Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dostluq və qardaşlıq mərkəzi

Dostluq və qardaşlıq mərkəzi

14.03.2024 [10:30]

Azərbaycanla starteji tərəfdaşlıq münasibətlərinə malik olan dost Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin bu günlərdə ölkəmizə baş tutan dövlət səfəri uğurlu keçib. Səfər çərçivəsində Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev müxtəlif tədbirlərə qatılıblar, mətbuata bəyanatlarla çıxış edərək qarşılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı mühüm mesajlar veriblər. Diqqəti çəkən məqam ondan ibarətdir ki, hər iki ölkənin siyasi rəhbərliyi münasibətlərin hazırkı səviyyəsindən məmnundurlar və onun daha da irəli aparılmasına qətiyyətli siyasi iradə göstərirlər. Səfər çərçivəsində daha bir əlamətdar hadisə yaşandı - dövlət başçıları Vətən müharibəsindən sonra yenidən qurulan Füzuliyə gələrək burada inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.

Mənəvi bağlarla daha da möhkəmlənən dostluq

Azərbaycan və qazax xalqları tarixdən gələn ənənələrə, həyat tərzlərinə, milli-mənəvi-dini dəyərlərinə görə bir-birinə çox yaxındırlar. Hər iki xalq Türk soyundan gəlir və tarixi keçmişi ilə qürur duyur. Təxminən üç onilliyi əhatə edən müstəqillik tarixində Azərbaycan və Qazaxıstan möhkəm tarixi zəmin üzərində sıx münasibətlər quraraq əlaqələrini starteji tərəfdaşlıq səviyyəsinə yüksəldiblər.

Eyni zamanda, ikitərəfli münasibətlər mədəni bağlarla daha da möhkəmlənir. Bunu təkcə son illərdə baş tutan tədbirlərin timsalında da görmək mümkündür. Azərbaycanda Qazaxıstanın, dost ölkədə Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi artıq ənənə halını alıb. İki ölkənin gəncləri arasında təmaslar da ikitərəfli humanitar əlaqələrin möhkəmlənməsinə şərait yaradır. Tərəflər gənclər siyasəti və təhsil sahəsində əməkdaşlığın inkişafı üçün qarşılıqlı şəkildə atılan addımları alqışlayırlar. Müvafiq nazirliklərə akademik mobilliyin təmin olunmasına, birgə təhsil və elmi layihələrin təşkilinə maksimum kömək etmələri barədə tapşırıq verilib. Eyni zamanda, media sahəsində qarşılıqlı fəaliyyət, kontent mübadiləsi qardaş xalqların daha da yaxınlaşmasına sanballı töhfə verə bilər. Bununla bağlı müvafiq sazişlər imzalanıb.

Ötən il Azərbaycanda olduğu kimi, Qazaxıstanda da “Heydər Əliyev İli” yüksək səviyyədə qeyd olundu. Burada zamanında ikitərəfli əlaqələrin inkişafına sanballı töhfələr vermiş Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirildi.  O cümlədən “Qazaxıstan” telekanalında Heydər Əliyevin zəngin həyat yolu haqqında “Görkəmli həyat” adlı sənədli filmin premyerası baş tutub. Dost Qazaxıstanda Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlərin keçirilməsinə Prezident İlham Əliyevin bu ölkəyə ötən il aprelin 10-da baş tutan uğurlu rəsmi səfəri çərçivəsində start verilib. Dövlətimizin başçısı aprelin 10-da Astanada

Heydər Əliyev küçəsinin təntənəli açılış mərasiminə qatılıb. Küçənin uzunluğu 1400 metrdir. Heydər Əliyev küçəsində dərin mənalı bir monument ucaldılıb. Bu memarlıq nümunəsinə daxil olan elementlər türk köklərinin ortaqlığını, mədəni dəyərlərin yaxınlığını və Azərbaycan xalqına hörməti vurğulayır. Monumentin üzərindəki QR-kodu skanlamaqla Heydər Əliyevin həyatı haqqında daha çox məlumat əldə etmək olar.

Bu qəbildən olan mədəni tədbirlər xalqlarımızın əbədi dostluğunu təcəssüm etdirir. Martın 12-də  Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılması hər iki ölkənin və xalqın tarixdən gələn ənənələrə sadiq qaldıqlarını təsdiqləyir. Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimindəki çıxışında  Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsünün şəxsən Qazaxıstan Prezidentindən gəldiyinə diqqət çəkən dövlətimizin başçısı vurğulayıb: “Ötən dəfə - ilyarım əvvəl Azərbaycana səfəriniz zamanı bu Mərkəzin təqdimatı oldu və bir il ərzində Mərkəz tikildi, bu gün onun rəsmi açılışıdır. Mərkəz qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyır. Dünən biz Sizinlə danışırdıq ki, bu, təkcə Uşaq Yaradıcılıq Mərkəzi deyil, həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq”.

Öz növbəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də iki ölkə arasında mədəni-humanitar sahədə əlaqələrin möhkəmləndirilməsinə böyük diqqət yetirildiyindən məmnun qaldığını diqqətə çatdırıb. Dost ölkənin dövlət başçısı respublikamızda Qazaxıstan mədəniyyət günlərinin böyük müvəffəqiyyətlə keçməsinə, Sumqayıt şəhərində bir küçəyə Qazaxıstanın məşhur maarifçisi Axmet Baytursınovun adının verilməsi qərarına görə minnətdarlığını ifadə edib. O, belə təmasların davam edəcəyinə əminliyini bildirib. “Bu Mərkəz Qazaxıstan xalqı adından bizim hədiyyəmizdir. Hökumətin tapşırığına və mənim şəxsi göstərişimə əsasən “BI Group” özəl şirkəti bu hədiyyəni səmimi-qəlbdən, bütün xalqın adından təqdim edir. Zənnimcə, bu obyekt şübhəsiz ki, ölkələrimiz arasında rifahın, bütün əlaqələrin, hərtərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə olacaq”, - deyə Kasım-Jomart Tokayev vurğulayıb.

Qəlbləri riqqətə gətirən layihə

Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev bildirib ki, hər bir belə layihə Azərbaycan xalqının qəlbini riqqətə gətirir. Kasım-Jomart Tokayevin təşəbbüs irəli sürməsi və bu təşəbbüsün çox qısa müddətdə yüksək səviyyədə reallaşdırlması sözün əsl mənasında nəciblik və xeyirxahlıq nümunəsidir. Təxminən 30 il ərzində insanlar yurd həsrəti ilə yaşayıblar. Erməni vandalları onların qurulu ev-eşiklərini dağıdıblar. Bu vəhşiliklərə şahidlik etmək, onun ağrı-acısını öz həyatında yaşamaq, əlbəttə ki, hər kəs üçün çox ağırdır. Belə çətin məqamlarda dost köməyi isə əsl təsəlli və ümid yeridir. Şübhə yoxdur ki, iki dövlət başçısının iştirakı ilə baş tutan açılış mərasimi xalqımızın yaddaşında əbədi qalacaq.

Qazaxıstan mədəniyyətinin görkəmli nümayəndəsi Kurmanqazının adını daşıyan yaradıcılıq mərkəzində uşaqların inkişafı üçün hər cür şərait yaradılıb.Təməli 2023-cü ilin martında qoyulan Mərkəz 1,5 hektar ərazidə yaradılıb. Obyektin tikinti sahəsi 2700 kvadratmetrdir. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb. Burada mühazirə zalı, şahmat və kulinariya sinifləri, incəsənət və heykəltaraşlıq studiyası, xoreoqrafiya və idman zalı, səsyazma kabineti, musiqi və vokal sinfi, foto-video montaj, veb-dizayn və robototexnika kabinetləri, akt zalı, 3D modelləşdirmə sinfi var. Mərkəzdə IT-startaplara və Azərbaycanın milli mədəniyyətinə, o cümlədən xalçaçılıq sənətinə xüsusi diqqət yetiriləcək.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 572 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31