Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi istiqamətində real addımlar atılır
25.04.2014 [09:36]
Bu sistemə keçid səhiyyənin inkişafında yeni mərhələ olacaq
Azərbaycanda bütün sahələrdə olduğu kimi, səhiyyənin inkişafı istiqamətində də son illər ərzində genişmiqyaslı tədbirlər həyata keçirilib. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradıb. Bu sahəyə ayrılan dövlət vəsaitlərinin ildən-ilə artırılması isə dövlətin səhiyyənin inkişafı istiqamətində addımlarının ardıcıl olduğunu sübut edir. Belə ki, səhiyyəyə ayrılan büdcə vəsaiti 2013-cü ildə 2003-cü illə müqayisədə 11 dəfədən çox artaraq təxminən 669 milyon manat təşkil edib. 2014-cü il üçün bu göstərici 700 milyon manatdan çoxdur. Büdcə vəsaitlərinin artırılması və investisiya fondundan ayrılan vəsait respublikamızda aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılmasına imkan verib. Son 10 il ərzində ümumilikdə 500-ə yaxın səhiyyə müəssisəsində təmir və tikinti işləri aparılıb. Onlardan təxminən 70 faizi regionların payına düşür. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir tibb avadanlığı, dərman və ərzaqla təminatının yaxşılaşdırılması və idarəetmə sisteminin təkmilləşdirilməsi nəticəsində əhaliyə göstərilən tibbi xidmətin həcmi və keyfiyyəti də artıb.
“Tibbi sığorta haqqında” Qanun 1999-cu ildə qəbul edilib
Bütün bunlara rəğmən bu sahədə görüləcək işlər də var. Əsas məsələ isə icbari tibbi sığortanın tətbiq olunmasıdır. Xatırladaq ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu hələ 1999-cu ildə qəbul edilib. Amma müəyyən səbəblərdən bu qanun tam şəkildə tətbiq edilməyib və səhiyyəmiz tibbi sığorta sisteminə keçə bilməyib. Ümumilikdə isə adını çəkdiyimiz qanun bu məsələyə dair hüquqi sənəddir və bu yaxınlarda həmin sənədə Milli Məclis tərəfindən müəyyən dəyişikliklər də edilib. Aprelin 4-də isə Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Dəyişikliyə əsasən qanunun 13-cü maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilir:
“Tibbi sığorta təşkilatı sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək üçün “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta haqları hesabına sığorta ehtiyatlarını formalaşdırmalıdır”. 16-cı və 17-ci maddələrə edilmiş dəyişikliklərə əsasən isə tərəflərin, eləcə də, bu qanunu pozanların məsuliyyəti daha konkret şəkildə göstərilir.
Qeyd edək ki, 5 fəsil, 17 maddədən ibarət olan bu qanun, əhalinin tibbi sığortasının təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, tibbi sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir. Sənəddə tibbi sığorta və onun formaları, tibbi sığortanın subyektləri, sığorta edən və olunanların hüquq və vəzifələrini özündə ehtiva edir. Burada icbari tibbi sığorta münasibətləri də tənzimlənir.
Qanunun 9-cu maddəsi icbari tibbi sığorta sisteminin maliyyələşdirilməsinə həsr olunub. Bildirilir ki, “icbari tibbi sığorta sistemi dövlət büdcəsindən, sığortalının (mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin) ödəmələri, icbari tibbi sığorta haqlarının ödəmə qaydasının pozulması hallarında tətbiq olunan cərimə və dəbbə pulu, qanunvericilikdə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. 10-cu maddə isə tibbi sığorta sistemində sığorta haqlarını tənzimləyir. Belə ki, icbari tibbi sığorta haqları icbari tibbi sığorta proqramının yerinə yetirilməsini təmin edən məbləğdə müəyyən edilir. Qanun, həmçinin, tibbi sığorta sistemində tibb müəssisələrinin fəaliyyətini, tibbi sığorta sistemində tibbi xidmətlər üçün tarifləri də tənzimləyir.
Qanun hər kəsin məsuliyyətini də müəyyənləşdirir
Bundan əlavə, 16-cı maddədə tibbi sığorta sistemində tərəflərin məsuliyyəti vurğulanır. Bildirilir ki, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların icbari tibbi sığorta müqaviləsinin bağlanmasından imtina edilməsinə, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsinə və ya aşağı salınmasına, ödənilmə müddətlərinin pozulmasına görə qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə sanksiyaları tətbiq edilir: “Cərimənin ödənilməsi hüquq pozuntusunun aradan qaldırılması vəzifəsindən azad etmir. Tibb müəssisəsi və ya özəl tibbi praktika ilə məşğul olan şəxs tibbi sığorta müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq göstərilən tibbi xidmətin həcminə və keyfiyyətinə görə, eləcə də, sığorta olunana tibbi xidmət göstərməkdən imtina etməyə görə məsuliyyət daşıyırlar. Qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisələri və ya özəl tibbi praktika ilə məşğul olan şəxslər tibbi sığorta müqaviləsinin şərtlərini pozduqda tibbi sığorta təşkilatı göstərilən tibbi xidmətin haqqını tam və ya qismən ödəməmək hüququna malikdir. Tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə tibbi sığorta təşkilatı sığorta olunan və ya sığortalı qarşısında məsuliyyət daşıyır”.
Hökumət səviyyəsində konkret işlər görülməyə başlanıb
Artıq hökumət tibbi sığortanın tətbiqi ilə əlaqədar əməli fəaliyyətə keçib. Məlum olduğu kimi, bu ilin fevral ayında Nazirlər Kabinetində Baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə səhiyyənin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və icbari sığortanın tətbiq edilməsi məsələsinə dair geniş müşavirə keçirilib. Müşavirədə Əli Əhmədov son illər ölkə iqtisadiyyatının sürətli inkişafı ilə əlaqədar əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini deyib. O, bildirib ki, əhaliyə səhiyyə xidmətinin daha da yüksəldilməsi, səhiyyə infrastrukturunun keyfiyyətcə yeniləşdirilməsi, tibbi kadrların hazırlanması və s. istiqamətlərdə əldə olunan nailiyyətlər islahatların yeni mərhələdə davam etdirilməsini zəruri edir.
Müzakirələrdə səhiyyə naziri Oqtay Şirəliyev, maliyyə naziri Samir Şərifov, ədliyyə naziri Fikrət Məmmədov, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev və digər müvafiq qurumların məsul şəxsləri də çıxış edərək “Tibbi sığorta haqqında” Qanunun müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsi üçün görülən işlərdən danışıblar. Geniş fikir mübadiləsindən sonra Baş nazirin müavini Əli Əhmədov ölkədə səhiyyə islahatlarının daha da inkişaf etdirilməsini nəzərdə tutan icbari tibbi sığortanın tətbiq edilməsi sahəsində işlərin sürətləndirilməsinin zəruri olduğunu vurğulayaraq, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Və bu məqsədlə də, xüsusi işçi qrupu yaradılıb.
Qeyd edək ki, həmin müşavirədən sonra, aprelin 11-də Baş nazirinin müavini Əli Əhmədovun yanında Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və icbari tibbi sığortanın tətbiq olunması ilə bağlı işçi qrupunun növbəti iclası da keçirilib. İşçi qrupuna daxil olan Səhiyyə, İqtisadiyyat və Sənaye, Maliyyə nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun, habelə, Dünya Bankının nümayəndələrinin iştirak etdiyi iclasda səhiyyə sahəsində islahatların keyfiyyətcə yeni mərhələsinə başlamaq üçün icbari tibbi sığorta sisteminin tətbiqinin həyata keçirilməsinə dair geniş müzakirələr aparılıb. İclasın sonunda Baş nazirin müavini Əli Əhmədov işlərin sürətləndirilməsi və zəruri tədbirlərin görülməsi barədə işçi qrupuna müvafiq tapşırıqlar verib.
Bu sistemə keçmək üçün maliyyə imkanlarımız da var
Göründüyü kimi, bütün bunlar hökumətin icbari tibbi sığortanın tətbiqi istiqamətində konkret addımlar atmaqda qərarlı olduğunu təsdiqləyir. Çünki ölkəmizin inkişafı da bu sistemə keçməyə tam imkan verir. Xatırladaq ki, ekspertlər “Tibbi sığorta haqqında” Qanunun tətbiqinə mane olan səbəb kimi bir neçə il əvvələdək iqtisadi inkişafın istənilən səviyyədə olmadığını göstərirlər. Amma artıq Azərbaycan inkişaf baxımından dünyanın öndə gedən ölkələri sırasındadır. Həm iqtisadi, həm maliyyə, həm səhiyyə infrastrukturun yaradılması, həm də kadr hazırlığı baxımından mövcud vəziyyət icbari tibbi sığorta sisteminə keçməyə tam imkan verir. Hətta bir müddət öncə maliyyə naziri Samir Şərifov da Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin vaxtı çatdığını bildirmişdi. Bununla bağlı müvafiq qanunvericilik bazası olduğunu deyən nazir qeyd etmişdi ki, son illər ərzində ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın səhiyyə infrastrukturu yenilənib: “Xəstəxanalar, poliklinikalar, ambulatoriya və s. obyektlərin maddi-texniki vəziyyəti köklü şəkildə dəyişib. Əksər xəstəxanalar, əksər səhiyyə müəssisələrinin inzibati binaları yenidən qurulub və ya yenidən tikilib, onlar müasir avadanlıqla təchiz edilib”.
Bu sahədə müəyyən problemlərin də olduğunu etiraf edən S.Şərifov bununla belə, bu sahəyə sığorta prinsiplərinin daha aktiv şəkildə tətbiq edilməsi prosesinə başlamağın mümkün olduğunu vurğulamışdı.
Öz növbəsində məsələyə münasibət bildirən Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev də hesab edir ki, tibb sığorta qanunvericiliyinin indiyədək işləməməsinə səbəb iqtisadi və maliyyə cəhətdən buna hazır olmamağımız olub. Amma millət vəkili hesab edir ki, bu sistemə keçmək artıq mümkündür. Onun sözlərinə görə, Azərbaycanın hər yerində səhiyyə xidməti göstərə biləcək klinikalar var. Belə ki, son 10 il ərzində 500-ə yaxın tibb müəssisəsi tikilib istifadəyə verilib və ya yenidən qurulub: “Eləcə də, kadr hazırlığı da yüksəkdir, sığorta bazarı da inkişaf edir. Sığortanın mühüm komponenti olan iş yerlərində işçilərin əmək müqaviləsinin leqallaşması, əmək haqlarının artması icbari tibbi sığortaya keçməyə imkan verir. 2008-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə Nazirlər Kabineti yanında Dövlət İcbari Tibbi Sığorta Agentliyi yaradılıb, bu məqsədlə, dövlət büdcəsindən vəsait də ayrılıb. Təbii ki, bunun üçün xeyli işlər görülməlidir. Artıq hökumət konkret addımlar atmağa başlayıb, müvafiq İşçi qrupu yaradılıb”.
Vətəndaşlar cibindən pul xərcləməyəcək
M.Quliyev bildirib ki, görüləcək işlərin sırasına hansı ölkənin modelinin seçilməsi, icbari tibbi sığorta haqqının hansı səviyyədə müəyyən edilməsi, pilot rayonların seçilməsi və təcrübə aparılması, nə qədər insana dövlət tərəfindən icbari tibbi sığorta haqları ödənilməsi, icbari tibbi sığortanın paketi və onun hansı xidmətlər göstərməsinin müəyyənləşdirilməsi və s. məsələlər daxildir. Millət vəkili hesab edir ki, ümumiyyətlə, icbari tibbi sığortaya keçid bütün ölkələrdə ən çətin və ağır islahatlardan biri kimi səciyyələndirilir. Bununla belə, M.Quliyev deyib ki, çətinliklərə baxmayaraq, Azərbaycanın buna getmək imkanları böyükdür.
Tibbi sığortaya keçidin bir çox üstünlükləri olduğunu deyən komitənin sədr müavininin sözlərinə görə, onun tətbiqi ilə biz bir sıra problemləri həll etmiş olacağıq. Millət vəkili qeyd edib ki, ilk növbədə hər bir vətəndaşın tibbi xidmətə əlçatanlığı təmin olunacaq: “Yəni vətəndaşlar cibindən pul xərcləmədən tibbi sığorta vasitəsilə klinikalarda müayinə və müalicə olunacaq. Bu sahədə sağlam mühit yaranacaq, hər bir tibb müəssisəsi çalışacaq ki, daha yaxşı xidmət göstərsin, ona sığorta polisi ilə daha çox vətəndaş müraciət etsin, müqavilə bağlasın. Belə olduqda, tibb işçilərinin əməkhaqları da artacaq. Eləcə də, hər bir tibb müəssisəsi öz maddi-texniki bazasını gücləndirəcək. Tibbi sığorta tətbiq olunandan sonra bu sahənin maliyyələşməsi Səhiyyə Nazirliyi tərəfindən yox, sığorta polisi vasitəsilə reallaşacaq. Ona görə də, tibb müəssisələri çalışacaq ki, ona çoxlu müraciət olsun ki, işçini də saxlasın, öz potensialını da artırsın”.
Qanuna daha geniş yeniliklər edilə bilər
Bununla belə, M.Quliyev qeyd edib ki, “Tibbi sığorta haqqında” Qanunun monitorinqi aparılmalı və zərurət varsa bu sənədə bir sıra köklü dəyişikliklər edilməlidir. Çünki bu qanun təxminən 15 il bundan əvvəl qəbul olunub və o vaxtkı tələblərlə indiki tələblərin eyni olmadığı nəzərə alınsa, qanunun təkmillədirilməsi qaçılmazdır. Millət vəkilinin bu təklifi parlamentin Sosial siyasət komitəsində də müsbət qarşılanıb. Belə ki, komitənin iclaslarının birində qanunun monitorinqini həyata keçirmək üçün xüsusi qrup yaradılması, həmçinin, tibb sahəsində çalışan mütəxəssislərin iştirakı ilə parlamentdə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar geniş dinləmələrin keçirilməsi qərara alınıb.
Azərbaycan Tibb Universitetinin rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanov da səhiyyə sistemində icbari tibbi sığortaya keçid istiqamətində Nazirlər Kabinetinin son vaxtlar real addımlar atmasını yüksək qiymətləndirib. “Azərbaycanda artıq müalicə və diaqnostikaya ehtiyacı olan insanların çoxdan gözlədiyi icbari tibbi sığortanın tətbiqi sahəsində addımlar atılmağa başlanıb” - deyən Ə.Əmiraslanov 2015-ci ildən ölkədə bu sistemin tətbiq olunacağına inandığını bildirib. Akademik bu məsələdə Milli Məclisin Nazirlər Kabinetinə yaxından yardım etməsini də zəruri hesab edir. Dünya ölkələrində icbari tibbi sığortadan geniş istifadə edildiyini deyən akademikin sözlərinə görə, Azərbaycanda müasir səhiyyə infrastrukturunun yaradılması ilə yanaşı güclü mütəxəssislər də yetişir. “Azərbaycanda tibb sahəsi böyük inkişaf yolundadır. Hesab edirəm ki, icbari tibbi sığortanın tətbiqi bu inkişafı daha da sürətləndirəcək” - deyə, o, vurğulayıb.
Beləliklə, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi istiqamətində real addımların atılması göz önündədir. Bu ilin ötən dövründə Baş nazirin müavini səviyyəsində sözügedən məsələyə dair iki dəfə geniş toplantının keçirilməsi, Milli Məclisdə müvafiq qanunvericiliyə dəyişikliklərin edilməsi, müəyyən qərarların qəbul olunması artıq belə bir nikbinliyə əsas verir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13

