Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sankt-Peterburqda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının üçüncü konfransı keçirilib

Sankt-Peterburqda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının üçüncü konfransı keçirilib

07.06.2011 [09:51]

Xəbər verdiyimiz kimi, iyunun 4-də Sankt-Peterburqun “Tavriya” Sarayında Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) üçüncü konfransı keçirilmişdir. Konfrans gənclər təşkilatının ötən iki ildə fəaliyyətinə yekun vuraraq, gələcək inkişaf strategiyasını müəyyənləşdirib.
Əvvəlcə Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səslənib.
Sonra RAGT-ın ötənilki irimiqyaslı fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-ın sədri Leyla Əliyeva tədbiri giriş sözü ilə açaraq, uğurlu fəaliyyətinə və fəal mövqeyinə görə Rusiyanın azərbaycanlı gənclərinə minnətdarlığını bildirib. Leyla Əliyeva deyib ki, RAGT iki ildir fəaliyyət göstərir. Bu müddətdə xeyli iş görülüb kifayət qədər yaxşı nəticələr əldə edilib. Leyla xanım deyib: “RAGT-ın coğrafiyası daim genişlənir. İndi azərbaycanlı gənclər klubları təkcə Moskvada və Sankt-Peterburqda deyil, Arxangelsk, Tver, İvanov, Yekaterinburq və digər regionlarda da mövcuddur. Təşkilatımız gənclərin həyatının bütün istiqamətlərini - idman, səhiyyə, təhsil və mədəniyyəti əhatə etməyə çalışır”.
Qurumun mühüm layihələrindən söz açan natiq qeyd edib ki, RAGT-ın ən başlıca aksiyası “Xocalıya ədalət” beynəlxalq kampaniyasıdır. Kampaniyanın məqsədi 1992-cı ilin fevralında baş vermiş, 613 dinc sakinin - qadınların, uşaqların, qocaların həyatına son qoymuş bu faciə haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. RAGT-ın başçısı deyib: “Xocalı Azərbaycan xalqının heç vaxt unudulmayacaq ağrısıdır. Əminəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli həllini tapacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Kampaniya çərçivəsində bütün qitələrdə tədbirlər həyata keçirilir: konfranslar təşkil olunur, kitablar nəşr edilir, filmlər çəkilir. Bu yolla Xocalı faciəsi haqqında həqiqətləri bilən insanların sayı durmadan artır”.
Qurumun təhsilə və Azərbaycanın təbliğinə böyük diqqət yetirdiyini qeyd edən Leyla Əliyeva deyib ki, RAGT Rusiya gənclərini, o cümlədən ölkədə yaşayan Azərbaycan gənclərini Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatı ilə getdikcə daha yaxından tanış edir: “Sevindirici haldır ki, Rusiyanın bir çox regionlarında “Azərbaycan bazar günü məktəbləri” açılır. Yaxın günlərdə Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan otağı açılacaq. Burada təkcə Azərbaycan gənclərinin nümayəndələrinə deyil, həm də maraqlanan bütün şəxslərə Azərbaycan haqqında informasiya təqdim olunacaq”.
Bununla yanaşı, RAGT sağlamlığa və sağlam həyat tərzinə böyük diqqət ayırır. Artıq bir neçə ildir keçirilən “Qanın milləti yoxdur” aksiyası çərçivəsində qurumun könüllüləri ehtiyacı olan bütün şəxslərə təmənnasız qan verirlər. Bu aksiya təkcə Moskvanı deyil, RF-nin regionlarını da əhatə edir. RAGT, həmçinin “Sağlamlığına əmin ol - xəstəliyə “YOX” de” aksiyası da təşkil edir. Bu aksiya çərçivəsində bütün arzu edənlər pulsuz müayinə olunurlar. Qurumun Birləşmiş Millətlər Təşkilatının İçV/QİçS üzrə birgə proqramı olan UNAIDS-lə müştərək layihəsi çərçivəsində RAGT-ın fəalları universitet və məktəblərdə QİçS-ə dair maarifləndirmə işləri aparır, narkotiklərin, tütünün zərərindən söz açır, habelə müvafiq leksiyalarla regionları dolaşırlar.
RAGT idmana da xüsusi diqqət yetirir. Leyla Əliyeva bildirib ki, dalbadal üçüncü ildir ki, Heydər Əliyev Kuboku uğrunda mini-futbol çempionatı keçirilir. O, deyib: “çox xoşdur ki, çempionat iştirakçılarının sayı getdikcə artır və regionların nümayəndələri ona qoşulurlar”.
L.Əliyeva vurğulayıb ki, qurum breyn-rinq komandasını dəstəkləyir, “Nə? Harada? Nə vaxt?” oyunu üzrə çempionat və s. təşkil edir.
RAGT-ın sədri deyib: “Xüsusi qeyd etmək istəyirəm ki, Rusiya ali məktəblərinin əksəriyyətində fəaliyyət göstərən Azərbaycan klubları müntəzəm olaraq tədbirlər təşkil edirlər. Mən belə təşəbbüslərə görə həmin tədbirlərin təşkilatçılarına minnətdarlığımı bildirmək istəyirəm. çünki bu illər ərzində Azərbaycan musiqisi, milli mətbəx günləri və s. keçirilmişdir. Bu gün Rusiyanın Azərbaycan klubları geniş fəaliyyətlərinə görə örnək ola bilərlər. Biz milli mədəniyyətimizi, adət-ənənələrimizi layiqincə təmsil etməyə çalışırıq, xalqımızın tarixi-mədəni irsinə məhəbbətlə, eyni zamanda, dünyanın mədəni müxtəlifliyinə hörmətlə yanaşırıq. Azərbaycan və Rusiyanı uzun illərdir mehriban qonşuluq və dostluq münasibətləri bağlayır. Xüsusi qeyd etmək lazımdır ki, “Eurovision müsabiqəsində Azərbaycana ilk 12 balı məhz Rusiya vermişdir. Şəxsən mənim üçün, bu, bir işarə, parlaq qələbənin carçısı oldu. ölkəm qalib gələndə duyduğum qürur və sevinc hislərini heç nə ilə müqayisə etmək olmaz. Mən sizin hamınızı gələn il Azərbaycana - “Eurovision-2012”-ə dəvət edirəm”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında bildirib ki, RAGT yarandığı gündən özünü müasir cəmiyyətin işgüzar və lazımlı strukturu kimi təqdim edib. Diplomat deyib: “Qurumun rəhbəri Leyla Əliyevanın fəal mövqeyi və təşkilatçılıq bacarığı sayəsində RAGT fəaliyyət göstərdiyi cəmi iki il ərzində ucsuz-bucaqsız Rusiya məkanında Azərbaycanın aydın səsinə çevrilmişdir”.
Səfir bildirib ki, hazırda RAGT ictimai həyatın bütün sahələrində gənclər arasında qarşılıqlı münasibətlərin, ənənəvi Rusiya-Azərbaycan dostluq əlaqələrinin gələcək inkişafının əhəmiyyətli və lazımlı vasitəsinə çevrilib.
Azərbaycanın gənclər siyasətindən və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanmasından söz açan gənclər və idman naziri Azad Rəhimov deyib ki, RAGT-ın çoxşaxəli fəaliyyəti Rusiyanın sayı 170 mindən çox olan azərbaycanlı gənclərinin fiziki və mənəvi sağlamlığının dəstəklənməsinə yönəldilib. A.Rəhimov vurğulayıb ki, RAGT olduqca lazımlı və faydalı fəaliyyət formalarından istifadə edərək, mədəni-maarif və sosial layihələr vasitəsilə vətəndaşlıq şüurunun inkişafına şərait yaradır. Nazir deyib: “RAGT iki tərəfə hərəkəti olan körpüdür. Təşəbbüsünüzün uğur qazanmasında həm Azərbaycan, həm də Rusiya maraqlıdır”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov çıxışında keçmiş Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan-Rusiya münasibətləri tarixinə qısa ekskurs edərək, ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı əlaqələrin yüksək səviyyəsinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın Rusiya ilə münasibətlərə böyük qayğı ilə yanaşdığını qeyd edən Elnur Aslanov deyib: “İki ölkənin gəncləri arasında dövlətlərimızın başçıları İlham Əliyev və Dmitri Medvedev tərəfindən yüksək səviyyədə dəstəklənən bu münasibətləri bundan sonra da möhkəmləndirmək istiqamətində qarşıda böyük vəzifələr durur. Bu gün Rusiyanın azərbaycanlı gəncləri qarşısında elm, mədəniyyət və təhsil əlaqələrini möhkəmləndirmək üçün imkanlar açılır. Rusiyada tələbəlik təkcə təhsil potensialı deyildir, həm də Azərbaycan reallıqlarının qeyri-rəsmi səfiri olmaq deməkdir. Onlar ölkəmizin uğur va nailiyyətlərini Rusiyanın mədəni və elmi ictimaiyyətinə çatdırmalıdırlar. Şadam ki, RAGT son illər, məhz, bu missiyanı uğurla həyata keçirir”.
Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov qurumun İdarə Heyəti adından konfrans nümayəndələrinə ünvanlanmış müraciəti oxuyub. Müraciətdə RAGT-ın fəaliyyətinə və onun rəhbəri Leyla Əliyevanın təşkilatçılıq istedadına yüksək qiymət verilib, həmçinin “Gənclər Sivilizasiyaların Alyansı uğrunda” qlobal hərəkatın yaradılması və inkişafı ideyasının reallaşmasına onun şəxsi töhfəsi vurğulanıb. E.İsgəndərov deyib: “Zənnimizcə, həm RAGT-ın üzvləri, həm də bütün azərbaycanlı gənclər fəxr etməlidirlər ki, məhz Azərbaycan təmsilçisi Leyla Əliyeva Sivilizasiyalar Alyansının Gənclər Məsləhət Şurasına seçilmiş və İKT-nin 57 ölkəsini burada layiqincə təmsil edir”.
MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi - katibliyin rəhbəri Mixail Krotov, Sankt-Peterburq Administrasiyasının Gənclər Siyasəti Komitəsinin sədri Aleksandr Nikolayev, Sankt-Peterburq Dövlət Universitetinin prezidenti Lyudmila Verbitskaya, “Yedinaya Rossiya” Partiyasının “Molodaya qvardiya” ümumrusiya İctimai Təşkilatının Əlaqələndirmə Şurasının həmsədri Alyona Arşinova, Rusiyanın Gənclər və Uşaq Təşkilatları Birliyinin sədri Aleksandr Sokolov, habelə konfransın qonağı - Latın Amerikasının gənclər təşkilatlarının vitse-prezidenti Xulian Luqo Mendes azərbaycanlı gənclər təşkilatının fəaliyyətini yüksək qiymətləndirərək bildiriblər ki, RAGT-ın uğurlarını, onun beynəlxalq proseslərə inteqrasiyasını böyük məmnuniyyətlə izləyirlər. Onlar qurumun sivilizasiyaların və mədəniyyətlərin yaxınlaşmasına, beynəlxalq gənclər dialoquna, habelə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə müsbət töhfəsini xüsusi vurğulayıblar.
Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyindən, xalqımızın qəhrəmanlığından söz açan general-leytenant Aleksandr Volox deyib: “çox şadam ki, Azərbaycan sürətlə inkişaf edir”. O, dövlətçiliyimizin təşəkkülündə və inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayaraq deyib: “Bu gün çiçəklənən və inkişaf edən Azərbaycan hamımızı heyran edir. Lakin istənilən halda Azərbaycan gəncləri ölkənin ərazi bütövlüyünün pozulması ilə razılaşa bilməzlər. Gənclərin vəzifəsi bu ədalətsizliyə son qoyub, dövlətin suverenliyini bərpa etməkdir”.
Natiqlər Azərbaycan duetinin “Eurovision-2011” mahnı müsabiqəsində möhtəşəm qələbəsi münasibətilə Azərbaycanı təbrik ediblər.
RAGT-ın Moskva və regional gənclər təşkilatlarının nümayəndələri görülmüş işlərdən söz açıblar.
Forumun birinci iş günü Petropavlovsk qalasında Azərbaycan və Rusiya estradası ulduzlarının iştirak etdikləri konsertlə başa çatıb.
İyunun 5-də forum işini təhsil, elm və mədəniyyət, sağlam həyat tərzi və idman, iqtisadiyyat, biznes və sahibkarlıq, beynəlxalq əməkdaşlıq, gənclər və KİV-lər seksiyalarında davam etdirib.
“Tavriya” Sarayının foyesində “Azərbaycan” adlı fotosərgi açılıb.
Konfrans iştirakçılarına və qonaqlara Heydər Əliyev Fondu tərəfindən nəşr etdirilmiş kitablar və disklər, “AMOR” (“RAGT”) və “Baku” jurnallarının növbəti nömrələri paylanıb.

Paylaş:
Baxılıb: 963 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30