Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ümummilli liderin zəngin dövlətçilik irsi əbədidir

Ümummilli liderin zəngin dövlətçilik irsi əbədidir

05.04.2014 [10:53]

Tarixdə şəxsiyyətlərin rolu daim önə çəkilir, geniş təhlil olunur. Zaman bu təhlillərin obyektiv aparılmasında, dəyərləndirmənin düzgün həyata keçirilməsində mühüm amildir. Bu baxımdan ki, bəzən bu gün baş verən hadisənin mahiyyətini o qədər də dərindən dərk etmirik, amma illər keçdikcə yeni yanaşmalar, düşüncələr fonunda əsl həqiqətin nədən ibarət olduğunu müəyyənləşdiririk.
Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa etdi. Hər zaman qeyd etdiyimiz kimi, müstəqil, azad yaşamaq, öz sərvətlərinin sahibi olmaq Azərbaycan xalqının ən böyük arzusu olub. Bu istək XX əsrin əvvəllərində gerçəkləşsə də, obyektiv səbəblərdən ömrü 23 ay çəkdi. Lakin bu xalqımızın azad, müstəqil yaşamaq istəyini söndürmədi, əksinə, daha da alovlandırdı. Əsrin sonlarında bu arzusuna yenidən nail olan xalq növbəti dəfə onu itirmək təhlükəsi ilə üz-üzə qaldı. Həmin dövrdə ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, idarəçilik qabiliyyətinin yoxluğu, ən əsası öz şəxsi ambisiyalarını dövlətin maraqlarından üstün tutmaları ucbatından ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi. Digər tərəfdən silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qüvvələrin maraqlarının müdafiəçisinə çevrilməsi ərazilərimizin işğalına səbəb olurdu. Belə çətin vəziyyətdə qalan xalq öz xilaskarını axtardı. Tariximizin bu səhifəsini daim təkrar-təkrar qeyd etmək, gündəmdə saxlamaq hər birimizin vətəndaşlıq borcumuzdur. Möhtərəm Prezidentimiz İlham Əliyev müstəqillik mövzusunun daim gündəlikdə olmasını bildirir: “Müstəqilliyin üstünlükləri nədən ibarətdir. Düzdür, bu mövzularla bağlı vaxtaşırı yazılara, materiallara rast gəlmək olar. Amma mən hesab etmirəm ki, bu kifayətdir. Çünki bu mövzu daim gündəlikdə olmalıdır... Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq. Müstəqillik, dediyim kimi, sadəcə olaraq dövlət atributları deyildir. Müstəqillik müstəqil həyatdır, müstəqil siyasətdir, dövlətin və milli maraqların qorunmasıdır.”
Təbii ki, bu gün Azərbaycanımızın uğurlarından bəhs edərkən müstəqilliyimizin ilk illərində yaşanan durumu yada salmağa, düzgün dəyərləndirmə aparmağa böyük zərurət yaranır. Tarixi paralellər aparmaqla, Azərbaycanın keçdiyi inkişaf yolunun aydın mənzərəsini yaratmaq olar.
Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə bugünkü inkişafın, tərəqqinin əsasını qoydu. Buna görə də, Azərbaycanın müstəqillik tarixindən bəhs edərkən inkişafın əsas bünövrəsi kimi 1993-cü ildən sonrakı dövr qeyd olunur. Bina nə zaman möhkəm, diqqətçəkən olur? Təbii ki, möhkəm təmələ əsaslananda. Ümummilli lider Heydər Əliyev uğurlu daxili və xarici siyasəti ilə bu möhkəm təməli qurdu, bu gün Azərbaycan həmin təməl üzərində daha böyük zirvələri fəth edir, bir-birindən əhəmiyyətli uğurlara imza atır. Bu kontekstdən yanaşdıqda hər zaman qeyd olunan bir fikri yada salmaq istərdim ki, zaman insanlara və onların fəaliyyətinə dəyər vermək baxımından yaddaşdır. Ümummilli liderin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən Onun xilaskarlıq missiyası, milli birliyin təşəbbüskarı olması daha çox önə çəkilərək, bu yönümdə atılan addımların ümumilikdə ölkəmizin hərtərəfli inkişafına geniş yol açdığı faktlar əsasında qeyd olunur. Heydər Əliyev irsinin tədqiqatçılarının araşdırmaları Onun fəaliyyətinin ayrı-ayrı istiqamətlərini daha dərindən öyrənmək üçün zəngin mənbədir.
Azərbaycan tarixinin qızıl səhifələrini yazmış Ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu, ideyaları, irsi misilsiz sərvətdir. Bu sərvəti qorumaq, ideyalarının həyata keçirilməsi üçün hər bir Azərbaycan vətəndaşı üzərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirməyə çalışmalıdır. Bu ideyalar Azərbaycanın uğurlu gələcəyinə geniş imkanlar açır. “Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq.”
Ulu öndər Heydər Əliyev “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini irəli sürərək, Azərbaycanın malik olduğu təbii resurslarından səmərəli istifadə istiqamətində mühüm addımlar atdı. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyanın əsası qoyuldu. Bu gün böyük iftixar hissi ilə qeyd etdiyimiz “Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirən ölkədir” fikri də Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu neft strategiyasının nəticəsidir. Dünya dövlətləri, xalqları arasında əməkdaşlıq əlaqələrinin inkişafına xidmət edən layihələrin həyata keçirilməsində təşəbbüsçü kimi çıxış edən Azərbaycan onların gerçəkləşməsinə səy göstərməklə, bu körpünün daha da möhkəmlənməsində maraqlı olduğunu təsdiqləyir. Azərbaycan bu gün Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dünyanın 10 xoşbəxt ölkəsi arasındadır. Beynəlxalq ictimaiyyət Azərbaycanı Cənubi Qafqazın parlayan ulduzu kimi dəyərləndirir. Bu gün Azərbaycan Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahibdir. Bu, uğurlu sosial-iqtisadi islahatların göstəricisi deyilmi? İqtisadi tərəqqi digər sahələrin də inkişafına öz müsbət təsirini göstərdi. Ulu öndər Heydər Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsini prioritet məsələ kimi önə çəkdi. Bildirdi ki, neft gəlirlərindən səmərəli istifadə əsasdır. Məhz bu məqsədlə, 1999-cu ilin dekabrında Dövlət Neft Fondu yaradıldı. Atılan bu addım bir daha Ulu öndər Heydər Əliyevin söylədiyi “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” fikrinin sözdə deyil, əməldə təsdiqinin tapmasının göstəricisi oldu.
Uğurlar bir-birini əvəzlədikcə yeni-yeni hədəflər müəyyənləşdirilir. Ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin Azərbaycanın müstəqillik tarixində qazandığı uğurların fonunda təsdiqlədiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qarşıdakı illərin əsas hədəflərini müəyyənləşdirib. Məqsəd Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli dövlətə çevirmək, bu günə qədər 3 dəfə artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Təbii ki, bu istək də düzgün təmələ əsaslanan siyasət nəticəsində ölkəmizin malik olduğu iqtisadi və maliyyə imkanlarına əsaslanır.
Əlbəttə, bu uğurlar harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımızı ruhlandırır, gələcəyə böyük inamla baxmağa əsas verir. Bir əsas məqamı da qeyd edək ki, müstəqil və müasir Azərbaycanın qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyev çoxşaxəli siyasi fəaliyyətində daha mühüm bir tarixi missiyanı- dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı kimi çətin, ancaq vacib bir vəzifəni üzərinə götürdü və daim diqqətdə saxladı. Ümummilli liderin “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o bu bayraq altında, bu sözlər altında, bu amal ətrafında birləşməlidir” çağırışı harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımızı azərbaycançılıq ideyası ətrafında sıx birləşdirdi. Milli dövlətçilik tariximizdə ilk dəfə siyasi prinsiplər və milli-mənəvi dəyərlər soydaşlarımızın təşkilatlanmasına çalışan Heydər Əliyevin simasında vəhdət təşkil etdi. “Mənim üçün hər şeydən üstün mənim milli mənliyimdir. Milli mənliyim məni həmişə bütün çətin vəziyyətlərdən çıxarıb”. Müdrik və tarixi şəxsiyyət kimi “güc birlikdədir” deyimini istinad nöqtəsi hesab edən Ulu öndər çox böyük üzaqgörənliklə hiss edirdi ki, soydaşlarımızın təşkilatlanması, diaspor hərəkatının başlanması təkcə ölkənin siyasi-iqtisadi inkişafı deyil, tariximizin, adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, dünya xalqlarına tanıdılması baxımından da vacibdir. Soydaşlarımızın mütəşəkkilliyini, dünya ölkələrinə inteqrasiyasını beynəlxalq siyasətin tələblərinə uyğun hərəkat adlandıran Ulu öndərin bu tövsiyəsi qarşıdakı onillər üçün hesablanmış proqram sənədi oldu. Azərbaycanlıların ideya, məfkurə birliyini gələcək mütəşəkkilliyin təməli hesab edən Ulu öndərin bu fikirləri, ideyaları təkçə söz olaraq qalmadı. Bakıda keçirilən Dünya Azərbaycanlılarının I qurultayındakı dərin məzmunlu çıxışı ilə diaspor hərəkatına xeyir-dua verən Ulu öndərin rəhbərliyi və başçılığı ilə milli-tarixi inkşafımızın yeni mərhələsi başladı. Son 10 ildə Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini atdığı hər addımında təsdiqləyərək diaspor hərəkatına göstərilən diqqəti daha da artıran Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim artan nüfuzumuz, gücümüz imkan verir ki, Azərbaycan tam şəkildə müstəqil siyasət aparsın. Möhtərəm Prezidentimizin Dünya Azərbaycanlılarının III qurultayında böyük qətiyyətlə və inamla söylədiyi “Güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir” fikri birliyimizin, həmrəyliyimizin daha da möhkəmləndirilməsinə, qorunmasına çağırışdır.
Bütün bu uğurlar onu deməyə əsas verir ki, Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir, qarşıdakı illərdə ölkəmizi daha möhtəşəm uğurlar gözləyir.
Vaqif Abdullayev,
YAP Siyasi Şurasının üzvü,
Beyləqan rayon İcra
Hakimiyyətinin başçısı

Paylaş:
Baxılıb: 1034 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30