Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ermənilərin Şınıxda yaraladığı 14 yaşlı Şəlalə Tağıyevanın vəziyyəti tam normaldır

Ermənilərin Şınıxda yaraladığı 14 yaşlı Şəlalə Tağıyevanın vəziyyəti tam normaldır

13.08.2014 [09:46]

Mayis Tağıyev: Cəbhə bölgəsində yerləşən kəndlərimizin sakinləri, o cümlədən, Göyəmli sakinləri də öz torpaqlarında, yurd-yuvalarında həyatlarına davam edir və öz işləri ilə məşğuldurlar
Xəbər verdiyimiz kimi, avqustun 3-də Gədəbəy rayonunun düşmənlə sərhəd olan Şınıx bölgəsində yerləşən Göyəmli kəndində 2000-ci il təvəllüdlü Tağıyeva Şəlalə Mayis qızı ermənilərin açdığı atəş nəticəsində yaralanıb. Yaralı dərhal rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və müvafiq tibbi tədbirlər görülüb. Sol ayağından güllə yarası alan Ş.Tağıyevanın vəziyyəti nəzarətə götürülüb. O, əməliyyat olunub və bir neçə gün sonra evə buraxılıb.
Şəlalə qəzetimizə açıqlamasında hazırda özünü normal hiss etdiyini, yarasının tədricən sağaldığını bildirib. Hadisənin hansı şəraitdə baş verməsinə gəlincə, Ş.Tağıyeva deyib ki, yaralanan zaman həyətdə oynayırmış. Bu vaxt atışma səsi eşidib və evə tərəf qaçmaq istəyib. Lakin yarıyolda düşmən gülləsinə tuş gəlib.
Öz növbəsində, Gədəbəy rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Akif Həsənov bildirib ki, avqustun 3-də xəstəxanaya gətirilən Şəlalə Tağıyevanın güllə sol ayağının pəncə hissəsindən dəyib: “O, xəstəxanaya yerləşdirildikdən sonra əməliyyat olunub və bir neçə gün sonra öz xahişləri ilə evə buraxılıb. Bununla belə, evdə də yaralı daim nəzarət altında saxlanılıb. Belə ki, hər gün işçimiz onun sarğısını dəyişdirib və digər müvafiq tibbi tədbirlər görülüb”.
Şəlalənin atası Mayis Tağıyev isə qəzetimizə açıqlamasında bildirib ki, qızı yaralanandan dərhal sonra təxminən saat 16 radələrində rayon Mərkəzi Xəstəxanasına aparıblar və qızı ayağından əməliyyat olunub. O, müvafiq dövlət strukturlarının, o cümlədən, ictimaiyyət nümayəndələrinin qızına yüksək diqqət və qayğı göstərdiyini vurğulayaraq, əlavə edib ki, ilk gündən rayon rəhbərliyi və müvafiq orqanlar məsələni nəzarətə götürüblər: “İstər qızım xəstəxanada müalicə alanda, istərsə də evə gətirəndən sonra əlaqədar orqanların nümayəndələri daim maraqlanıblar, rayon rəhbərliyi həmişə əlaqə saxlayıb, qızımın vəziyyəti ilə maraqlanıb. Doğrudur, hadisədən bir gün keçmiş qızımın vəziyyəti sabitləşəndən sonra öz istəyimizlə qızımı evə gətirdik. Sonra müalicəni evdə davam etdirdik. Həkimlər hər gün gəlib sarğını dəyişirlər. Dünəndən isə Şəlaləni yeritməyə başlayıblar”.
M.Tağıyev daha sonra dövlətin bütün vətəndaşlara, o cümlədən, cəbhə bölgəsində yerləşən şəhər və kəndlərin sakinlərinə diqqət və qayğı göstərdiyini vurğulayaraq əlavə edib ki, kənddə əhalinin həyat şəraitinin yüksəldilməsi üçün lazımi tədbirlər görülüb və görülməkdədir.
Mayis Tağıyev ermənilərin atəşkəsin pozulması ilə müşayiət olunan təxribatlarının son bir-iki gündə qismən səngidiyini söyləyərək qeyd edib ki, cəbhə bölgəsində yerləşən kəndlərimizin sakinləri, o cümlədən, Göyəmli sakinləri də öz torpaqlarında, yurd-yuvalarında həyatına davam edir, öz işləri ilə məşğuldur: “Biz bilirik ki, artıq 1992-93-cü illər deyil. Bizim arxamızda güclü Azərbaycan ordusu, Azərbaycan dövləti dayanıb. Son vaxtlar cəbhə bölgəsində baş verənlər bunu bir daha təsdiq etdi. Azərbaycan Ordusu ermənilərin təxribatlarının qarşısını ən yüksək peşəkarlıq və qəhrəmanlıqla alaraq, onları geri çəkilməyə məcbur etdi. Düşmən xeyli itki verərək təxribat planlarını yarımçıq qoymalı oldu. Ona görə də, bizim kəndimiz cəbhə xəttinə yaxın yerləşsə də, inanırıq və əminik ki, düşmənin hər bir təxribat cəhdi layiqli qarşılığını alacaq”.
Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev də bildirib ki, hazırda Tağıyeva Şəlalə Mayis qızının vəziyyəti qənaətbəxşdir. O, rayon rəhbərliyinin göstərişi ilə mütəmadi olaraq yaralının ailəsi ilə əlaqə saxlandığını və müvafiq qurumların nümayəndələrinin yaralıya tez-tez baş çəkdiyini bildirib. Onun sözlərinə görə, hadisə baş verəndən sonra yaralı dərhal nəzarətə götürlüb. Bu günə qədər də bütün lazımi tədbirlər görülüb. O, əlavə edib ki, bu gün hər bir vətəndaş Azərbaycan dövlətinin güclü diqqət və qayğısını öz üzərində hiss edir. Azərbaycanın dövlət siyasətinin mərkəzində insan amili dayanır.
R.Nağıyev işğalçı Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlara toxunaraq vurğulayıb ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan dövlətinin qarşısında duran ən əsas məsələdir. Bu münaqişə təkcə ölkəmizin deyil, bütövlükdə regionda təhlükəsizliyi təhdid edən əsas faktorlardan biridir. Ona görə də, Azərbaycan dövləti bütün səylərini bu münaqişənin sülh yolu ilə həllinə yönəldib: “Azərbaycanın tutduğu prinsipial mövqeyin və sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Bir sıra beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib. Amma hələ ki, bütün bunlar münaqişənin həlli istiqamətində yekun nəticənin əldə edilməsi-Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün kifayət etmir. Ona görə də, münaqişənin başqa üsullarla həlli variantları da hər an gündəmə gələ bilər və Azərbaycan dövləti bu ehtimallara hazırlıqlıdır. Son günlərdə ermənilərin cəbhə xəttində təxribat cəhdlərinin qarşısının alınması bir daha bu reallığı sübut etdi. Bu gün Azərbaycan büdcəsi Ermənistan büdcəsindən 10 dəfə böyükdür, hərbi xərclər 10 dəfə çoxdur, əhali isə dəfələrlə artıqdır. Dövlətimizin başçısının da bildirdiyi kimi, bu gün Ermənistan ilə Azərbaycan arasında müqayisə apardıqda bizim üstünlüyümüz hər bir sahədə açıq-aydın özünü büruzə verir. Azərbaycanın ən müasir silah və texnikalarla təchiz edilmiş, yüksək döyüş qabiliyyətinə malik Ordusu var. Bu ordu Cənubi Qafqazda ən güclü ordudur və istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir”.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 853 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30