Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Veteranlar ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasını qəti pisləyiblər

Veteranlar ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasını qəti pisləyiblər

11.06.2015 [09:35]

İyunun 10-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib. İclasda Rəyasət Heyətinin üzvləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Fizuli Rzaquliyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev iştirak ediblər.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev çıxış edərək “Bakı-2015” ilk Avropa Oyunlarının keçirilməsinin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını deyib. Bildirib ki, 17 gün davam edəcək yarışlarda bütövlükdə Avropadan 6000-dən çox idmançının 50 ölkəni təmsil edəcəyi, 20-dən artıq dövlət, hökumət başçısının və ümumilikdə 10 minə yaxın rəsmi və qeyri-rəsmi qonaqların Azərbaycana gələcəyi gözlənilir. Bu da xalqımızın milli mənəvi dəyərləri, mədəniyyəti və tolerantlıq ənənələri, eləcə də Dağlıq Qarabağ münaqişəsi, onun obyektiv səbəbləri haqqında dolğun məlumatları dünya ictimaiyyətinə çatdırmaq üçün geniş imkan yaradır. D.Rzayev yarışların yüksək səviyyədə təşkil edilməsinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. O, veteranların Prezidentin nəinki Avropa Oyunları ilə bağlı fəaliyyətini, bütövlükdə siyasətini hər zaman dəstəklədiklərini qeyd edib.
Daha sonra Rəyasət Heyətinin üzvləri və digər qonaqlar birinci Avropa Oyunları ilə bağlı çıxış edib, bu Oyunların respublikamız üçün əhəmiyyətinə diqqət yetiriblər.
Çıxışlardan sonra birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı bəyanat Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov tərəfindən Rəyasət Heyətinə təqdim olunub və yekdilliklə qəbul edilib.
Bəyanatda bildirilir ki, əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu Azərbaycan dövlət idman siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla icrası ölkəmizin beynəlxalq idman qurumlarında mövqeyini gündən-günə möhkəmləndirməkdədir. Bu gün Azərbaycan artıq bütün dünyada idman ölkəsi kimi tanınır. Azərbaycanın yüksək iqtisadi, sosial göstəriciləri və böyük idman bazalarına malik olması imkan verir ki, Avropa Oyunları və digər beynəlxalq tədbirlər ölkəmizdə təşkil edilsin və keçirilsin. Güclü iqtisadiyyata, zəngin tarixi-mədəni irsə sahib olan ölkəmizin bu mötəbər idman yarışlarını da digər beynəlxalq tədbirlər kimi yüksək səviyyədə keçirəcəyinə əminik. Birinci Avropa Oyunları respublikamız üçün böyük sınaqdır və bu Oyunlar Azərbaycan dövlətinin beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir. Artıq onun ilk müjdələrinin şahidiyik. Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində alovlandırılması qərarı bizim tarixi qürurumuzdur. Ölkəmizdə bu mötəbər tədbirin keçirilməsi üçün yüksək şərait yaradılıb. Əminik ki, bu tədbirlər yüksək səviyyədə keçiriləcək, yarışlarda iştirak edən idmançılar və qonaqlarımız Azərbaycandan böyük təəssüratlarla vətənlərinə dönəcəklər.
Bəyanatda qeyd edilir ki, Azərbaycanın birinci Avropa Oyunlarını keçirməsi qitə səviyyəsində sülhün, əməkdaşlığın inkişafına öz töhfəsini verəcək, ölkəmizin inkişafı, dünyaya inteqrasiyası baxımından da müsbət rol oynayacaq. Respublikamızın hərtərəfli inkişafı, xalqımızın milli mənəvi dəyərləri, mədəniyyəti və tolerantlıq ənənələri, eləcə də Dağlıq Qarabağ münaqişəsi, onun obyektiv səbəbləri haqqında dolğun məlumatlar dünya ictimaiyyətinə çatdırılacaq.
Qeyd edilir ki, bu möhtəşəm idman bayramının keçirilməsinə sevinmək, həmrəy olmaq əvəzinə Azərbaycana dost mövqedə olmayan bəzi anti-Azərbaycan qüvvələr son aylar ölkəmizə qarşı qarayaxma kampaniyasından istifadə edərək “nə isə” qazanmaq istəyirlər. Bir mərkəzdən idarə olunan bu qüvvələr Azərbaycan Respublikasının regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, bərabərhüquqlu tərəfdaşlığın genişlənməsinə yönəlmiş müstəqil siyasətini qəbul etmək istəmir, cəmiyyətimizi daxildən parçalamağa uğursuz cəhdlər göstərirlər. Ancaq bu cür şəxslər heç nəyə nail ola bilməyəcəklər, çünki xalqımız “ağı qaradan” seçməyi bacarır. Biz veteranlar belə halları pisləyirik və bildiririk ki, idman oyunlarından öz cılız, şəxsi, siyasi məqsədləri üçün istifadə edənlər niyyətlərinə nail ola bilməyəcəklər.
Bəyanatda deyilir: “Biz veteranlar Avropa Oyunlarının açılışında iştirak etdiyimiz kimi, bütün tədbirlərdə də fəal iştirak edəcəyik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyirik. Bütün Azərbaycan xalqını bu mötəbər idman bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. Azərbaycan idmançılarına ən yüksək nailiyyətlər arzulayırıq”.
Veteranlar Vətənin çağırışına bütün qüvvələrini səfərbər etməyə hər an hazır olduqlarını bildiriblər.
İclasda Cəlil Xəlilov iyun ayında Moskva və Paris ezamiyyətləri haqda məruzə ilə çıxış edib. O, iyun ayının 2-də Moskvada Müstəqil Dövlətlərin Veteranlar İctimai Təşkilatları İcmasının Beynəlxalq İttifaqının Koordinasiya Şurasının prezidium və plenumunda iştirak edib və çıxışında 70 illik Qələbənin Azərbaycanda yüksək səviyyədə qeyd olunmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
İyunun 5-də isə C.Xəlilov Parisdə, UNESCO-nun mənzil qərargahında faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunan və Ehtiyatda Olan Zabitlərin Komitəsinin təşəbbüsü ilə təşkil edilən Sülh və Dostluq Missiyasının beynəlxalq humanitar aksiyasında iştirak edib. 36 dövlətin nümayəndələrinin iştirak etdiyi tədbirdə C.Xəlilov geniş məruzə ilə çıxış edərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi 822, 853, 874, 874 saylı qətnamələrin hələ də icra olunmadığını qeyd edib.
Daha sonra təşkilatın nəzarət təftiş komissiyasının sədri Cahangir Nəsirov Zaqatala-Balakən ezamiyyəti haqda məruzə ilə çıxış edib.
Rəyasət Heyətinin iclasında 2015-ci ilin iş planına da diqqət yetirilib.
İclasın sonunda Rəyasət Heyətinin üzvlərinə və qonaqlara “Veteran Həmrəyliyi” medalı təqdim olunub.

 
Paylaş:
Baxılıb: 727 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30