Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda regional inkişaf strategiyası böyük uğurla həyata keçirilir

Azərbaycanda regional inkişaf strategiyası böyük uğurla həyata keçirilir

27.05.2016 [10:06]

Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir və Prezident İlham Əliyevin fərmanları ilə təsdiqlənərək 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan müvafiq Dövlət proqramlarında nəzərdə tutulan konkret hədəflərə istiqamətləndirilib. Əlamətdar haldır ki, bütün ölkə boyu inkişaf ilbəil daha intensiv hal alır və bu cəhətdən 2015-ci il də istisna olmayıb.
Regionlarda özünü təminat səviyyəsi yüksəlir
Son 12 ildə tarixi əhəmiyyət daşıyan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılması Azərbaycanın bölgələrinin simasını dəyişib, regionları da iqtisadi güc amilinə çevirib. Bir vaxtlar respublikamızın iqtisadi potensialı əsasən paytaxt Bakıda və bir sıra iri şəhərlərdə cəmləşmişdi. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində artıq bu nisbətin dəyişdiyini söyləmək mümkündür. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 70 mindən çox müəssisə fəaliyyətə başlayıb və regionlarda ümumi məhsul buraxılışı əhəmiyyətli dərəcədə artıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Belə ki, son illərdə regionlardan vergi ödənişləri 14 dəfədən çox artıb. Artıq 6 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.
Ümumiyyətlə, son illərdə regionların maliyyə təminatı əhəmiyyətli dərəcədə güclənib. 2004-cü ildən etibarən bəhs olunan Dövlət proqramlarının icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib. 2015-ci ildə regionların inkişafına bütün mənbələr hesabına 3,6 milyard manat vəsait ayrılıb. O cümlədən ayrı-ayrı şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və bir sıra mühüm layihələrin icrası ilə bağlı Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla regionlara 169 milyon manat vəsait yönəldilib.
Bölgələrdə güclü infrastrukturun yaradılması böyük nailiyyətdir
Ardıcıllıqla həyata keçirilən layihələr sayəsində bu gün Azərbaycan müasir dünya standartları səviyyəsində qurulan infrastruktur təminatına malik ölkəyə çevrilib. Bu barədə söhbət açarkən respublikanın enerji təminatının güclənməsini xüsusi qeyd etmək lazımdır. Yeni generasiya gücləri sayəsində Azərbaycan daxili enerji istehlakını tam həcmdə yerli istehsal hesabına təmin edir, hətta ölkəmizin müəyyən qədər ixrac imkanları da yaranıb. Son 12 ildə Azərbaycanın elektrik enerjisi sistemində 25 yeni elektrik stansiyası istismara buraxılıb. Nəticədə, 2400 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib. Təkcə ötən il Azərbaycanın regionlarında 2 elektrik stansiyası istifadəyə verilib.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarıında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, ilk iki Dövlət Proqramının həyata keçirildiyi 2004-2013-cü illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 9 min kilometri ötüb, bu müddətdə 250 yeni körpü, tunel və yol ötürücüsü inşa edilib. Haqqında bəhs olunan dövrdə Azərbaycanın bölgələrində 6 aeroport tikilib ki, onlardan da 4-ü beynəlxalq səviyyəlidir.
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələr regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də intensiv şəkildə davam etdirilir. Yeni Dövlət Proqramının icrasının birinci ili ərzində daha 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30-dan çox yeni körpü və yolötürücüləri tikilib və ya təmir olunub. 2015-ci ildə isə 400 kilometrdən artıq ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 12 yeni körpü və yol ötürücüləri tikilib və ya təmir olunub.
Ölkədə həyata keçirilən su layihələri regionların zəngin iqtisadi potensialından səmərəli istifadə edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Son 12 ildə ölkə miqyasında 170 min hektardan çox sahənin su təminatı və təxminən bu qədər də ərazinin meliorativ vəziyyəti yaxşılaşdırılıb, 20 min hektar yeni suvarılan sahə dövriyyəyə cəlb edilib. Eyni zamanda, respublikada sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə, bəndlərin möhkəmləndirilməsi işləri yerinə yetirilib. Müstəqillik illərində Taxtakörpü, Şəmkirçay, Tovuzçay su anbarları kimi nəhəng su təchizatı sistemlərinin yaradılması Azərbaycan dövlətinin gücünü təsdiqləyir.
Paralel surətdə regionlarda əhalinin içməli su təminatı da əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bəhs edilən dövrdə dövlət investisiyaları və beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına 40 şəhərdə içməli su və kanalizasiya layihələrinin icrasına başlanılıb və artıq bir sıra şəhərlərdə bu layihələrin icrası yükunlaşdırılıb.
Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. İndiyədək respublikanın regionlarında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilib ki, bunun da sayəsində ölkəmizdə qazlaşdırmanın səviyyəsi 80 faizi ötüb. Artıq proses indiyədək qazlaşdırılmayan və yaxud müəyyən səbəblərdən qaz təminatı dayandırılan kəndləri və kiçik yaşayış məntəqələrini də əhatə edib. Dövlət başçısının bu sahədə qarşıya qoyduğu hədəf yaxın perspektivdə ölkə üzrə qazlaşdırmanın səviyyəsini 90-95 faizə çatdırmaqdan ibarətdir.
Sənayenin regional strukturunun formalaşdırılması bölgələrin inkişafına yeni təkan verəcək
Prezident İlham Əliyevin yeni sənayeləşmə siyasəti ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrdən biri də ölkəmizdə sənayenin regional strukturunun təkmilləşdirilməsi və hər rayonda sənaye məhəllələrinin yaradılması ilə bağlıdır. Son illərdə ölkəmizdə dövlət başçısının nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq sənayenin inkişafının və onun yeni regional strukturunun formalaşdırılmasının hüquqi bazasını təmin etmək üçün əməli addımlar atılıb. Dövlət başçısı hələ 2007-ci ildə “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” müvafiq Fərman imzalayıb. Ölkəmizdə “Xüsusi iqtisadi zonalar haqqında” ayrıca qanun qəbul edilib. Bundan başqa, dövlət başçısının 24 aprel 2013-cü il tarixində imzaladığı Fərmanla “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiqlənib. Eyni zamanda, Prezident İlham Əliyev 2014-cü il 8 oktyabr tarixində ölkədə sənaye məhəllələrinin yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb. Respublikamızda sənayenin yeni regional strukturunun formalaşdırılması baxımından dövlət başçısının 2 fevral 2015-ci il tarixində imzaladığı “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncamı mühüm əhəmiyyət daşıyır. Artıq bəhs olunan Sərəncama uyğun olaraq Neftçalada Sənaye Məhəlləsinin tikintisi həyata keçirilir. Şəmkir rayonunda Zəyəm Texnologiyalar Parkının fəaliyyəti ölkəmizdə ənənəvi sənaye sahələri ilə yanaşı, yeni istiqamətlərin də uğurlu inkişafına gözəl nümunədir. Prezident İlham Əliyevin Fərmanı ilə Mingəçevir şəhərində 1,3 hektar torpaq sahəsində “Yüksək Texnologiyalar Parkı”nın yaradılması qərara alınıb.
Regionlarda aqrar sektorda ixrac yönümlü məhsul istehsalına diqqət artıb
Qlobal mənfi təsirlər nəticəsində yaranan yeni şəraitdə ölkəmizdə iqtisadiyyatın neftdənkənar sahələri sırasında aqrar sektorun inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib ki, bu da təsadüfi deyil. Azərbaycan kənd təsərrüfatının inkişafı sahəsində tarixən güclü ənənələrə malik olan ölkədir. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Bundan başqa, respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını nəzərə alsaq, deyə bilərik ki, ölkəmizdə kənd təsərrüfatının dinamik inkişaf etdirilməsi həm də sosial baxımından mühüm əhəmiyyət daşıyır.
Regionlarda aqrar sektora hərtərəfli dəstək verilməsi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Ölkənin qeyri-neft məhsulları ixracının strukturunda kənd təsərrüfatında istehsal olunan meyvə-tərəvəzin çəkisi getdikcə artır. 2015-ci ildə respublikamızdan 312 milyon ABŞ dolları həcmində meyvə-tərəvəz məhsulları ixrac edilib. Beləliklə, ölkəmizdən xarici bazarlara meyvə-tərəvəz ixracı əvvəlki illə müqayisədə 7,2 faiz artıb və ixracın həcmi idxalı dəfələrlə üstələyib.
Azərbaycanın kənd təsərrüfatının imkanları elədir ki, burada bir sıra sahələri inkişaf etdirməklə yeni bazarlara çıxmaq, ölkəmizdən qeyri-neft məhsullarının ixracını daha da artırmaq mümkündür. Respublikamızın kənd təsərrüfatında kifayət qədər yaxşı təcrübə və nəticələr qazanılmış sahələr sırasında pambıqçılığı, tütünçülüyü, baramaçılığı xüsusi qeyd etmək lazımdır. Hər üç sahədə zəngin ənənələr formalaşıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz bu sahələri canlandırmalıyıq.
Qəzetimizə açıqlama verən Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov əminliyini ifadə edərək bildirib ki, artıq respublikamızda “ağ qızıl”ın keçmiş şöhrətinin geri qaytarılması istiqamətində zəruri tədbirlər görülməyə başlanılıb: “Bu il ölkə üzrə 50-55 min hektar sahədə pambıq becərilməsi üçün zəruri olan bütün tədbirlər görülüb. Həm texnika, həm də gübrə və toxumla bağlı bütün məsələlər öz həllini yüksək səviyyədə tapıb”.
İmran Cümşüdovun sözlərinə görə, respublikamızda tütün kimi gəlirli sahənin də inkişafı diqqət mərkəzində saxlanılır: “Hazırda respublikamızda tütünün əkini ilə 4 şirkət - “Araz”, “İntertabako”, “İlham”, “Tobako hause” MMC kimi qurumlar məşğul olur. Bu 4 şirkət məhsul istehsalçıları ilə müqavilə bağlayaraq ayrı-ayrı regionlarda tütün əkini həyata keçirir. Qarşıya cari ildə 3 min hektar ərazidə tütün əkilməsi ilə bağlı hədəf qoyulub”.
Baramaçılığın inkişaf etdirilməsi də aqrar sektorda qarşıya qoyulan yeni hədəflər sırasındadır. İmran Cümşüdov bildirib ki, bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ardıcıl işlər həyata keçirilir. Çindən və İrandan gətirilən barama toxumları Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya edilib. “Çin Xalq Respublikasından gətirilən 800 qutu və İran İslam Respublikasından alınan 750 qutu ipəkqurdu toxumu Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya edilərək respublikanın 23 rayonundan olan fermerlərə pulsuz paylanılıb. İstehsalçıların barama tədarükünə iyunun əvvəllərində başlamaları gözlənilir. Ümumiyyətlə, bu il respublikamızda 75 ton yaş barama istehsal edilməsi proqnozlaşdırılır”, - deyə İ.Cümşüdov bildirib.
Mübariz ABDULLAYEV
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 670 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30