Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP-ın gücü Azərbaycan xalqına sədaqətlə xidmət etməsindədir

YAP-ın gücü Azərbaycan xalqına sədaqətlə xidmət etməsindədir

21.06.2011 [09:58]

Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinə YAP-ın üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib
Azərbaycanın tanınmış sənət adamlarının, mədəniyyət xadimlərinin daha bir qrupu Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına qoşulublar. Belə ki, əməkdar artistlər Gülyaz Məmmədova, Gülyanaq Məmmədova və Tünzalə Ağayeva, həmçinin, Vəfa Rzayeva, Rəşad İlyasov, Azər Şabanov (Axşam), Ceyhun İsmayılov, Samir Dərgah və Rüfət Nəzərov Yeni Azərbaycan Partiyasına üzv olan növbəti sənətçilərdir.
Dünən YAP-ın qərargahında həmin sənət adamlarına partiyanın üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib. Mərasimdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov sənət adamlarını partiyamıza üzv olmaları münasibətilə təbrik edib. O qeyd edib ki, çox hörmətli, dəyərli sənətçilərin partiyanın üzvlük vəsiqələrini alması həm onların, həm də YAP-ın həyatında əlamətdar hadisədir. YAP üzvlərinin sayının 540 min nəfərə yaxın olduğunu deyən Əli Əhmədov indiyə kimi Azərbaycanda bu partiya qədər güclü siyasi təşkilatın olmadığını qeyd edib: “Vaxtilə Azərbaycanda bir partiya fəaliyyət göstərib və 70 il yaşasa da, onun üzvlərinin sayı 400 min nəfərə gəlib çatmamışdı. Amma hələ 20 yaşı tamam olmamış YAP-ın üzvlərinin sayı 500 min nəfəri xeyli keçib. Hər il partiyamızın sıralarına 25-30 min nəfər insan qoşulur. Bu, sadəcə, statistika deyil və bu statistikanın arxasında dayanan həqiqətlər əhəmiyyətlidir. YAP üzvlərinin sayı nə qədər çox olsa da, hər dəfə partiyamızın sıralarına yeni üzvlər daxil olanda biz bunu əlamətdar hadisə sayırıq. Ona görə ki, YAP-ın hər bir üzvü partiyamızın şərəfi, şöhrəti, gücü və nüfuzudur. Hesab edirik ki, partiyamızın gücünün bir hissəsi onu ifadə edən rəqəmdədirsə, digər tərəfdən, partiyamızın gücü onun nüfuzundadır, hörmətindədir, əzəmətindədir, cəmiyyətimiz tərəfindən dəstəklənməsindədir. Sayın özü vacib olsa da, bizim üçün daha əhəmiyyətli odur ki, partiyamızın üzvləri sadəcə say artıran fərdlər deyil. Hər bir kəs cəmiyyətimizin hörmətli üzvləri kimi, qiymətli və nüfuzlu insanları kimi YAP-ın nüfuzunu artırır, əzəmətini yüksəldir. Bu mənada nə qədər say çox olsa belə, hər bir fərdə hörməti daha üstün tuturuq. YAP-a üzv olan hər bir kəs, əslində böyük zəhmət və qabiliyyət hesabına cəmiyyətdə əldə etdiyi nüfuzu hesabına partiyanın nüfuzunu qaldırır. Bu baxımdan sizin YAP-ın sıralarına daxil olmağınızı da bir tərəfdən partiya üzvlərinin sayının artması kimi qiymətləndiririksə, bundan daha çox bizim üçün əhəmiyyətli ondan ibarətdir ki, cəmiyyət tərəfindən yüksək qiymətləndirilən insanlar YAP-ın sıralarına qoşulurlar”.
 YAP-ın böyük bir ordu olduğunu deyən Əli Əhmədovun fikrincə, bu ordunun gücünü formalaşdıran çoxlu sayda insanlar, onların hörməti, nüfuzu, cəmiyyətdə tutduğu yerdir, Azərbaycan cəmiyyətinin inkişafına verdikləri töhfələrdir. Onun sözlərinə görə, YAP-ın gücünün və nüfuzunun bir hissəsi də insanların partiyaya inanmasıdır: “Əgər bu inam olmasaydı, partiyamızın 500 mindən çox üzvü olmazdı. Bu inamın əsasında Ulu öndər Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə insanların etimadı dayanır. Bu mənada hesab edirəm ki, siz sadəcə olaraq bir fərdlər kimi YAP sıralarına daxil olmursunuz. Siz çox əhəmiyyətli seçim edibsiniz ki, YAP-ın sıralarında olasınız. Əlbəttə, uzun illərdir Azərbaycanın hörmətli vətəndaşları olaraq ölkəmizdə həyata keçirilən siyasəti dəstəkləyirsiniz. Azərbaycan xalqına dəyərli xidmətinizlə bunu sübut edirsiniz. Biz sizin YAP-ın siyasətini qətiyyətlə dəstəklədiyinizin dəfələrlə şahidi olmuşuq. Məmnuniyyətlə bizim keçirdiyimiz aksiyalarda fəal iştirak etmisiniz və bu bizim aksiyalarımıza xüsusi təmtəraq verib. Bütün bunlar bizim tərəfimizdən yüksək qiymətləndirilib. Amma bu gün siz YAP üzvü olmağa qərar verməklə çox əhəmiyyətli seçim edibsiniz. Hesab edirəm ki, bu, həyatınızda etdiyiniz çox əhəmiyyətli seçimlərdən biridir. çünki həyatınızı YAP-la bağlayırsınız. Yəqin ki, YAP-ın siyasəti sizi yetərincə qane etdiyindən partiyamızın üzvlük vəsiqəsini daşımaq qərarına gəlmisiniz. Güman edirəm ki, siz YAP-ın hörmətini və nüfuzunu daha da artıracaqsınız. Sizin partiyamızda olmağınız YAP-ın mədəniyyət təmsilçiləri baxımından gücünü daha da artıracaq. Biz də çalışacağıq ki, YAP bundan sonra elə fəaliyyət göstərsin ki, siz siyasi taleyinizi bu partiya ilə bağladığınız üçün heç vaxt təəssüf hissi keçirməyəsiniz. Bu belə də olacaq”.
YAP Sədrinin müavini qeyd edib ki, bu fikri söyləməkdən ötrü kifayət qədər ciddi əsaslar var. Sənət adamlarının Azərbaycanı qarış-qarış gəzən insanlar olduğunu deyən Əli Əhmədov onların insanların düşüncə və duyğuları ilə də tanış olduqlarını vurğulayıb: “İnsanların partiyamızla bağlı düşündüklərini də yaxşı bilirsiniz. Bu nöqteyi-nəzərdən yanaşaraq hesab edirəm ki, sizin seçiminiz çox əhəmiyyətlidir. Əgər tez-tez kütləvi təmasda olduğunuz insanlar YAP haqqında sizi qane edəcək dərəcədə düşünməsəydilər, yəqin ki, partiyamızın sıralarına qəbul olunmaq haqqında tarixi əhəmiyyətli seçiminizi etməzdiniz. Beləliklə, hesab edirəm ki, biz əlamətdar gün yaşayırıq. Hamımızın çox böyük hörmət etdiyimiz, sənətinə pərəstiş etdiyimiz insanlar siyasi mövqe baxımından bizimlə bir sırada olmaq qərarına gəliblər. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, son illər mədəniyyət işçiləri, sənət adamları YAP-ı seçməyə başlayıblar.  Bu çox sevindirici haldır. İnanıram ki, bu proses davam edəcək, populyar insanlarımız YAP-ın sıralarına qoşulmaq haqqında seçimlərini daha da intensivləşdirəcəklər və partiyamızın sıralarında bizimlə birgə addımlayan daha çoxlu sayda mədəniyyət və incəsənət nümayəndələri olacaq”.
Əli Əhmədov bildirib ki, YAP-ın gücü Azərbaycan xalqına sədaqətlə xidmət etməsindədir. O qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın nə qədər bu gününə xidmət edirsə, o qədər də gələcəyimizə xidmət edir: “Eynilə də, bütün Azərbaycan vətəndaşlarının maraqlarına uyğun siyasət həyata keçirilir. Partiyamızın Sədri, ölkəmizin Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bu günə kimi sürətlə inkişaf edib və bundan sonra ölkəmizi daha böyük, sürətli inkişaf gözləyir. Hər birimizin həyatını daha böyük dəyişikliklər gözləyir. Bugünkü Azərbaycanı 10 il əvvəlki vəziyyətlə müqayisə etmək mümkün deyil. çünki həyatımız, yaşayışımız əhəmiyyətli dərəcədə dəyişib. Ola bilsin ki, yaşayışımızın bundan sonra da dəyişməsini istəyiriksə, bu da yaxşı haldır. Əgər insanlar belə bir arzuda olmasaydılar bu faciə olardı. Bəzi insanlar “hökumət bizə niyə baxmır” deyirsə, bunun özündə də pozitiv məqamlar var. Bu, tənqiddən daha çox baş verən dəyişikliklərin etirafıdır. Yəni, insanların həyatı yaxşılaşdıqca onlar daha yeni-yeni məqsədlərə çatmaq istəyirlər ki, bu da yaxşı haldır. Bütün bunlar bizim həyatımızın dəyişiklikləridir. Hər birimizin istəyi budur ki, bu dəyişikliklər davamlı olsun, bu dəyişikliklər Azərbaycan xalqının həyatının mənasını gözəlləşdirsin. Bütün bunlar Prezidentimizin siyasətində özünün əksini tapır. YAP bunların uğrunda çalışır. Bizim rəqiblərimiz bəzən deyirlər ki, biz iqtidara qarşı, YAP-a qarşı mübarizə aparırıq. Bizim isə onlardan fərqimiz ondan ibarətdir ki, biz nəyin və kimlərinsə uğrunda mübarizə aparırıq. Biz istəyirik ki, Azərbaycan daha gözəl olsun, insanlar daha yaxşı yaşasın. Yəni, biz bu günümüz və gələcəyimiz naminə çalışırıq”.
“Biz birlikdə qarşımızda duran uzun yolu şərəflə gedəcəyik” deyən YAP Sədrinin müavini Azərbaycanın inkişafının davamlı olacağını vurğulayıb. “çox qürurverici haldır ki, Prezidentimizin həyata keçirdiyi siyasət nəticəsində reallaşdırılan bu inkişaf və quruculuq işlərində sizlər, bizlər də varıq. İnanıram ki, bundan sonra da öz sənətinizlə xalqımıza layiqli xidmət göstərəcəksiniz. Sizin kimi insanların partiyamızın sıralarına üzv olması bizi sevindirir” - deyə, Əli Əhmədov qeyd edib.
Mərasimdə çıxış edən mədəniyyət və insənət xadimləri YAP-a üzv olduqları ilə fəxr etdiklərini bildiriblər. Qeyd olunub ki, Azərbaycan Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində uğurla inkişaf edir. Onlar Prezident İlham Əliyev rəhbərliyi ilə ölkəmizin daha böyük nailiyyətlər qazanmaq əzmində olduğunu bildiriblər. çıxışlarda, eyni zamanda, Azərbaycan dövlətinin mədəniyyət və incəsənətə böyük diqqət və qayğı göstərdiyi xüsusi vurğulanıb. Sənətçilər bu qayğını yüksək qiymətləndirərək Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyaya üzv olmalarını özlərinin mənəvi borcu hesab etdiklərini bildiriblər.
Tədbirdə YAP İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov iştirak edib.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 911 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30