/ / Bakıda "Rusiya-Azərbaycan dialoqu-2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumu keçirilib
Bakıda "Rusiya-Azərbaycan dialoqu-2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumu keçirilib
28.06.2012 [23:01]
Dünən Bakıda “Rusiya-Azərbaycan dialoqu-2012” üçüncü Rusiya-Azərbaycan regionlararası forumu keçirilib. Forum Rusiya Federasiyası və Azərbaycan Respublikası prezidentləri administrasiyalarının dəstəyi ilə “Avrasiya Tədqiqatları İnstitutu” İnkişaf Fondu tərəfindən təşkil olunub. Forum iştirakçıları əvvəlcə Fəxri Xiyabanda olublar.
AzərTAc xəbər verir ki, forumun işində hər iki ölkənin Prezidentləri Administrasiyalarının, parlamentlərinin, mərkəzi və regional hakimiyyət orqanlarının, elm və təhsil müəssisələrinin, biznes strukturlarının, KİV və QHT-lərin çoxsaylı nümayəndəsi iştirak ediblər.
Forumun keçirilməsinin məqsədi Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının regionları arasında iqtisadi, elmi-texniki və humanitar əməkdaşlığın vəziyyətini araşdırmaq, mövcud əlaqələrin daha da genişləndirilməsi üçün təklif və tövsiyələr hazırlamaqdır.
Qeyd edək ki, Azərbaycan ilə Rusiya arasında iqtisadi, elmi-texniki və humanitar sahələrdə sıx əməkdaşlıq mövcuddur. 2011-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 47,4 faiz artaraq 2 milyard 828 milyon ABŞ dolları olub.
Hazırda Rusiya Federasiyasının 83 subyektindən 70-i Azərbaycan ilə əməkdaşlıq edir. 1994-2012-ci illərdə Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyasının subyektləri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair 30-dan çox saziş imzalanıb. Həmin subyektlərdən Dağıstan, Tatarıstan, Başqırdıstan respublikaları, Krasnodar və Stavropol diyarları, Moskva və Sankt-Peterburq şəhərləri, Həştərxan, Volqoqrad, Moskva, Sverdlovsk, Samara, Rostov, Perm, çelyabinsk, Tula, Belqorod və Nijni Novqorod vilayətləri Azərbaycan ilə daha sıx əməkdaşlıq edirlər. Keçən il Rusiya ilə ticarət dövriyyəsinin ümumi həcmində həmin regionların payı 81,7 faiz təşkil edib.
Əvvəlcə forumun iştirakçıları “Rusiya-Azərbaycan: diplomatik əlaqələrin tarixi” mövzusunda fotosərgi ilə tanış olublar.
Sonra forum öz işinə başlayıb.
Forumu açan “Avrasiya Tədqiqatları İnstitutu” İnkişaf Fondunun prezidenti Valeri Tursunov bildirib ki, regionlararası əlaqələr müasir dövrdə iqtisadi inkişafa böyük təsir göstərən əməkdaşlıq formalarından biridir. O, qeyd edib ki, Azərbaycan və Rusiya münasibətlərində işgüzar sahə ilə yanaşı, humanitar, mədəniyyət və gənclər siyasəti istiqamətlərinə də diqqət yetirilir.
V.Tursunov vurğulayıb ki, bu forum ölkələrimizin regionları arasında münasibətləri daha da genişləndirmək, qarşıda duran vəzifələri müzakirə etmək, mövcud problemləri aradan qaldırmaq üçün yaxşı platformadır.
Forumun Azərbaycan tərəfindən moderatoru Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə forum çərçivəsində aparılacaq fikir mübadiləsinin, müzakirə olunacaq məsələlərin Azərbaycan ilə Rusiya arasında sosial-iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsinə təkan verəcəyinə əminliyini bildirib.
Z.Səmədzadə Azərbaycan və Rusiyada aparılan quruculuq işlərinin xalqlarımızın rifahına xidmət edəcəyini vurğulayıb.
Regionlararası forumun rusiyalı moderatoru Rusiya-Azərbaycan Dostluğu Cəmiyyətinin sədri, Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar isə qeyd edib ki, bundan əvvəl keçirilən forumlar artıq öz bəhrəsini verib.
Y.Pivovar üçüncü Rusiya-Azərbaycan regionlararası forumun da ölkələrimiz arasında iqtisadi, humanitar sahələrdə münasibətlərin inkişafına töhfəsini verəcəyinə əminliyini vurğulayıb.
Qonaqları salamlayan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub.
Akademik Ramiz Mehdiyev çıxış edərək deyib: “Bu, sayca artıq üçüncü forumdur. Xüsusi vurğulamaq istərdim ki, bu səviyyəli tədbirlərin müntəzəm keçirilməsi prezidentlərimiz İlham Əliyevin və Vladimir Putinin siyasi iradəsi sayəsində mümkün olmuşdur. Hər iki dövlətin rəhbərləri ölkələrimiz arasında tərəfdaşlığın daha da dərinləşdirilməsində, həm siyasi, həm də iqtisadi və mədəni sahələrdə əməkdaşlığın miqyasının genişləndirilməsində maraqlıdırlar. Şübhəsiz, bugünkü forum da ikitərəfli əlaqələrin inkişafı prosesinə sanballı töhfə verəcəkdir”.
Qarşılıqlı əlaqələrin bu formatının daim dialoq aparmaq və fikir mübadiləsi etmək, iqtisadi və humanitar münasibətlərin perspektivlərini müzakirə etmək, qarşılıqlı fəaliyyətin yeni formalarını birlikdə axtarmaq və tapmaq üçün gözəl imkan olduğunu vurğulayan Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri deyib ki, zəngin gündəliyi olan bugünkü görüş də bir sıra mühüm layihələri nəzərdən keçirməyə, qarşılıqlı əlaqələrimizin perspektivlərini müəyyənləşdirməyə və müzakirə edilən problemlərin həlli yollarını işləyib hazırlamağa imkan verəcək: “Əlamətdar haldır ki, bu il həm Azərbaycanda, həm də Rusiyada qeyd edilən şanlı tarixlərlə yanaşı, dövlətlərimiz üçün vacib olan daha bir əhəmiyyətli tarixi hadisə vardır. Bu, ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyidir. Tarixi baxımdan bu, kiçik bir zaman kəsiyi olsa da, həmin müddətdə sanballı nailiyyətlər baqajı yaratmışıq”.
Azərbaycan-Rusiya əlaqələrinin tarixinə qısa nəzər salan Ramiz Mehdiyev bildirib ki, müstəqilliyin bərpasından sonrakı ilk illərdə ölkələrimiz arasında münasibətlər xeyli mürəkkəb olub: “Lakin Azərbaycanın ümummilli lideri Heydər Əliyev siyasi hakimiyyətə gələndən sonra vəziyyət yaxşılığa doğru dəyişməyə başlamışdır. Məhz Heydər Əliyev 1993-cü ilin yayında müstəqil Azərbaycana rəhbərlik etməklə, Rusiya ilə dostluq münasibətlərinin nizamlanmasında çox mühüm rol oynamış və ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoymuşdur. 2000-ci ildə cənab Vladimir Putinin Rusiya Prezidenti seçilməsi Rusiya-Azərbaycan münasibətlərində yeni dönüş yaratmışdır. İki ölkənin liderləri zamanın sınağından çıxmış tarixi əlaqələri bərpa etməyə və sabit, mehriban qonşuluq münasibətləri qurmağa nail olmuşlar. Həmin münasibətlər bu gün də prezidentlərimizin səyləri sayəsində dinamik məcrada inkişafda davam edir”.
Müasir mərhələdə Azərbaycan ilə Rusiyanın qarşılıqlı münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran akademik Ramiz Mehdiyev qeyd edib ki, əlaqələrimiz çoxşaxəli, çoxplanlıdır və həyatın demək olar ki, bütün sahələrini əhatə edir: “Azərbaycan-Rusiya münasibətləri açıqlıq, səmimilik, etimadın və qarşılıqlı anlaşmanın yüksək dərəcəsi ilə səciyyələnir. Dövlət başçılarının yüksək səviyyəli siyasi əlaqələri mövcuddur, mütəmadi olaraq qarşılıqlı səfərlər həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “bizim ikitərəfli münasibətlərdə təxirəsalınmaz həllini tələb edən hər hansı məsələ yoxdur”.
Bu gün Azərbaycan ilə Rusiyanın strateji tərəfdaşlar olduğunu söyləyən Ramiz Mehdiyev qeyd edib ki, son illər ərzində biz birgə səylərimizlə hər iki tərəf üçün çox vacib olan məsələlərə dair optimal, qarşılıqlı məqbul və qarşılıqlı faydalı həll yolları tapmağa nail olmuşuq: “Dövlət sərhədi haqqında müqavilə bağlanmış, Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi məsələsi həll edilmiş, Xaçmaz rayonunun iki kəndində yaşayan rusiyalı vətəndaşlarla bağlı vəziyyət nizamlanmışdır. Xəzərin statusu barədə Moskva, Bakı və Astananın mövqelərinin yaxınlaşdırılması prosesi faktiki olaraq başa çatmışdır. Bu isə perspektivdə bütün Xəzəryanı dövlətlər arasında konsensus əldə olunmasını təmin edə bilər. Beynəlxalq təşkilatlar, xüsusən BMT, ATƏT və Avropa Şurası çərçivəsində əməkdaşlıq ölkələrimizin qarşılıqlı fəaliyyətinin mühüm istiqamətidir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi zamanı onu fəal dəstəklədiyinə görə biz Rusiya rəhbərliyinə dərindən minnətdarıq. Azərbaycanın seçilməsinin lehinə 155 ölkənin səs verməsi həqiqətən ölkəmizin beynəlxalq aləmdə rolunun artmasına dəlalət edən tarixi hadisədir”.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri vurğulayıb ki, ticari-iqtisadi əlaqələrin əsas parametrləri də ikitərəfli münasibətlərin inkişafında müsbət meyllərə dəlalət edir: “1996-cı ildən Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Bu komissiya müntəzəm olaraq öz iclaslarını keçirir, həmin iclaslarda ticari-iqtisadi tərəfdaşlığın prinsipial məsələləri müzakirə edilir və bu sahədə konkret təkliflər hazırlanır.
Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmuşdur və olaraq qalır. MDB ölkələri ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin 50 faizdən çoxu Rusiyanın payına düşür. Keçən il ölkələrimiz arasında əmtəə dövriyyəsi rekord həddə çataraq 2 milyard 828 milyon ABŞ dollarına bərabər olmuş, başqa sözlə, onun həcmi 2010-cu ildəkinə nisbətən 47,4 faiz artmışdır. Bizim qarşılıqlı münasibətlərimizin bütün tarixi ərzində heç vaxt belə nəticə olmamışdır. Bu, əlbəttə, bizi sevindirməyə bilməz. Bu, o deməkdir ki, qarşıda bizi yaxşı perspektivlər gözləyir. Davamlı iqtisadi artım şəraitində Azərbaycan xarici və transmilli şirkətlər tərəfindən genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün cəlbedici olur. Hazırda respublikamızın ərazisində Rusiyanın 457 müəssisə və təşkilatı fəaliyyət göstərir. Onlardan 219-u 100 faiz Rusiya kapitalı əsasında yaradılmışdır, 149-u müştərək müəssisə, 89-u nümayəndəlik və filiallardır. Buraya nəhəng “LUKoyl” neft şirkəti, “Baltika” pivə istehsalı şirkəti, “Nikoyl” investisiya-kommersiya bankı, “Bank VTB” Açıq Səhmdar Cəmiyyəti və başqaları daxildir”.
Yeni-yeni formalar kəsb edən humanitar əməkdaşlığın dövlətlərimiz və xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsində çox böyük rol oynadığını diqqətə çatdıran Ramiz Mehdiyev deyib ki, bu sahədə Azərbaycan-Rusiya münasibətləri humanitar əməkdaşlıq haqqında proqramlar, mədəniyyət, elm, informasiya, texnika və səhiyyə sahəsində əməkdaşlıq haqqında sazişlər, həmçinin başqa normativ-hüquqi aktlarla tənzimlənir: “Yuxarıda adları çəkilən proqram və sazişlərə uyğun olaraq son səkkiz ildə humanitar sahədə müxtəlif tədbirlər həyata keçirilmişdir: Azərbaycan və Rusiya “çarpaz” mədəniyyət illəri mübadiləsi etmiş, Bakıda Birinci Beynəlxalq Rus Kitabı festivalı keçirilmiş, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi və postsovet məkanında ilk Rus Kitabı Evi açılmışdır. 2011-ci ilin oktyabr ayında iki ölkənin ziyalılarının təşəbbüsü ilə və prezidentlərin himayəsi altında Azərbaycan paytaxtında Beynəlxalq Humanitar Forum keçirilmişdir. Həmin forumun işində Azərbaycan və Rusiyadan başqa, 20-dən çox ölkənin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. Qeyd etmək yerinə düşər ki, son illərdə mütəmadi olaraq ölkəmizdə humanitar əməkdaşlıq, mədəniyyətlərarası və konfessiyalararası dialoq üzrə beynəlxalq tədbirlər keçirilir. Bu da təsadüfi deyildir, çünki Azərbaycan tolerant ölkədir, burada müxtəlif dinlərə və mədəniyyətlərə mənsub olan xalqlar sülh, dostluq və həmrəylik şəraitində yaşayırlar. Bu baxımdan ruslar istisna deyildir. Hazırda Azərbaycanda 120 mindən çox rus yaşayır. Qeyd etmək istərdim ki, bu, Cənubi Qafqazda özünün etnik identikliyini, mədəniyyətini, dil və din bənzərsizliyini qoruyub saxlaya bilmiş ən iri rus diasporudur. Başqa millətlərin nümayəndələri kimi, rusların da ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatına tamdəyərli inteqrasiyası üçün respublikada hər cür şərait yaradılmışdır. Rus icması xalqlarımız arasında real əlaqələndirici amildir”.
Tərəfdaşlıq əlaqələrindən danışan akademik Ramiz Mehdiyev Azərbaycan ərazisində rus dilindən istifadə edilməsi mövzusuna toxunaraq deyib ki, müstəqillik illəri ərzində Azərbaycanda rus dilinin tətbiqi sahəsi nəinki məhdudlaşmayıb, əksinə, o, ictimai həyatın demək olar ki, bütün sahələrində öz mövqelərini qoruyub saxlayıb: “Bu gün iyirmidən artıq ümumtəhsil məktəbinin şagirdləri rus dilində tam orta təhsil almaq imkanına malikdir, 327 məktəbdə isə məşğələlər Azərbaycan və rus dillərində aparılır. Dövlət ali məktəblərinin demək olar ki, hamısında və özəl ali məktəblərin bir qismində fəaliyyət göstərən fakültə və sektorlarda 16 mindən çox tələbə rus dilində ali təhsil alır. Bakıda rusist kadrlar hazırlanması üzrə iri mərkəzlərdən biri - Bakı Slavyan Universiteti fəaliyyət göstərir. Dörd il bundan əvvəl ölkəmizin paytaxtında M.V.Lomonosov adına dünya şöhrətli Moskva Dövlət Universitetinin filialı açılmış, iki il bundan əvvəl isə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 90 illiyi təntənəli surətdə qeyd edilmişdir. Azərbaycanda Rusiyanın İTAR-TASS, “RİA Novosti” və “İnterfaks” kimi ən iri informasiya agentliklərinin nümayəndəlikləri fəaliyyət göstərir. Rus dilində 50-dən çox qəzet və jurnal nəşr edilir ki, bu da sovet dövrünün statistikası ilə müqayisədə bir neçə dəfə çoxdur. Rusiyanın əhalinin müxtəlif təbəqələri arasında çox populyar olan xeyli sayda dövri mətbu nəşrləri respublika ərazisində satılır. Yuxarıda göstərilən bütün faktlar Azərbaycan hökumətinin respublikada rusdilli mühitin qorunub saxlanmasına və inkişafına, xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsinə və genişləndirilməsinə böyük əhəmiyyət verməsinə dəlalət edir”.
Humanitar əməkdaşlıq barədə fikirlərini davam etdirən Ramiz Mehdiyev deyib: “Daha bir mövzuya toxunmaq istərdim. Yadınızdadırsa, bir ay bundan əvvəl Azərbaycan paytaxtında “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi böyük uğurla keçdi. Biz şad olduq ki, Udmurtiyadan gəlmiş “Buranovskiye babuşki” folklor qrupu tamaşaçıların sevgisini qazanaraq fəxri ikinci yeri tutdu. Bu münasibətlə sizi bir daha ürəkdən təbrik edirik. Təsadüfi deyildir ki, Rusiya və Azərbaycan qarşılıqlı rəğbət və dəstək nümayiş etdirərək, bu populyar müsabiqədə bir-birinə yüksək bal verdilər”.
Rusiya Federasiyasının regionları ilə əməkdaşlığın ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdıran Ramiz Mehdiyev bildirib ki, Azərbaycan ilə Rusiyanın subyektləri arasında hökumətlərarası sazişlər bağlanması praktikası hələ 1994-cü ildə yaranıb. Bu sazişlər, bir qayda olaraq, ticari-iqtisadi, elmi-texniki və humanitar sahələri əhatə edir. İndiyə qədər 30-dan çox bu cür müqavilə imzalanıb. Azərbaycan Hökuməti təkcə keçən ilin sentyabr-oktyabr aylarında Həştərxan vilayəti, Dağıstan, İnquşetiya və Qaraçay-çərkəz respublikaları ilə analoji sazişlər bağlayıb. Lap yaxın vaxtlarda Volqoqrad, İvanovo, Leninqrad, Tambov və çelyabinsk vilayətləri, Krasnodar diyarı və çeçenistan Respublikası ilə ikitərəfli sazişlər imzalanması planlaşdırılır.
Əlamətdar haldır ki, bu gün Rusiyanın 70 regionu respublikamızla əməkdaşlıq edir. Dağıstan, Başkortostan və Tatarıstan respublikaları, Krasnodar və Stavropol diyarları, Moskva və Sankt-Peterburq şəhərləri, Həştərxan, Belqorod, Volqoqrad, Moskva, Nijni Novqorod, Rostov, Samara, Sverdlovsk, Perm, Tula və çelyabinsk vilayətləri Azərbaycan ilə əlaqələri daha fəal inkişaf etdirirlər. 2011-ci ilin yekunlarına görə, Azərbaycan-Rusiya əmtəə dövriyyəsinin ümumi həcmində bu subyektlərin payı 81,7 faiz olub.
“Rusiyanın regionları arasında Dağıstan Respublikasını və Həştərxan vilayətini xüsusi qeyd etmək istərdim. Onlarla bizim aramızda dostluq münasibətləri çoxdan yaranmışdır. Rusiya Federasiyasının subyektləri arasında Dağıstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycan ilə Şimali Qafqaz Federal Dairəsinin regionları arasında əmtəə dövriyyəsinin 80 faizdən çoxu Dağıstanın payına düşür. Dağıstanın Dərbənd rayonu ilə Azərbaycanın Xaçmaz rayonu arasında, habelə Məhərrəmkənd və Qusar rayonları arasında qardaşlaşma əlaqələri yaradılmışdır.
Həştərxan vilayəti də Azərbaycanla çox fəal və ardıcıl əməkdaşlıq edir. Bizə çox xoşdur ki, Həştərxanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevə abidə ucaldılmışdır, şəhərin mərkəzi hissəsində bizim köməyimizlə abadlaşdırılmış bağ və orta məktəb onun adını daşıyır. Hazırda Volqa çayı üzərində “Rusiya-Azərbaycan dostluq körpüsü”nün tikintisi başa çatmaq üzrədir. Yaxın vaxtlarda bu körpü yuxarıda adını çəkdiyim bağı Birinci Pyotr meydanı memarlıq kompleksinin park hissəsi ilə birləşdirəcəkdir. Azərbaycan diasporunun nümayəndələri vilayətin sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, onun inkişafına sanballı töhfə verirlər. Rusiya rəhbərliyi keçən il ikinci Rusiya-Azərbaycan regionlararası forumunun məhz Həştərxanda keçirilməsi barədə qərar qəbul edərkən yəqin ki, bu vilayət ilə Azərbaycanın qarşılıqlı əlaqələrinin səmərəli olmasını əsas götürmüşdür”, - deyə akademik Ramiz Mehdiyev qeyd edib.
Forumun həm plenar iclasında, həm də “dəyirmi masa”larında regionlararası əməkdaşlığın müxtəlif aspektlərinin ediləcəyini söyləyən akademik Ramiz Mehdiyev əmin olduğunu bildirib ki, Rusiyanın və Azərbaycanın bu qədər nüfuzlu nümayəndə heyətlərinin iştirakı ilə keçirilən tədbir ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə sanballı töhfə verəcək və forumun işi hər cəhətdən səmərəli olacaq.
Sonra plenar iclasda Azərbaycan və Rusiya nümayəndələrinin müxtəlif mövzularda məruzələri dinlənilib. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov, Rusiya Federasiyası Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsinin müavini Sergey Subbotin, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev, Rusiyanın Həştərxan vilayəti qubernatorunun müavini Konstantin Markelov, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Niyaz Əlizadə, Rusiya Federasiyası nəqliyyat nazirinin müavini Valeri Okulov, Rusiya Federasiyası Ticarət Sənaye Palatasının vitse-prezidenti Georgi Petrov Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, “Vneşekonombank” sədrinin müavini, İdarə Heyətinin üzvü Mixail Kopeykin, Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetinin rektoru İqor Maksimtsev çıxış edərək, hər iki ölkə rəhbərliyi tərəfindən siyasi və iqtisadi əlaqələrin inkişafına böyük əhəmiyyətin verildiyini vurğulayıblar.
Sonra forum çərçivəsində Azərbaycan ilə Rusiya arasında bir sıra sənədlər imzalanıb.
Daha sonra forum işini “dəyirmi masa” iclasları ilə davam etdirib.
“Rusiya-Azərbaycan dialoqu-2012” üçüncü Rusiya-Azərbaycan regionlararası forumunun nəticələrinin müzakirəsindən sonra yekun bəyannaməsi qəbul edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58

