Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gələcəyin “rekordçu” hüquqşünası...

Gələcəyin “rekordçu” hüquqşünası...

19.07.2013 [09:57]

Nərmin Murğuzova: Həmişə belə bir uğuru qazanmağı arzu edirdim və bunun üçün çalışırdım
Xəbər verdiyimiz kimi, iyulun 14-də III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələri artıq bəllidir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) açıqladığı rəsmi məlumata əsasən, bu il III ixtisas qrupu üzrə qəbul imtahanlarında 4 abituriyent maksimal nəticə əldə edərək 700 bal toplayıb. Onlardan biri də Tovuz rayonu Bozalqanlı kənd sakini Murğuzova Nərmin Sahib qızıdır. Bu tədris ilinin “rekordçusu” Yusif Sadıqov adına Bozalqanlı kənd orta məktəbini bitirib. Onun bu yüksək nəticəyə nail olmasında da bu məktəbin müəllimlərinin böyük rolu olub. Elə Nərmin də uğurunu doğma məktəbinə, onun əziyyətini çəkən sevimli müəllimlərinə, həmçinin, valideynlərinə və ona dəstək olan qohumlarına borclu olduğunu söyləyib.
Nərmin kitablarla böyüyüb...
Nərminin anası Elmira Murğuzova qızı ilə fəxr etdiyini bildirib. O, Nərminin belə yüksək nəticəyə imza atacağına əvvəlcədən inandığını deyib: “Nərmin hələ aşağı siniflərdə oxuyarkən onda təhsilə, kitab oxumağa böyük maraq var idi. Həmişə çoxlu kitablar oxuyurdu. Belə demək mümkünsə, kitablarla böyüyüb. Son iki ildə isə daha ciddi hazırlaşıb. Müəllimləri həmişə onun yüksək bal toplayacağını deyirdilər. Çünki həqiqətən çox çalışırdı. Bu gün əziyyətinin bəhrəsini görmək bir valideyn kimi məni çox qürurlandırır, hədsiz sevinirik. Mən onun üçün əziyyət çəkən hər kəsə minnətdarlığımı bildirmək istəyirəm”.
Arzu edirik ki, əsl vətəndaş kimi dövlətinə xidmət etsin
700 bal toplamış abituriyentin atası Sahib Murğuzov da qızının belə böyük bir nailiyyətə imza atmasının haqlı qürurunu yaşayır. O, deyib ki, hər bir valideyn uşaqları üçün yaşayır, onların uğurlarını görərək xoşbəxt olur: “Mən də bu gün qızımın bu uğuruna sevinirəm. Bizim üzümüzü ağ etdi, Allah da onu sevindirsin. Lakin bu, hələ başlanğıcdır. Biz qızımızdan gələcəkdə daha da böyük nailiyyətlər gözləyirik. Arzu edirik ki, ali təhsilini də yüksək səviyyədə başa vurub, əsl vətəndaş kimi xalqına, dövlətinə layiqli şəkildə xidmət etsin”.
Bu, Nərminin qələbəsidir
Şübhəsiz ki, Nərminin 700 bal toplamasında onu yetişdirən, təhsil verən müəllimlərinin payı danılmazdır. Onlar öz övladları kimi sevdikləri Nərminin ali məktəbə qəbul imtahanlarına hazırlığında daim yanında olublar. Bu da təsadüfi deyil. N.Murğuzovanın tarix müəllimi Nəcibə Məhərrəmova deyib ki, tələbəsinin qazandığı uğurlar müəllimin əkdiyi ağacın barı, çəkdiyi zəhmətin bəhrəsidir. Nərminin üstəlik ən yüksək - 700 bal toplaması isə əsl qalibiyyətdir: “Amma bu, hamımızdan əvvəl Nərminin qələbəsidir. Onun necə həvəslə hazırlaşdığını, necə oxuduğunu biz hamımız görmüşük. Bu əziyyəti görəndə də düşünürdük ki, bunun qarşılığını alacaq. Açığı, hələ sentyabr ayında onun yüksək bal yığacağını düşünürdüm. Ondan sonra iştirak etdiyi bütün sınaq imtahanlarında da yüksək bal toplamışdı. Həqiqətən çox hazırlıqlı, savadlı qızdır. Oxumağı, bilik toplamağı çox sevir. Biz sadəcə onu yönləndirdik. İnanıram ki, o, bundan sonra da yolunu uğurla davam etdirəcək”.
Nərminin uğuru bütün rayon ictimaiyyətində haqlı sevinc yaradıb
Nüsrət Quliyev isə Nərmini yetişdirən Yusif Sadıqov adına Bozalqanlı kənd orta məktəbinin direktorudur. Cavablar açıqlandıqdan sonra Nərmini ilk təbrik edənlərdən biri də məhz Nüsrət müəllim olub. O, deyib ki, Nərmin Murğuzovanın uğuru təkcə məktəb kollektivində deyil, bütün rayon ictimaiyyətində haqlı sevinc yaradıb. Yeri gəlmişkən, qeyd edək ki, son illər Yusif Sadıqov adına Bozalqanlı kənd orta məktəbinin məzunlarının ali məktəblərə qəbul imtahanları üzrə göstəricilərində nəzərəçarpan yüksəliş müşahidə olunur. Məktəbin məzunları sırasında 600-dən yüksək bal yığanlar kifayət qədər çoxdur. Elə ötən il, məktəbin məzunu Əliyeva Səlmi Mehman qızı Prezident təqaüdünə layiq görülüb. Bu il də məktəb rəhbərliyi məzunlarından yüksək nəticələr gözləyib: “Açığı, bu il bir neçə məzunumuz var idi ki, onlardan yüksək nəticələr gözləyirdik. Murğuzova Nərmin Sahib qızı da onlardan biridir. Doğrudur, digərləri də yüksək nəticələr göstəriblər. Amma Nərminin uğuru bir rekorddur”.
Nərminin çox çalışqan və məsuliyyətli bir şagird olduğunu diqqətə çatdıran Nüsrət Quliyev onu parlaq gələcəyin gözlədiyini söyləyib. Məktəb direktoru Nərminin və digər məzunlarının yüksək nəticələr əldə etməsinə görə, məktəbin müəllimləri, o cümələdən, tədris işləri müdiri Rəşid Vəliyev, Sevinc Həsənova, Müşgünaz Məmmədova və digərlərinə də minnətdarlığını bildirib.
Və nəhayət söz günün qəhrəmanındadır
Şübhəsiz, son söz qəbul imtahanlarında 700 bal yığaraq, böyüyüb başa çatdığı Bozalqanlı kəndinə bayram sevinci yaşadan Nərmin Murğuzovanındır. O, əldə etdiyi böyük nailiyyətin haqlı qürurunu yaşayır. Söz yox ki, bu nailiyyətə hamıdan çox elə onun özü sevinir. Təkcə ona görə yox ki, iki gündür, hamının ən çox müzakirə etdiyi, mətbuat və televiziyaların lazımlı qonağı olan gənc bir qızdır. Həm də ona görə ki, ona olan ümidləri doğruldub, sevindirərək sevinib.
Əvvəlcə bura qədər gəldiyi yolu qısaca xarakterizə edir: “Əslində, mən imtahanlara illərdir hazırlaşırdım. Həmişə belə bir uğuru qazanmağı arzu edirdim və bunun üçün çalışırdım. Kitablara, oxumağa həmişə marağım böyük olub. Mənim üçün dərslərim hər şeydən vacib olub və bütün fənləri yaxşı hazırlaşmağa çalışmışam. Son iki ildə isə artıq hansı istiqamətdə ali təhsilimi davam etdirəcəyimi dəqiqləşdirib hazırlığımı o istiqamətdə qurmuşam. Humanitar fənlərə həvəsim çox olduğu üçün III qrupu seçdim. Müəllimlərimin əziyyətini heç vaxt unuda bilmərəm. Mənim 700 bal yığmağımda onların payı böyükdür. Həmçinin, mənə hər cür dəstək göstərən, həmişə yanımda olan valideynlərimə, qohumlarıma da minnətdaram”.
İmtahanlarda yüksək nəticə qazanacağını gözlədiyini deyən Nərmin bu əminliyi hazırlıq səvyyəsinə borcludur: “Açığı müəllimlərim də, sinif yoldaşlarım da, qohumlarım da hamısı məndən yüksək bal yığmağımı gözləyirdilər. Sınaq imtahanlarında həmişə yüksək bal toplamışdım. İmtahanlara gedəndə, bir az həyəcanlı idim. Amma sualları gördükdən və bir-bir onları cavablandırdıqdan sonra artıq yüksək bal yığacağıma əmin oldum”.
Nərmini ən çox sevindirən məqamlardan biri özünün dediyi kimi, kəndə böyümüş bir qızın belə yüksək uğur qazanmasıdır: “Bəziləri düşünürlər ki, kənddə təhsil alan uşaqlar yüksək ballar yığa bilməzlər. Amma məncə, bu, belə deyil. Oxumaq insanın öz əlindədir. Əsas odur ki, insan qarşısına hansısa məqsəd qoysun və o məqsəd uğrunda çalışsın”.
Nərmin artıq önünə baxır. Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsində təhsilini davam etdirmək istəyir. 700 balı isə özünün gələcək həyatı üçün yeni bir başlanğıc və körpü hesab edir.
AQŞİN

Paylaş:
Baxılıb: 1573 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30