Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Naxçıvan Muxtar Respublikası Ali Məclisində milli mətbuatın yubiley tədbiri keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisində milli mətbuatın yubiley tədbiri keçirilib

23.07.2015 [09:30]

İyulun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibətilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: “1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur. Bu gün milli mətbuatın yaranmasının 140 illik yubileyini qeyd edirik. 22 iyul - ölkəmizin siyasi həyatında bir də onunla əlamətdardır ki, Ümummilli liderimiz Heydər Əliyev 25 il bundan əvvəl - 1990-cı il iyulun 22-də Moskvadan Naxçıvana gələrək buradan öz xilaskarlıq missiyasına başlamışdır. Xalqımız üçün son dərəcə ağır olan 1990-1993-cü illərdə Ulu öndərimizin rəhbərliyi ilə Azərbaycanın xilası naminə mühüm tədbirlər görülmüş, mətbuat xüsusi qayğı ilə əhatə olunmuş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulmuşdur”.
Ali Məclisin Sədri hər iki əlamətdar gün münasibətilə mətbuat işçilərini və muxtar respublika əhalisini təbrik edərək deyib: “Ölkəmizdə mətbuatın inkişafı Ümummilli liderimizin adı ilə bağlıdır. Əgər on doqquzuncu əsrin sonlarında görkəmli Azərbaycan ziyalıları mətbuatı xalqın maariflənməsinə səfərbər edirdilərsə, dahi şəxsiyyətin ölkəmizə rəhbərliyi dövründə mətbuat milli ideologiyanın və ictimai şüurun inkişafında əsas vasitəyə çevrilmişdir. Bu gün də ölkəmizdə mətbuatın inkişafına, söz, fikir və məlumat azadlığının təmin olunmasına xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 iyun tarixli Sərəncamı mətbuata dövlət dəstəyinin daha bir ifadəsidir. Həmin Sərəncamda deyilir: “1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazmışdır. Qəzet dövrün qabaqcıl ideyalarını təbliğ etmiş, insanları dini mövhumata və cəhalətə qarşı mübarizəyə çağırmış, ictimai-siyasi və bədii düşüncənin inkişafına güclü təsir göstərmişdir”.
Ali Məclisin Sədri deyib: “Ümumbəşəri dəyərləri, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycanda kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində zəruri tədbirlər görülür. Ölkəmizin mütərəqqi mətbuat ənənələrini layiqincə davam etdirən Naxçıvan mətbuatı da özünün inkişaf dövrünü yaşayır. Muxtar respublikanın şəhər və rayonlarının yüksək poliqrafik keyfiyyətlə çap olunan, dövriliyi təmin edilən və müasir iş şəraiti yaradılan mətbuat orqanları vardır”.
Ali Məclisin Sədri yaradılan şəraitin, mətbuatın inkişafına dövlət tərəfindən göstərilən qayğının qarşıya mühüm vəzifələr qoyduğunu vurğulayaraq deyib: “Çalışıb ona nail olmalıyıq ki, mətbuatın yaradıcı gücü Ulu öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın inkişafına yönəlsin. Hər bir kütləvi informasiya vasitəsi bugünkü həyatımızın salnaməçisinə çevrilməlidir. Mətbuat işçiləri tarixi-mədəni irsimizin, milli dəyərlərimizin təbliğatçısı olmalı, maarifçilik işi gücləndirilməlidir. Qəzet səhifələrində gənc nəslin milli mənlik şüurunun inkişafına xidmət edən yazılara üstünlük verilməlidir. “Əkinçi” qəzetinin əsas prinsipləri olan maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği və hadisələrin obyektiv işıqlandırılması bu gün də rəhbər tutulmalı, mətbuat vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak etməlidir”.
Ali Məclisin Sədri Ümummilli liderimizin “Hər bir kütləvi informasiya vasitəsi milli dövlət quruculuğu prosesində, vətəndaş cəmiyyətinin qurulmasında, milli və bəşəri dəyərlərin bərqərar edilməsində, ölkənin inkişafını təmin edən islahatların həyata keçirilməsində səmərəli iştirak etməli, həqiqət carçısı olmalıdır”, - fikrini xatırladıb, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, onlara səmərəli yaradıcılıq arzulayıb.
“Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin direktoru Məmmədrza Ələsgərov, “Şərq qapısı” qəzetinin şöbə müdiri Sara Əzimova, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli çıxış edərək KİV-in inkişafına yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Jurnalistlərlə söhbəti davam etdirən Ali Məclisin Sədri deyib ki, mətbuat işçiləri dövrün salnaməçiləridir. Dövr dəyişildikcə mətbuatın qarşısına qoyulan tələblər də dəyişilir. Qəzet və televiziya ictimai nəzarət funksiyasını həyata keçirən orqanlardır. Bu mənada hər bir jurnalist ictimai nəzarətçi kimi öz fəaliyyəti ilə cəmiyyətin inkişafına töhfələr verməlidir. Azərbaycan müstəqillik qazandıqdan sonra Ulu öndərin diqqət və qayğısı ilə azad mətbuatın inkişafı üçün geniş imkanlar açıldı. 1990-1993-cü illərdə “Şərq qapısı” qəzeti cəmiyyət həyatının bütün sahələrinə nüfuz edərək dövrün güzgüsünə çevrilmişdi. Bu gün də muxtar respublikada qəzet və televiziyaların fəaliyyəti üçün hər cür şərait vardır. Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində Jurnalistika fakültələri fəaliyyət göstərir, gənc jurnalistlər nəsli yetişir.
Sonra tədbirdə Azərbaycan Respublikasının medallarına, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, Naxçıvan Muxtar Respublikasının “Rəşadətli əməyə görə” nişanlarına layiq görülənlərə müvafiq mükafatların təqdimatı olub.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli sərəncamları ilə Naxçıvan Muxtar Respublikası kütləvi informasiya vasitələrinin əməkdaşlarından 8-i “Tərəqqi” medalı, 1-i Azərbaycan Respublikasının “Əməkdar Jurnalisti” və 1-i Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülübdür. Həmçinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 21 iyul tarixli sərəncamları ilə Naxçıvan Muxtar Respublikasında mətbuat sahəsində səmərəli fəaliyyətlərinə görə kütləvi informasiya vasitələrinin əməkdaşlarından 3-nə Naxçıvan Muxtar Respublikasının “Əməkdar Jurnalist”i fəxri adı verilib, 5-i Naxçıvan Muxtar Respublikasının “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunubdur.
Ali Məclisin Sədri təltif olunanlara “Tərəqqi” medalının, Azərbaycan Respublikasının “Əməkdar Jurnalisti”, Azərbaycan Respublikasının “Əməkdar Mədəniyyət İşçisi”, Naxçıvan Muxtar Respublikasının “Əməkdar Jurnalist”i fəxri adlarının, Naxçıvan Muxtar Respublikasının “Rəşadətli əməyə görə” nişanının vəsiqə və döş nişanlarını təqdim edib.
Təltif olunanlardan Şəhla Nəbiyeva, Qahirə Hüseynova, Təhminə Babayeva, Mehriban Sultanova və Sərxan İsmayılov qeyd ediblər ki, bu gün milli mətbuatın 140 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi müstəqil Azərbaycanda azad sözə, mətbuatın inkişafına göstərilən qayğının daha bir ifadəsidir. Yubiley ərəfəsində qələm sahiblərinin əməyi layiqincə qiymətləndirilib, onlar yüksək dövlət mükafatlarına layiq görülüblər. Mətbuat işçilərinin təltif olunması onların məsuliyyətini daha da artırır. Təltif olunanlar əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıq edib, bundan sonra da səylə çalışacaqlarına və ölkəmizin inkişafında yaxından iştirak edəcəklərinə söz veriblər.
Sonda Ali Məclisin Sədri mətbuat işçiləri ilə xatirə şəkli çəkdirib.

 
Paylaş:
Baxılıb: 696 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30