Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan ürək cərrahiyyəsi sahəsində böyük uğurlar qazanıb

Azərbaycan ürək cərrahiyyəsi sahəsində böyük uğurlar qazanıb

17.05.2013 [13:32]

Karlos Mestres: Ürək cərrahiyyəsində böyük uğurlara imza atan Azərbaycan bu gün artıq regional mərkəzə çevrilib
Son illərdə möhtərəm Prezidentimiz İlham Əliyevin ölkədə apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda bütün sahələrdə, o cümlədən, səhiyyə sahəsində böyük inkişaf əldə olunub. Səhiyyənin tərkib hissəsi olan Azərbaycan kardiologiyası və kardiocərrahiyyəsi bu gün dünya ilə rəqabət apara biləcək səviyyəyə yüksəlib. Təvazökarlıqdan uzaq da olsa, deyərdim ki, respublikamızda öz inkişaf tempinə görə kardiologiya və kardiocərrahiyyə səhiyyə sahələri arasında ilk sırada qərarlaşıb. Odur ki, bizim bu nailiyyətlərimiz dünya tibb mütəxəssisləri tərəfindən təqdir edilir və qiymətləndirilir. Heç də təsadüfi deyildir ki, bu gün Bakıda öz işinə başlayan və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunan “Bakı Ürək Günləri” 3-cü Beynəlxalq Konqresində dünyanın 38 ölkəsindən 100-dən artıq ürək cərrahiyyəsi mütəxəssisi, ümumilikdə isə 600-dək nümayəndə iştirak edir. Bu fikirlər tədbirin təşkilatçılarının ötən gün “Gülüstan” sarayında keçirdiyi mətbuat konfransında səsləndirilib. Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev qeyd edib ki, Konqresin keçirilməsində əsas məqsəd ölkəmizdə kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini birgə müzakirə etməkdir: “Belə tədbirlərin keçirilməsinin ən böyük faydası həm də odur ki, biz dünyaya ölkəmizin nəinki səhiyyə, eləcə də, digər sahələrdə qazanmış olduğu uğurları, respublikamızın gündən-günə inkişaf etməsini, daha da qüdrətli bir dövlətə çevrilməsini tanıtmış oluruq”.
Ənənəvi olaraq keçirilən Konqresə dünyada marağın ildən- ilə artdığını qeyd edən natiq, məhz bu səbəbdəndir ki, əgər 2009-cu ildə keçirilən ilk tədbirə 16 ölkədən nümayəndə qatıldığı halda, bu gün artıq 40-dək ölkədən kardioloq və kardio-cərrahlarıın Bakıya gəldiyini vurğulayıb. Kamran Musayev, həmçinin, üç gün davam edəcək Konqres çərçivəsində 16 sessiya təşkil olunacağını, ürək kardiologiyası ilə bağlı 50-dən artıq məruzənin dinlənəcəyini də bildirib. AÜDCC-nin sədri, daha sonra, tədbirin bütöv bir sessiyasının gənc kardioloqların biliklərinin artırılmasına həsr olunacağını bildirib. Belə ki, mayın 18-də, “Gülüstan” sarayında gənc mütəxəssislərimizin praktik biliklərini artırılması məqsədilə WET-LAB adlanan xüsusi sessiya təşkil olunacaq. Ürəyin cərrahi anatomiyası mövzusuna həsr olunan praktik məşğələdə xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər heyvan ürəkləri üzərində cərrahiyyə əməliyyatları aparacaqlar ki, bu da gənc mütəxəssislərimiz üçün çox faydalı olacaq.
Tibb elminin bu qədər inkişafına rəğmən, dünyada ölümə və hətta əlilliyə səbəb olan xəstəliklər ararsında ürək-damar xəstəliklərinin birinci sırada gəldiyini təəssüf hissi ilə qeyd edən Kamran Musayev, dünya üzrə ümumi ölüm hallarının təqribən yarısının məhz bu xəstəlik ucbatından baş verdiyini, respublikamızda da bu statistikanın eynilik təşkil etdiyini vurğulayıb. Azərbaycanda hər il 10 minədək uğurlu ürək əməliyyatları keçirildiyini xatırladan AÜDCC-nin sədri, çox təəssüf hissi ilə dünyada olduğu kimi, ölkəmizdə də bu xəstəliyinin “cavanlaşdığını” bildirib. Onun sözlərinə görə, bu gün əməliyyat olunan xəstələr arasında, hətta, 28-30 yaşlı gənclərə də rast gəlinir. O, daha sonra, bu xəstəliklə mübarizənin mümkünlüyünü də vurğulayıb: “Ürəyini sağlam görmək istəyən hər kəs, ilk növbədə, siqaretdən, alkoqollu içkilərdən, tez hazırlanan yeməklərdən (fast-food) uzaq durmalıdır. Digər tərəfdən isə, heç kəsə sirr deyil ki, Azərbaycan mətbəxi çox zəngindir və yeməklərdə əsasən kərə yağlarından və heyvan ətindən istifadə olunur. Yemək rasionumuzda bu məhsulları mümkün qədər azaltmaq, bol meyvə-tərəvəz qəbul etmək, zeytun və bitki mənşəli yağlara daha çox üstünlük vermək lazımdır”.
“Ürək cərrahiyyəsində böyük uğurlara imza atan Azərbaycan bu gün artıq regional mərkəzə çevrilib. Azərbaycanlı dostlarımızın bu sahədəki uğurları bizləri də sevindirir. Bu gün Azərbaycan kardiologiyası və kardiocərrahiyəsi Qərbin aparıcı dövlətləri ilə rəqabət aparmaq gücündədir”. Bu fikri isə tədbirdə iştirak edən İspaniya Ürək Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Barselona Universitetinin professoru, tibb elmləri doktoru Karlos A.Mestres bildirib. Uzun illərdən bəri AÜDCC ilə əməkdaşlıq etdiyini deyən ispaniyalı mütəxəssis artıq bir neçə dəfə Azərbaycanda olduğunu, ölkəmizə hər dəfə gələndə burada çoxlu dəyişikliklərin, yeniliklərin şahidi olduğunu vurğulayıb. “İki il əvvəl Bakıda olan zaman burada gördüyüm yarımçıq tikililər indi tamamlanmış və şəhərə xüsusi yaraşıq verir”, - deyə Karlos Mesters bildirib. Ürək xəstəliklərinin dünya üzrə “cavanlaşması”dan danışan ispaniyalı mütəxəssis, bundan narahatlıq keçirdiyini bildirib, eyni zamanda, xəstəlikdən qorunmaq üçün öz tövsiyələrini də verib. Onun sözlərinə görə, ilk növbədə qida rasionuna ciddi riayət etmək lazımdır. “Statistika göstərir ki, Avropanın cənubundakı ölkələrdə, eləcə də, Aralıq dənizi hövzəsi, o cümlədən Şimali Afrika ölkələrində ürək xəstələrinin sayı daha aşağıdır, nəinki Skandinaviya ölkələrində. Bunun bir səbəbi var, həmin ölkələrdə, xüsusilə, Finlandiyada əhali tez hazırlanan yeməklərə (fast food) daha çox üstünlük verir. Aralıq dənizi hövzəsi ölkələrində isə əhali daha çox dəniz məhsulları ilə qidalandığından, ürək xəstəliklərinin göstəricisi bu ölkələrdə daha aşağıdır”, - deyə Barselona Universitetinin professoru vurğulayıb.
İspan professorun fikirlərini Yaponiyanın Sonada Hospitalının ürək-damar cərrahı, tibb elmləri doktoru İsamu Kavase də təsdiqləyib. Yaponiya ada ölkəsi olmasına rəğmən, burada ürək xəstələrinin sayının ümumi xəstələrin tən yarısına bərabər olduğunu qeyd edən yapon mütəxəssis bunun səbəbini ilk növbədə qida rasionu ilə əlaqələndirib.
“Hər kəsə məlumdur ki, yapon milli mətbəxinin əsasını dəniz məhsulları təşkil edir. Lakin İkinci dünya müharibəsindən sonra ABŞ-ın fast food restoranlar şəbəkəsinin Yaponiyada genişlənməsi ölkədə ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayını artırması ilə nəticələndi”, - deyə İsamu Kavase vurğulayıb.
Azərbaycanda kardiologiya və kardiocərrahiyyə sahəsində böyük uğurlar əldə edildiyindən xəbərdar olduğunu qeyd edən natiq, ölkəmizdə nəinki səhiyyə, eləcə də, digər sahələrdə də inkişafı görməməyin mümkünsüzlüyünü vurğulayıb. “Bakıya ilk gəlişim olsa da, bu şəhərə valeh oldum. Buradakı inkişaf göz qabağındadır. Paytaxtınız dünyanın ən inkişaf etmiş və gözəl şəhərlərindən biridir”, - deyə yaponiyalı professor vurğulayıb.
Sonda media nümayəndələrinin suallarını cavablandıran natiqlər Konqresin yüksək səviyyədə keçəcəyinə, burada müzakirə olunan məsələlərin həm xarici, həm də yerli mütəxəssislər üçün faydalı olacağına əminliyini vurğulayıblar.
Səlim Loğmanoğlu

Paylaş:
Baxılıb: 1688 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30