Zamanın sınaq anı - QAYIDIŞ
18.06.2014 [09:55]
Dünya tarixinin ən həyəcanlı epizodlarını göz önünə gətirərək Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını təbii və qanunauyğun hal kimi dəyərləndirmək olar. Çünki bütün xalqların tarixində ən ağır sınaq qarşısında birləşmək və təhlükəyə qarşı özünün ən böyük gücünü ortaya qoymaq instinkti vardır. Bir qayda olaraq, qarşısının alınması mümkün görünməyən real təhlükə ərəfəsində bu instinkt siyasi baxışlarından asılı olmayaraq cəmiyyətin bütün təbəqələrini yeganə ümid ətrafında birləşmək üçün sonuncu cəhdə səfərbər edir. Yenə də bir qayda olaraq, yeganə ümid rolunda toplumun ən müdrik şəxsiyyəti çıxış edir və cəmiyyətin bir müdrik şəxs ətrafında kütləvi səfərbərliyi həlledici gücə çevrilir. Belə bir monolit güc o zamanadək qeyri-mümkün görünən bütün sədləri aşır, çıxılmazlıqdan çıxış yolları tapır, cəmiyyətin və dövlətin varlığını təhdid edən ən böyük təhlükəni bir an içində böyük məsafəyə uzaqlaşdıra bilir. Dünya tarixində buna bənzər bir sıra ibrətamiz hadisələr var. Məsələn, Birinci Dünya müharibəsində didilib parçalanmış və tamamilə məhv olmaq təhlükəsi qarşısında dayanan Türkiyə ən çətin sınaq məqamında öz ümidini Türk dünyasının böyük şəxsiyyəti Mustafa Kamal Atatürkün zəkasına və məharətinə bağladı və məhz onun şəxsiyyəti üzərində səfərbər olan ümummilli mübarizə əzmi Türkiyəni qələbəyə apardı. İkinci Dünya müharibəsində ingilis xalqının alman faşizminə qarşı mübarizə ruhu Çörçilin şəxsiyyəti üzərində öz təcəssümünü tapdı. Yenə də İkinci Dünya müharibəsində işğal altında olan Fransada fransız xalqının azadlıq mübarizəsinin nüvəsində Şarl de Qol şəxsiyyəti dayandı.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaranmış hərbi-siyasi vəziyyət sadaladığım hadisələrdən daha gərgin və daha təhlükəli idi. Zaman da dəyişmişdi. Mürəkkəb siyasi texnologiyaların təşəkkül tapdığı, ifrat dərəcədə differensiallaşmış çoxqütblü qlobal siyasi məkanda hadisələrin axarını istənilən səmtə yönəltmək artıq o qədər də asan deyildi. Belə bir mürəkkəb vəziyyətdə ölkəmizdə xalqın azadlığını və dövlətin müstəqilliyini qoruyub saxlamaq missiyası Ulu öndər Heydər Əliyevə nəsib oldu. Bu dövrün mürəkkəbliyi ondan ibarət idi ki, dünyanın təşkil olunduğu iki qütblü qlobal siyasi sistem özü dağılmışdı. Bu dağıntılar içərisində xalqların öz azadlığına qovuşmaq və öz dövlət müstəqilliyini əldə etmək arzularıyla o zamanadək dünyada söz sahibi olan supergüclərin məqsədləri bir-birinə tərs mütənasib idi. Doğrudan da, dünya siyasi xəritəsində çoxsaylı xırda dövlətlərin meydana gəlməsi və onlarla ayrı-ayrılıqda işbirliyi qurmaq və ya mübarizə aparmaq məcburiyyətində qalması böyük dövlətlərin marağında deyildi. Bir tərəfdən, xalqların azadlıq ideallarını, müstəqilliyə qovuşmaq arzularını təqdir edərək onların demokratik dünya birliyinə can atmalarını alqışlasalar da, digər tərəfdən gündən-günə sayı çoxalan milli dövlətləri öz təsir dairələrində saxlamağın çətin olacağını bilərək böyük dövlətlər bu prosesləri dəstəkləməyə o qədər də tələsmirdilər. Digər tərəfdən, sovet imperiyası hələ dağılma prosesinin içində ikən özündən qopan milli dövlətlərin yenidən hansı vasitələrlə itaət altına salınmasının yollarını düşünürdü. Bu məqsədini heç olmasa gələcəkdə həyata keçirmək üçün son nəfəsində olan imperiya müstəqilliyə qovuşmaq arzusunda və ərəfəsində olan gənc milli dövlətlər arasında süni ziddiyyətlər yaradır, onları imperiyadan asılı saxlaya biləcək bütün ipləri əlində saxlamağa çalışırdı. Bu ziddiyyətlər özünü SSRİ-nin bütün periferiyasında baş verən lokal müharibələr və münaqişələr şəklində göstərirdi.
Sovet imperiyasının periferiyasında yenicə yaranmaqda olan milli dövlətlərdə imperiya siyasətinin bütün bu incəliklərini anlayacaq qədər zəngin təcrübə, dərin siyasi düşüncə və siyasi iradə sahibləri çox az idi. Moldovada, Gürcüstanda, Qazaxıstanda və Baltikyanı ölkələrdə baş verənlərlə müqayisədə, Azərbaycanda cərəyan edən hadisələr daha mürəkkəb, daha çoxgedişli və müstəqilliyimizi önləmək baxımından daha təhlükəli idi. Dağlıq Qarabağ ərazisinin tamamilə itirliməsi, ətraf rayonların mühasirə şəraitində hər cür kömək göstərilməkdən məhrum qaldığı bir şəraitdə, xarici qüvvələr tərəfindən ölkənin müxtəlif hissələrində separatçılıq fəaliyyətinin qızışdırılması və hərtərəfli dəstəklənməsi, qeyri-müəyyənlik məngənəsində imperiya cəsuslarının ölkəni vətəndaş müharibəsinə sürükləməsi Azərbaycan dövlətçiliyinin mövcudluğunu ciddi sual altına qoymuşdu.
Məhz belə bir təhlükə qarşısında bütün xalq, eləcə də, bir-birinə kəskin müxalifətdə dayanan siyasi qüvvələr nəzərlərini xalqın yetişdirdiyi ən müdrik şəxsiyyətə - Heydər Əliyevə yönəltdilər. Xaosun miqyasından dəhşətə gələn və xalqın yekdil tələbi qarşısında başqa çıxış yolu qalmayan o zamankı hakimiyyət israrla Ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət edərək daşıya bilmədikləri yükün məsuliyyətindən yaxalarını qurtarmaq üçün hakimiyyəti buraxıb qaçdılar.
Beləliklə, möhtəşəm Qayıdış baş verdi. Əslində, 1993-cü ildə Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi bir qədər gecikmiş qayıdış oldu. İdeal vəziyyət o ola bilərdi ki, Ümummilli lider Heydər Əliyev sovet hökumətində tutduğu yüksək vəzifədən istefa verdiyi an Azərbaycan hakimiyyəti tərəfindən milli siyasətə - müstəqil Azərbaycan dövlətinin quruculuq proseslərinə cəlb olunardı. Təəssüf ki, o zamankı Azərbaycan hakimiyyəti dünya siyasətinin nəhəng simalarından biri hesab olunan Heydər Əliyevin hadisələrə lap başlanğıcında ikən müdaxilə etməsinə şərait yaratmadı, əksinə, Onun Azərbaycanda aktiv siyasətə qayıtmasına əngəllər törətmək yolunu tutdu. Lakin hadisələrin sonrakı gedişi onu göstərdi ki, belə bir mürəkkəb hərbi-siyasi şəraitdə prosesləri idarə etmək və ən başlıcası, Azərbaycanın yenicə bərpa olunmuş müstəqilliyini qoruyub saxlamaq Heydər Əliyevsiz mümkün olmayacaq. Məhz bunun dərk olunduğu bir zamanda ölkənin müxtəlif hissələrə parçalanaraq öz dövlətçiliyini itirmək təhlükəsi qarşısında Azərbaycan xalqı yekdil şəkildə Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdi. O zamankı hakimiyyətin Heydər Əliyevi Bakıya dəvət edib siyasi hakimiyyəti Ona təhvil verməkdən başqa yolu qalmadı. Bu prosesin özü də rahat keçmədi. Ulu öndər Heydər Əliyevin qayıdışından sonra Onun hakimiyyətinə qarşı xarici və daxili qüvvələr tərəfindən törədilən təxribatlar, planlaşdırılan sui-qəsdlər diqqəti yayındırır, gərginliyi aradan qaldırmağa və ölkəni kritik vəziyyətə salan səbəblərin çözülməsinə ciddi maneə yaradırdı. Bütün bunlara baxmayaraq, Heydər Əliyev zəkası Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş xarici və daxili təzyiqlərin, hərbi müdaxilənin qarşısını ala bildi.
Xalq da məhz bunu gözləyirdi və buna inanırdı. Bu inamı yaradan Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının gözləri qarşısında keçən həyatı və fəaliyyəti olmuşdu. Hələ 1969-cu ildə Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələnə qədər Azərbaycan Sovet İttifaqının tənəzzül içində boğulan geridə qalmış əyalətlərindən biri idi. Həmin ildən başlayaraq Azərbaycana rəhbərlik edən Heydər Əliyevin fəaliyyəti nəticəsində cəmi 10 il ərzində respublika iqtisadi, mədəni, sosial inkişafına görə İttifaq daxilində ən yüksək pilləyə qalxa bildi. Məhz o dövrdə İttifaq çərçivəsində olsa da, Azərbaycanın milli dövlətçilik strukturlarının təşəkkül tapması, Azərbaycan vətəndaşının sovetlər birliyi çərçivəsində yüksək mədəni, intellektual potensiala yiyələnməsi baş tuturdu. Bütün bunları zamanında həyata keçirən Ulu öndər Heydər Əliyevin siyasi təcrübəsi yeni və çox mürəkkəb bir şəraitdə Azərbaycanın sonrakı inkişafının yolunu düzgün istiqamətləndirmək üçün kifayət qədər zəngin potensial yaratmışdı. Həmin dövrdə Azərbaycan xalqının və dövlətinin mövqeyini doğru-düzgün müəyyənləşdirib ortaya qoymaq, bunu lazımi şəkildə dünya birliyinin diqqətinə təqdim etmək və dünya dövlətlərinin yaranmaqda olan Azərbaycan dövlətçiliyinə dəstəyini təmin etmək başlıca vəzifə idi. Belə bir vəzifənin öhdəsindən ancaq Heydər Əliyev gələ bilərdi və 1993-cü ildə Ümummilli liderin hakimiyyətə qayıdışı Azərbaycan xalqına bu nadir fürsəti verdi.
Bu imkandan məharətlə, zərgər dəqiqliyi ilə istifadə edən Heydər Əliyev bu vəzifənin öhdəsindən layiqincə gəldi. O, qısa bir müddət ərzində atəşkəsin əldə olunmasına, qüvvələrin səfərbər edilməsi üçün zəruri olan təşkilatlanma fəaliyyətinin həyata keçirilməsinə, iqtisadi tənəzzülün dayandırılmasına və ölkənin davamlı inkişafına yol açan sabitliyin təmin edilməsinə nail oldu.
Son 20 il ərzində Azərbaycanın həm beynəlxalq siyasətdə, həm də ölkənin iqtisadi, mədəni, sosial və humanitar inkişafında əldə etdiyi nailiyyətlər həmin dövrdə Ulu öndər Heydər Əliyev tərəfindən atılan addımların yeganə düzgün çıxış yolu və bu yolun da ən uğurlu yol olduğunu göstərir. Bu gün Azərbaycan qlobal siyasətdə öz müstəqil siyasətini yeridən, bütün istiqamətlərdə öz xalqının milli maraqlarını təmin edə bilən müasir tipli mükəmməl bir dövlətdir. Bu dövlətin izlədiyi siyasi kurs məhz 1993-cü ildə Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi kursun - dövlət müstəqilliyimizin əbədiliyi və dönməzliyi kursunun davamıdır. Ulu öndər Heydər Əliyev bir şəxsiyyət kimi qələbə simvoludur. O, Özünün bütün yaş dövrlərində Öz zəkası və əməksevərliyi ilə içərisində olduğu cəmiyyətin ön sıralarında addımlayan, həmin cəmiyyətin qayğı və ehtiyaclarına həssaslıqla yanaşıb, cəmiyyət qarşısına çıxan problemlərin həllini Öz üzərinə götürən fədakar bir Lider idi. Bu fədakarlıq Onun öz xalqına olan məhəbbətindən və Öz dövlətini və xalqını həmişə qaliblər sırasında görmək arzusundan irəli gəlirdi. Onun həyat missiyası məhz bu qalibiyyəti təmin etməkdən ibarət idi. Zamanın sınaq anında O, bu missiyanı şərəflə və ləyaqətlə yerinə yetirdi. Məhz Onun sayəsində bu gün dövlətimizin müstəqilliyi dönməz və sarsılmazdır, Heydər Əliyevin Şəxsiyyət obrazı isə Azərbaycanın əbədi Qələbə simvoludur.
Cavanşir Feyziyev,
Millət vəkili, fəlsəfə doktoru
Xəbər lenti
Hamısına baxDünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54

