Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / BU GÜN MÜSTƏQİL DÖVLƏTİMİZ ÖZÜNÜN ƏN UĞURLU DÖVRÜNÜ YAŞAYIR

BU GÜN MÜSTƏQİL DÖVLƏTİMİZ ÖZÜNÜN ƏN UĞURLU DÖVRÜNÜ YAŞAYIR

05.06.2015 [10:09]

Son illərdə ölkəmizdə qazanılan uğurlar, makroiqtisadi göstəricilər düşünülmüş iqtisadi strategiyanın davam etdirilməsinin məntiqi nəticəsi olmaqla yanaşı, Prezident İlham Əliyevin hazırlanmış kompleks tədbirlər proqramının həyata keçirilməsi üçün göstərdiyi qətiyyətin əyani təzahürüdür. Həyata keçirilən uğurlu xarici siyasət nəticəsində artan beynəlxalq nüfuzumuz sayəsində dünyanın güc mərkəzlərinin Azərbaycana marağı gündən-günə artır, ölkəmiz qlobal təşkilatların dünya miqyaslı tədbirlərinə dəvət alır, əməkdaşlığın yeni konturları cızılır. Dünyanın aparıcı dövlətləri və güclü araşdırma mərkəzləri Azərbaycanı Cənubi Qafqazda təhlükəsizliyin əsl təminatçısı kimi görürlər.
Azərbaycan Cənubi Qafqazda ən böyük iqtisadiyyata malik ölkədir. Bu gün respublikamız regionda özünün gələcək xarici investisiya maraqlarını və layihələrini tərəfdaşları ilə razılaşdırıb genişləndirməyi bacaran güclü iqtisadi oyunçu qismində çıxış edir.
Dünyanın diqqət mərkəzində olan Bakıda siyasi, iqtisadi, enerji məsələləri ilə yanaşı, humanitar məsələlər də yüksək səviyyədə müzakirə edilir. Azərbaycanda son illər ərzində müxtəlif mövzularla bağlı mötəbər beynəlxalq tədbirlər, sammitlər, forumlar, konfranslar keçirilir. Bakı bir növ beynəlxalq əməkdaşlığın mərkəzlərindən birinə çevrilib. Cənubi Qafqazda və Mərkəzi Asiyada ilk dəfə olaraq Davos Ümumdünya İqtisadi Forumu, Madrid Klubunun toplantısı 2013-cü ildə Bakıda keçirilib, iki dəfə Mədəniyyətlərarası Dialoq Forumu baş tutub. Qətiyyətlə demək lazımdır ki, ölkəmizdə keçirilən bu humanitar forumlar beynəlxalq əməkdaşlığa öz töhfəsini verir.
Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarın qəbulu da ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir. Dövlətimiz öz tarixində ilk Avropa Oyunları kimi mötəbər idman yarışına ev sahibliyi etməklə Azərbaycanın müasir tarixinə çox şərəfli bir səhifə yazacaq.
Azərbaycanın idman sahəsindəki bu uğuru ölkə başçısı İlham Əliyevin 1997-ci il iyulun 31-də Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra başlanan düşünülmüş və uzaqgörən siyasətin nəticəsidir. Sonrakı illər ərzində Azərbaycanda idman və mədəniyyət sahəsində ciddi nailiyyətlər əldə edildi, bu sahənin inkişafına diqqət yönəldildi ki, ölkə nəinki öz iqtisadi inkişafı, o cümlədən, strateji və mədəni perspektivləri ilə dünyada xüsusi yer tutdu.
Prezident İlham Əliyevin Sərəncamı ilə birinci Avropa Oyunlarının layiqincə keçirilməsini təmin etmək məqsədilə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradıldı.
Birinci Avropa Oyunlarının keçirilməsinə hazırlıqla bağlı Azərbaycanın vaxtı az idi. Cəmi 2 il yarım müddətinə 20 idman növü üzrə yarışların keçirilməsini təmin edəcək infrastrukturu yaratmaq və digər təşkilati işləri həyata keçirmək lazım gəlirdi. Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclasında Mehriban xanım Əliyeva qeyd etdi ki, “Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən, Dünya, Avropa çempionatlarında “Eurovision-2012” mahnı müsabiqəsində əldə etdiyimiz təcrübəyə əsaslanaraq birinci Avropa Oyunlarının da yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
Ölkənin idman infrastrukturunu çox qısa müddətdə Olimpiya Oyunları səviyyəsində olan bir idman yarışının keçirilməsi üçün tam hazır vəziyyətə gətirmək “Bakı-2015”in Təşkilat Komitəsinin çevik və fədakar fəaliyyətinin nəticəsidir. Əminliklə deyə bilərik ki, birinci Avropa Oyunları Azərbaycanın böyük uğuru kimi tarixə düşərək, bu Oyunların standartlarını müəyyənləşdirəcək. Gələcəkdə keçiriləcək növbəti Avropa Oyunlarında Azərbaycanın nümunəsi və təcrübəsi əsas götürüləcək.
Ölkəmiz bir sıra beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edib. Son 10 il ərzində Azərbaycanda 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbiri yüksək səviyyədə keçirilib. Hətta bu il “Bakı-2015” birinci Avropa Oyunları və şahmat üzrə dünya kuboku, gələn il şahmat üzrə olimpiada, “Formula-1” üzrə Avropa “Qran-pri” yarışları, 2017-ci ildə isə IV İslam Həmrəylik Oyunlarına da Azərbaycan ev sahibliyi edəcək. Bütün bunlar isə onu deməyə əsas verir ki, beynəlxalq toplantıların, yarışların yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə hər cür şərait var.
Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi hər şeydən öncə Azərbaycanın dünyada təbliğatı deməkdir. Oyunlar zamanı paytaxtımıza 10 minədək idmançının, məşqçinin, rəsmi nümayəndənin, jurnalistin gələcəyi gözlənilir. Məlum olduğu kimi, bu yarışları yüzlərlə beynəlxalq və yerli media nümayəndəsi işıqlandıracaq. Tədbirin 100-dən artıq ölkədə yayımlanması üçün 43 şirkətə yayım hüququ verilib. Dünyanın nüfuzlu kütləvi informasiya vasitələrində ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, idman sahəsində əldə edilən nailiyyətlərimiz barədə məlumatların yayılması ölkəmiz haqqında müsbət imicin formalaşması istiqamətində önəmli addımdır. Yarışların respublikamızda keçirilməsi ilə Azərbaycan özünün dini tolerantlığını, müstəqil və sülhsevər ölkə olduğunu, bugünkü inkişafının reallıqlarını beynəlxalq aləmə bir daha göstərmək imkanı qazanacaq.
İlk Avropa Oyunlarını iqtisadi baxımdan qiymətləndirərkən yalnız Oyunlar keçirilən müddətdə ölkəmizdə əldə ediləcək gəlirləri hesablamaq doğru olmazdı. İlk Avropa Oyunları strateji layihə olduğu üçün onun gəlirləri uzunmüddətli bir dövrü əhatə edəcək.
İlk Avropa Oyunları keçirildiyi müddətdə cari gəlirlərin əldə edilməsinə imkan verməklə yanaşı, eyni zamanda, Oyunlar başa çatdıqdan sonra da ölkə iqtisadiyyatına əlavə vəsaitlərin daxil olmasına imkan yaradacaq. Oyunlar iqtisadiyyatın müxtəlif sektorları üçün yeni maliyyə imkanları yaradacaq. İlk Avropa Oyunları keçirilən zaman ölkəyə xeyli sayda turistin gəlməsi nəzərdə tutulur.
Turistlərin Azərbaycanda olmasından yalnız bu sektor deyil, xüsusilə də xidmət, nəqliyyat və bank sektorları da gəlirlər əldə etmək imkanı qazanacaqlar. Eyni zamanda, ölkəyə gələn turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata olan tələbatın artmasına və xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq.
İlk Avropa Oyunlarına hazırlıq çərçivəsində inşa edilən infrastrukturlar sonrakı dövrdə qlobal və beynəlxalq yarışların keçirilməsi üçün istifadə ediləcək. Ölkəmiz növbəti illərdə beynəlxalq yarışların təşkil edilməsi üçün bütün lazım olan bazanı artıq formalaşdırıb. Deməli, növbəti illərdə çox cüzi xərclər ilə mötəbər beynəlxalq yarışlar təşkil etmək və gəlir əldə etmək mümkün olacaq. Bu isə ilk Avropa Oyunlarının əsas strateji iqtisadi üstünlüyüdür.
Oyunlar ölkəmizə xarici investisiyaların cəlb edilməsinə də təsir göstərəcək. İqtisadiyyatın şaxələndirilməsi qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsini nəzərdə tutur. Belə beynəlxalq yarışlar, ölkəmizin infrastrukturunu, iqtisadi potensialını tanıtmaq üçün olduqca vacibdir.
İlk Avropa Oyunları ölkəmiz üçün iqtisadi baxımdan rentabelli bir layihədir. Sözügedən Oyunların keçirilməsi Azərbaycan üçün sadəcə, geosiyası və beynəlxalq mötəbər yarışa ev sahibliyi etmək baxımından deyil, eyni zamanda, ölkə iqtisadiyyatının dəstəklənməsi baxımından da çox vacibdir. Əminliklə demək olar ki, Oyunların təşkilindən qazanan tərəf məhz Azərbaycan və ölkə iqtisadiyyatı olacaq.
Təranə KƏRİMOVA,
YAP Səbail rayon təşkilatı
Qadınlar Şurasının sədri

Paylaş:
Baxılıb: 758 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30