Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ictimaiyyəti Fransaya etiraz etdi

Azərbaycan ictimaiyyəti Fransaya etiraz etdi

24.12.2011 [21:21]

ölkə hökuməti və ictimaiyyəti rəsmi Parisin qeyri-demokratik mövqeyini tənqid etdi
Xəbər verildiyi kimi, Fransa Senatı qondarma “erməni soyqırımı”nı inkar etməyə görə cəza nəzərdə tutan qanun layihəsini qəbul edib. Erməni şovinizminin yalan təbliğatından olan qondarma “soyqırımı” məsələsi və Fransa Milli Assambleyasıınn qərarı Azərbaycan hökuməti və ictimaiyyəti tərəfindən də pislənib. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa Milli Assambleyasında “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsini pisləyən bəyanat yayıb. Bəyanatda bildirilir: “Azərbaycan Respublikası Fransanın Milli Assambleyasında “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsini kəskin şəkildə pisləyir. Azərbaycan öz təəccübünü ifadə edərək, bu addımın Avropa məkanında demokratiyanın əsasını təşkil edən söz və ifadə azadlığı prinsiplərinə qətiyyən uyğun olmadığını, Fransanın götürdüyü insan hüquqları və əsas azadlıqlar kimi demokratik dəyərlərə hörmət etmək öhdəliyi ilə ziddiyyət təşkil etdiyini və qəbuledilməz olduğunu bəyan edir. Azərbaycan Respublikası Fransa Milli Assambleyasının bu cür qanun layihəsi qəbul etdiyi halda, Azərbaycanın işğal olunmuş ərazilərində yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qalmasına, öz torpaqlarında məcburi köçkünə çevrilməsinə, həmçinin, bu insanların hüquqlarının kobud şəkildə pozulmaqda davam etməsinə göz yummasını dərin təəssüflə qarşılayır”.
Məsələ ilə bağlı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Fransa Senatının qəbul etdiyi bu qərar regionda gedən proseslərə ziddir və qeyri-konstruktiv bir qərardır. Nazir qeyd edib ki, Azərbaycan tərəfi bu qərarı pisləyir: “Biz öz tərəfimizdən bu qərarı tənqid edirik və pisləyirik. Səsvermədə senatın 500-dən artıq üzvünün cəmi 10 faizi iştirak edib. Bu, demokratiya baxımından düzgün deyil. Fransa yüz il əvvəl baş verən məsələlərlə məşğul olursa, o zaman Azərbaycanın işğal olunmuş əraziləri, Xocalı soyqırımı və 1 milyon qaçqın və məcburi köçkünün məsələsinə də münasibətini bildirməlidir. Fransa Senatının qəbul etdiyi bu qərar problemdən başqa yeni heç nə gətirməyəcək. Azərbaycan tərəfi prosesin sonrakı gedişini yaxından izləyəcək və öz təhlillərini apararaq mövqeyini ortaya qoyacaq”.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Fransa Senatında qondarma “soyqırımı” məsələsinin müzakirəyə çıxarılması dövlətlərarası münasibətlərə heç də müsbət çalar gətirməyəcək. Ə.Həsənov bu məsələnin Fransa parlamentinin gündəliyinə çıxarılmasını tarixlə bağlı olan hadisənin siyasiləşdirilməsi adlandırıb: “Bu məsələlərlə bağlı tarixçilər araşdırma aparmalı, müzakirələr etməlidirlər və insanların yaddaşında tarixi təzələmə anlamında bu məsələ gündəmə gətirilməlidir. Fransada bu prosesin baş verməsi Fransa-Türkiyə münasibətlərinə heç də yaxşı təsir göstərməyəcək. Eyni zamanda, Azərbaycan Ermənistanla müharibə şəraitində yaşayır, Xocalı kimi dəhşətli cinayətlər bu gün Ermənistanı idarə edənlərin məsuliyyətinə daxildir və bu tipli saxta məsələlər onlar tərəfindən qaldırılır. Belə hadisələr dövlətlərarası münasibətlərə heç də müsbət çalar gətirməyəcək”.
Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun sözlərinə görə bu qərar ədalətli deyil. N.Məmmədov qeyd edib ki, bu, əslində, bu gün Fransanın özünün demokratik bir dövlət, cəmiyyət kimi imicinə təsir göstərir və fikir azadlığının, mövqe azadlığının həddindən artıq məhdudlaşması deməkdir: “Fransa parlamentinin qərarı münasibətlərimizə, şübhəsiz ki, təsir edə bilər. Hələlik, bu, Fransa parlamentinin bir palatasında qəbul edilən qərardır. Bir qədər gözləmək lazımdır. Əks halda, adekvat addımlar şübhəsiz ki, atıla bilər”.
Azərbaycan parlamenti də Fransa Milli Assambleyasının qərarına kəskin etirazını bildirib. Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Fransa parlamentinin qəbul etdiyi qərar cılız siyasətin təzahürüdür. Spiker deyib ki, Türkiyə böyük dövlətdir, Avropa Birliyinə o qədər də ehtiyacı yoxdur: “Bu, erməni diasporunun fəaliyyəti nəticəsində baş verir. Erməni xalqı yazıqdır, onu idarə edən diaspor, xarici qüvvələrdir. Bu qərar təkcə Türkiyəyə qarşı yox, Fransanın və Ermənistanın özünə də qarşı yönəlib. Fransa parlamentinin iclasında cəmi 50 deputat iştirak edib, bu da yaddan çıxmamalıdır. Biz çalışmalıyıq ki, məsələ Fransa Senatında qəbul olunmasın, Fransa prezidenti onu imzalamasın. Azərbaycan Xarici İşlər Nazirliyi dövlətimizin qəti mövqeyini ortaya qoydu. Biz isə Fransa Senatı ilə sıx işləməliyik. Ona görə də, məsələni diqqətdə saxlamaqla bir az dözümlü yanaşmalıyıq. Azərbaycan dövləti həmişə Türkiyənin yanındadır”.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, Fransa ikinci mərhələdə Türkiyədən “erməni soyqırımı”nı tanımasını tələb edəcək: “Əsas məqsəd Türkiyənin Avropa Birliyinə qəbulunun qarşısını almaqdır. çünki Türkiyə “erməni soyqırımı”nı tanımayacaq və o zaman da deyəcəklər ki, buna görə Türkiyəni Avropa Birliyinə qəbul etmək olmaz”.
Milli Məclisin sədr müavini Bahar Muradova vurğulayıb ki, Azərbaycan Türkiyənin yanında olduğunu bəyan edib. Fransa parlamentinin qərarının həm də Türkiyənin Avropa Birliyinə qəbulunun qarşısını almağa hesablandığını önə çəkən vitse-spiker bildirib ki, Türkiyənin Fransanın qərarına adekvat olaraq addımlar atacağını bildikləri və nəticədə Avropa Birliyinə üzv ölkələrlə Türkiyə arasında problem yaranması üçün bu addım atılıb: “Bu, söz azadlığının, insan hüquqlarının beşiyi olan Avropaya utanc gətirir. Belə çıxır ki, hər hansı Avropa ölkəsinin vətəndaşı da bu məsələ ilə razılaşmasa, o da cinayətə cəlb olunacaq. Bundan sonra, Fransa başqa ölkələrdə insan hüquqlarının tənzimlənməsindən necə danışa bilər? Bu, Türkiyə tarixini araşdıran tarixçilərə qarşı da yönəlib. Biz Fransaya etirazımızı bildirməliyik. çalışmalıyıq ki, Fransa Senatı bu qanunu qəbul etməsin, Nikola Sarkozi isə prezident səlahiyyətlərindən çıxış edərək bu qanunu imzalamasın”.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov Fransa Milli Assambleyasında qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan qanun layihəsinin qəbul edilməsini böyük haqsızlıq və ədalətsizlik adlandırıb. İcra katibi bildirib ki, bu, həm də tarixin ciddi bir şəkildə saxtalaşdırılmasıdır: “Saxta, qondarma “soyqırımı” iddiası əsasında Avropa ölkələrindən biri olan Fransa tərəfindən belə bir qərarın qəbul edilməsi bu dövlətin demokratik mahiyyətinə, hüquq və azadlıqlarına hörmət məfkurəsi üzərinə çox böyük bir kölgə salır. Bu, təbii ki, Azərbaycan tərəfindən də Türkiyəyə qarşı təzyiq kimi qiymətləndirilir”.
Əli Əhmədov qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı birincisi, haqsızlığa, ikincisi Türkiyəyə qarşı təzyiq göstərmək cəhdinə görə, belə bir qərarın qəbul edilməsinə kəskin şəkildə öz etirazını bildirməlidir: “Bu, təkcə Türkiyə-Fransa münasibətlərinə mənfi təsir göstərməyəcək. Bu, hər bir Azərbaycan vətəndaşının Fransaya olan münasibətinə ciddi şəkildə təsir göstərəcək. Təbii ki, əgər vətəndaşların münasibətində ciddi və neqativ reaksiya olacaqsa, bu reaksiya bütövlükdə yanaşmada ciddi dəyişikliklərə gətirib çıxaracaq. Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar yaranmış Minsk qrupunun həmsədrlərindən biridir. Minsk qrupu sözdə münaqişənin həllinə səy göstərdiyini bəyan edir, amma 20 il ərzində münaqişənin həll edilməsi istiqamətində real bir addım atılmayıb və münaqişə bu gün də qalmaqda davam edir. Əgər bu ədalətli tələb bu günə kimi yerinə yetirilməyibsə, deməli, Minsk qrupunun həmsədrləri problemə ədalətli yanaşma yolu tapa bilməyiblər. İndisə Azərbaycanın qardaşı olan Türkiyəyə qarşı Fransa belə bir ədalətsizliyə və haqsızlığa yol verib. Bu da Azərbaycan cəmiyyəti və hər bir azərbaycanlı tərəfindən qətiyyətlə pislənilir. Buna qarşı özümüzün etiraz səsimizi qaldırıb, məsələyə münasibətimizi bildirməliyik. Bundan sonra, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi öz üzərinə götürdüyü missiyanı da ədalətli və qərəzsiz şəkildə həyata keçirəcəyinə şübhələr daha da artacaq. Minsk qrupunun 20 ilə yaxındır ki, fəaliyyət göstərməsinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ciddi nəticəyə gətirən addımlar atılmayıb. Bunun səbəblərindən biri də odur ki, Fransa münaqişənin həllinə dair ədalətli yanaşma ortaya qoya bilməyib. Tarixdə baş verməyən bir hadisə haqda qanun qəbul edən Fransa parlamenti indiki nəsillərin gözü qarşısında baş verən faciələrə münasibət bildirməkdə belə “operativlik” göstərə bilmir. Xocalı soyqırımına münasibətini ifadə etmədən, Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi, Fransanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunması üçün səylər göstərəcəyinə inanmaq çox çətindir. İndiki təşəbbüslər, sadəcə, imitasiya yaratmaq cəhdlərindən başqa bir şey deyil”.
Millət vəkili, YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib ki, ötən əsrin sonlarında Xocalıda yaşanmış soyqırımına münasibət açıqlamayan Fransa Milli Assambleyasının ötən əsrin əvvəllərində nə olub-olmadığı bilinməyən hadisələrə “soyqırımı” deməsi və bunu inkar edənlərə cəza tətbiqi ilə bağlı qərar qəbul etməsi qeyri-obyektivdir. Siyavuş Novruzov Fransa parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi sənədi pisləyib. O, bildirib ki, Avropanın mərkəzi sayılan bir ölkənin tarixdə olmayan ittihamı qəbul etməsi ən birinci Avropa dəyərlərinə ziddir: “Dəfələrlə Türkiyə tərəfindən “arxivlər açılsın, tarixçilər gəlsin” deyə fikirlər səsləndirilsə də, Ermənistan dövləti bu müraciətə cavab verməyib. Mən bu qərarı qətiyyətlə pisləyirəm. Azərbaycan parlamenti hər zaman Türkiyənin yanındadır və biz əlimizdən gələn köməyi Türkiyəyə göstərməliyik”.
ötən əsrin axırında baş verən və bütün əyani sübutları olan Xocalı soyqırımı ilə bağlı Fransa parlamentində heç bir qərarın qəbul edilmədiyinə diqqət çəkən millət vəkili deyib ki, ötən əsrin əvvəlinə aid əsassız iddianın sənəd şəklinə salınması qəbuledilməzdir. S.Novruzovun sözlərinə görə, heç nasizmə qarşı Avropada belə bir münasibət olmayıb. “Azərbaycanın müxalifətçi jurnalistləri bəzən sığınacaq kimi gedib Fransaya sığınırlar, bu, onların hansı mövqedə olduğunun göstəricisidir”, - deyə, o, əlavə edib.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı məsələyə münasibət bildirərək deyib ki, Türkiyənin güclənməsi bölgədə bir çox ölkələri, o cümlədən, Fransanı da narahat edir. Ona görə də, bu məsələdən Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. “Azərbaycan ictimai rəyində bu məsələ qınanılır, pislənilir. Fransanın özündə də məsələyə demək olar ki, birmənalı münasibət yoxdur. ümid edirik ki, bu məsələ Senatdan keçməyəcək və bu siyasət iflasa uğrayacaq”.
Millət vəkili belə addımların Türkiyənin güclənməsinə mane ola bilməyəcəyini söyləyib. Onun sözlərinə görə, bu, əslində, işğalçı Ermənistana bəraət qazandırmaq, onu ruhlandırmaqdır: “Azərbaycan həmişə olduğu kimi, bu məsələdə də Türkiyənin yanında olacaq. İnanıram ki, Fransa parlamentinin yuxarı palatası - Senat bu qanunu qəbul etməyəcək. Türkiyə Fransa ilə bağlı müvafiq addımlar atıb, Azərbaycan da gələcəkdə bir sıra məqamlar aydınlaşandan sonra müvafiq addımlar ata bilər”.
Milli Məclisin üzvü, parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da qondarma “erməni soyqırımı” məsələsinin özünün bir cəfəngiyyat olduğunu deyib. Komitə sədri bu gün Fransada bu hadisənin heç də təsadüfən baş vermədiyini vurğulayıb: “Məsələn, bütün dünya bilir ki, Azərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən işğala məruz qalıb. Ancaq işğalçı öz cəzasını almayıb. İşğalçı öz cəzasını almırsa, işğal olunan torpaqlardan qoşunlar çıxarılmırsa, etnik təmizləmə aparan dövlət qınağa çəkilmirsə, xüsusi bununla bağlı müzakirələr getmirsə, bu zəmində Fransa parlamentinin qəbul etdiyi məsələlərə təəccüblənmək lazım deyil. Hamısı bir-biri ilə bağlı olan məsələlərdir”.
Millət vəkili Məlahət İbrahimqızı Fransa parlamentində qəbul edilən qanunun tək Türkiyəyə deyil, Azərbaycana qarşı da yönəldiyini söyləyib. Onun sözlərinə görə, Fransa QHT-lərini birləşdirən geniş bir koalisiya da bu qanuna qarşıdır: “Biz Fransa xalqına deyil, bəzi dövlət rəsmilərinin atdığı addıma qarşıyıq. Milli Məclis bu qanunun Fransa Senatında qəbuluna yol verilməməsi üçün Senata məktub göndərməlidir”.
Millət vəkili Qənirə Paşayeva Fransa parlamentinin qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun qəbul etməsinin çox ağır, acı təəssüf doğurduğunu dilə gətirib. Onun sözlərinə görə, qanunun qəbulu tək Türkiyə-Fransa deyil, eyni zamanda, Azərbaycan-Fransa münasibətlərinə də təsir edəcək: “Fransa Əlcəzair və Ruanda da törətdiyi soyqırımı müzakirə etsə daha yaxşı olar. Fransa parlamenti bütün Türk dünyasına qarşı qərəzli adım atıb. Paris bu qərarı ilə ATƏT-in Minsk qrupundakı roluna kölgə saldı. Heç bir azərbaycanlı bundan sonra inana bilməz ki, Fransa Qarabağ münaqişəsinin həllinə ədalətli yanaşa bilər. Bundan sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Fransanın həmsədr kimi neytral və obyektiv mövqe nümayiş etdirməsi mümkün ola bilməz”.
Məsələyə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, Fransa parlamentində qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı məsuliyyət müəyyən edən qanun layihəsinin müzakirəyə çıxarılması siyasi maraqlara xidmət edir: “Əslində, bu məsələnin araşdırılması ilə mütəxəssislər, tarixçilər məşğul olmalıdır. Amma proseslərin indiki məcrada inkişafı təbii ki, Fransa-Turkiyə munasibətlərində ciddi dəyişikliklərə səbəb olacaq”.
Yeri gəlmişkən, ATƏT-in Media azadlığı ofisinin rəhbəri Dunya Miyatoviç də məsələyə öz mövqeyini açıqlayıb. Onun sözlərinə görə, Fransa bu qanunu qəbul etməklə, ATƏT qarşısında götürdüyü öhdəlikləri pozacaq: “Fransada bu qanunun qəbulu digər ölkələri də analoji addımlar atmağa vadar edə bilər və dövlətlər ATƏT qarşısında götürdükləri öhdəlikləri pozmaqla tarixlə bağlı bəyanatlara görə cinayət məsuliyyəti tətbiq edə bilərlər”.
Bu arada Beynəlxalq Diaspor Mərkəzi Fransa səfirliyi qarşısında aksiya keçirib. Qondarma “erməni soyqırımı”nın inkarına görə cəzanı nəzərdə tutan qanun layihəsinin Fransa parlamentində müzakirəyə çıxarılmasına etiraz edən Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi “erməni soyqırımı imperializm yalanıdır”, “Fransa, Qarabağı işğal edən Ermənistana yardımı dayandır”, “Saxta erməni soyqırımını tanımaqdan əl çək, Fransa”, “Fransa hökumətinə ar olsun”, “Fransa, çaşma, səbrimizi daşırma” kimi şüarlar səsləndiriblər.
Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev çıxış edərək bildirib ki qondarma “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanunun parlamentin gündəliyinə daxil edilməsi və müzakirə olunması Fransa demokratiyasının əsl üzünü göstərir, çünki ən azı hər bir insanın düşüncə azadlığı var: “Erməni soyqırımı” iddialarının həqiqi olduğunu insanlara məcburi qəbul etdirmək cəhdi Fransa dövlətini dünyada nüfuzdan salmağa yönələn bir addımdır. Xocalıda Azərbaycan türklərinə qarşı törədilmiş soyqırımı görməməzlikdən gələn Fransa bu qanunun qəbulu ilə ədalət prinsipindən nə qədər uzaq olduğunu, türklərə qarşı qərəzli mövqedə durduğunu bir daha sübut edir. Fransa Dağlıq Qarabağ probleminin həllində hansı mövqedə çıxış etdiyini, ATƏT-in Minsk qrupunun həmsədri kimi açıq şəkildə Ermənistanı dəstəklədiyini bir daha göstərir. Belə olan halda Fransa-Türkiyə münasibətlərinin pozulduğu kimi, Azərbaycan-Fransa münasibətlərinə də xələl gələcək”.
Pərviz SADAYOÄžLU
Paylaş:
Baxılıb: 870 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30