Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda yeni iqtisadi münasibətlər sisteminin formalaşması mərhələləri

Azərbaycanda yeni iqtisadi münasibətlər sisteminin formalaşması mərhələləri

09.06.2011 [10:09]

Hazırkı yüksək inkişaf və tərəqqi mərhələsinə qədəm qoymuş Azərbaycan bu tarixi mərhələyə heç də qısa zaman kəsiyində və asan yolla çatmayıb. Respublikamız qazandığı sosial-iqtisadi uğurlara və bu sahədə nümayiş etdirdiyi artım templərinə yerli resursların səmərəli istifadəsi və sosial ədalət prinsiplərinə uyğun bərabər bölüşdürülməsi, xüsusən də, düşünülümüş mükəmməl iqtisadi strategiyanın həyata keçirilməsi yolu ilə nail olub. Müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanın dinamik templərlə iqtisadi tərəqqisini özündə ehtiva edən inkişaf strategiyasının hazırlanaraq həyata keçirilməsi yalnız ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra mümkün olub. 1992-ci ildə dövlət suverenliyini bərpa edən Azərbaycan Respublikasında demokratik dövlət quruculuğu və kompleks institisional islahatların həyata keçirilməsi, azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılması, yeni iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat sisteminin yaradılması və digər köklü dəyişikliklər obyektiv zərurətə çevrilmişdi.

90-cı illərin əvvəllərində Azərbaycan ağır iqtisadi-siyasi-sosial fəlakətlə üzləşmişdi...
Yenicə müstəqilliyini bərpa etmiş bütün keçmiş sovet respublikaları kimi Azərbaycanın da qarşısında yeni formasiyanın mühüm zəruri siyasi, sosial, iqtisadi, hüquqi qanunauyğunluqları dururdu. İnkişaf etmiş dünya ölkələrinin təcrübəsi göstərir ki, hər bir cəmiyyətin davamlı sosial-iqtisadi inkişafı və yeniləşməsi, dünya birliyinə inteqrasiyası, yeni iqtisadi münasibətlərin formalaşması yalnız çoxmülkiyyətli bazar iqtisadiyyatı, azad rəqabətin və liberal qiymətlərin üstünlük təşkil etdiyi şəraitdə mümkündür. Məhz bu nöqteyi-nəzərdən ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqil Azərbaycan dövləti həddindən artıq çətin bir vəziyyətlə üzləşmişdi və qeyd etdiyimiz sferalar üzrə əsaslı dəyişiklikləri həyata keçirmək əzmində olan siyasi rəhbərlik lazım idi.
çox təəssüf ki, olduqca mürəkkəb siyasi və sosial-iqtisadi vəziyyətin səciyyəvi olduğu 90-cı illərin əvvəlində hakimiyyətə səriştəsiz qüvvələrin gəlməsi bu islahatların həyata keçirilməsini mümkün edə bilmədi və hətta Azərbaycanın demokratik dövlət quruculuğu istiqamətində geriyə doğru addımlar atıldı. İlk növbədə, hakimiyyəti zorla ələ keçirən siyasi rəhbərliyin səriştəsizliyi ucbatından milli dövlət quruculuğu istiqamətində heç bir iş görülmədi, əksinə, respublikamızın məhv olmaq təhlükəsi meydana çıxdı.
Məhz ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra müstəqil Azərbaycan məhv olmaqdan xilas oldu, ölkədə dövlətçiliyin milli əsaslarının yaradılması istiqamətində köklü dəyişikliklər baş verdi. Onu da qeyd etmək lazımdır ki, həmin dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etməsi, 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması, keçmiş ittifaqının süqutu nəticəsində respublikalardakı müəssisələr arasında mövcud əlaqələrin pozulması və digər amillər ölkəmizin sosial-iqtisadi həyatında xaosa gətirib çıxarmışdı. Ona görə də, belə bir vəziyyətdə köklü dəyişikliklərə nail olmaq olduqca çətin və ağır bir iş idi. Ulu öndərin ölkəyə rəhbərliyi sayəsində siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.

Ulu öndər Heydər Əliyev ölkənin milli inkişaf konsepsiyasını hazırladı...
Ulu öndərin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət müstəqilliyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası müəyyən edildi. Bu strateji konsepsiya ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla hazırlandı. Ulu öndər ilk növbədə, çoxmülkiyyətli bazar iqtisadiyyatının başlıca tələblərinin təmin olunması istiqamətində siyasi iradə nümayiş etdirdi və iqtisadi transformasiyanın qanunauyğunluqlarını nəzərə alaraq əsaslı islahatlara start verdi. Heydər Əliyev həmin dövrdə müstəqil dövlətin yeni transformasiyaya keçid ilə islahatlar həyata keçirilməsinin olduqca çətin və mürəkkəb olduğunun bildirirdi: “Azərbaycan istiqlaliyyət əldə etdiyi vaxtdan bəri öz həyatını, dövlətini, iqtisadiyyatını, öz milli mənafelərini əsas tutaraq, demokratiya prinsipləri əsasında qurur. Bu da bütün iqtisadi sistemin ciddi şəkildə yenidən qurulmasını qarşıya bir şərt kimi qoyur. Bununla əlaqədar olaraq Azərbaycan azad iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri əsasında yenidənqurma strateqiyasını elan etmişdir və bu yolla gedir. Təbiidir ki, 70 il ərzində başqa sosial-iqtisadi sistem şəraitində yaşamış olan respublika üçün bu yol son dərəcə çətin və mürəkkəbdir. Lakin bununla yanaşı, bu iqtisadiyyatdakı çətinlikləri aradan qaldırmaq, sosial-iqtisadi böhrandan çıxmaq və Azərbaycanı dünya iqtisadi sisteminə qoşmaqdan ötrü iqtisadiyyatın inkişafını beynəlxalq standartlara müvafiq surətdə təmin etmək üçün yeganə yoldur”.
Dünya iqtisadiyyatının başlıca tələblərindən biri iqtisadi transformasiya prosesinin təkamül yolu ilə düşünülmüş və təmkinli olaraq həyata keçirilməsindən ibarətdir. Davamlı və sistemli bir proses olan təkamül yolu bir qayda olaraq iqtisadi münasibətlərin bütün səviyyələrini əhatə edir. Məhz bu mənada təmkinli, uzaqgörən siyasi xətlə paralellik təşkil edən təkamül yolu Azərbaycanda bazar iqtisadiyyatının təməl prinsiplərinə çevrildi.

Liberal bazar iqtisadiyyatı və bərpa, inkişaf mərhələsi...
Müstəqil Azərbaycanın azad və liberal bazar iqtisadiyyatına əsaslanan inkişaf yolunu həmin dövrdə, yəni 90-cı illərdə iki əsas mərhələyə ayırmaqla səciyyələndirmək olar: Birinci, 1991-1993-cü illəri əhatə edən tənəzzül dövrü, ikinci, 1995-ci ildən başlayan bərpa və dinamik inkişaf dövrləri.
Birinci mərhələnin iqtisadi mənzərəsini həmin illərin makroiqtisadi göstəricilərinə nəzər salmaqla açıq şəkildə görmək olar. Belə ki, 1991-1993-cü illər ərzində ölkə iqtisadiyyatında milli inkişaf tempi hər gün aşağı düşür və ümumi daxili məhsulun (üDM) kəskin azalması baş verirdi. üDM hər il orta hesabla 16,5 faiz azalırdı. Tənəzzül meyilləri həmin dövrdə iqtisadiyyatın əsas aparacı bölməsi olan sənayedə xüsusilə kəskin xarakter almışdı və bu sahədə daha dərin böhran tsiklləri nəzərə çarpırdı. Vaxtilə keçmiş ittifaqda aparıcı sənaye respublikası kimi tanınan Azərbaycanın sənaye sektoru yeni müstəqil dövlətlər içərisində ən ağır durumu ilə xarakterizə oluna bilərdi. Məsələn, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi ölkəmizdə 1991-ci ildə 11 faiz, 1992-ci ildə 37,5 faiz, 1993-cü ildə isə 50,8 faiz azalmışdı. Bu, olduqca yüksək rəqəm idi və milli iqtisadiyyatın tamamilə tənəzzülə uğraması demək idi. Nəzərə alsaq ki, bu dövrdə Azərbaycanın milli iqtisadiyyatının və milli gəlirlərinin 70 faizə yaxını məhz birbaşa sənaye sektoru ilə bağlı idi, onda mövcud situasiyanın nə dərəcədə ağır olması aydın olur.
1993-cü ildə Azərbaycan istehsal potensialının demək olar ki, 2/3-ni itirmişdi və milli gəlirin əldə olunması yox dərəcəsində idi. ölkə üzrə istehsal sahələrinin böyük bir hissəsinin sıradan çıxması, digərlərinin isə xammal qıtlığı və satış bazarları problemi ilə üzləşməsi iqtisadiyyatı defolt həddinə çatdırmışdı. Belə bir dövrdə iqtisadi xaos sosial böhranı dərinləşdirirdi, işsizlik səviyyəsi artmışdı və ölkəni kütləvi işsizlik təhlükəsi gözləyirdi. 1992-1993-cü illərdə makroekonomik göstəricilər respublikamızın acınacaqlı vəziyyətini qabarıq şəkildə əks etdirirdi. 1992-ci ildə inflyasiya səviyyəsi 1012,3 faizə çatmışdı. Yəni, ölkədə qiymət indeksinə və bazara nəzarət tamamilə itmişdi və maliyyə sistemi demək olar ki, sıradan çıxmışdı. Azərbaycan 1993-cü ildə hiperinflyasiya mərhələsinə qədəm qoymuş və bu dövrdə inflyasiya ən yüksək həddə, 1763,5 faizə çatmışdı. Büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 1991-ci ildəki 0,2 faizdən 1993-cü ildə 15 faizə qədər artmışdı.
Büdcə kəsiri bütövlükdə Milli Bank (indiki Mərkəzi Bank) tərəfindən maliyyələşdirilirdi. 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmış, 1994-cü ilədək ölkə iqtisadiyyatına bir manat da olsun belə xarici sərmayə qoyulmamışdı. Həmin dövrdə Milli Bankın təyin etdiyi uçot dərəcəsi 250 faiz təşkil edirdi. Qeyd etdiyimiz kimi, sosial böhrana yol açan situasiya əhalinin ağır maddi vəziyyətinin yaranmasına səbəb olmuşdu və sosial güzəran daha da ağırlaşırdı. 1991-1994-cü illərdə əhalinin pul gəlirləri real ifadə ilə 3,5 dəfə, adambaşına düşən pul gəlirləri orta hesabla 3,7 dəfə aşağı düşmüşdü. 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əməkhaqqısı isə 5,7 dəfə azalmışdı. Bütün bunlar həmin dövrdəki Azərbaycan iqtisadiyyatının mənzərəsini əks etdirən makroiqtisadi göstəricilər idi. Yəni, ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü.

çoxmülkiyyətli yeni iqtisadi sistemə keçidin başlıca komponentləri...
Amma bu xaos və tənəzzül çox da davam etmədi və Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan xalqı bu bəladan xilas oldu. ümummilli liderin gərgin və əvəzolunmaz fəaliyyəti nəticəsində ölkəmizdə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı.
Ulu öndər Heydər Əliyev mövcud ağır duruma baxmayaraq yaxın müddətdə ölkəmizin inkişaf edəcəyinə, xalqın sosial rifah halının yaxşılaşacağına inandığını bəyan edirdi: “Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.
Ulu öndər Heydər Əliyev milli iqtisadiyyatın formalaşdırılmasını və ədalətli sosial cəmiyyətə keçidi məhz ilk növbədə, liberal iqtisadiyyatın təmin edilməsində görürdü. Bu məqsədlə, 1994-cü ildən planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün strateji qərarlar qəbul edildi. Məlum olduğu kimi, iqtisadiyyatın liberallaşdırılması özündə çoxsistemli tədbirləri ehtiva edir və islahatların dinamikliyini təmin etmək üçün kompleks tədbirlər həyata keçirilməlidir. Bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank-maliyyə sisteminin formalaşdırılması, torpaq və aqrar islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin təmin edilməsi reformaların əsas komponentləridir.
Liberal bazar iqtisadiyyatının bütün komponentlərini həyata keçirməyi islahatların başlıca hədəflərinə çevirən Azərbaycan hökuməti 1994-cü ildən başlayan bərpa və dinamik inkişaf dövrünün tələblərinə uyğun qətiyyətli addımlar atdı. Dövlətin tabeçiliyində olan torpaq mülkiyyəti kəndlilərə verildi ki, bu sahədə respublikamız MDB-də ilk islahat aparan ölkə hesab olunur. Digər sahələrdə də özəlləşdirmənin həyata keçirilməsi nəticəsində iqtisadiyyatın strukturunda ciddi keyfiyyət dəyişiklikləri baş verdi və liberal iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yarandı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. İqtisadi transformasiyanın sürətləndirilməsi sayəsində planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün münbit şərait formalaşdı. İqtisadiyyatın əsasını təşkil edən neft sektoru ilə yanaşı, digər sahələrdə də genişmiqyaslı islahatlara başlanıldı. Bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank sistemlərinin formalaşdırılması, aqrar islahatlarının həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bazar iqtisadiyyatına keçidin əsası qoyuldu və sahibkarlıq sinfi formalaşdı.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası iqtisadi inkişafa böyük təminat idi...
çoxmülkiyyətli və liberal iqtisadiyyatı təmin etmək və kompleks islahatlar aparmaq üçün ilk növbədə, maliyyə resurslarının olması olduqca vacibdir. Həmin illərdə ölkəmizin maliyyə resurslarını formalaşdırmaq üçün zəngin xammal ehtiyatlarının istismarı və dünya bazarlarına çıxarılması zəruri idi. 1994-cü ilin sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması və icrasına başlanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. “Əsrin müqaviləsi”ni imzalamaqla respublikamızın yaxın illər üçün güclü maliyyə resurslarının formalaşmasına baza yaratdı. Bir neçə ildən sonra əldə ediləcək mənfəət nefti ölkəmizin sosial-iqtisadi, ictimai-humanitar, elmi-mədəni həyatında əsaslı dönüş yaradacaqdı. Bu tarixə hadisə ilə həm də ölkəmizin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Eyni zamanda, Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını da yaratdı.
Neft-qaz sektorunda həyata keçirilən genişmiqyaslı işlər iqtisadiyyatın digər sahələrinin inkişafında lokomativ rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. İqtisadi islahatların və liberal bazar münasibətlərinin genişlənməsi və sürətlənməsi ilk növbədə bu sahədə müvafiq qanunların, baza sənədlərinin mövcudluğu, onların təkmilləşdirilməsi ilə sıx bağlıdır. Buna görə də, Azərbaycan hökuməti iqtisadi qanunvericiliyin təkmilləşdirilməsi, yeni iqtisadi qanunların hazırlanması ilə bağlı bir sıra ciddi addımlar atdı. 1993-1997-ci illərdə “Sahibkarlıq fəaliyyəti haqqında”, “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Maliyyə sənaye qrupları haqqında” qanunlar qüvvəyə mindi. Bununla yanaşı, qanunvericilik bazasının genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı bir sıra işlər görüldü.
Həmin illərdə xarici investorların ölkəyə axınını sürətləndirmək, onlara iş fəaliyyəti üçün əlverişli şərait yaratmaq, xarici ticarəti sərbəstləşdirmək, sahibkarlığı inkişaf etdirmək üçün bir sıra qanunlar qəbul edildi, milli iqtisadiyyatın dünya iqtisadi sisteminə uyğunlaşdırılmasını təmin edən qanunvericilik bazası yaradıldı. Həmin dövrdə qəbul olunan “Sahibkarlıq haqqında” Qanun sahibkarlıq fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirməklə yanaşı, iqtisadiyyatın bazar iqtisadiyyatı yolu ilə inkişafı üçün əlverişli hüquqi zəmin demək idi. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası isə respublikamızın siyasi-iqtisadi, sosial-humanitar bölmələri ilə bağlı bütün təfərrüatları özündə əks etdirməklə strateji əhəmiyyətinə görə, seçildi. Ulu öndər müstəqil ölkənin ilk Konstitusiyasının iqtisadi və sosial islahatlara, milli inkişafa böyük təminat verdiyini bildirirdi: “ümumxalq səsverməsi - referendum nəticəsində müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunubdur. Azad, demokratik seçkilər əsasında müstəqil Azərbaycan Respublikasının ilk demokratik parlamenti seçilibdir. Qəbul olunmuş Konstitusiya nəinki daxili siyasi sabitliyi təmin edir, həm də götürdüyümüz strateji xəttin həyata keçirilməsi üçün bütün şərait və imkanların yaradılmasını nəzərdə tutur, buna hər cür təminat verir. Təkrar edirəm, demokratik hüquqi dövlət qurulması, demokratik vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatına uyğun dəyişikliklərin, iqtisadi islahatların həyata keçirilməsi, xarici investisiyalar, azad sahibkarlıq üçün şərait yaradılması və onun mənafelərinin qorunması, xüsusi mülkiyyətin inkişafının təmin olunması, habelə, şəxsiyyətin, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi - bütün bunlar Konstitusiyamızın müvafiq maddələrində kifayət qədər dolğun və konkret təcəssümünü tapıbdır. Bununla yanaşı, Konstitusiya sahibkarlıq üçün, xarici investisiyalar üçün, xüsusi mülkiyyətin inkişafı üçün tam təminat verir, xüsusi sahibkarlığın mənafelərinin qorunmasını təmin edir”.

İqtisadiyyatın proporsionallığı və balanslaşdırılmış siyasət dinamik inkişafı sürətləndirdi...
Beləliklə, iqtisadi sahədə yeni qanunların qəbul olunması, Azərbaycanın iqtisadi qanunlarının Avropa standartlarına uyğunlaşdırılması və digər qanunvericilik təşəbbüsləri respublikamızın milli inkişafını təmin etməklə bərabər, dünya ölkələri ilə sıx inteqrasiyasını dərinləşdirdi, Avropa bazarlarına çıxışı üçün əlverişli imkanlar yaratdı. Bazar iqtisadiyyatının tənzimlənmə mexanizmləri və iqtisadi subyektlərin fəaliyyətinə dövlət nəzarət sisteminin gücləndirilməsi, yeni iqtisadi münasibətlərin fəlsəfi-hüquqi-iqtisadi əsaslarının möhkəmlənməsi, yeni iqtisadi təfəkkürün formalaşması milli iqtisadiyyatın inkişafını sürətləndirdi. 1995-ci ildən başlayaraq iqtisadiyyatın artım tempi hər il əhəmiyyətli dərəcədə yüksəlməyə başladı. 1996-cı ildə ümumi daxili məhsul istehsalının artım tempi 1,5 faiz, 1997-ci ildə həmin rəqəm 5,8 faiz, 1998-ci ildə isə 10 faiz təşkil etdi. İqtisadiyyatın aparıcı sahəsi olan sənayedə geriləmənin qarşısı alındı və bu bölmədə artım müşahidə edildi. ümumilikdə, 1996-2002-ci illər ərzində sənaye məhsulu istehsalı 23,6 faiz, yaxud orta hesabla ildə 3,6 faiz artdı.
Sənayenin inkişafı ilə yanaşı, kənd təsərrüfatında da yüksək inkişaf meyilləri nəzərə çarpmağa başladı. Ulu öndər milli sahibkarlığın inkişafına xüsusi diqqət yetirir və yerli sahibkarların daha fəal olması sayəsində bazar iqtisadiyyatının inkişafının sürətlənəcəyinə, özəl bölmənin xüsusi çəkisinin artacağına dərin inam bəsləyirdi: “Azərbaycanın hər bir sahibkarı özünü respublika iqtisadiyyatının bir hissəsi bilməli və ölkənin iqtisadi tərəqqisi üçün səylər göstərməlidir. Məhz belə sahibkarlar uğurla fəaliyyət göstərə bilər, girişdikləri məsələlərlə sərbəst məşğul ola bilər, öz iqtisadi, intellektual potesnialından heç bir məhdudiyyət olmadan istifadə etmək imkanına malik olar, eyni zamanda, Azərbaycanda sahibkarlığın, bazar iqtisadiyyatının inkişafına, böhranın aradan qaldırımasına kömək göstərə bilərlər. Mən sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir Azərbaycan vətəndaşına məhz belə yanaşıram, onlara öz ehtiramımı bildirir, onların fəaliyyətinə səmimi münasibət göstərirəm”.
Ulu öndərin bu uzaqgörənliyi bir neçə ildən sonra tamamilə öz təsdiqini tapdı. İqtisadiyyatın real inkişaf templəri məhz özəl sektorun payının artması, milli sahibkarlığın aparıcı qüvvəyə çevrilməsi sayəsində mümkün oldu. 1999-cu ilin dekabrında Azərbaycanın mənfəət nefti ilə doldurulmuş ilk tankerinin dünya bazarlarına çıxarılması isə respublikamızın etibarlı maliyyə ehtiyatlarının formalaşmasının əsasını qoydu. Bununla da, ölkəmizdə islahatların dinamikliyini daha da artırmaq, irimiqyaslı layihələr həyata keçirmək, əhalinin sosial yaşayışını yaxşılaşdırmaq üçün davamlı və etibarlı maliyyə rezervləri mənbəyi formalaşdı. Azərbaycan hökuməti mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsini, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini başlıca prioritetlər hesab etdiyini ilk gündən atdığı addımlarla sübut etdi.
İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etdi. 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85 dəfə artaraq 4,6 trilyon manata (köhnə manatla) çatdı. Beləliklə, tam əminliklə demək olar ki, 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül məngənəsindən çıxaraq, iqtisadi inkişaf və yüksəliş yoluna qədəm qoydu. Ulu öndər milli inkişaf modelinin əsas istiqaməti kimi iqtisadiyyatın sosialyönümlü olmasına mühüm əhəmiyyət verirdi. Məhz bu nöqteyi-nəzərdən inkişaf edən ölkənin milli gəlirləri sosial proqramların təmin olunmasına yönəldilib.

Sosial ədalət prinsipi və milli gəlirlərin bölüşdürülməsi...
Milli gəlirlərin bölüşdürülməsini sosial ədalətin başlıca prinsipi hesab edən Azərbaycan hökuməti ölkəmizin maliyyə imkanları yaxşılaşdıqca, bu vəsaitləri, ilk növbədə insanların sosial həyat şəraitinin yaxşılaşmasına yönəltməyə başladı. Bunun nəticəsində respublikamızın ümumi sosial inkişaf göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşdı. 1995-2003-cü illər ərzində ölkəmizdə böyük sosial-iqtisadi dəyişikliklər müşahidə olunmağa başladı. Məsələn, 1994-cü ildə minimum pensiya məbləği təxminən 1 manat təşkil etdiyi halda, bu rəqəm 2003-cü ildə 20 manatı ötdü. Orta aylıq əmək haqqı isə təxminən 5 dəfə artdı. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 95 faiz, sənaye məhsulunun həcmi 25,7 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, xarici ticarət dövriyyəsi 4 dəfə, orta aylıq real əməkhaqqı 5,1 dəfə artdı. İnflyasiya səviyyəsi isə 2-3 faizə endirildi. Büdcə gəlirləri 1995-cii ildə 500 milyon manat olduğu halda 2003-cü ildə 1,5 milyard manatı ötdü. 2003-cü ildə dövlət büdcəsinin gəlirləri 1,5 milyard manat, xərcləri isə 1,7 milyard manat təşkil etdi. Bu illər ərzində bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi.
ümumiyyətlə, iqtisadi və sosial islahatlar həyata keçirilərkən həm də idarəetmə prosesi ilə sıx bağlı olur. İdarəetmənin doğru, elmi və hərtərəfli həyata keçirilməsini cəmiyyətin normal və sabit inkişafının əsası hesab etmək olar. İnsanların sosial vəziyyətinin inkişafı, onların yaşam tərzlərindəki kəskin fərqlərin aradan qaldırılması isə ancaq sosial ədalət prinsipinin idarəetmədə əsas mövqe tutması ilə bərqərar ola bilər. Azərbaycanın iqtisadi inkişafında hər zaman sosialyönümlüyün gözlənilməsi ilə əlaqədar olaraq görülən məqsədyönlü tədbirlər hesabına ölkəmizdə beynəlxalq standartlara uyğun sosial müdafiə modeli təşəkkül tapıb. Hər bir ölkənin yüksək inkişafa nail olmasında və cəmiyyətin idarə olunmasında sosial ədalət və milli gəlirlərin ədalətli bölgüsü prinsipi mühüm yer tutur. Sosial ədalət, eyni zamanda, geniş sosial təminatlardır: işlə təmin olunma, təhsil, mədəniyyət, tibbi xidmət, mənzil əldə etmək, yaşlılara, qadınlara, uşaqlara qayğı, gender bərabərliyi deməkdir. çünki, sosial ədalət prinsipi insanların sosial rifah halının yaxşılaşdırılması deməkdir.
Azərbaycan hökuməti bütün bu komponentləri uğurla reallaşdırıb və yüksək nəticələr əldə edib. İqtisadiyyatın proporsional və balanslaşdırılmış inkişafının təmin olunması, həmçinin, effektivliyə doğru irəliləyişi, bazar iqtisadiyyatının intensivləşdirilməsi, liberal iqtisadiyyatın yeni mexanizmlərinin tətbiq olunması və digər islahatlar əhalinin maddi və mənəvi rifahının yüksəlməsinə, sosial ədalətin bərqərar olmasına şərait yaradıb. Bu prinsiplər Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca hədəflərini təşkil edib və dövlət başçısının rəhbərliyi ilə sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması prosesində mühüm uğurlara imza atılıb.

Keçid iqtisadiyyatına son və yeni inkişaf mərhələsi...
Ulu öndərin əsasını qoyduğu inkişaf strategiyasını zamanın tələblərinə cavab verən yeni çalarlarla zənginləşdirərək uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın tamamilə keçid iqtisadiyyatını arxada qoymasına nail olub. Yeni inkişaf mərhələsi isə Azərbaycanın iqtisadi modelinin tətbiq olunması fonunda başlayıb. Davamlı, dinamik inkişaf məntiqinə əsaslanan bu modelin strateji istiqamətləri tamamilə liberal bazar münasibətlərinə əsaslanan, sosialyönümlü iqtisadi sistemin və milli iqtisadiyyatın formalaşdırılması, ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasından ibarətdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, liberal iqtisadiyyatın təmin olunması ölkəmizin dünya birliyinə sıx inteqrasiyasını dərinləşdirir: “Biz tam şəkildə bazar iqtisadiyyatına keçmişik. Azərbaycan iqtisadiyyatı liberal iqtisadiyyatdır, müstəqil, dayanıqlı, öz resurslarına güvənən, dünya birliyinə sürətlə inteqrasiya edən iqtisadiyyatdır”.
Azərbaycanın yeni iqtisadi modeli çoxşaxəli iqtisadiyyatın inkişafına və innovativ iqtisadiyyatın möhkəmlənməsinə əsaslanır. Bu modelin baza sütunları diversifikasiya siyasətinin dərinləşdirilməsi nəticəsində iqtisadiyyatda liberalizmin daha dərin xarakter almasından, innovasiyaların iqtisadi idarəetmədə möhkəmlənməsindən ibarətdir. Azərbaycan artıq XXI əsrin ikinci onilliyində daha çox neftdən kənar sahələrin inkişafını stimullaşdırmaqla yaxın illərdə qeyri-neft sektorunun tarazlı inkişafını təmin etməyi başlıca məqsəd hesab edir. Postneft mərhələsindən sonra iqtisadiyyatda dominantlığın qeyri-neft sektoruna keçəcəyi şübhəsizdir və artıq bunun təzahürləri açıq şəkildə hiss olunur.

Azərbaycanın yeni milli iqtisadi inkişaf modeli...
ümumiyyətlə, milli iqtisadi inkişaf modeli dedikdə cəmiyyətin məqsədi, inkişaf istiqamətləri və onlara nail olunmasının metod və vasitələri başa düşülür. Hər bir ölkənin özünəməxsus inkişaf yolu və konsepsiyası, eyni zamanda, onların iqtisadi inkişaf modellərini fərqləndirən xüsusiyyətlər mövcuddur. Bu, iqtisadiyyatın tənzimlənməsində dövlətin iştirak səviyyəsi, iqtisadi inkişafın istiqamətləri, iqtisadi inkişafı təmin edən metod və mexanizmlərin tərkibi, onlardan istifadə səviyyəsi, bazar iqtisadiyyatına keçidi təmin edən iqtisadi islahatların tempidir. Hər bir ölkənin iqtisadi inkişaf səviyyəsini, sosial və milli şəraitini nəzərə alan hökumətin iqtisadi siyasəti əsasında milli inkişaf modeli formalaşdırılır. İqtisadi inkişaf modeli milli iqtisadiyyatın inkişaf yollarını ortaya qoyan baxış olmaqla hökumətin iqtisadi siyasətinin reallaşdırılmasını təmin edən vasitələrin və mexanizmlərin toplamıdır.
ümumiyyətlə, yeni inkişaf modeli ölkənin mühüm makroiqtisadi göstəricilərinə, kredit reytinqinə, ölkənin valyuta ehtiyatlarına, xarici borc faktoruna, iqtisadi artımın dinamikasına və digər amillərə əsasən hazırlanır və həyata keçirilir. Burada dövlətin gəlirləri, maliyyə sistemi və maliyyə münasibətləri, dövlət büdcəsi, büdcənin gəlir və xərc hissəsinin artım dinamikası, vergi, kredit sistemi, banklar, qiymətli kağızlar bazarı, qloballaşma, struktur siyasəti və beynəlxalq idarəetmə, dünya iqtisadiyyatı və beynəlxalq bazar, kapitalın beynəlxalq hərəkəti, xarici ticarət dövriyyəsi, idxal və ixracın strukturu, dinamikası, sosial siyasət və əhalinin sosial müdafiə sistemi kimi seqmentlər əsas yer tutur. Bu konsepsiya, həmçinin, bazar iqtisadiyyatı və makroiqtisadi idarəetmənin müasir strukturunu, sosialyönümlü bazar iqtisadiyyatı modelini, iqtisadi artımın sürətlənməsində dövlət tənzimlənməsini, inflyasiyanın mahiyyətini, işsizliyin tənzimlənməsini, təhsil, səhiyyə, mədəniyyət, ekologiya digər sahələrin inkişaf meyillərini özündə ehtiva edir.
Son illərin iqtisadiyyatın şaxələndirilməsi fonunda ölkəmizin makroiqtisadi mənzərəsi tam qətiyyətlə onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı struktur baxımıdan tam modernləşmə mərhələsinə qədəm qoyub və təbii ki, bu tendensiya birbaşa yeni iqtisadi inkişaf konsepsiyasının məntiqi nəticəsidir.
Diversifikasiya siyasəti ölkəmizin iqtisadi modernizasiyasına təkan verib. Modernləşmə isə iqtisadi-siyasi, ictimai-sosial, elmi-mədəni bölmələrin struktur və məzmun baxımından dəyişməsi, sivilizasiyaların dinamikliyinə uyğun olaraq yeni dövrün tələblərinə transformasiyasının qanunauyğunluğudur. Bu, siyasi və iqtisadi islahatların sistemli və məntiqi ardıcıllıqla dialektikasıdır. Bu çoxsistemli proses çərçivəsində ictimai münasibətlərin bütün frazaları təkmilləşir, iqtisadiyyatın strukturunda tam yeniləşmə meyilləri müşayiət olunur, yeni qabaqcıl texnologiyalar tətbiq olunur, sosial sferada reformalar həyata keçirilir, sosial rəqabətə əsaslanan dinamik cəmiyyət möhkəmlənir.

Sosialyönümlü iqtisadiyyatın təmin olunması və modernləşmə xətti...
Azərbaycanın milli iqtisadi inkişafı modeli vahid iqtisadi siyasət strategiyasının fundamental prinsiplərinə əsaslanır. Yeni iqtisadi təfəkkürün formalaşmasında və yeni milli iqtisadiyyatın inkişafında Azərbaycan iqtisadi modeli mükəmməlliyi ilə seçilir. ölkəmizin inkişaf modeli iqtisadi mahiyyətinə görə, həm də sosialllığı ilə seçilir. Yəni bu modelin alt qatı birbaşa sosialyönümlü liberal iqtisadiyyata bağlıdır. Bu siyasət ictimai münasibətlərin sosial ədalət ruhunda dəyişdirilməsinə, gəlirlərin bərabərləşdirilməsinə, insanlar arasında maddi bölgülərin istehlakında bərabərsizliyin aradan qaldırılmasına və son nəticədə sosial rifahın yüksəldilməsinə hesablanıb. Bu, eyni zamanda, dövlətin iqtisadi gücünün artımı əsasında yeni demokratik cəmiyyətin qurulmasına kömək edir.
Yeni inkişaf dövrünün iqtisadi tələbləri hazırda ölkəmizin qarşısında tamamilə yeni iqtisadi meyarlar qoyur. XXI əsrin ikinci onilliyində meydana çıxan siyasi-sosial, iqtisadi islahatların dinamikası və yeni dövrün qlobal çağırışları tamamilə müasir iqtisadi modelə ehtiyac yaradır. Dövlət bunun üçün mühüm qanun və məcəllələrə, hüquqi aktlara dəyişiklik etməyi də islahatların əsas komponentləri hesab edir. Hətta güclü dövlət, iqtisadiyyatın inkişafı və yüsək rifah naminə konstitusion dəyişikliklərin edilməsi də labüddür. Bu mənada 2009-cu ilin mart ayında ölkə Konstitusiyasına edilmiş dəyişiklikləri də pozitiv demokratik islahatların və yeni iqtisadi modelin, iqtisadiyyatın modernizasiyasının tələbləri kimi səciyyələndirmək tam məntiqəuyğundur. Bütün bunlar Konstitusiyanın 12-ci maddəsinə geniş şəkildə öz təsbitini tapıb: “Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir”.
Eləcə də, Konstitusiyanın 15-ci bəndindəki dəyişikliyin əsas məzmunu sosialyönümlü iqtisadiyyatın təmin edilməsindən ibarətdir: “Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır”.
Göründüyü kimi, həm vətəndaşların layiqli həyat tərzinin təmin edilməsi, həm də sosialyönümlü bazar iqtisadiyyatı mexanizmlərinin genişləndirilməsi modernləşmənin, zamanın tələbidir və hökumət bu iqtisadi çağırışları zamanın axarına uyğun ardıcıllıqla həyata keçirmək əzmkarlığını nümayiş etdirir.
İqtisadi modelin uğurla nəticələnməsi həm də dövlətin siyasi qətiyyətindən, onun güclü iradəsindən asılıdır. Dünya dövlətlərinin ağır iqtisadi böhrana məruz qaldığı vaxtda ölkəmizin inkişaf templəri ilə fərqlənməsi mükəmməl iqtisadi modelin tətbiqinin əyani nümunəsi idi. İqtisadi inkişaf sahəsində Azərbaycan modelinin kifayət qədər uğurlu olduğunu son illərin qlobal maliyyə-iqtisadi böhranı da bir daha təsdiq etdi. Belə ki, qlobal maliyyə-iqtisadi böhran nəticəsində bir çox ölkələrdə resessiyaya baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2009-cu ildə də davam etdi və yuxarıda qeyd edildiyi kimi, üDM 9,3 faiz artdı. Şübhəsiz ki, bunun və ümumilikdə Azərbaycan iqtisadiyyatının qlobal maliyyə və iqtisadi böhrana qarşı dayanıqlığının əsas səbəbi son illər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf və radikal islahatlar strategiyası, toplanmış maliyyə-valyuta ehtiyatları hesabına iqtisadiyyatda yüksək dayanıqlıq potensialının yaradılması, dövlət başçısı tərəfindən vaxtında irəli sürülmüş səmərəli antiböhran tədbirlərinin reallaşdırılması, o cümlədən, sahibkarlığa dövlət dəstəyi, real sektora investisiya qoyuluşları, manatın məzənnəsinin sabitliyinin qorunub saxlanılması və digər addımlarla bağlı olub.

İqtisadiyyatın şaxələndirilməsi - Azərbaycanın iqtisadi yüksəlişinə, zənginləşməyə aparan yol...
Azərbaycan insan hüquq və azadlıqlarının qorunması, sistemli şəkildə demokratik islahatların miqyasının genişlənməsi, söz və fikir azadlığının inkişafı, vətəndaşların mənafeyinin qorunmasına xidmət edən davamlı tədbirlərin həyata keçirilməsi, bazar iqtisadiyyatının təmin edilməsi, sosial siyasətin dərinləşməsi və digər sahələrdə əhəmiyyətli dərəcədə irəliləyişlər əldə edib. Bütün bu faktorlar ümumilikdə, insan inkişafı indeksi üzrə göstəricilərin yaxşılaşmasına mühüm təsir göstərib.
Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf və radikal islahatlar strategiyası sayəsində ölkəmizin maliyyə-valyuta ehtiyatları hesabına iqtisadiyyatda yüksək dayanıqlıq potensialı yaradılıb, sahibkarlığa dövlət dəstəyi, real sektora investisiya qoyuluşları artıb, manatın məzənnəsinin sabitliyi qorunub saxlanılıb. Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2009 və 2010-cu illərdə davam edib və üDM-in bütün strukturunda artım qeydə alınıb.
Azərbaycanın perspektiv uğurlarının yaxın onillikdə müşahidə olunacağını beynəlxalq maliyyə institutları və nüfuzlu təşkilatlar da açıq şəkildə bəyan edir. Məsələn, BMT yanında İnkişaf və Artım Komissiyasının son məruzəsində qeyd olunur ki, “orta gəlirli ölkələr” qrupuna daxil olmaq qısa müddətdə mümkün olmur. 1950-ci ildən sonra belə bir inkişafa 13 ölkə nail olub. Azərbaycanın tam imkanı vardır ki, bu statusu qazanan 14-cü dövlət olsun. XXI əsrin ikinci onilliyini Azərbaycan üçün siyasi, iqtisadi, sosial sahədə tamamilə yeni bir inkişaf mərhələsi kimi qiymətləndirmək olar. Postneft erasından sonrakı dövrdə - yeni onillikdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlərin davam etdirilməsi, iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılığın minimuma endirilməsi, yeni aqrar sektorun inkişafında intensiv üsullara üstünlüyün verilməsi, iqtisadiyyatın klasterlər üzrə inkişafı, biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, məsləhət, informasiya təminatının, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın iqtisadi modelinin növbəti strateji hədəflərini təşkil edəcək.
“Yeni Azərbaycan”ın Analitik Qrupu

Paylaş:
Baxılıb: 2463 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30