Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Nizami rayonunda akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının ictimai müzakirəsi keçirilib

Nizami rayonunda akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının ictimai müzakirəsi keçirilib

26.07.2011 [09:21]

Tahir Budaqov: Bu kitab zaman-zaman tarixi saxtalaşdırmağa çalışan bədnam erməni təbliğatına qarşı çox qiymətli elmi mənbədir
İyulun 23-də Nizami rayonunda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” kitabının ictimai müzakirəsi keçirilib. Müxtəlif nəslin nümayəndələrini, xüsusən, gəncləri təmsil edən ziyalıların qatıldığı müzakirələrdə “RESURS” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Samir Mehdizadə məruzə ilə çıxış edib.
Tədbirdə çıxış edən Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov vurğulayıb ki, bu kitab zaman-zaman tarixi saxtalaşdırmağa çalışan bədnam erməni təbliğatına qarşı çox qiymətli elmi mənbədir: “Əvvəlcə kitabın adının yaranması amilinə diqqət yetirək. 2010-cu il oktyabrın 16-da Ermənistan prezidenti Serj Sarkisyan Yerevanda deyil, məhz qədim Azərbaycan şəhəri olan Gorusda dünya erməni diaspor jurnalistlərinin yığıncağını təşkil etmiş və bu yığıncaqda öz sərsəm bəyanatları ilə əslində, erməni siyasətini ifşa etmişdi. Bu, o Serj Sarkisyandır ki, 1992-ci ilin fevralında Xocalı soyqırımının, Dağlıq Qarabağın və ona bitişik ərazilərin azərbaycanlı əhalisinə qarşı etnik təmizləmənin təşkilatçılarından biri olmuşdur. özünü elm adamı kimi təqdim edən Ermənistan prezidenti adıçəkilən tədbirdə öz əsassız arqumentləri ilə gülünc mülahizələr müəllifinə çevrilmişdir. Akademik Ramiz Mehdiyev bu əsəri ilə erməni diplomatiyasına sarsıdıcı zərbə vurmuşdur. Müəllif həm də mötəbər auditoriya hesab etdiyi dünyaya öz fikirlərini belə çatdırır: “Dağlıq Qarabağ heç vaxt erməni torpağı olmayıb. Bu torpaqlar Azərbaycanın tarixi hissəsidir. Bura Qafqaz albanlarının yaşadığı ərazi olub. Beynəlxalq ictimaiyyət, o cümlədən, BMT Təhlükəsizlik Şurası öz üzərinə düşən missiyanı yerinə yetirməlidir, torpaqlarımızın işğaldan azad olunması üçün öz səylərini gücləndirməli və hüququn gücünə riayət etməlidir”.
Erməni saxtakarlığını şərh edən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva bildirib ki, “Ermənistan tarixin saxtalaşdırılması məsələləri üzrə dəyişməz dünya çempionudur” fikri dodaqlarda istehzalı təbəssüm yaratmaqla yanaşı, bir millətin tarix boyu qurtula bilmədiyi cəfəng ideyanın heçliyə yuvarlanmasını elmi təhlillərlə sübut edir: “Bədnam “alim”, başabəla siyasətçi hesab edilən erməni prezidentin Dağlıq Qarabağın ərazi mənsubiyyəti haqqında erməni diaspor jurnalistlərinə verdiyi “məlumatların” heç bir tarixi mənbəyə əsaslanmadığını yazan müəllif öz qəti mövqeyini belə bildirir: “Dağlıq Qarabağı Ermənistana birləşdirmək mümkün olmamışdır və heç vaxt mümkün olmayacaqdır - nə 20 il bundan əvvəl, nə bu gün, nə də 100 ildən sonra”. Əslində, bu fikirlər Ulu öndər Heydər Əliyevin siyasi mübarizəsinin davamı, Prezident İlham Əliyevin siyasi iradəsinin təsdiqidir”.
Müzakirələrdə çıxış edən millət vəkilləri Mirkazım Kazımov, Gülər Əhmədova, Flora Qasımova, həmçinin, YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov diqqətə çatdırıblar ki, akademik Ramiz Mehdiyev təcavüzkar mövqeyindən çəkilməyən Ermənistanın anlaşma üçün yaranan hər bir obyektiv imkanı əldən qaçırmaqla real sülhü uduzduğunu qeyd edir. O, Azərbaycanın hərtərəfli inkişafının bütün dünya tərəfindən qəbul edildiyini önə çəkərək təcavüzkar dövlətin rəhbərlərini bir daha xəbərdar edir. Müəllif Ermənistanın hazırkı vəziyyətini belə qiymətləndirir: “Bu gün Ermənistan özünü tamamilə təcrid etmişdir, nəqliyyat yolları və boru kəmərləri ondan yan keçir, onun dənizə çıxışı yoxdur, sərhədlərinin çox hissəsi bağlıdır və onun dörd sərhədindən ikisi bundan sonra da “qıfıllı” vəziyyətdə qalacaqdır. Daha hansı ölkənin sərhədlərinin 85 faizi onun öz təqsiri üzündən bağlıdır? Dünyada ikinci belə ölkə yoxdur”.
Göründüyü kimi ritorik sualdır, həm də, əslində Ermənistan dövlətinin hazırkı vəziyyətinin hərtərəfli təhlilidir. Biz kitab boyu bütün vəziyyətlərin beləcə təhlillərlə açıqlandığının şahidi oluruq. “Gorus-2010: absurd teatrı mövsümü” əsərində ermənilərin tarixən bu ərazilərə gəlmə olduqları elmi dəlillərlə sübut olunur. Hətta erməni “alimlərin” tarixi mənbələri belə saxtalaşdırmaqdan çəkinmədikləri faktlar əsasında sübut edilir. Əsərdə Rusiya-İran müharibələrinin nəticəsi olan 1828-ci il Türkmənçay müqaviləsindən sonra ermənilərin İrandan, Osmanlı imperiyasının Şərq əyalətlərindən İrəvana, Naxçıvan və Qarabağa köçürülmələri faktları öz əksini tapmışdır. Ermənilərin bu torpaqlara gəlmə olduqlarını təsdiqləyən tarixi statistik məlumatlara kitabda geniş yer verilmişdir. Erməni diaspor jurnalistlərinin yığışdıqları, müəllifin təbirincə desək, absurd teatrın səhnələşdirildiyi məkan - Gorus şəhərinin özü də itirdiyimiz qədim yurd yerimiz olan Zəngəzurda yerləşir. 1918-1920-ci illərdə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi olub. Elə həmin dövrdə Ermənistan (daşnak) Respublikası Zəngəzurla bağlı torpaq iddiaları irəli sürüb, silahlı toqquşmalar baş verib. Təkcə 1905-1907 və 1914-1920-ci illərdə erməni daşnakların törətdiyi qırğınlar nəticəsində Zəngəzur mahalında yarım milyon Azərbaycan türkü vəhşicəsinə qətlə yetirilmişdir. Həmin illərdə Zəngəzurda 115 kənd yer üzündən silinmiş, 4472 qadın və uşaq öldürülmüşdür. Əsərdə tarixi abidələrin dağıdılması, yer adlarının dəyişdirilməsi faktlarının yolverilməz olduğu, beynəlxalq təşkilatların qərarlarına laqeydlik halları erməni şovinizminin tarixi cinayəti kimi dəyərləndirilir.
Müzakirələrdə yekdilliklə vurğulanıb ki, bütün bu təhlillər bir daha göstərir ki, akademik Ramiz Mehdiyev tarixi faktları ortaya qoymaqla elmi dəlillər əsasında hiyləgər erməni siyasətinin iç üzünü məharətlə açır.
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 961 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30