Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Arzuolunmaz” Fransa...

“Arzuolunmaz” Fransa...

28.12.2023 [10:25]

Ölkəmizə qarşı qeyri-adekvat münasibətə layiqli cavab

Fransanın Azərbaycana qarşı formalaşdırmağa çalışdığı təzyiq vasitələri, kampaniyaları bumeranq effekt almadadır. Ötən illərdə zaman-zaman davam etdirilmiş, II Qarabağ müharibəsindən və antiterror tədbirlərindən sonra daha da intensivləşdirilmiş siyasi “gedişlər” ermənipərəst marağa əsaslanmaqla yanaşı, beynəlxalq hüquq ilə ziddiyyət təşkil edib. Vaxtilə ATƏT-in “Minsk qrupu” vasitəsilə regiona nüfuz etməyə çalışan, başqa sözlə, regionda özünün maraqlarını təmin etmək istəyində olan Fransa sonradan daha fərqli “imkanlar” axtarışına çıxıb. Günümüzün reallığında ortaya çıxan bəzi faktlar sübut edir ki, Parisin yürütdüyü xarici siyasət kursu heç də bəyan etdiyi “yüksək Avropa dəyərlərinə” söykənmir - tam əksinə, Fransanın Cənubi Qafqaz da daxil olmaqla bir sıra regionlara münasibəti neokolonializmə, qeyri-adekvat variantlara əsaslanır. Amma Parisin bütün cəhdləri faydasız qalır - Azərbaycanın həyata keçirdiyi effektiv və operativ cavab tədbirləri Parisin bu reallıqlar qarşısında “fransız” qalmasını təmin edir...

Davamlı qeyri-konstruktiv yanaşma - Parisin məğlubiyyət “yazısı”...

Qeyd edildiyi kimi, Cənubi Qafqazda yürütdüyü neokoloneolizm siyasətinin fərqli bir mənzərəsini formalaşdırmağa çalışan Fransanın bütün kartları açılıb - Parisin dünya ictimaiyyəti qarşısında uğradğı rəzilliklərin sayı-hesabı yoxdur. Xüsusilə, Azərbaycana qarşı qurduğu oyunlar ard-arda iflasa uğrayır. Cəmisi 2 illik intervala nəzər saldıqda maraqlı bir situasiya ilə qarşılaşırıq:

- Fransanın patronajlığı altında olan Frankofoniya təşkilatında Azərbaycana  məğlubiyyət;

- BMT TŞ-da ard-arda düşdüyü rəzil durumlar - Laçın sərhəd-buraxılış məntəqəsi ilə bağlı boşa çıxan bütün çabalarından tutmuş separatçı xuntanın müdafiəsinə qədər keçdiyi “bütün yollarda” acı məğlubiyyətə düçar olması;

- Prezident Makronun Qarabağla bağlı cəfəng fikirlərinin heç bir işə yaramaması;

- Aİ-nin “müşahidə qrupu” adı altında özünün kəşfiyyat şəbəkəsini Ermənistana yerləşdirməsinin effektivsizliyi;

- Bu ölkənin Milli Assambleyasının, Senatının Azərbaycana qarşı qəbul etdiyi qərəzli “qətnamə”lərin kağız parçası kimi əhəmiyyət daşımamaması və s.

Rəsmi Parisin bu kimi qeyri-adekvat davranışları ilə bağlı siyahını daha da uzatmaq olar - bu, həm də Parisin Azərbaycan qarşısındakı məğlubiyyətlərinin faktoloji sübutlarıdır. Son olaraq bu ilin sentyabrında Azərbaycanın separtçı xuntanı ləğv etməsi Parisin bölgə ilə bağlı planlarını tamamilə darmadağın etdi  - artıq Fransa özünün regiondakı əsas “xidmətçisi” sayılan qondarma rejimdən də məhrum edilib.  

Yeni inkişaf mərhələsinə qarşı qısqanclıq...

Son mərhələ olaraq isə Fransanın casus şəbəkəsinin ifşası həyata keçirildi. Bəlli olduğu kimi, Azərbaycanın son 3 ildə regionda formalaşdırdığı siyasi reallıqlar Fransa-Ermənistan cütlüyünün ağır məğlubiyyətləri ilə yanaşı, regional və qlobal müstəvidə mühüm nəticələrə yol açmaqdadır. Şərq-Qərb tranzit xəttinin üzərindəki ən mühüm geocoğrafi strateji məkanlardan sayılan Cənubi Qafqazda separatizmə son verilməsi, beynəlxalq hüququn və ədalətin bərpası mühüm perspektivlərə yol açıb. Bölgənin siyasi-iqtisadi cəlbediciliyi artmaqdadır ki, bu da Azərbaycanın apardığı məqsədyönlü siyasətin nəticələridir. Yeni iqtisadi nizamda əhəmiyyətli yerə malik olan Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya regionu həm coğrafi, həm də iqtisadi anlamda vahid orqanizm kimi çıxış etməsi praqmatik və yüksək iqtisadi dividendlərə hədəflənmiş siyasətin uğurlarıdır. Azərbaycanın bütün uğurlarına qısqanc münasibət bəsləyən rəsmi Paris və onun kimiləri isə Azərbaycanın bölgədə formalaşdırdığı təhlükəsizlik mühitinə zərbə vurmaq üçün canfəşanlığını bir az da “artırıb” - məsələn, Ermənistanı silahlandırmaqla, sülhə mane olmaq üçün müxtəlif variantlara əl atmaqla, bəzən isə açıq pozuculuq fəaliyyətinə cəhd göstərməklə bu prosesə kölgə salmaq istəyir. Amma Azərbaycanın hüquq-mühafizə, təhlükəsizlik orqanlarının uğurlu fəaliyyəti və peşəkarlığı bu kimi çirkin oyunların ifşa olunmasına, fiaskoya uğramasına yol açır.

Casus şəbəkəsi ifşa edildi...

Bir müddət öncə Qərb mətbuatında yayılmış məlumatlara əsasən, Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub. KİV-lərin bununla bağlı məlumatında bildirilir ki, hər şey Fransa səfirlik daxili rezidenturasının Azərbaycan ərazisində əslində Fransanın “tərəfdaşı” kimi bilinən ölkələrin nümayəndələrinə qarşı çox arxayın kəşfiyyat əməllərinə görə diqqətə düşməsi ilə başlayıb. Geniş əlaqələrindən istifadə edən rezidentura region ölkələrində fəal hərəkət etməklə yeni məqsədlər formalaşdırmaq və təsir dairəsini genişləndirməklə məşğul olub.

Məlumata görə, mənbələrdən əldə edilmiş informasiyaya əsasən, araşdırma bir-biri ilə əlaqəli xüsusatlar şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı aspektləri üzə çıxarıb, uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib.

Müəyyən müddət ərzində bir qismi indi və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər təqdim edilib. Azərbaycan xüsusi xidmət orqanları tərəfindən istintaq olunan cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxslər həbs olunub, bəziləri isə istintaq altındadır.

İki əməkdaşı “persona-non-grata” elan edilmiş səfirlik...

Dekabrın 26-da isə Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Nazirliyin Mətbuat xidmətinin məlumatına görə, Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb, həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib.

Qeyd edək ki, Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası  1961-ci ildə Vyana konqresində qəbul olundu. Azərbaycan Respublikası Milli Məclisin 228 N-li qərarına əsasən 1992-ci il 21 iyul tarixində Vyana Konvensiyasına qoşulmuşdur. Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası - diplomatik nümayəndəliklərin statusunu və funksiyalarını müəyyən edən əsas beynəlxalq hüquqi sənəddir. O, giriş hissədən və 53 maddədən ibarətdir.

Təhdidlərə effektiv və operativ cavab...

Göründüyü kimi, Azərbaycanın bölgədə formalaşdırdığı yeni siyasi reallıqlar bəzi maraqlı güclərin çirkin pozuculuq işlərinə əl atmasını “şərtləndirib” - zaman-zaman analoji hadisələrin  şahidi oluruq və sevindirici haldır ki, Azərbaycanın təhlükəsizlik orqanlarının peşakar fəaliyyəti bu kimi məsələlərin vaxtında ifşa edilməsini, ölkəmizə qarşı planlaşdırılmış xəbis maraqların üzə çıxmasını təmin edir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına və tələblərinə uyğun olaraq təhlükəsizlik orqanlarının inkişafı istiqamətində görülən tədbirlər öz bəhrəsini verir - Azərbaycanın formalaşmış təhlükəsizlik strategiyası ona öz maraqlarını qorumağa qadir dövlət imici qazandırıb. Müvafiq dövlət strukturlarının birgə fəaliyyəti və önəmli ictimai dəstək nəticəsində respublikamızda sabitlik mövcuddur. Bu baxımdan və həmçinin Azərbaycanın beynəlxalq təhlükəsizlik sisteminin fəal iştirakçısı olması nəticəsində ölkəmizə etibar edilir. Bütövlükdə kəşfiyyat-pozuculuq, terror-təxribat və digər cinayətkar cəhdlərin qarşısının uğurla alınması, beynəlxalq terrorçuluqla mübarizənin diqqət mərkəzində saxlanılması təqdirəlayiq haldır.

Eyni zamanda, Azərbaycanın xarici siyasət  idarəsinin məsələ ilə bağlı çevik qərarlar qəbul etməsi də ölkəmizin təhlükəsizlik reaksiyasının gücünü və operativliyini ortaya qoyur. Azərbaycan dövlətinə qarşı qeyri-adekvat addımlar hər zaman layiqli şəkildə cavablandırılır - Fransanın timsalında bu növbəti dəfə öz təsdiqini tapdı.

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 624 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31