Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Niaqara şəhərində Ulu öndər Heydər Əliyevin heykəli ucaldılacaq

Niaqara şəhərində Ulu öndər Heydər Əliyevin heykəli ucaldılacaq

16.07.2011 [14:57]

İsmayıl Hacıyev: Kanadanın yüksək çinli məmurları Azərbaycanla bağlı bütün tədbirlərdə iştirak edir və ölkəmizin tarixinə, musiqisinə, muğama olan sevgilərini nümayiş etdirirlər
Bu, bir faktdır ki, mədəniyyət amili hər bir xalqın həyatının ayrılmaz hissəsi hesab olunur və onun formalaşmasında iştirak edən əsas faktorlardan biri olmaqla yanaşı, həm də həmin xalqın əsrlər boyu gedən proseslərdən sarsıntısız çıxmasını təmin edir. Digər tərəfdən, mədəniyyət amili mənsub olduğu xalqın dini-fəlsəfi düşüncəsini və onun əsas xüsusiyyətlərini açıb göstərir.
Müasir dövrdə isə, xüsusilə, dövlətlərin, xalqların hərtərəfli transformasiyaya məruz qaldığı bir zamanda mədəniyyətin inkişaf etdirilməsini və təbliğ olunmasını olduqca vacib edir. çünki mədəniyyət yeganə güclü faktordur ki, xalqların düşüncə və baxış prizmalarını yaxınlaşdırır, həmçinin, sivilizasiyaların mədəni diskriminasiya halları ucbatından qarşılaşa biləcəyi toqquşmalardan çəkindirir. Bu mənada da, onun dünya miqyasında təbliği həmin mədəniyyətin hər bir daşıyıcısının ən mühüm vəzifəsi sayılmalıdır.
Bu gün Azərbaycan xalqı da sözün həqiqi mənasında malik olduğu mədəniyyətlə, onun nümayəndələri və nümunələrilə sayılıb-seçilən, ümumbəşəri mədəniyyətə töhfələr vermiş xalqların sırasında durur. Dünyanın istənilən nöqtəsində özünə böyük auditoriya yığmağı bacarmış Azərbaycan mədəniyyəti, musiqisi son illər ərzində Ulu öndər Heydər Əliyevin kursunu layiqli şəkildə davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində daha da inkişaf edib, zənginləşib. Mədəniyyətimizin nümayəndələrinə göstərilən diqqət və qayğı isə bu sahənin daha da sürətlə inkişafını şərtləndirib.
Hazırda Azərbaycanın mədəniyyəti onun beynəlxalq aləmdə “vizit kartı” hesab olunur. Xarici ölkələrdə yaşayan azərbaycanlıların məhz, milli mədəniyyətimizin, musiqimizin, muğamın təbliğilə məşğul olması, dövlətimizin malik olduğu mədəni-mənəvi dəyərləri dünya xalqlarına tanıtması yuxarıda söylənilən əsas fikrin ana xəttini təşkil edir.
Azərbaycan mədəniyyətinin təbliğilə məşğul olan insanlar əslində, Azərbaycan xalqını, dövlətini dünyada tanıdır. Bu cür fəaliyyətlə məşğul olanlar həqiqətən, Vətən qarşısında üzərlərinə düşən müqəddəs missiyanı yerinə yetirirlər. Belə insanlardan biri də məşhur bəstəkar Cövdət Hacıyevin və təkrarolunmaz rəqqasə Əminə Dilbazinin oğlu, Əməkdar incəsənət xadimi, üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Beynəlxalq Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin prezidenti, Niaqara şəhərinin fəxri beynəlxalq artisti, Toronto və Vaşinqton şəhərlərinin “İpək yolu” kamera orkestrinin baş dirijoru, Niaqara beynəlxalq musiqi festivalının “İpək yolu” Komitəsinin sədri, dirijor-bəstəkar İsmayıl Hacıyevdir.
İsmayıl Hacıyev də iyul ayının 5-də Bakıda keçirilmiş Dünya azərbaycanlılarının III qurultayının nümayəndəsi olub. O, Kanadada Azərbaycan mədəniyyətinin təbliği işi ilə dövlətimizin diaspora siyasətinə dəstək verməyə çalışır.
Tanınmış dirijor-bəstəkarın gələcək fəaliyyəti və planları haqqında ətraflı məlumat almaq üçün İsmayıl Hacıyevlə görüşdük.
Bu gün Azərbaycan mədəniyyətinin müasir mədəniyyətlərin və sivilizasiyaların yaxınlaşmasını təmin edən işdə mühüm rol oynadığını söyləyən İsmayıl Hacıyev məhz buna görə, Prezident İlham Əliyevə minnətdarlığını bildirib: “Mən hər şeydən əvvəl cənab Prezident İlham Əliyevə ürəkdən təşəkkür etmək istəyirəm. Prezident İlham Əliyevin dünyanın ən uca kürsülərində çıxış etməsi və Azərbaycanın ən böyük, mühüm layihələr həyata keçirməyə hazır olduğunu bildirməsi mədəniyyət və diaspora nümayəndələrində böyük fəxr hissi yaradır. Bu, bizləri yüksək səviyyədə mədəni əlaqələrin qurulmasına həvəsləndirir. Bütün bunlar isə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan ideyasının daha geniş mənada intişar tapmasına istiqamətlənib”.
Dirijor-bəstəkar Kanadada həyata keçirilən layihələrdən də danışıb: “Məlum olduğu kimi, Kanadada mühüm əhəmiyyət kəsb edən mədəniyyət hadisəsi baş verib. Açılışı və qeydiyyatı dövlət səviyyəsində baş tutmuş Heydər Əliyev adına Dünya İrsi Beynəlxalq Mərkəzinin fəxri prezidenti Niaqara şəhərinin meri lord Qerri Borrou seçildi. O, Azərbaycan musiqisini çox yüksək dəyərləndirən bir şəxsiyyətdir. O, həmçinin, beynəlxalq Niaqara musiqi festivalında Azərbaycanın simfonik muğam konsertinin keçirilməsinə də şərait yaratdı.
Şəhərin meri 2008-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə yubiley tədbirlərinin keçirilməsi haqqında təşəbbüsümü dəstəklədi. Ulu öndər Heydər Əliyevin büstünün Niaqara şəhərinin meriyasının memorial kompleksində qoyulması isə nəinki, Kanadada, hətta, ABŞ və bütövlükdə Yer kürəsinin qərb yarımkürəsində böyük siyasi-ictimai və mədəni rezonans doğurdu”.
Mən daim Ulu öndər Heydər Əliyevin diqqət və qayğısını görmüşəm
İsmayıl Hacıyevlə söhbət zamanı onun tələbəlik və professional fəaliyyəti dövründən də danışdıq. Tanınmış dirijor-bəstəkar deyib ki, o, daim Ulu öndər Heydər Əliyevin diqqət və qayğısını görüb: “Mən özümü Azərbaycanın musiqi mədəniyyətinin ən xoşbəxt üzvü hesab edirəm. Bunun isə səbəbi odur ki, böyük sənətə gəlişimdən əvvəlki dövrdə - təhsil aldığım və fəaliyyət göstərdiyim müddətdə dahi şəxsiyyət Heydər Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuşdum. Heydər Əliyevin təşəbbüsü ilə mən Azərbaycan Konservatoriyasını Qara Qarayevin tələbəsi kimi bitirdim. Sonra Mədəniyyət Nazirliyinin xətti ilə Sankt-Peterburq Konservatoriyasında təhsilimi dirijorluq sənəti üzrə davam etdirdim. Mən Sankt-Peterburqda oxuduğum müddətdə də daim Heydər Əliyevin diqqət mərkəzində oldum.
Ulu öndər Heydər Əliyevin köməkliyilə təhsilimi başa vurduqdan sonra Sankt-Peterburq Filarmoniyasında təcrübə keçməyə göndərildim. Orada XX əsrin böyük bəstəkarlarından olan, SSRİ Xalq artisti Yevgeniy Mravinskinin yanında assistent-dirijor işlədim.
Sankt-Peterburq Filarmoniyasında Heydər Əliyevin iştirak etdiyi, Azərbaycanın dahi bəstəkarı ü.Hacıbəylinin 100 illiyi, Fikrət Əmirovun 60 illiyilə əlaqədar, həmçinin, Qara Qarayevin, Cövdət Hacıyevin və digər azərbaycanlı bəstəkarların konsertlərində Mravinskinin orkestrində müşayiət etmək şansı qazandım.
Qeyd edim ki, Heydər Əliyevin Azərbaycan musiqisinin Sankt-Peterburq Filarmoniyasında səsləndirilmə sayının artırılması haqqında qərarından sonra mən daha iki il Mravinskinin yanında işləməli oldum.
İş qrafikinin sıx olmasına baxmayaraq, Heydər Əliyev mənim professional musiqiçi kimi yetişməyim üçün hər cür şərait yaradırdı, hətta vaxt tapıb Azərbaycan musiqisi ilə bağlı Mravinskiyə zəng edirdi.
ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin yaradıcı insanlara olan xüsusi münasibətini qeyd etmək istərdim. Bir dəfə Mravinskinin həyat yoldaşı mənə çox maraqlı bir hadisə danışdı. O, dedi ki, bir dəfə evə gələndə ərini göz yaşları içində görüb. “Jenya sənə nə olub, niyə ağlayırsan?” - deyə, həyat yoldaşı Mravinskidən soruşanda o belə cavab vermişdi: “İndi Heydər Əliyev zəng etmişdi və mənim səhhətimlə maraqlanırdı”.
Mən onu demək istəyirəm ki, bu cür incəliklə Heydər Əliyev Mravinskinin ürəyinə yol tapmışdı...
... Mən Bakıya qayıtdıqdan sonra Azərbaycan Respublikası Dövlət Teleradio Şirkətinin Niyazi adına simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru təyin edildim.
Xüsusilə qeyd etmək istəyirəm ki, Heydər Əliyev həmişə bizim ailəyə qayğı ilə yanaşıb. Onun təşəbbüsü ilə atam Cövdət Hacıyev SSRİ dönəmində ən yüksək səviyyəli mükafatlara layiq görülüb, eyni zamanda, “Şöhrət” ordeni ilə təltif olunub.
Anam, Azərbaycanın tanınmış rəqqasəsi Əminə Dilbazi Heydər Əliyev tərəfindən “İstiqlal” ordeninə layiq görülüb”.
“İlham” bayrağımızı ABŞ və Kanada da ucaltdı
İsmayıl Hacıyev həm də “İlham” kamera orkestrinin yaradıcısıdır: “Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə Azərbaycanda ilk dəfə qədim və müasir musiqi folklorundan ibarət dünya səviyyəsində tanınan “İlham” kamera orkestrini formalaşdırdım.
Heydər Əliyev Nyu-York şəhərində BMT Baş Assambleyasının iclasındakı iştirakından sonra demişdi ki, Bakıya qayıdan kimi “İlham” orkestrinin Kanadanın və ABŞ-ın böyük şəhərlərinə qastrol səfərə çıxması məsələsini müzakirə etmək üçün məni qəbul edəcək. ümummilli lider Heydər Əliyev Bakıya qayıdandan sonra “İlham” kamera orkestrinin qastrol səfərlərinin maliyyələşdirilməsi haqqında göstəriş verdi.
Böyük qürur hissi ilə deyə bilərəm ki, biz Ulu öndər Heydər Əliyevin etibarını yüksək səviyyədə doğrulda bildik. “İlham” orkestri ABŞ-da və Kanadada erməni radikallarının təxribatçı əməllərinə baxmayaraq, möhtəşəm konsertlər verməklə, Azərbaycanın musiqi mədəniyyətinin malik olduğu keyfiyyətləri dünyaya sübut etdi. ümummilli lider Heydər Əliyev “İlham” orkestrinin Kanada və ABŞ turnesini yüksək qiymətləndirdi və aidiyyəti dövlət strukturlarına gələcək konsertlərin keçirilməsi üçün əlavə maliyyə yardımının ayrılmasına göstəriş verdi”.
Əsas məqsədimiz Ulu öndərin qarşımıza qoyduğu müqəddəs vəzifəni yerinə yetirməkdir
İsmayıl Hacıyev Kanadadakı fəaliyyətindən də danışdı və bildirdi ki, Azərbaycan musiqi mədəniyyətinin xarici ölkələrdə təbliği məqsədilə o, Niaqara festivalının bədii rəhbəri Atis Bankasın təklifilə Niaqara beynəlxalq musiqi festivalının “İpək Yolu” orkestrinin bədii rəhbəri və baş dirijoru oldu, “İpək Yolu” Komitəsinə rəhbərlik etdi: “Mənim xarici ölkələrdə əsas məqsədim Ulu öndərin qarşımıza qoyduğu müqəddəs vəzifəni yerinə yetirməkdir. Heydər Əliyev deyirdi ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan və ümumi Azərbaycan ideyası üçün işləməlidir.
Mən həmin vaxtdan etibarən Azərbaycan simfonik musiqisinin və muğamının təbliği məqsədilə Kanadanın və ABŞ-ın böyük şəhərlərində konsertlər verməyə başladım. Həmçinin, “İpək Yolu” Vaşinqton kamera orkestrinə də rəhbərlik etmişəm.
Keçirdiyim konsertlərin içərisində ən möhtəşəmi Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə Toronto və Niaqara şəhərlərində təşkil olunmuş konsertdir. Həmin konsertdə Niaqara beynəlxalq musiqi festivalının iştirakı ilə “İpək Yolu” kamera orkestrinin Heydər Əliyevə həsr olunmuş əsərləri - mənim Azərbaycanın xalq artisti, məşhur bəstəkar Cövdət Hacıyevlə birlikdə yazdığım təntənəli oda - “Ulu öndər” və “Onu zaman seçib” simfoniyası səsləndirilib.
Heydər Əliyevin respublikamızda hakimiyyətə gəlişinin 40 illiyi münasibətilə bizim ailənin təşəbbüsü ilə başda Azərbaycanın Xalq artisti, tanınmış rəqqasə Əminə Dilbazi olmaqla, ilk dəfə olaraq, Amerika qitəsində Heydər Əliyev adına beynəlxalq mərkəz açıldı. Bizim mərkəz Azərbaycanın ən tanınmış yaradıcı qüvvələrini, Azərbaycan diasporunun və müasir dövrün mədəniyyət sahəsində ən yaxşılarını - Tahir Salahov, Firəngiz Əlizadə, Fərhad Bədəlbəyli, Fidan Qasımova, Yeganə Axundova, L.Hüseynova, Siyavuş Kərimi, həmçinin, A.Bankas, B.Brott, N.Koqan, V.Gergiyev, D.Vilkis, R.Silverman, R.Vatanabe və başqalarını öz ətrafında birləşdirib. Bu böyük mərkəz bundan sonra da müqəddəs bir vəzifəyə - Azərbaycanın dünyada cərəyan edən mədəni proseslərdə dominant rol oynayan qüvvələrdən birinə çevrilməsinə çalışacaq”.
İsmayıl Hacıyev Mehriban xanım Əliyevaya həsr olunmuş simfonik-muğam misteriyasının müəllifidir
İsmayıl Hacıyev deyib ki, Kanadanın və ABŞ-ın ən prestijli konsert zallarında səslənən Azərbaycan simfonik musiqisi və muğamı həmin ölkələrin mədəniyyət ictimaiyyətinin böyük sevgisini, hörmətini qazanıb: “Niaqara şəhərinin meriası Niaqara musiqi festivalının bədii rəhbərilə birlikdə 26 avqust tarixini “Azərbaycan muğamı” beynəlxalq günü elan edib. Bu, ilk növbədə beynəlxalq aləmdə irimiqyaslı layihələr həyata keçirən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətinin nəticəsidir. Xatırlayıram ki, bu fəaliyyətinə görə, Mehriban xanım Əliyeva Niaqara festivalında ən yüksək mükafatla təltif olunmuşdu. Mən, eyni zamanda, Mehriban xanım Əliyevaya həsr olunmuş və ABŞ və Kanadanın böyük şəhərlərində səslənmiş simfonik-muğam misteriyasının da müəllifiyəm.
Biz yaxın aylarda Kanadada Azərbaycan mədəniyyəti günlərini keçirməyə hazırlaşırıq. Qeyd etmək istəyirəm ki, NATO-nun üzvü və Qərbin ən qabaqcıl ölkələrindən olan Kanadada Azərbaycanla, onun tanınmış siyasət və mədəniyyət xadimlərilə bağlı təntənəli tədbirlərin keçirilməsi, eyni zamanda, bütün bunların Kanada ictimaiyyəti tərəfindən təqdir olunması siyasi, mədəni-mənəvi dəyər daşıyır. Bütün bunlar isə, o deməkdir ki, Azərbaycan dövləti güclənir. Bu, özünü həm siyasi, həm iqtisadi, həm də mədəni sahədə göstərir. Həmçinin, cənab Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan mədəniyyəti dünya miqyasında layiqli qiymətini alır”.
Toronto Kral konservatoriyasında ü.Hacıbəyli adına Azərbaycan muğam studiyası yaradılıb
Dirijor-bəstəkar söyləyib ki, o, bu gün də cənab Prezident İlham Əliyevin Dünya azərbaycanlılarının III qurultayında etdiyi çıxışın təsirindədir: “Cənab Prezident çıxışında bir daha deyib ki, bu gün Azərbaycanın mövqeyi dünya ölkələri tərəfindən qəbul edilir. ölkəmizin malik olduğu iqtisadi, siyasi və sosial imkanlar Azərbaycan ideyası naminə bütün sahələrdə hücum siyasətinə başlamağa şərait yaradır.
Biz tarixdə ilk dəfə olaraq, Qərbin ən güclü ölkələrindən biri, NATO-nun üzvü olan bir ölkədə Toronto Kral Konservatoriyasında ü.Hacıbəyli adına Azərbaycan muğam studiyası təşkil etdik. Bu, bizim qələbəmizdir. Növbəti mühüm aksiyamız isə Ulu öndər Heydər Əliyevin heykəlini Niaqarada ucaltmaq olacaq. Artıq bununla bağlı şəhər rəhbərliyilə danışıqlar aparılıb.
Biz, həmçinin, Avropa Şurası ilə birlikdə qitələrarası mədəni layihəyə start vermək niyyətindəyik. Bu mədəni tədbirlər çərçivəsində Avropanın iri şəhərlərində Azərbaycan mədəniyyəti nümayiş etdiriləcək, musiqisi dinləniləcək.
Bütün bunlar bizim həm siyasi, həm də mənəvi qələbəmizdir. Bununla da, biz Bakı ilə Niaqara arasında mənəvi-mədəni körpü salmaqla “məsafəni” aradan qaldırırıq”.
Bu gün artıq Kanada bizə çox yaxın, doğma ölkəyə çevrilib
İsmayıl Hacıyev sözünə davam edərək deyib ki, bu gün artıq Kanada bizə çox yaxın, doğma ölkəyə çevrilib: “Kanadanın yüksək çinli məmurları Azərbaycanla bağlı bütün tədbirlərdə iştirak edir və ölkəmizin tarixinə, musiqisinə, muğama olan sevgilərini nümayiş etdirirlər. Hətta, onların bəziləri bizim dəvətimizlə Bakıda da olublar. Məhz, mənim Niaqara musiqi festivalının beynəlxalq mükafatı ilə təltif olunmam bir daha kanadalıların Azərbaycan musiqisinə, mədəniyyətinə olan sevgisini sübut edir”.
Kanadadakı diasporamız artıq “hücuma” keçir
Tanınmış dirijor-bəstəkar vurğulayıb ki, Prezident İlham Əliyevin Dünya azərbaycanlılarının III qurultayındakı çıxışından az bir müddətin keçməsinə baxmayaraq, artıq Azərbaycan diaspora nümayəndələri Kanadada “hücuma” keçiblər: “Prezident İlham Əliyevin əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu uğurla davam etdirməsi nəticəsində Azərbaycan regional liderə çevrilib. Eyni zamanda, ölkəmiz tarixi nüfuzunu bərpa etməklə, bir daha sübut etdi ki, Azərbaycan Qərblə Şərq arasında mədəni, siyasi, iqtisadi dəhlizdir.
Mən düşünürəm ki, gördüyümüz işlər hələ başlanğıcdır. Biz fəaliyyətimizlə bütün dünyanı yaxşı mənada mədəni “işğala” məruz qoyacağıq. Dünya ictimaiyyəti Azərbaycan mədəniyyətinin sehirli gücü ilə tanış olacaq və uzun müddət onun təsirindən çıxa bilməyəcək”.
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 916 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30