Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ulu öndər Heydər Əliyev güclü iqtisadi və siyasi dayağa malik müstəqil dövlət qurdu

Ulu öndər Heydər Əliyev güclü iqtisadi və siyasi dayağa malik müstəqil dövlət qurdu

28.04.2011 [10:54]

Azərbaycanın əldə etdiyi bütün nailiyyətlər ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf konsepsiyasının nəticəsidir
XX əsrdə ikinci dəfə dövlət müstəqilliyinin elan olunmasından cəmi 20 il keçməsinə baxmayaraq, Azərbaycanın nümunə ola biləcək iqtisadi inkişaf modelini ortaya qoyması hər bir kəsdə maraq doğurur. Təbii olaraq, cəmiyyətimizin bütün təbəqələrində Azərbaycan iqtisadiyyatının yaratdığı möcüzələr haqqında maraqlı diskussiyalar gedir, fikirlər səsləndirilir. Hətta, hazırda, Azərbaycanın sosial-iqtisadi inkişaf modeli xarici dövlətlərdəki elmi-tədqiqat mərkəzlərinin əsas araşdırma mövzusuna çevrilib. Bütün bu nailiyyətlər isə əlbəttə ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf konsepsiyasının nəticəsidir...
Ulu öndərimiz Azərbaycanın müstəqil dövlət kimi yaşamaq üçün əsaslarını yaratdı...
Ulu öndərimiz Heydər Əliyevin fəaliyyəti boyunca hər zaman Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi üçün bütün mümkün vasitələri işə salması, xalqımızın xoşbəxtliyi və firavan yaşaması istiqamətində gərgin işləməsi göz önündə olub. ümummilli lider Heydər Əliyev fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın yüksək inkişafı, xalqımızın xoşbəxtliyi və əhalinin sosial rifahının təmin olunması istiqamətində gərgin və əzmkarlıqla çalışaraq, mənalı ömür yolu keçən dahi şəxsiyyətdir. Azərbaycanda siyasi-iqtisadi, ictimai-sosial, elmi-mədəni, ümumiyyətlə, bütün sahələrdə əldə olunmuş uğurlar ümummilli lider Heydər Əliyevin hakimiyyətinin əsas mahiyyətini təşkil edib. İstər 1969-1982-ci illərdəki birinci, istərsə də 1993-2003-cü illərdəki ikinci hakimiyyəti dövründə Ulu öndər bütün həyatını və fəaliyyətini Azərbaycanın inkişafına həsr edib.
Hələ 70-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi olduğu dövrlərdə, Ulu öndərimiz ölkəmiz və xalqımıza görə, o zaman üçün mümkün olmayan tədbirləri həyata keçirib. Ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti dövrünə nəzər saldıqda, respublikamızda ictimai-sosial, iqtisadi-siyasi, mədəni-humanitar bölmələrdə köklü dəyişikliklərin və əvvəlki illərə nisbətən müqayisəolunmaz dərəcədə inkişaf tempinin, genişmiqyaslı quruculuq işlərinin davamlı xarakter almasını müşahidə etmək mümkündür.
Həmin dövrdə ölkənin iqtisadi həyatında tamamilə, yeni bir mərhələnin inkişafına yol açıldı, o vaxta kimi daha çox kənd təsərrüfatı ölkəsi olan Azərbaycanda neft-kimya, maşınqayırma, metallurgiya, mədənçıxarma və digər sahələrin, ümumilikdə, sənayenin sıçrayışlı inkişafına impuls verilmiş oldu. 1969-cu ildə sənaye obyektlərinin sayı 735  ədədə bərabər idisə, 1982-ci ildə bu rəqəm 1048-ə çatdırıldı. Ulu öndər Heydər Əliyev qısa müddət ərzində Onun hakimiyyətindən əvvəlki dövrdə, yəni, 40-50 ildə istifadəyə verilən müəssisələrin yarısı qədər sənaye müəssisəsi yaratmağa nail oldu. İş ondadır ki, 1969-1982-ci illərdə yaradılan sənaye kompleksi həm istehsal gücünə, həm miqyasına, həm də kapital dövriyyəsinə görə, ən nəhəng müəssisələr sayıla bilər. Eyni zamanda, bu illərdə istifadəyə verilmiş sənaye obyektləri respublikamızın “onurğa sütunu” hesab edilir...
Onun qurub-yaratdığını 2 il ərzində dağıtdılar...
Amma Heydər Əliyevin qısa müddət ərzində siyasi səhnədə olmaması həm Azərbaycan, həm də xalqımız üçün böyük itkilərə gətirib çıxardı. Mərkəzdən idarəolunan satellitlərin hakimiyyətə gətirilməsi nəticəsində tarixi torpaqlarımızın ilhaqı başlandı və qanlı 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədildi. çox təəssüflər olsun ki, qlobal proseslərin nəticəsi olaraq, müstəqillik qazanmış Azərbaycan Respublikasının rəhbərliyində ilk vaxtlarda ümummilli lider Heydər Əliyev olmadı. Bu səbəbdən də, torpaqlarımızın ermənilər tərəfindən işğal olunmasına və dövlətimizin parçalanmasına qədər böyük sosial-iqtisadi və siyasi fəlakətlər baş verdi.
Həmin dövrdə səriştəsiz, tam təsadüflə, heç bir siyasi biliyə və təcrübəyə malik olmayan “siyasətçilər” dövlət postlarını zəbt etdilər. Onlar “demokratiya” sözünü təkrarlaya-təkrarlaya xalqın istəyini, arzusunu nəzərə almadan öz maraqları naminə bildiklərini həyata keçirməklə, ölkədə vətəndaş qarşıdurmasına rəvac verdilər.
ölkənin cənubunda, şimalında, qərbində müxtəlif silahlı qüvvələr separatçılıq əməllərilə məşğul idilər. Onlar AXC-Müsavat hakimiyyətinin səriştəsizliyindən, zəifliyindən və iradəsizliyindən istifadə edərək, özlərini “müstəqil subyekt” elan etmək istəyirdilər. Belə bir şəraitdə Azərbaycan yenidən parçalanma və müstəqilliyini itirmə təhlükəsilə qarşı-qarşıya durmuşdu. Bu səbəbdən də, deyirik ki, ümummilli lider Heydər Əliyevin fəaliyyətinin ikinci mərhələsinin başlanğıcı Azərbaycanın çox ağır siyasi-iqtisadi böhran dövrünə təsadüf edirdi...
Ulu öndər Müstəqil Azərbaycanı xilas etdi və qurdu...
ümumiyyətlə, dünya ölkələrinin təcrübəsi göstərir ki, bazar iqtisadiyyatına keçid yalnız çoxmülkiyyətli iqtisadiyyat və azad rəqabət şəraitində mümkündür. Bu proses, adətən, iqtisadi münasibətlərin bütün səviyyələrini əhatə edərək təkamül yolu ilə baş verir. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda planlı iqtisadiyyatdan yeni iqtisadi sistemə transformasiya bir sıra fərqli xüsusiyyətlərə malik oldu. Yəni, keçmiş SSRİ-nin süqutu, bir-birilə sıx iqtisadi əlaqədə olan müəssisələr arasında mövcud münasibətlərin pozulması, siyasi rəhbərliyin səriştəsizliyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin törətdiyi fəsadlar, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, Azərbaycanın bütövlükdə xaosa sürüklənməsi ölkənin sosial-iqtisadi həyatının iflic olmasına səbəb olmuşdu. Söylədiyimiz faktları o dövrkü iqtisadi mənzərənin makroiqtisadi göstəricilərilə də daha aydın şəkildə sübut etmək olar:
- 1991-1993-cü illər ərzində ölkə iqtisadiyyatı hər il orta hesabla 16 faiz və bunun nəticəsində əhalinin pul gəlirləri 2 dəfə azalmışdı,
- ölkə istehsal potensialının demək olar ki, yarısını itirmişdi,
- maliyyə-bank sistemi iflic vəziyyətə düşmüşdü,
- büdcə kəsiri tamamilə Milli Bankın emissiyası ilə maliyyələşdirilirdi,
- dövriyyədə pul kütləsinin həddindən çox artması manatın kəskin şəkildə dəyərdən düşməsinə səbəb olmuşdu,
- inflyasiya hiperinflyasiya səviyyəsinə çatmışdı,
- xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmışdı,
- ölkə iqtisadiyyatına bir manat da olsun xarici sərmayə qoyulmamışdı və s.
Amma Ulu öndər Heydər Əliyev 1993-cü ildə ölkədəki ağır siyasi, sosial-iqtisadi durumu düzgün qiymətləndirərək, vəziyyətdən çıxış üçün potensial imkanların olmasını da əminliklə qeyd edərək, gələcək inkişaf barədə nikbinliyini də gizlətmirdi: “Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır vəziyyətdən çıxarmağa imkan verir. Digər tərəfdən, yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.
Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, 1994-cü ildə dünyaya səs salan “Əsrin müqaviləsi” imzalandı, irimiqyaslı sosial-iqtisadi islahatlar həyata keçirilməyə başlandı. İqtisadiyyatda liberallaşmanın təmin olunması üçün ilk addımlar atıldı, xüsusi mülkiyyətə əsaslanan bazar iqtisadiyyatının tələbləri reallaşdırıldı və ölkəyə investisiya qoymaq istəyən əcnəbilərin hökumətə təklifləri artmağa başladı. Beləliklə, siyasi və iqtisadi sabitlik bərqərar oldu, Azərbaycanın dinamik inkişafı üçün münbit zəmin formalaşdı. Bununla da, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, dinamik və davamlı iqtisadi inkişaf təmin edildi, insanların sosial vəziyyəti yaxşılaşmağa başladı. Ulu öndərimiz Heydər Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində əldə olunmuş nailiyyətləri aşağıdakı kimi qruplaşdırmaq olar:
- 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz,
- dövlət büdcəsinin gəlirləri 3 dəfə,
- ölkənin valyuta ehtiyatları 85 dəfə,
- sənaye məhsulunun həcmi 25,2 faiz,
- kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz,
- xarici ticarət dövriyyəsi və o cümlədən, ixrac 4 dəfə,
- iqtisadiyyatla məşğul olanların orta aylıq real əməkhaqqı təxminən 5,6 dəfə artdı,
- inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi,
- bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi.
Bu davamlı inkişaf isə uzaq perspektivlərə hesablanmış müdrik sosial-iqtisadi siyasətin həyata keçirilməsi nəticəsində təmin edilib. Əlbəttə ki, bu siyasətin həyata keçirilməsi bir sıra mühüm mərhələdən keçib. Belə ki:
- Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiya etməsi və ölkəyə xarici investisiyaların cəlb olunması üçün Ulu öndərimiz Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində 1994-cü ildən başlayaraq yeni neft strategiyası həyata keçirildi,
- sosial-iqtisadi islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə beynəlxalq tələblərə uyğunlaşmış mükəmməl qanunvericilik bazası yaradıldı,
- neft-qaz sənayesi ilə bərabər, iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsində özəl sektorun rolunun artırılması məqsədilə özəlləşdirmə proqramları qəbul olundu və xüsusi mülkiyyətə əsaslanan bazar iqtisadiyyatına transformasiya prosesi sürətləndirildi.
İnkişafın Azərbaycan modeli hər kəsin diqqət mərkəzindədir...
Bu gün ən nüfuzlu beynəlxalq təşkilatlar keçid mərhələsində milli iqtisadiyyatın formalaşdırılması ilə bağlı Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi “uğur” modelini birmənalı şəkildə yüksək qiymətləndirirlər. Onlar hesab edirlər ki, həmin strategiyanın reallaşdırılması sayəsində Azərbaycanda stabillik, dinamizm, əməkdaşlıq, təhlükəsizlik, demokratiyanın inkişafı təmin olundu.
ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu iqtisadi inkişaf strategiyası Azərbaycanın iqtisadi və siyasi nüfuzunun artmasına, dünya dövlətləri, xarici təşkilatlar, iri investisiya qurumları ilə əlaqələrinin möhkəmlənməsinə impuls vermiş oldu. Bununla da, əldə olunan böyük uğurlar sözün həqiqi mənasında inkişafın “Azərbaycan möcüzəsinin” gerçək məzmun daşıdığını üzə çıxardı.
Beləliklə də, Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsinə xidmət edən möhkəm iqtisadi özül yaratdı. ümummilli liderin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə Azərbaycanın keçid dövrünü başa çatdırmasına gətirib çıxardı.
Bildiyiniz kimi, müasir dövrdə qloballaşma prosesinin cəmiyyətin bütün sferalarına sürətlə təsir etdiyini nəzərə alaraq, demək olar ki, bir neçə onilliklər əvvəl formalaşmış iqtisadi modellər artıq dövlətlərin inkişafını davamlı şəkildə təmin edəcək keyfiyyətdə deyildi. Bu özünü həm keçmiş sosializm düşərgəsində yaşamış bəzi dövlətlərin, həm də klassik kapitalizm dünyasının üzvlərinin sosial-iqtisadi təcrübəsində göstərdi. çünki qloballaşmanın dərinləşdiyi dünyada öz milli iqtisadiyyatlarını beynəlxalq iqtisadi təsirlərdən qorumaq və xarici bazarlarda baş verən mənfi tendensiyalara dözümlülük nümayiş etdirmək hər ölkəyə nəsib olmur. Yəni, sonuncu qlobal maliyyə böhranı göstərdi ki, dünya iqtisadiyyatında baş verən proseslər dövlətlərin əksəriyyətini maliyyə bazarındakı sarsıntılardan sığortalamayıb. İnkişaf etmiş dövlətlər, eyni zamanda, transformasiya dövrünü yaşayan ölkələrin böyük əksəriyyəti qlobal böhranın təsirini güclü şəkildə hiss edib və bu proses hələ də davam etməkdədir.
Dünya iqtisadi böhranının bütün həmlələrini dəf edən Azərbaycanda isə düşünülmüş iqtisadi strategiyanın həyata keçirilməsi nəticəsində xarici amillərin təsirləri minimuma enib. Bu, o demək deyil ki, respublikamız dünya iqtisadiyyatı ilə, xarici maliyyə bazarları ilə təmasda olmayıb. Əksinə, Azərbaycan dünya dövlətləri ilə əlaqələrə malikdir və hər il ticarət dövriyyəsinin artması da bu faktı sübut etmiş olur. Azərbaycanın dünya iqtisadiyyatına və qlobal maliyyə bazarlarına inteqrasiyası hər il dərinləşir. Məsələ ondadır ki, Azərbaycanın xarici ölkələrlə sıx iqtisadi əlaqələrinə baxmayaraq, həyata keçirilən düşünülmüş iqtisadi siyasət və böhranqabağı gözlənilən fəsadların proqnozlaşdırılaraq preventiv addımların atılması böyük itkilərə səbəb ola biləcək təsirlərin qarşısını alıb.
Bütün bunlar bir daha sübut edir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasını və sosial-iqtisadi islahatlar siyasətini Prezident İlham Əliyevin daha da şaxələndirməsi, uğurla reallaşdırması nəticəsində dünya iqtisadiyyatı sistemində yeni təcrübə - Azərbaycan modeli formalaşıb.
Heydər Əliyev Azərbaycan xalqının əbədi öndəridir...
ümummilli lider Heydər Əliyevin ölkəmizin siyasi, iqtisadi, sosial, ictimai, mədəni həyatında gördüyü işlərin miqyası böyükdür. Onun Azərbaycanın inkişafı üçün əvəzsiz xidmətləri həm də məzmun etibarı ilə nəzərəçarpacaq dərəcədə təkrarolunmazdır. Siyasi-ictimai qanunauyğunluq göstərdi ki, Ulu öndər Heydər Əliyevin mahir dövlətçilik idarəçiliyini, strategiyasını bütün komponentləri ilə əxz etmiş Prezident İlham Əliyevdən başqa biri davam etdirə bilməzdi. ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi bütün iqtisadi və sosial hədəflər bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədləridir və bu strategiya bütünlüklə zəngin, qüdrətli Azərbaycanın davamlı inkişafına xidmət edir. Bu gün də davam etdirilən bu strategiya Ulu öndərin təməlini qoyduğu inkişaf konsepsiyasına söykənərək, yeni mərhələdə yeni keyfiyyət və kəmiyyət çalarları ilə zənginləşməkdədir.
Bilman VƏLİYEV,
YAP Abşeron rayon təşkilatının sədri, iqtisad elmləri namizədi

Paylaş:
Baxılıb: 907 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30