Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Etibarlı su təchizatına nail olunması müstəqil Azərbaycanın strateji hədəflərindən biridir

Etibarlı su təchizatına nail olunması müstəqil Azərbaycanın strateji hədəflərindən biridir

17.05.2016 [10:06]

Dövlət proqramları və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq çərçivəsində şəhərlərlə yanaşı, içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə də həlli vacib layihələr icra edilib
Son illər həm paytaxt Bakıda, həm də bölgələrdə ardıcıllıqla və yüksək səviyyədə həyata keçirilən, həmçinin bütün sahələri əhatə edən infrastruktur layihələri sayəsində Azərbaycan müasir dünya standartları səviyyəsində qurulan infrastruktur təminatına malik ölkəyə çevrilib. Regionlarda həyata keçirilən infrastruktur layihələri arasında ölkənin etibarlı su təchizatına nail olunması ilə bağlı reallaşdırılan layihələr xüsusi yer tutur ki, bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, etibarlı su təchizatına nail olunmasını müstəqil Azərbaycanın strateji hədəfindən biri kimi müəyyənləşdirən dövlət başçısı İlham Əliyev mütəmadi olaraq dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrı-ayrı şəhərlərin su təchizatının yaxşılaşdırılmasına lazımi qədər vəsait ayırır. Bundan başqa, Dövlət Neft Fondundan da su layihələrinin yerinə yetirilməsinə kifayət qədər irihəcmli maliyyə tranşları yönəldilir. Bakı şəhərinin və onun ətraf qəsəbələrinin, eləcə də regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında da su layihələri ilə bağlı konkret müddəalar öz əksini tapıb və sözügedən proqramlar çərçivəsində son 12 ildə ölkəmizin bütün regionlarında müxtəlif həcmli onlarla su layihəsi reallaşdırılıb.
İstehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşdırılır
Beləliklə, dövlət başçısının sözügedən istiqamətdəki tövsiyə və tapşırıqlarına uyğun olaraq aidiyyəti qurumlar, o cümlədən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən genişmiqyaslı işlər həyata keçirilib. Və bu istiqamətdə işlər davamlı xarakter daşıyır. Hər halda ötən il və bu ilin arxada qalan ayları ərzində görülən işlər də belə deməyə əsas verir. Məlumat üçün bildirək ki, ötən il içməli su təchizatı və kanalizasiya sektorunda mühüm layihələr həyata keçirilib, istehlakçılara göstərilən xidmətlərin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Məsələn, 2015-ci ildə Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də respublikanın 29 şəhər və rayon mərkəzində və kəndlərdə layihələr icra olunub ki, onların 11-də işlər dövlət büdcəsi vəsaiti, 18-də isə beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına həyata keçirilib.
Bu işlər çərçivəsində ötən il Quba şəhərində su və kanalizasiya infrastrukturları tamamilə yenidən qurulub, şəhər 24 saat fasiləsiz içməli su ilə təmin olunub. Ucar, Lənkəran, Hacıqabul, Kürdəmir, Zərdab, İmişli, Biləsuvar şəhərlərində yeni su şəbəkələrinin tikintisi başa çatdırılıb. Mingəçevir, Şəmkir və Qax şəhərlərində isə su və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin böyük hissəsi icra edilib. Mingəçevir və Yevlax şəhərlərini keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir sutəmizləyici qurğu tikilərək istismara verilib, şəhərdaxili su təchizatı sistemlərinin 85 faizinin inşası başa çatıb. Hazırda yeni yaradılmış şəbəkə vasitəsilə sakinlər 24 saat keyfiyyətli içməli su ilə təmin olunurlar. Təmizləyici qurğudan Yevlax şəhərinə çəkiləcək magistral kəmərin tikintisi üzrə layihə-smeta sənədləri hazırlanır. Mingəçevir şəhərində tullantı sularının idarə olunması məqsədi ilə 3 ədəd kanalizasiya nasos stansiyası tikilərək istifadəyə verilib və bununla da Kür çayına 21 nöqtədən axıdılan çirkab suların qarşısı alınıb.
Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Xanbulançay dəryaçasının yaxınlığında sutkalıq məhsuldarlığı 30 min kubmetr olan təmizləyici qurğuda işlər tam yekunlaşıb, Lənkəran şəhərinə və ətraf kəndlərə içməli suyun verilməsi təmin edilib. Yeni qurğudan Astara şəhəri və 27 kəndin su təchizatına hesablanmış magistral kəmərin inşası 2016-cı ildə başa çatdırılacaq. Şəmkir şəhərində istehlakçıları keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün Şəmkirçay anbarından 16,5 km uzunluğunda magistral su kəməri qısa müddətdə tikilərək istismara verilib.
Beynəlxalq qurumlarla əməkdaşlıq uğurla davam etdirilir
2014-2015-ci illərdə Azərbaycan hökumətinin beynəlxalq maliyyə qurumları ilə birgə reallaşdırdığı su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihəsi üzrə işlər də intensiv qaydada davam etdirilib. Asiya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Göyçay, Ağdaş və Beyləqan şəhərlərində yeni infrastrukturların yaradılması istiqamətində ciddi addımlar atılıb. Belə ki, Göyçay şəhərində içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması işləri tam başa çatdırılıb və 2015-ci ilin oktyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib. Beyləqan şəhərində yeni su mənbəyi yaradılıb, şəhərdaxili su şəbəkəsinin 85 faizi yenidən qurulub və yeni şəbəkə ilə istehlakçılara suyun verilməsi təmin olunub. Bu layihə üzrə Ağdaş və Beyləqan şəhərlərində içməli su şəbəkəsinin tikintisi bu il başa çatdırılacaq.
Almaniya İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində isə Gəncə şəhərinin əsas su mənbələri olan Göygöl və Qızılqayada suqəbuledici qurğuların və magistral kəmərlərin inşası yekunlaşıb, şəhərə suyun verilməsi təmin edilib. Gəncə şəhərinin bir hissəsində paylayıcı şəbəkə yaradılıb.
Dünya Bankı ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində 62 km uzunluğunda Kür sutəmizləyici qurğuları-Sabirabad-Saatlı magistral kəmərinin inşası başa çatdırılıb. 2014-cü ilin dekabr ayında Sabirabad şəhərinə, 2015-ci ilin əvvəlində isə Saatlı sakinlərinə suyun verilməsi təmin edilib. Dünya Bankı ilə birgə reallaşdırılan layihə üzrə Şamaxı və Qəbələ şəhərlərində də işlər davam etdirilib, Şamaxıda su təchizatı sistemlərinin 96, kanalizasiya şəbəkəsinin 87 faizi tikilib. Qəbələ şəhərində su mənbəyində işlər yekunlaşıb, şəhərdaxili şəbəkənin tikintisi davam etdirilib. Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən cəlb olunmuş kreditlər hesabına Naftalan şəhərinin su və kanalizasiya şəbəkəsi yenidən qurularaq istismara verilib. Bu layihə çərçivəsində Qusar şəhərində işlərin 80 faizindən çoxu icra edilib və ilin sonuna qədər işlərin başa çatdırılması planlaşdırılır. Eyni zamanda, Xaçmaz şəhərinin su mənbəyində yenidənqurma işləri yekunlaşıb, şəhərdaxili su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilir. Bu layihə çərçivəsində Qobustan şəhərində işlərə 2015-ci ildə başlanıb.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası dövründə İslam İnkişaf Bankı ilə birgə reallaşdırılan “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi”nin icrasına başlanılıb.
Son illərin ən böyük infrastruktur layihələrindən olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksinin istismara verilməsi regionların da içməli su təminatının yaxşılaşmasına öz töhfəsini verib. Belə ki, bu kompleks istismara verildikdən sonra Kür sutəmizləyici qurğularından Bakıya ötürülən suyun daha çox hissəsinin regionların təminatına yönəldilməsinə şərait yaranıb. İndiyə qədər Şirvan-Muğan qrup su kəməri ilə Şirvan şəhərinin yalnız bir hissəsinə su verilirdisə, hazırda şəhərin əksər hissəsi bu mənbədən qidalanır.
Yeri gəlmişkən, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar “Azərsu” ASC respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də içməli su təchizatının yaxşılaşdırılması layihələrinin icrasını davam etdirir. Belə ki, üçüncü Dövlət Proqramı çərçivəsində düşmən mövqeləri ilə üzbəüz kəndlər də daxil olmaqla, Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Tovuz, eləcə də, Şəmkir, Şəki, Zaqatala, Balakən, Quba, Qusar, Göyçay, Ucar, Kürdəmir, Saatlı, Lənkəran, Yardımlı rayonlarının 51 yaşayış məntəqəsində 120 min nəfərin içməli su problemi öz həllini tapıb. Eyni zamanda, Balakən rayonunun Hənifə kəndində icra olunan layihə uğurla başa çatıb və layihə çərçivəsində mayın 6-da kənddə yeni subartezian quyusu istifadəyə verilib.
Ümumilikdə, Dövlət Proqramı çərçivəsində “Azərsu” ASC tərəfindən regionlarda 2014-2015-ci illərdə 1380 km magistral və şəbəkə su xətləri, 490 km kanalizasiya kollektoru və şəbəkə xətləri, 2 sutəmizləyici qurğu, 61 su anbarı, 7 su, 3 kanalizasiya nasos stansiyası tikilib. Həmin dövrdə 16 subartezian quyusu qazılıb, 61 min ədəd smart tipli sayğac quraşdırılıb. Görülmüş işlər nəticəsində 226 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edilib, rayon mərkəzlərində fasiləsiz su ilə təmin olunanların sayı 625 minə çatdırılıb.
Eyni zamanda, 2016-cı ilin yanvar-mart aylarında istehlakçılara 66,7 milyon kubmetr həcmində su verilib, 47,2 milyon kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib. Hesabat dövründə 170 kilometr içməli su, 138 kilometr kanalizasiya xətləri çəkilib, 2 su anbarı tikilib, 4 ədəd subartezian quyusu qazılıb.
Əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davamlı xarakter daşıyır
Bir sözlə, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər bu ilin arxada qalan aylarında da davam etdirilib. Belə ki, Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq Salyan şəhərinin daha keyfiyyətli su ilə təmin olunması üçün təxirəsalınmaz tədbirlərin icrasına başlanılıb. Təsdiqlənmiş plana uyğun olaraq, Şirvan-Muğan qrup su kəmərindən Salyan şəhərinə yeni magistral xəttin tikintisi, həmçinin Salyan şəhərinin bəzi küçələrində yeni paylayıcı şəbəkənin yaradılması nəzərdə tutulur. Layihə çərçivəsində 1,4 kilometr uzunluğunda magistral, 2 kilometr uzunluğunda paylayıcı xətlərin inşasına start verilib.
Qeyd edək ki, Şirvan-Muğan qrup su kəmərinin təməli 2012-ci ilin iyul ayında Prezident İlham Əliyev tərəfindən qoyulub, 2013-cü ildə bu kəmərdən Hacıqabul, Şirvan və Biləsuvar şəhərlərinə içməli suyun verilməsi təmin edilib. Ümumilikdə, Şirvan-Muğan qrup su kəməri Hacıqabul, Şirvan, Biləsuvar, Salyan və Neftçala şəhərlərinin, həmçinin kəmərin marşrutu boyu yerləşən 121 kəndin 470 min sakininin içməli su təchizatının yaxşılaşmasına hesablanıb. Eyni zamanda, Masallı rayonunun 5 kəndini keyfiyyətli içməli su ilə təmin etmək üçün layihənin icrası davam etdirilir.
Bununla yanaşı, beynəlxalq layihələr çərçivəsində Qusar və Tərtər şəhərlərində tikinti-quraşdırma işlərinin böyük hissəsi icra edilib və son mərhələyə qədəm qoyub, həmçinin Gəncə şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi sürətləndirilib.
Nadir AZƏRİ
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti
və Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 953 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Sosial

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30