Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Geoiqtisadi və yanacaq-energetika amili müasir dünya siyasətinin formalaşmasında mühüm faktor kimi

Geoiqtisadi və yanacaq-energetika amili müasir dünya siyasətinin formalaşmasında mühüm faktor kimi

02.07.2011 [10:33]

ümumiyyətlə, demokratikləşmə siyasi və sosial dəyişikliklər deməkdir və bu proses demokratik düzənin bərqərar olmasını təmin edir. Cəmiyyətlərdə nəzərə çarpan dəyişikliklərin baş verməsini aktuallaşdıran demokratikləşmə klassik, xətti, tsikli və dialektik modelləri özündə ehtiva edir. Əlbəttə ki, bu modellərin də hər biri reallaşdıqca, özü ilə birgə bir çox demokratik cəmiyyətlər tipi formalaşdırır. Bütün bunları isə sosial-siyasi nəzəriyyələrdən detallı şəkildə, amma pərdəarxasını görmədən mənimsəyirik.
Maraqlıdır ki, bugünkü dünyanın siyasi xəritəsi sözügedən prosesin necə baş tutduğunu əyani şəkildə əks etdirir. Hətta, bir çoxları bu prosesi mərhələlərə bölərək onu dalğa, daha doğrusu, təbii proses kimi təbliğ edir. Bu istiqamətdə ortaya çıxan nəzəriyyələr isə müasir dildə desək, milli dövlətlərin dağıdılması üçün platforma yaradır.
Hazırda bir çox transmilli QHT-lər, təşkilatlar dünyanın siyasi mənzərəsini müxtəlif qələmlərdən istifadə etməklə “çəkir”, həmçinin, ictimai şüuru “yumaq” üçün bir sıra rənglərdən istifadə edərək, dünya ölkələrini qeyri-demokratik və demokratik kimi qruplara bölürlər. Artıq bu gün elə bir atmosfer yaradılıb ki, insanların gün ərzində işlətdiyi sözlərin də ən azı bir neçə faizi demokratiya kateqoriyası ilə bağlı olur. Beləliklə, bu cür vasitələrlə dünya ictimaiyyətini inandırmağa çalışırlar ki, təbii ehtiyatlarını mənimsəmək məqsədilə imperialistlərin yerlə-yeksan edəcəkləri ölkə qeyri-demokratikdir və onun lideri isə cəlladdır.
Təbii ki, bütün bu söylədiklərimiz qeyri-müəyyən prosesin deyil, məqsədyönlü şəkildə aparılmış işlərin nəticəsidir.
Demokratiya adı altında “işğal strategiyası”nın tarixi
Yeri gəlmişkən, məlumat üçün bildirək ki, ayrı-ayrı xalqların demokratiya “meyvəsi” ilə aldadılması və imperialistlərin öz maraqlarını reallaşdırması üçün bir çox alimlər də bu işə cəlb edilmişdi. Məsələn, 1960-cı illərdə demokratikləşmə dalğasını sürətləndirəcək elmi meydanda cəmiyyətin təşəkkülünü analiz edən B.Mura, “Demokratiyaya keçid: dinamik modelin tətbiqi” məqaləsinin müəllifi D.Rostou, klassik modernləşmə illüstrasiyası haqqında danışan S.Lipset və başqalarını göstərmək olar. Təsadüfi deyil ki, onlar bu yaradıcılıq məhsulları ilə üzdə tranzitologiyanın əsasını qoymaqla, ideoloji savaşı daha gücləndirirdilər.
ötən əsrin 70-80-ci illərində F.Fukuyama, Q.O’Donella, F.Şmitter, L.Uaytxard, Z.Bzejinski, Linç, Hantinqton və başqaları artıq avtoritar idarəçilikdən demokratiyaya keçidin, daha doğrusu, müasir inqilabların həyata keçirilməsi mexanizmlərini işləyib hazırlamışdılar. Onlar demokratikləşmənin üç yolunu təklif edirdilər. Amma nədənsə, bu fikir sahibləri transformasiya və təkamül yolu ilə inkişafı ikinci dərəcəli hesab etməklə, “replacement” variantına üstünlük verirdilər. Yəni, burada hədəf olaraq, götürülən ölkədə xarici qüvvələrin hərtərəfli dəstəyini alan müxalifət hakimiyyətə qarşı çıxır və əgər iqtidar güclü olarsa, silahlı qarşıdurmaya, sonda isə hərbi müdaxiləyə yol açılırdı.
ümumiyyətlə, yuxarıda sadalanan düşüncə sahibləri sırasında Samuel Hantinqtonun bu mövzudakı işi daha çox diqqət cəlb edir. Harvard Universitetinin strateji tədqiqatlar institutunun direktoru S.Hantinqton 1990-cı ildə demokratikləşmə dalğaları haqqında yazdı. O, iddia edirdi ki, ayrı-ayrı ölkələrin daxilində keçid prosesləri dünya miqyasında gedən siyasi proseslər konteksində, dünya “demokratikləşmə dalğaları” fonunda izah edilə bilər. Bununla Hantinqton bir növ demokratikləşmənin qlobal proses olduğunu və bir mərkəzdən çıxan impulslar nəticəsində başqa-başqa ölkələrə təsir etdiyini söyləməyə çalışırdı. Hantinqton demokratikləşmənin fonunda iri dövlətlərin müdaxiləsini gizlətməyə çalışsa da, burada müəyyən açıq yerlər qalmışdı.
Hantinqton yazır ki, demokratikləşmə prosesinin birinci mərhələsi 1828-1926-cı illəri əhatə edir. O, 1922-1942-ci illəri isə bu prosesdə geriləmə dövrü kimi göstərir. Guya bəhs edilən illər ərzində İsveçrə, Fransa, Böyük Britaniya kimi dövlətlər demokratik ölkəyə çevrildilər.
Amma, əslində, göstərilən müddət ərzində böyük müharibənin nəticəsi olaraq, Rusiya, Osmanlı, Avstriya-Macarıstan, Almaniya imperiyaları parçalandı və təbii ehtiyatlarla zəngin ərazilərin nəzarətə götürülməsi dövrü başlandı.
Əlbəttə ki, I demokratikləşmə dalğasının əsas məqsədi zəngin neft-qaz yataqlarına malik ərazilərdə xırda dövlətlər yaratmaq və demokrat donu geyindirməklə onları idarə etmək idi. Bu məqsədlə ABŞ tərəfindən “14 maddə” prinsipləri irəli sürüldü, protektoratlıqlar yaradıldı və nəhayət yuxarıda göstərdiyimiz məqsəd üzrə fəaliyyətə start verildi. Buna görə də, o dövrə aid bir çox suallar cavabsız qalmışdı.
Məsələn, həqiqətən, I demokratikləşmə dalğası xalqlara azadlıq və demokratiya verirdisə, nə üçün ingilislər və amerikalılar Osmanlı imperiyasının Yaxın və Orta Şərq, Şimali Afrika ərazilərini öz nəzarətinə götürdülər? Hansı səbəbə görə, İranın neftini nəzarətə götürmüş ingilislər Azərbaycana girdi və müstəqil dövlətimizin haqlarını tapdaladı? Nə üçün Fransa Almaniyanın və Şərqi Avropadakı zəngin kömür yataqlarını nəzarətinə aldı? Əgər məqsəd ayrı-ayrı xalqlara müstəqillik vermək idisə, nə üçün ərəb ölkələrində, İranda, Azərbaycanda və digər ölkələrdə təbii ehtiyatların milliləşdirilməsinə əngəllər törədildi? və s.
Bəli, bu sualların sayını artırmaq olar. Amma demokratikləşmə dalğalarının altında hansı məqsədin yatdığını anladıqca artıq suala ehtiyac qalmır.
Hantinqton iddia edir ki, 1922-1942-ci illər demokratikləşmədə geriləmə dövrüdür. Tarixi təcrübə də göstərir ki, imperialistlərin apardığı dünya bölgüsü digər xalqları qane etmirdi. 1922-ci ildə İtaliyada faşist rejiminin qurulması bu narazılığın əsasını qoydu. Burada da nədənsə, Hantinqton yuxarıda göstərdiyimiz imperialistlərə qarşı çıxan rejimləri anti-demokratik adlandırır...
 Bəli, bu bir həqiqətdir ki, faşizm heç də insan hüquqlarını qoruyan və digər humanizm prinsiplərini özündə əks etdirən siyasi quruluş deyildi. Amma həm faşist Almaniyası, həm kommunist SSRİ, həm də demokratik ABŞ, Fransa, Böyük Britaniya fərqinə varmadan insanları kütləvi surətdə qətlə yetirir və öz məqsədlərini reallaşdırırdılar. Bəs, bunların fərqi nə oldu? Hanı demokratiya və ya onun dalğası?
Məlum olduğu kimi, I Dünya müharibəsinə qədər planetimiz bir neçə böyük imperiya tərəfindən idarə olunurdu. Bu idarəçilik isə nəticədə dünyanın ümumi inkişafına zərər vuran müharibələri meydana çıxardı. I Dünya müharibəsində 5 iri imperiyanın döyüş meydanında qarşı-qarşıya durması 20 milyona yaxın, II Dünya müharibəsində isə imperiya gücünə sahib iri dövlətlərin toqquşması 60 milyon insanın həyatına son qoydu, yüzlərlə şəhər, rayon, kənd darmadağın edildi, dünya iqtisadiyyatına trilyonlarla ölçülən maddi ziyan dəydi. Əvəzində isə əldə olunan düzən yenidən böyük müharibələrə yol açırdı. Daha dəqiq desək, hər iki müharibənin səbəbi olmuş neft və qaz yataqları, digər təbii ehtiyatlara nəzarət hərisliyi böyük dövlətləri beyinlərə təcavüz etməklə, daha iri müharibəyə sövq edirdi.
Bu cür mənzərə II Dünya müharibəsindən sonra da özünü göstərdi. Hantinqton bu mərhələni -1943-1962-ci illəri demokratikləşmənin II dalğası kimi xarakterizə etsə də, vəziyyət eyni idi: dünya ədalətli bölüşdürülməmişdi və ideoloji savaş başlamışdı.
Əlbəttə ki, II dalğa dövrü lokal müharibələr və dövlət çevrilişləri müşahidə olunmaqla yadda qaldı. Əslində, çörçil Fulton universitetində ideoloji-hərbi sanitar kortonun yaradılmasını təklif edərkən, II dalğanın təsir edəcəyi ərazilərin əyani xəritəsini çəkmişdi.
Hantinqton iddia edir ki, II demokratikləşmə dalğası zamanı Qərbi Almaniyada, İtaliyada, Avstriyada, Yaponiyada, Koreyada demokratiya bərqərar oldu, amma kommunizm çexoslavakiyada və Macarıstanda demokratiyanı dağıtdı.
O, həmçinin, yazır ki, 1940-50-ci illərdə Tü
rkiyədə, Yunanıstanda, Uruqvayda, Braziliyada, Kosta-Rikada, Argentinada, İndoneziyada, Hindistanda, Şri-lankada, Filippində, İsraildə demokratikləşmə prosesi başladı. Hətta, qeyd edir ki, Afrikanın iri dövləti Nigeriya 1960-cı illərdə demokratik ölkəyə çevrildi.
Lakin Hantinqton 1958-1975-ci illərdə Latın Amerikasında yerləşən dövlətlərin, eyni zamanda, Pakistanın, Hindistanın, həmin Nigeriyanın və digər 33 Afrika ölkəsinin yenidən avtoritar idarəçiliyə qayıtdığını iddia etməklə, bu dövrü böyük ikinci geriləmə adlandırdı.
Göründüyü kimi, Hantinqtonun budəfəki iddialarında da paradokslar çoxdur. Belə ki, Hantinqton bu dəfə də Vaşinqtonun strateji hədəflərindən çıxış edirdi. Yəni, bir zamanlar ABŞ-ın nəzarətində olmuş Perunu, Nigeriyanı demokratik ölkə adlandıran Hantinqton sonradan bu ölkələrin Birləşmiş Ştatların orbitindən çıxmasını antidemokratikləşmə kimi dəyərləndirirdi.
Fikir verin, Hantinqton demokratikləşməni bir növ imperialistlərin yaydığı ideologiyaların pərvəriş tapdığı məkanlara aid edir və isbat etməyə çalışır ki, imperialistlərdən daxil olan direktivlərlə idarə olunan ölkələr demokratikdirlər. Halbuki, onun xəritəsini cızdığı məkanlar böyük müharibələrdən sonra ABŞ-ın “Marşal” planı əsasında yardım almış BVF-nin və DB-nin göstərişlərilə hərəkət edən və Vaşinqtonun vassalına çevrilmişlərdir.
Qeyd edək ki, Hantinqton sözügedən dövrdə II dalğanın təsir etdiyi məkana Şərqi Avropanı daxil edə bilməyib. çünki bu məkanda SSRİ 1947-1953-cü illərdə özünün “sosializm” ideyaları ilə dövlət çevrilişləri edərək, oraları nəzarətə götürmüşdü. Bu səbəbdən də, Hantinqton həmin bölgəni də antidemokratlar adlandırırdı.
1970-ci illərin sonu 80-ci illərin əvvəllərində isə beynəlxalq miqyasda dəyişikliklərin olması, bir çox ölkələrdə xalqların milli oyanış çərçivəsində müstəqilləşmə haqqında düşünməsi növbəti dalğanın əsasını qoydu. Hantinqton 1974-cü ildən başlanmış prosesi demokratikləşmənin III dalğası adlandırdı. Artıq bu mərhələdə biz Hantinqtonun nəzəriyyəsinin kimlərə xidmət etdiyini çılpaqlığı ilə görürük. Belə ki, 70-ci illərin ortalarında Vyetnamda müharibəni dayandıran və SSRİ-ni Əfqanıstan bataqlığına salan ABŞ keçmiş müttəfiqlərilə birgə çoxsaylı lokal müharibələrə, dövlət çevrilişlərinə start verdi. Artıq II dalğa dövründən fərqli olaraq, üçüncüdə silahlı toqquşmaların sayı artdı. Bu dəfə “demokratikləşmə” Şərqi Avropaya, SSRİ-yə daxil oldu.
Bir sözlə, bu “demokratikləşmə prosesi” 100 milyondan artıq insanın həyatına son qoydu, neçə-neçə xalqları layiq olduğu inkişafdan geri saxladı. Bütün bunlar isə bir daha imperialistlərin maraqları ucbatından baş verdi.
Söylənilənlərdən isə belə bir nəticə çıxır ki, hansı dövlət öz sərvətlərini imperialistlərin istismarına vermirsə, deməli, həmin ölkə avtoritardır, düşməndir və onun demokratikləşməsi yalnız imperialistlərin əli ilə ola bilər.
XXI əsrdə IV dalğa başladımı?
Hələ demokratikləşmənin dördüncü dalğası təsvir edilməsə də, biz müəyyən mənada buna cəhd göstərərək, imperialistlərin bundan sonra hansı dövlətləri qarışdıracaqlarını əvvəlcədən proqnozlaşdırmağa çalışaq.
Qeyd edək ki, demokratiyanın böyük III dalğasından sonra mütləq böyük ləngimə prosesi olmalı idi. Biz bunu şərti olaraq, 1995-2001-ci illərə aid edək. çünki Balkan yarımadasının bombalanmasından və Afrikada çoxsaylı insan qətllərinin həyata keçirilməsindən sonra Qərbə inam itməyə başlamışdı. Torpaqları işğal olunmuş Azərbaycan, Gürcüstan, eyni zamanda, Ukrayna, Mərkəzi Asiya dövlətləri, İraq, Əfqanıstan, Latın Amerikası ölkələri, çin, Hindistan, Pakistan, Şimali Afrika və Yaxın Şərq ölkələri imperialistlərin siyasətinə etirazlarını bildirirdilər. Bu səbəbdən də imperialistlərin nəzərində adı sadalananlar antidemokratik ölkələrdir.
Beləliklə də 2001-ci ildən başlayaraq demokratikləşmənin IV dalğası baş qaldırdı. Əfqanıstan və İraq xalqı aldadılaraq vətəndaş müharibəsinə sövq edildi və təbii ehtiyatları mənimsənilməyə başlanıldı. Ardıcıl olaraq, Latın Amerikası ölkələrində saray çevrilişləri baş verdi. Bu ölkələrdəki insanlar hələ də öz hökumətlərinin kimə xidmət etdiyini anlaya bilmir, həmçinin, milli sərvətlərinin kimlər tərəfindən talandığını bilmirlər.
2003-cü ildə eyni dalğa Azərbaycanın sərhədlərində dayandı. Gürcüstanda “qızılgül inqilabı” adı ilə Eduard Şevardnadzeni hakimiyyətdən salan imperialistlər, eyni ssenarini Azərbaycanda da işə salmağa cəhd göstərdilər. Amma Azərbaycan xalqının ayıq-sayıqlığı imperialistlərin planlarını puç etdi.
2004-cü ildə Ukraynada, 2005-ci ildə Qırğızıstanda rəngli inqilablar baş verdi. Sonradan 2008-ci ildə süni şəkildə dünya böhranına start verən imperialistlər 2011-ci ildə Şimali Afrika və Yaxın Şərq hadisələrinə zəmin yaratdılar.
çox qəribə və maraqlıdır. Hantinqton qeyd edirdi ki, 1980-ci illərdə Seneqalda, Tunisdə, Əlcəzairdə, Misirdə, İordaniyada demokratik rejim bərqərar olmuşdu. Amma demokratikləşmənin IV dalğasında bəlli səbəb üzündən Qərbin əlilə demokratiya qazanmış Misir, Tunis, İordaniya, həmçinin, Sudan, Yəmən, Bəhreyn, Suriya, Mərakeş, Liviya çalxalanmağa başladı və artıq tarixdə ilk dəfə dövlət qurmaq ənənələrinin əsasını qoymuş Misir dağılır, Liviya koalisiya qüvvələrinin hücumuna məruz qaldı. Bu gün biz deyə bilərikmi inqilabdan sonrakı Misir və Liviya demokratikdirlər? Əlbəttə ki, yox...
Bütün bunlar bir daha onu göstərir ki, dünyada demokratiya adı altında ixrac olunan modellər özlərilə səfalət, dağıntı, siyasi kataklizmlər gətirir. Burada məqsəd hansısa xalqa demokratiya vermək deyil, həmin xalqların sərvətlərini mənimsəməkdi.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyev “Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi” məqaləsində yazır ki, bir neçə il bundan əvvəl ABŞ Prezidenti Corc Buş (oğul) “hər yerdə demokratiya” anlayışını adi danışıq dilinə daxil etməyə cəhd göstərmişdi. Lakin ətrafa nəzər saldıqda, geosiyasi maraqlar naminə geoiqtisadi demarşları təhlil etdikdə istər-istəməz bu qənaətə gəlirsən ki, “hər yerdə mövcud olan demokratiya”, çox ehtimal ki, utopiyadır. Hərbi qüvvə vasitəsilə devrilmiş və müdaxilələrə, “demokratikləşməyə” məruz qalmış məkanlar təkcə milli suverenliyin itirilməsi, qlobal inteqrasiya prosesləri ilə əlaqədar sərhədlərin silinməsi təhlükəsi ilə üzləşmir, həm də ehtimal edilən rəqabət mübarizəsindən xeyli dərəcədə kənarda qalır, yanacaq-energetika sahəsi, strateji kommunikasiyalar üzərində nəzarəti itirir. Belə məkanlarda innovasiya və texnologiyalar yalnız “strateji tərəfdaşlıq” çərçivəsində satın alınan məhsul kimi mümkündür. İnkişafın idxal edilmiş modelinin təzyiqi altında cəmiyyətlər düşərgə baraklarına çevrilir, ölkələrin müdafiə qabiliyyətinin zəifləməsi isə onları “forpostlara” çevirir.
Fikir verin! Misir və Liviya zəngin neft və qaz yataqlarına sahibdirlər. Sırada isə Qərbin enerjiyə olan tələbatı ödənilməlidir. Enerjinin qiyməti isə hər gün yüksəlir. “NABUCCO” qaz kəmərinin çəkilməsi isə siyasi səbəblər üzündən reallaşmır. çünki bir çox dövlətlərin ərazisindən keçən kəmərin reallaşması, eyni zamanda, bir çox dövlətlərin mənafeyinə cavab verməlidir. Bu tendensiya isə imperialistlərə sərf etmir. Ona görə də, imperialistlər əsasən enerji mənbələrini sıradan çıxararaq, planlarını maneəsiz həyata keçirmək üçün zəmin hazırlayır. Hələ 70-cı illərdə neftin qiyməti yüksək olarkən, Avroatlantika İttifaqı Ərəb dünyasında çevrilişlər etdi. Bu gün də oxşar vəziyyət yaranıb. Misir və Liviya rəhbərləri neftin və qazın milliləşdirilməsini elan etmişdilər. Amma tarix təkrar olunur və Ərəb dünyasında yenidən siyasi qarşıdurmalar başladılır.
Bir sözlə, “NABUCCO” qaz kəməri necə olursa-olsun işə salınmalıdır və buna görə imperialistlərin “yandıracaqları” ölkələrin sayı çox ola bilər.
IV dalğa daha kimləri vura bilər?
Əlbəttə ki, imperialistlərin başlatdıqları demokratikləşmə prosesi hələ də davam edir. Artıq bu gün hər kəsi düşündürən bir sual var: Ərəb ölkələrindən sonra sıra kimlərə çatacaq?
Əlbəttə ki, başladılmış bu demokratikləşmə dalğası yalnız karbohidrogen faktoru ilə məhdudlaşmır. Burada imperialistlərin geoiqtisadi və geosiyasi maraqlarının təminatının növbəti mərhələsi həyata keçirilməlidir.
Etiraf etmək lazımdır ki, bu gün prosesin arxasında dayanan güclərin siyasətini bəyənməyənlər hələ də var. Bu sıraya Rusiya, Almaniya, çin, İran, Venesuela, Peru, çili, Cənub-Şərqi Asiya, Yaxın və Orta Şərq dövlətləri daxildir. Təbii ki, imperialistlər həmin sırada dayanmış iri dövlətlərin daxilində bu cür oyunlar qura bilmirlər. Bu səbəbdən də çalışırlar ki, kiçik ölkələrdə qarışıqlıqlar yaratsınlar.
çox təəssüflər olsun ki, gedən proseslər bu sırada Azərbaycanın da olduğunu göstərir.
Azərbaycan daim haqqın və ədalətin tərəfdarı olduğu üçün, işğal edilmiş torpaqlarının qaytarılması istiqamətində qəti mövqe tutduğuna görə, daxildə milli maraqlara söykənən siyasət yürüdüldüyü üçün bu mənzərə bəzi xarici qüvvələri narahat etməyə başlayıb. Onlar müxtəlif vasitələrdən istifadə etməklə Azərbaycanda qarşıdurma yaratmaq istəyirlər. Bir neçə dəfə 11 və 12 martda, 17 apreldə buna cəhdlər olsa da, yenə də xalqın ayıq-sayıqlığı öz sözünü dedi. Azərbaycan cəmiyyəti kamillik nümayiş etdirərək, imperialist dairələrin oyununa alət olmayacağını bir daha sübut etdi, rəngli inqilablar dövründə olduğu kimi, bu dəfə də təhlükəni geridə buraxmağı bacardı.
Peru, çili, Venesuela, Şimali Koreya və digər dövlətlər isə artıq hadisələrin burulğanındadırlar. Bu ölkələrdə vəziyyət hər an dəyişə bilər.
Bir sözlə, IV dalğanın nə zamanadək davam edəcəyini söyləyə bilmərik. Amma bir şey aydındır ki, növbəti böyük ləngimə daha böyük sürət yığacaq və imperialistlərin hazırki dağıdıcı siyasəti qətiyyətlə rədd ediləcək. çünki məhz, xarici təsirlərin nəticəsində bərqərar olan demokratiya milli dövlətlərin, xüsusilə də, yenicə müstəqillik qazanmış ölkələrin nəinki inkişafını təmin etmir, hətta onların fundamentini dağıdır.
Akademik Ramiz Mehdiyev eyni məqaləsində yazır ki, institusional əsasları zəif olan ölkələr üçün milli ideya və ya milli identiklik kimi amillər yoxdur. Ona görə ki, cəmiyyətin daxili bazisi kənardan olan nəzarətə və direktivlərə tabedir. Bu isə ona gətirib çıxarır ki, ya milli “Mən” və suverenlik, bunun nəticəsi kimi dövlətçilik tədricən itirilir, yaxud da sərt radikallaşma və təcavüzkar millətçiliyin güclənməsi kimi əks proses gedir. Bunların hər ikisi sabitlik, dövlətin və onun vətəndaşlarının təhlükəsizliyi üçün çox qorxuludur. Hər ikisi sonda hərc-mərcliyə, xaosa və çox ola bilsin ki, anarxiyaya gətirib çıxarar.
“Geriqalma” və “asılılıq” konsepsiyaları sübut rolunda...
Bir sözlə, bu gün hər kəsə aydın olmalıdır ki, imperialistlər həyata keçirdikləri siyasətlə dünya xalqlarının malik olduğu sərvətləri mənimsəyə və həmin xalqları özündən asılı hala salmağa çalışırlar. Bunu “geriqalma” və “asılılıq” nəzəriyyələri də sübut edir.
Son zamanlar “asılılıq”, “geriqalma” və ya “subinkişaf” nəzəriyyələrinin tərəfdarlarının artması Qərbin irəli sürdüyü “modernləşmə” və “inkişaf” konsepsiyalarına qarşı etirazları daha da artırıb.
“Geriqalma” nəzəriyyəsinin tərəfdarları S.Furtado, A.Frank, S.Amin və başqaları qeyd edirlər ki, üçüncü dünya ölkələrinin inkişafdan geri qalması qlobal faktorların nəticəsidir: “İlk növbədə, ticari ekspansiya baş verir. Yəni, inkişaf etmiş ölkələr sənaye məhsulları ixrac etməklə, xammalı idxal edir. Bununla da, inkişaf etməkdə olan ölkə ənənəvi inkişaf - subinkişaf forması alır”.
“Asılılıq” nəzəriyyəsi isə 1960-cı illərdə meydana gəlib. T.Dos-Santos yazır ki, bir çox ölkələrin inkişafı onların digərləri üzərində nəzarəti ələ keçirmək və özündən asılı vəziyyətə salmaqdan keçir. Bu nəzəriyyənin tərəfdarları göstərirlər ki, müasir dövrdə artıq ekspansiyanı, asılılığı və geriqalmanı transmilli korporasiyalar həyata keçirir. Dünya Bankı, BVF kimi subyektlər imperialistlərin məqsədlərini reallaşdırırlar.
Akademik Ramiz Mehdiyevin sözlərilə desək, Qərbin tanınmış siyasi filosofları bildirirlər ki, “qızıl milyard” ölkələri qeyri-Qərb dövlətlərinin modernləşməsinin uğurlu olmasında o qədər də maraqlı deyildir. Qərbi həmin ölkələrin iqtisadiyyatının yalnız ayrı-ayrı sahələrinin inkişafı qane edir. çünki həmin sahələr bu və ya digər dərəcədə Qərbin maraqlarına xidmət edir. “Qızıl milyard” ölkələrinə inkişaf etmiş rəqiblər lazım deyildir. Onlar, bir qayda olaraq, ucqar ölkələrin istismarı hesabına fəaliyyət göstərir. Onlara həmin ölkələrin təbii ehtiyatları və insan resursları lazımdır.
Bir sözlə, demokratiya dinamik inkişaf prosesi olduğundan o, lokal və milli xarakter daşımalı və hər bir xalq onu arzuladığı şəkildə keçməlidir. Bu gün xalqların başını qarışdıran imperialistlər fəaliyyətlərini demokratikləşmə ilə pərdələyirlər. Buna inananları isə sonda geriqalma, subinkişaf və asılılıq gözləyir. çünki demokratik inkişaf düzəninə kənardan müdaxilə olarsa, o, anarxiya və xaosla əvəzlənəcək.
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 920 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30