizli görüşünə diqqət çəkiblər.
öncə çıxış edən millət vəkili Asəf Hacıyev müxaliflərin səhv yolda olduğunu qeyd edib.
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bu gün radikal müxalifətə liderlik edən şəxslərin heç bir sosial dayağının olmadığını bildirib. Millət vəkili qeyd edib ki, radikal müxaliflərin Azərbaycan xalqı qarşısında heç bir xidməti yoxdur. Onlar yalnız dağıdıcılıqla məşğul olublar, ayrı-ayrı dövlətlərə xidmət ediblər. Onun sözlərinə görə, müxalifət insanları mitinqə müxtəlif yalançı vədlərlə aldatmaq, pul paylamaqla çıxarır. “Onlar öz ətrafına 300-400 nəfərdən çox adam toplaya bilmirlər. Nə maraq var ki, diplomatik korpusların nümayəndələri onlarla qapalı görüşlər keçirirlər? Bunlarda nə potensial görmüsünüz? Yəqin ki, Azərbaycanın maraqlarını satmaq potensialını görüsünüz. Radikal müxalifət nümayəndələri həmişə Azərbaycanın maraqlarını satıblar, indi də bu yoldadırlar. Biz isə belə maraqlara hər zaman yox deyəcəyik” - deyə, millət vəkili vurğulayıb.
Millət vəkili Fərəc Quliyev ölkədə xaos yaratmaq istəyən qüvvələrin guya mərhum Əbülfəz Elçibəyin yolunu davam etdirən təşkilatların təmsilçiləri olması barədə deyilənlərin doğru olmadığını bildirib. Onun sözlərinə görə, gerçək millətçilər baş verənlərlə bağlı başqa düşüncədədirlər. Millət vəkili deyib ki, Azərbaycan xalqı ərəblərin taleyini yaşamamalıdır. çünki xaricdən idarə olunan proseslər nəticəsində Yaxın Şərq bölgəsində xaosun yarandığı hamının gözü qarşısındadır. Ona görə də, Azərbaycan müxalifəti baş verənlərdən dərs çıxarmalı və onların ölkəmizdə təkrarlanmasına dəstək verməməlidir. F.Quliyev aprelin 8-də Azərbaycanda akkreditə olunmuş 20-yə yaxın ölkənin səfirlərinin və beynəlxalq təşkilat təmsilçilərinin “İctimai Palata” adlanan qurumun rəhbərliyi ilə qapalı görüş keçirməsini də tənqid edib. Onun sözlərinə görə, bu görüşdə iştirak edənlər səmimidirlərsə, müzakirə etdikləri mövzuları cəmiyyətdən gizlətməməlidirlər. F.Quliyevin fikrincə, Azərbaycan cəmiyyətinin bu görüşdən şübhələnməsi üçün kifayət qədər əsası var. Millət vəkili təklif edib ki, bu görüşün araşdırılması məqsədilə parlament komissiyası yaradılsın. Bu komissiya diplomatik korpus təmsilçilərinin fəaliyyətini araşdırsın. Lazım gələrsə görüşdə iştirak edən bəzi diplomatlar persona-non-qranta elan olunsun.
ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə çıxışında həmin görüşə haqq qazandırmaq istəsə də, həmkarları onun fikirlərilə razılaşmayıb.
Parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli əhalinin bütün təbəqələrinin Prezident İlham Əliyevi dəstəklədiyini bildirib. Onun sözlərinə görə, ölkə Prezidentinin 2006-cı ilə qədər pensiyaya çıxanların təqaüdlərinin yenidən hesablanması ilə bağlı qərarı bu təbəqədən olan insanlar tərəfindən çox razılıqla qarşılanıb. Təxminən 400 milyon manat maliyyə tutumu olan bu qərar 900 min pensiyaçının təqaüdünün artmasına gətirib çıxaracaq.
Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa da çıxışında xarici ölkələrin səfirlərinin “İctimai Palata” rəhbərləri ilə görüşünə toxunub. F.Mustafanın dediyinə görə, əslində, bu görüşdə elə bir qəbahət yoxdur. Amma görüşün qapalı keçirilməsi, görüşün keçirilməsi ilə bağlı xarici ölkə səfirliklərinin gətirdikləri arqumentlər narahatlığa əsas yaradır. Açıq görünür ki, onlar görüşün mahiyyətini gizlətməyə çalışırlar: “Qoy açıq desinlər ki, biz Azərbaycanda inqilab istəyən radikalları dəstəkləyirik”.
F.Mustafa onu da bildirib ki, özləri demokratiyadan danışan ABŞ və Avropa dövlətlərinin Azərbaycandakı səfirlikləri ölkəmizdə qeyri-şəffaf fəaliyyət göstərirlər: “Onlar ölkədəki müxalifət partiyalarına qarşı ayrı-seçkilik edirlər. Radikallarla tez-tez müzakirələr aparsalar da, islahatçı müxalifətlə təmaslara maraq göstərmirlər”. “F.Mustafa deyib ki, bütün bunları nəzərə alan Azərbaycan hakimiyyəti özü müxalifətlə münasibətlərini ayırd etməlidir. Hakimiyyət xarici qüvvələrin əlində kəşfiyyat işçisinə çevrilən müxalifəti xilas etmək üçün iş aparmalıdır.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı çıxışında radikal müxalifətin milli maraqları nəzərə almadığını bildirib. Onun sözlərinə görə, ABŞ-ın və Qərb dövlətlərinin müxalifəti müdafiə etməsi barədə fikirlər doğru deyil. çünki bu ölkələrin əksəriyyətində heç Əli Kərimlinin və İsa Qəmbərin kim olduğunu belə bilmirlər. Bu səbəbdəndir ki, Azərbaycana səfər edən xarici ölkə təmsilçilərinin heç biri onlarla görüşmürlər. M.Qurbanlının fikrincə, sadəcə olaraq bəzi dövlətlərin parlamentlərindəki ermənipərəst qüvvələr Azərbaycan müxalifətinə dəstək verirlər. Azərbaycan müxalifəti isə onların əlində alətə çevrilib. “Ancaq Azərbaycan cəmiyyəti radikalizmi dəstəkləmir. Bizim cəmiyyətdə radikalizm iflasa uğrayıb” - deyə, millət vəkili vurğulayıb.
YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov isə çıxışında bildirib ki, Azərbaycanda heç kim az sayda tərəfdarı olan insanların mitinq keçirmək cəhdlərindən, polislə toqquşmalara getməklə ictimai-siyasi sabitliyi pozmaq istəklərindən narahatçılıq keçirmir. çünki onların bu yolla hər hansı bir istəklərinə nail olmaq parametrləri yoxdur. Əli Əhmədovun sözlərinə görə, bu gün insanları düşündürən və müəyyən qədər narahatçılıq yaradan tamamilə başqa bir məsələdir. Bu da Azərbaycanın radikal müxalifətinin ideologiyasına çevrilməkdə olan düşmənçilik psixologiyası və əhval-ruhiyyəsidir. “Kiminsə Azərbaycan hakimiyyətində təmsil olunması yetər ki, radikal müxalifət ona düşmən kimi baxsın. Yetər ki, kimsə Azərbaycan parlamentinin üzvü olsun, müəyyən qədər yaxşı yaşasın, o da müxalifətin radikal qanadı üçün artıq düşmənə çevrilir. Radikal müxalifətin ideologiyasına çevrilən bu düşmənçilik ab-havası və psixologiyası nəticə etibarilə əslində Azərbaycana qarşı çevrilmiş olur” - deyə, o qeyd edib.
Əli Əhmədov bildirib ki, bu, fantaziya deyil, Azərbaycan həqiqətlərinin müxalifətlə bağlı olan reallıqlarıdır. YAP Sədrinin müavini fikrini faktlarla əsaslandırıb: “Təxminən bir il bundan əvvəl, Avropa ölkələrində mahnı müsabiqəsi keçirilərkən, bir müxalifətçi öz oğlu ilə birlikdə bu müsabiqədə iştirak edən azərbaycanlı ifaçını yox, ermənini dəstəklədi və sonra bu hərəkətinə Azərbaycan iqtidarına nifrəti ilə haqq qazandırmağa çalışdı. Belələri sabah da başqa bir məqam gələndə kiməsə nifrətini əldə əsas gətirərək ermənilərə dəstək olacaqlar. Bizim narahatçılığımız bundandır. Eyni zamanda, müxalifətin radikal qanadının nəzarətində olan qəzetləri səhifələmək yetərlidir ki, hər gün bu səhifələrdə Azərbaycan vətəndaşlarına qarşı, istənilən ziyalıya qarşı, vətənpərvərə qarşı düşmənçilik əhval-ruhiyyəsini aydın şəkildə görəsən. Nəticə etibarilə bütün bunların hamısı Azərbaycana qarşı düşmənçiliyə, nifrətə çevrilir və gələcək perspektivdə qorxulu bir məqam gətirə bilər. Ona görə də, Azərbaycan parlamentinin və hər bir şüurlu, düşüncəli insanların qarşısında duran məqsəd ondan ibarət olmalıdır ki, bu düşmənçilik əhval-ruhiyyəsinin genişlənməsinin qarşısının alınması istiqamətində addımlar atılsın”.
Bu fikri davam etdirən Milli Məclisin sədr müavini Bahar Muradovanın sözlərinə görə, radikal müxalifət, hətta parlamentdə daim onların mövqeyini müdafiə edən İqbal Ağazadəni də düşmən kimi qəbul edir. Onlar İ.Ağazadənin “İctimai Palata”da təmsil olunmasına razılıq vermirlər. Vitse-spiker bildirib ki, xarici diplomatlar Azərbaycan cəmiyyətinin müxalifət təmsilçiləri ilə keçirilən görüş barədə narahatçılığına reaksiya verməlidirlər: “Mən o səfirlərin yerinə olsaydım, bu görüşlə bağlı izahat verərdim. Məsələn, mətbuat həmin görüşdə maliyyə söhbətinin olduğunu yazır. Məncə səfirlər buna aydınlıq gətirməlidirlər. Bizim fəaliyyətimizin şəffaf olmadığını deyirlər, amma özləri bu hərəkəti edirlər”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev 20 ölkənin səfirini Müsavat partiyasına ABŞ səfirliyinin topladığını bildirib. BAXCP sədrinin sözlərinə görə, Avropa ölkələrinin ABŞ-ın təsiri altında olduğu heç kimə sirr deyil. ABŞ-ın Azərbaycandakı səfiri də görüşə öz müavinini göndərməklə iz azdırmağa çalışıb.
Məsələyə münasibət bildirən Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, əgər hansısa dairələr Azərbaycanın inkişafına qarşı çıxmaq, bu inkişafa zərər vurmaq istəyirlərsə, cəmiyyətimiz həmişə onlara qarşı olacaq. Bu qüvvələr bilməlidirlər ki, Azərbaycan müstəqil siyasət həyata keçirir və bu yoldan dönməyərək inkişafını davam etdirəcək. O.Əsədov bildirib ki, bu gün radikal müxalifətə dəstək verən xarici qüvvələr heç də xoş məram nümayiş etdirmirlər. Bəzi beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələrinin müxalifətlə görüşündən narahatlığını bildirən spikerin sözlərinə görə, bu təşkilatlar fəaliyyətlərində şəffaf olmalıdırlar.
“Bizə həmişə şəffaflıqdan dərs keçənlərin özləri müxalifətlə qapalı görüş keçirirlər. Əgər fəaliyyətlərində şəffafdırlarsa, nə üçün mətbuata açıqlama vermirlər? Belə birlik nümayiş etdirən beynəlxalq qurumlar yaxşı olardı ki, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ problemini həll etsinlər. Onda bunu xalqımız çox yüksək səviyyədə qarşılayar. Ancaq belə görüşlərin hansı məqsədə dəstək olduğuna nəzər salanda onların niyyətlərini qəbul etmək mümkün deyil” - deyə, O.Əsədov vurğulayıb. MM sədri qeyd edib ki, Azərbaycanın inkişafı yolunda əldə olunan nailiyyətlər, Prezident İlham Əliyevin müstəqil daxili və xarici siyasətinin uğurları bəzilərinin ürəyincə deyil. Onun sözlərinə görə, bu səbəbdən də cəmiyyətimiz hər hansı təhdidlərə qarşı hazır olmalıdır.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 857 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30