Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin yaz sessiyası başa çatıb

Milli Məclisin yaz sessiyası başa çatıb

01.06.2011 [09:58]

Millət vəkilləri bir sıra qanun və məcəllələrə vacib dəyişikliklər ediblər
Dünən Milli Məclisin yaz sessiyasının son iclası keçirilib. İclasda bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilib. öncə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.
Bildiriş vermədən əhalinin qaz və işığını kəsən müfəttişlər məsuliyyətə cəlb olunacaq
Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişiklikdə əsas məqsəd təbii qaz və elektrik enerjisi xətlərinin yazılı bildiriş verilmədən kəsilməsinin qarşısını almaqdır. Onun sözlərinə görə, dəyişikliklərin qəbulundan sonra yazılı bildiriş vermədən xətləri kəsən müfəttişlər məsuliyyətə cəlb olunacaqlar. Layihə müzakirələrdən sonra qəbul olunub.
Daha sonra “Yol hərəkəti haqqında” Qanuna dəyişikliklər layihəsi müzakirə olunub. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, son vaxtlar parlament tərəfindən bir sıra məcəllələrə və qanunlara edilən dəyişikliklər müvafiq dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunmasına xidmət edir. Ə.Hüseynli deyib ki, bu dəyişikliklərin təşəbbüskarı dövlət başçısıdır. Onun sözlərinə görə, həmin layihələr məhz Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə parlamentə daxil olub. Komitə sədri qeyd edib ki, qanunvericiliyə edilən mütərəqqi dəyişikliklər bilavasitə vətəndaşların mənafeyinə uyğundur və bütün sahələrdə şəffaflığın təmin edilməsilə şərtlənir. Layihə haqqında məlumat verən Ə.Hüseynlinin sözlərinə görə, qanunun 85-ci maddəsinə 85-1 əlavəsi edilib. Qanuna təklif olunan dəyişiklikdə inzibati xəta törətmiş şəxsə cəriməni müvafiq icra hakimiyyəti orqanının əməkdaşında olan xüsusi texniki vasitədən (POS-terminal) istifadə etməklə plastik kart vasitəsi ilə ödəmək imkanı verilir. Qəbul edilən qərar və təyin olunan cərimənin məbləği protokolda göstərilir.
“Yol hərəkəti haqqında” Qanuna edilən dəyişikliklər vətəndaşların maraqlarına uyğundur
Başqa bir əlavəyə əsasən inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 30 iş günü müddətində inzibati xəta törətmiş şəxs cərimə bildirişi üzrə müvafiq məbləği banka ödəməlidir. Barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərar qüvvəyə mindiyi gündən 3 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi miqdarında ödənişdən azad edilir. Bu müddətdə (30 iş günü ərzində) cəriməni qanuni əsas olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin müəyyən hissəsi qədər 2 faizi miqdarında dəbbə pulu tətbiq ediləcək. Cərimə 2 ay müddətində ödənilmədikdə isə, həmin qərarı qəbul etmiş məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanı inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi inzibati xəta törətmiş şəxsə və ya sahibinə qaytarılır. Cərimə 3 ay ərzində ödənilmədikdə isə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul ediləcək və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldiləcək.
Cavid Qurbanov: Bakıda 76 taksi dayanacağı tikiləcək
Müzakirələr zamanı çıxış edən millət vəkili Elmira Axundova dəyişiklikləri müsbət qiymətləndirib.
Digər millət vəkili Xanhüseyn Kazımlı bu dəyişiklikləri müsbət qiymətləndirsə də, Bakının bəzi küçələrindəki tıxaclardan şikayətlənib. Onun sözlərinə görə, dövlət yol polisləri tıxacların aradan qaldırılması üçün fəaliyyətlərini gücləndirməlidirlər.
“Azəryolservis” ASC-nin sədri, millət vəkili Cavid Qurbanov isə Bakıda 76 taksi dayanacağının tikiləcəyini bildirib. Onun sözlərinə görə, artıq bununla bağlı qərar hazırlanıb və hökumətə təqdim olunub. Millət vəkili deyib ki, bundan başqa, dövlət başçısının Sərəncamına əsasən Bakı şəhərində 120-dən artıq dayanacaq tikilməlidir. C.Qurbanovun fikrincə, görüləcək bu işlər tıxacların aradan qaldırılmasına kömək edəcək.
Zeynəb Xanlarova: Dünyanın hər yerini gəzmişəm və belə işlərin yalnız gecələr görüldüyünün şahidi olmuşam
Azərbaycanın Xalq artisti, millət vəkili Zeynəb Xanlarova çıxışında yol polislərinin fəaliyyətini yüksək qiymətləndirib. Onun fikrincə, Bakıda tıxacların yaranmasının əsas səbəbi yolların qazılması, tikinti işlərinin aparılmasıdır: “Əlbəttə, mən tikinti, quruculuq işlərinin əleyhinə deyiləm. Amma faktdır ki, gündüzlər görülən bu işlər yolda hərəkətə mane olur. Mən dünyanın hər yerini gəzmişəm və şahidi olmuşam ki, belə işlər gecələr görülür. Burada məqsəd isə nəqliyyatın, insanların gediş-gəlişinə mane olmamaqdır. Mən hesab edirəm ki, bu təcrübədən bizdə də istifadə olunmalıdır”.
Siyavuş Novruzov: Nəqliyyat sistemindəki vəziyyət tənzimlənməlidir
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da bu dəyişikliklərin tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, şəhərdə nəqliyyatın sıxlığı iqtisadi inkişafın göstəricisidir. Millət vəkili qeyd edib ki, MDB ölkələrində adambaşına düşən maşınların sayına görə Azərbaycan birinci yerdə gedir: “Tikinti-quruculuq işlərinin getməsi insanların gələcək həyatını təmin etmək üçündür. Bu işlər zamanı yaranan narahatlıqlar müvəqqəti xarakter daşıyır. Digər tərəfdən, yeraltı və yerüstü keçidlər var, amma çox zaman onlardan istifadə olunmur. Ona görə də, bu məsələ ilə bağlı insanlar arasında hüquqi maarifləndirmə aparılmalı, eyni zamanda, qanunlar tətbiq olunmalıdır. Həmçinin, taksi istifadəsi ilə bağlı dünya təcrübəsi tətbiq edilsə yaxşı olar. Məsələn, İstanbul kimi şəhərdə 14 min taksi var və bundan artıq ola bilməz. Bu gün bizdə isə kimsə sərəncam alaraq nə qədər istəyir, taksi gətirir və onlardan da şəhərdə istifadə edir. Bu da problem yaradır. Həmçinin, müxtəlif adamlar öz maşınlarından taksi kimi istifadə edirlər. Hesab edirəm ki, bu məsələlər tənzimlənməlidir”.
S.Novruzov bu sahədə Naxçıvan Muxtar Respublikasının yaxşı təcrübəsinin olduğunu bildirib. Onun sözlərinə görə, Muxtar Respublikada həm avtobus, həm də taksi sürücülərinin müəyyən qaydalara əməl etmələri vacib şərtdir. Bütövlükdə, Naxçıvanda nəqliyyat sistemi ciddi şəkildə tənzimlənib.
Məsələyə münasibət bildirən spiker Oqtay Əsədov deyib ki, qanunlara edilən dəyişikliklər vacibdir. Onun sözlərinə görə, dövlət başçısının imzaladığı sərəncamlar da insanların maraqları baxımından böyük əhəmiyyət kəsb edir. Spiker qeyd edib ki, görülən müsbət işlər təqdir olunmalıdır.
Sonda qanun layihəsi qəbul edilib.
Bu qanuna dəyişikliklərlə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinə də müvafiq dəyişikliklər olunub. Dəyişikliyə əsasən, inzibati xətaların törədilməsinə görə cəriməni 3 ay müddətində ödəməyənlərin nəqliyyat vasitələrini idarəetmə hüququ 6 ay müddətinə məhdudlaşdırılacaq.
İclasda, daha sonra Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər qəbul olunub. Dəyişiklik barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliklərə görə, vətəndaşların Ali Məhkəməyə müraciəti zamanı ərizəyə ilkin olaraq, Ali Məhkəmənin Plenumu tərəfindən təyin edilmiş 5 hakimdən ibarət məhkəmə heyəti baxacaq. Məhkəmə tərkibinə daxil olan hakim tərəfindən işə baxılmasına yol verilməyən hallar olduqda, Ali Məhkəmənin sədri həmin hakimi 5 ehtiyat hakimdən biri ilə əvəz edir. Ali Məhkəmənin Plenumu tərəfindən təyin edilən 5 hakim ərizəyə baxdıqdan sonra aşağıdakı qərarlardan birini çıxara bilər - ərizənin qaytarılması haqqında, ərizənin rədd edilməsi haqqında, ərizənin iş ilə birlikdə Ali Məhkəmənin Plenumuna göndərilməsi haqqında. Bu dəyişikliklər müzakirələrdən sonra qəbul olunub.
“Azadlığın məhdudlaşdırılması” cəza növü cinayət cəzaları sistemindən çıxarılıb
İclasda, həmçinin, Cinayət Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə də dəyişikliklər edilib. Hər iki məcəlləyə edilmiş dəyişikliklər “azadlığın məhdudlaşdırılması” cəza növünün cinayət cəzaları sistemindən çıxarılması ilə bağlı olub. Bununla əlaqədar olaraq adıçəkilən sənədlərdə müvafiq müddəalar çıxarılıb və ya digər cəza növü ilə əvəzlənib. Cəzaların İcrası Məcəlləsinə bununla bağlı keçid müddəa əlavə olunub.
Keçid müddəalarında qeyd olunub ki, əlavə və dəyişikliklər qüvvəyə minəndən sonra azadlığın məhdudlaşdırılması növündə cəza çəkən şəxslər barəsində hökmlərə yenidən baxılacaq. Məhkəmələr bu cəzaya məhkum olunmuş şəxslərin ərizəsi və ya cəzanı icra edən müəssisənin təqdimatı əsasında yenidən baxacaq. Qanun qüvvəyə mindiyi günədək azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmadıqda 1 gün azadlığın məhdudlaşdırılmasına 1 gün islah işləri hesablanmaqla, islah işləri cəzası ilə və ya 300 manatdan 500 manatadək cərimə cəzası ilə, cəzanın çəkilməmiş hissəsi 1 ildən 2 ilədək olduqda 1 gün azadlığın məhdudlaşdırılmasına 1 gün islah işləri hesablanmaqla, islah işləri cəzası ilə və ya 500 manatdan 800 manatadək miqdarda cərimə cəzası ilə əvəzlənəcək. Azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 2 ildən artıq olduqda isə 800 manatdan 1000 manatadək miqdarda cərimə cəzası tətbiq olunacaq.
Qeyd edək ki, iclasın sonunda dövlət himnin səsləndirilməsi ilə Milli Məclisin yaz sessiyası öz işini yekunlaşdırıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 861 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30