Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP Azərbaycanın ən güclü siyasi partiyasıdır

YAP Azərbaycanın ən güclü siyasi partiyasıdır

27.05.2011 [10:14]

Əli Əhmədov: Partiyamız gələcəkdə də Azərbaycanın inkişafında həlledici rol oynayan, bu inkişafı təmin edən siyasi təşkilat olaraq qalacaq
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov partiyanın Binəqədi rayon təşkilatı Gənclər Birliyinin fəalları ilə görüşüb. Görüşdə öncə YAP sıralarına yeni üzv olmuş gənclərə partiya vəsiqələri təqdim edilib. YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov YAP-a yeni üzv olan gəncləri təbrik edərək onların öz siyasi talelərini Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiya ilə bağlamalarının əhəmiyyətini vurğulayıb: “Gənclər bu qənaətdədirlər ki, özlərini ifadə etmək üçün ən əlverişli mühit YAP-dadır və bu partiyanın üzvü olmaqla həm də Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmək imkanları əldə etmiş olurlar. YAP gənclərə ən düzgün yol göstərəcək əzəmətli siyasi təşkilat, Azərbaycanın yaxın keçmişini, bu gününü və gələcəyini özündə ifadə edən güclü bir partiyadır. YAP-ın gücü, əzəməti və gələcəklə bağlı olan perspektivləri ilk növbədə, partiyanın istinad etdiyi ideya və prinsiplərə söykənir. YAP-ın yaradıcısı Ulu öndər Heydər Əliyev bu partiyanın formalaşmasının elə əzəmətli və əbədiyaşar prinsiplərini müəyyənləşdirib ki, bu prinsiplərə istinad edən partiya mövcudluğu dövründə həm üzvlərinin, həm də Azərbaycan xalqının bəslədiyi bütün ümidləri doğrulda bilib. Sevindirici haldır ki, gənclərin partiyamıza axını böyük vüsət alıb. Təkcə YAP Binəqədi rayon təşkilatında may ayında partiyamızın sıralarına 400 nəfərə yaxın şəxs üzv olub ki, onların da əksəriyyəti gənclərdən ibarətdir”.
YAP Sədrinin müavini Azərbaycan dövlətinin uğurlu gənclər siyasəti həyata keçirdiyini bildirib. Əli Əhmədov qeyd edib ki, dövlət hər zaman gəncliyə önəm verib və bu gün də verməkdədir. “Bu fakt bir daha təsdiqləyir ki, dövlətimiz Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirir”, - deyə o vurğulayıb.
Azərbaycanın sürətlə inkişaf etdiyini deyən YAP Sədrinin müavini qeyd edib ki, Prezident İlham Əliyevin siyasətinin məqsədi ölkəmizi zəngin, firəvan və qüdrətli dövlətə çevirməkdən ibarətdir. “YAP Azərbaycanın ən güclü, qüdrətli siyasi təşkilatıdır. Partiyamız gələcəkdə də Azərbaycanın inkişafında həlledici rol oynayan, bu inkişafı təmin edən siyasi təşkilat olaraq qalacaq”, - deyə Əli Əhmədov qeyd edib. O bildirib ki, Azərbaycan müasirləşir, modernləşir və bu proses davamlı xarakter daşıyır. Əli Əhmədovun sözlərinə görə, cəmiyyətimiz bu yeniliklərə uyğunlaşmalı, müasir dövrün çağırışlarına cavab verməlidir: “Təbii ki, bu prosesdə yenilikçi qüvvə olaraq gənclərin üzərinə böyük məsuliyyət düşür. Gənclərimiz bu prosesi irəli aparmaq üçün fəal olmalıdırlar. Sevindirici haldır ki, partiyamızın sıralarında təmsil olunan gənclər yüksək intellektual potensiala malikdir və bu məsuliyyətin öhdəsindən gəlmək iqtidarındadırlar”.
Əli Əhmədovun sözlərinə görə, Azərbaycan hökumətinin fəaliyyətində gənclərlə bağlı siyasət əsas yerlərdən birini tutur. Gənclərin yaxşı təhsil alması, müasir dünyagörüşünə yiyələnməsi, malik olduğu potensialı ifadə etməsi və bu potensialı Azərbaycanın inkişafı istiqamətinə yönəltməsi bu gün hökumətimizin həyata keçirdiyi siyasətin əsas qayəsini, ideya bazasını təşkil edir. ölkə Prezidentinin Sərəncamı əsasında 2011-2015-ci illərdə Azərbaycan gəncliyinin inkişafı ilə əlaqədar Dövlət Proqramının hazırlandığını deyən Əli Əhmədov bildirib ki, bu proqramda gəncliyin inkişafını təmin etmək üçün ən ümdə vəzifələr öz əksini tapacaq. YAP Sədrinin müavini qeyd edib ki, proqramın qəbul olunub həyata keçirilməsi Azərbaycan gəncliyinin daha da inkişafına ciddi təkan verəcək.
“YAP-ın mövqeyi bundan ibarətdir ki, ölkəmizin müasirləşməsi və modernləşməsində, bütövlükdə inkişaf, quruculuq prosesində Azərbaycan gəncliyi yaxından iştirak etməlidir. Gənclərimiz yüksək biliklərə, müasir dünyagörüşünə yiyələniblər. Bütün bu və digər amillər gənclərin Azərbaycanın inkişafında çox əzəmətli güc olduğunu ortaya qoyur. Hökumətimiz və partiyamız da bu gücdən faydalanmaq, Azərbaycanın inkişafı naminə bu amildən səmərəli istifadə etmək yolunu tutub”, - deyə o vurğulayıb. Əli Əhmədov bildirib ki, ölkəmizdə sabitliyin, əmin-amanlığın möhkəmləndirilməsi hər bir Azərbaycan vətəndaşının, xüsusilə, gənclərin borcudur. çünki Azərbaycanın gələcəyi gənclərlə bağlıdır. Ona görə də, gənclər bugünkü sabitliyin, əmin-amanlığın, dincliyin qorunmasında maraqlı olmalıdırlar ki, bütün bunların əsasında Azərbaycan daha da inkişaf etsin və gənc nəsil üçün daha yüksək rifahın təmin edildiyi bir Azərbaycan qurulsun. “Təəssüf ki, gənclərimizin kiçik bir hissəsini Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrin sifarişini həyata keçirən müxalifət partiyalarının radikal qanadı öz ətrafına toplayıb. Bəzi siyasi partiyalar var ki, gənclərdən özlərinin mənfi məqsədləri üçün istifadə edirlər. Onlardan ictimai-siyasi sabitliyi pozmaq, hansısa xarici qüvvələrin maraqlarını həyata keçirmək üçün istifadə etməyə çalışırlar. bir müddət öncə həmin partiyalar ölkədə sabitliyi pozmağa cəhd göstərdi.
Bu zaman gənclik dövlətçiliyimizin yanında oldu. Səhv yola gedən gəncləri isə bu yoldan çəkindirməkdə onlara kömək etməlisiniz. Yəni, gənc nəsil hər şeydən əvvəl özünü pozitiv göstərməyə çalışmalıdır. Az da olsa, gənclərimiz kimlərinsə maraqlarının həyata keçirilməsi üçün alətə çevrilirlər. Kim o tələyə düşübsə, o gənclərin həyatı sınır. Biz bunu istəmirik. İstəyirik ki, onlar düz yola yönəlsinlər, Azərbaycanın inkişafı naminə prosesdə iştirak etsinlər. Həmin qüvvələrin maraqları altına düşən gənclər dövlətçiliyimiz, partiyamız üçün təhlükə deyillər. Biz sadəcə, onların səhv yolda olmalarını istəmirik. Sağlam gənclik bu məsələlərə diqqət yönəltməlidirlər”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Daha sonra Əli Əhmədov gənclərin suallarını cavablandırıb. Həmçinin, fəal gənclərdən Rahil Şükürov, Şəhriyar Mövsümov, Sevinc İbrahimova və başqaları gənclərin ictimai-siyasi fəallığının artırılması ilə bağlı təkliflərlə çıxış ediblər.
Görüşdə YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı və YAP Gənclər Birliyinin sədri Seymur Orucov da iştirak edib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 892 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30