Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bir daha yas mərasimləri haqqında...

Bir daha yas mərasimləri haqqında...

23.06.2016 [10:05]

Son dövrlər ictimaiyyət arasında apardığımız müşahidələr göstərir ki, ölkədə yas mərasimlərinin hələ də təmtəraqla keçirilməsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini (DQİDK) qınama meyilləri mövcuddur. Lakin bir həqiqəti qəbul etmək lazımdır ki, yas mərasimlərinin keçirilməsi qaydalarının sadələşdirilməsi məhz DQİDK tərəfindən gündəmə gətirilib ki, bu məsələ ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xüsusi fətvası var və tanınmış din xadimlərimizin, ilahiyyatçılarımızın, ictimaiyyət nümayəndələrimizin dəstəyi müxtəlif media qurumlarında ifadə olunub. Bir fakt da odur ki, Dövlət Komitəsi hüquq-mühafizə orqanı deyil, onun cəzəlandırma, məcburetmə kimi səlahiyyətləri yoxdur və onun bu məsələ ilə bağlı irəli sürdüyü fikirlər yalnız tövsiyə xarakteri daşıyır.
DQİDK-nın bu barədə tövsiyələri ölkənin bəzi rayon və bölgələrində az müddətdə öz müsbət nəticələrini versə də, hələ də vətəndaşlarımız vahid, ümumi mövqe nümayiş etdirməyiblər. Cəmiyyətimiz köhnəlmiş “camaat nə deyər?” düşüncəsinin təsirindən çıxa bilməyərək bahalı ehsan süfrələri, qəbir pulu, molla pulu (baxmayaraq ki, QMİ qeydiyyatdan keçmiş din xadiminin hər hansı məbləğ qarşılığında yaslarda iştirakını qadağan edib) altında “əzilir”. İnsanlarımız dünyasını dəyişmiş yaxınlarının dəfnini, cümə axşamlarını, 3, 7, 40 və il mərasimlərini, qəbir daşlarının hazırlanmasını həyata keçirmək üçün az qala bir evin pulunu xərcləyirlər. Özü də əksər vaxtı bu xərclər kredit və ya borcla ödənilir.
Fikrimizcə, vətəndaşlarımızın bu mənfi stereotipdən uzaqlaşması yalnız maariflənmə sayəsində mümkündür. Onlar bilməlidirlər ki, yas adı altında keçirilən “qonaqlıq” və “banketlər”in İslam dininə heç bir aidiyyəti yoxdur, 3, 7, 40 və bu kimi mərasimlər barədə dinimizdə heç nə bildirilmir. İslama görə, dəfn mərasimindən sonra dünyasını dəyişən şəxsin yaxınlarının qonşular və qohumlar tərəfindən ziyarət edilməsi bəyənilən əməllərdəndir. Dəfndən sonrakı müddət ərzində qonşular yemək hazırlayaraq vəfat edən şəxsin evinə gətirə bilərlər. Dinimizin qanunlarına görə, yas məclisinə başsağlığı vermək məqsədilə gələnlərin (qonşu, tanışlar, qohum-əqrəba) orada yemək yeməyi deyil, özləri ilə yemək gətirməkləri məsləhət görülür.
Bu gün əhalisinin əksəriyyəti müsəlman olan ölkələrin hər birində dəfndən sonrakı yas mərasimləri islami qaydalar əsas götürülməklə keçirilir. Şəriət qayda-qanunlarının geniş təbliğ olunduğu İran İslam Respublikası ilə yanaşı, İslam qayda-qanunlarının dövlət və cəmiyyətə güclü təsiri ilə seçilən Küveyt, Qatar, Birləşmiş Ərəb Əmirlikləri, Sudan, Nigeriya, Əfqanıstan, Liviya, Banqladeş, Pakistan, İndoneziya, Türkiyə, İordaniya, Bəhreyn, Oman və Yəməndə bütün sosial-ictimai məsələlərdə olduğu kimi, yas mərasimlərinin saxlanılmasında da qanunauyğunluq hökm sürür. Bu ölkələrdə İslamın təbliğ və təlqin etdiyi kimi yas saxlama müddəti üç gündür. Bu müddətdən artıq yas saxlamağın haram buyurulduğu ölkələrdə yaslar ya dünyasını dəyişmiş insanların evlərində, ya da məscidlərdə saxlanılır.
Dinimizdə dünyasını dəyişmiş insan üçün 3 gün yas mərasiminin keçirilməsi deyil, yas saxlanılması qəbul edilir. Bu müddət ərzində insanlar dünyasını dəyişmiş şəxsin ailəsini ziyarət edir, dəstək nümayiş etdirir və təskinlik verirlər. Ancaq ölmüş şəxsin ailəsini xərcə salmaq, ehsan vermək məqsədilə süfrə açmaq yalnız insanlar tərəfindən uydurulmuş mərasimlərdir.
Qeyd edək ki, insanlarımızın yas mərasimlərində təmtəraq və israfdan çəkinməsi üçün ictimai qınağın formalaşması mühüm amildir. Bu məqsədlə düzgün təsəvvürlərə malik şəxslərin bu məlumatları cəmiyyətin digər üzvlərinə ötürməsi və onlarla paylaşması vacibdir. “Hər şeyi dövlət və hökumət etməlidir” deyərək, özlərini bu məsələdən kənarlaşdırmamalıdırlar. İnsanlara aşılanmalıdır ki, yas məclislərinin belə formada keçirilməsi sosial bərabərsizliyi dərinləşdirməklə cəmiyyətdə adət-ənənələrə yanaşmada təbəqələşmə yaradır. Verilən yemək və başqa məhsul çeşidlərinin ifrat dərəcədə çoxluğu Allahın haram buyurduğu israfa səbəb olur, maddi və mənəvi balansı pozur.
Yas məclislərinin sadə şəkildə keçirilməsinin vacibliyi, israfçılığa yol verilməməsi mövzusunda cəmiyyətin maariflənməsində din xadimlərinin, məclisləri aparan axund və imamların da üzərinə mühüm vəzifə düşür. Din xadimləri belə məclis və yığıncaqlarda insanlarla daha çox ünsiyyətdə olduğundan cəmiyyətin digər üzvləri ilə müqayisədə onlar daha çox aktivlik nümayiş etdirməlidirlər. Lakin təəssüf ki, günümüzdə belə dəbdəbəli süfrələr yas mərasimlərini idarə edən din xadimlərinin gözü qarşısında baş verir. Görünür, həmin din xadimləri QMİ-nin tövsiyələrini cəmiyyətə çatdırmaqda maraqlı deyillər.
Vurğulamaq lazımdır ki, bu mövzuda kütləvi informasiya vasitələrinin (KİV) üzərinə kifayət qədər məsuliyyət düşsə də, onlar tərəfindən də istənilən səviyyədə aktivlik nümayiş etdirilmir. Düzdür, yas mərasimlərinin keçirilməsi qaydalarının sadələşdirilməsinin vacibliyi barədə Dövlət Komitəsinin ilkin çıxışları zamanı KİV müəyyən aktivlik göstərib. Lakin bu işdə tədricən müəyyən səngimələrə yol verilib və davamlı xarakter almayıb. Fikrimizcə, KİV cəmiyyətin maariflənməsində öz fəaliyyətini daha da gücləndirməlidir.
Sözsüz ki, yasların təmtəraqla, “qonaqlıq” və “banketlər” formasında təşkili mərasim zalları xidmətləri təklif edən və “çadır biznesi” ilə məşğul olan işbazların “dəyirmanına su tökür”. Bir müddət öncə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə müraciət edərək paytaxtın mərkəzi küçələrindəki çadır maşınlarının yığışdırılmasının zəruriliyini bildirmişdi. Lakin hələlik bunun qarşısını tam şəkildə almaq mümkün olmayıb. “Çadır biznesmenləri”nin təklif etdikləri VİP xidmətlərin məbləği gündən-günə artmaqdadır. Hesab edirik ki, xeyir və şər adətləri ilə bağlı məsələlərin tənzimlənməsi məqsədilə qanun layihəsinin qəbul edilərək tətbiq olunmasına böyük ehtiyac var.
Yas mərasimlərinin sadə şəkildə keçirilməsi, bu məsələdə ifratın və təmtərağın qarşısının alınması, ümumiyyətlə, bu mövzuda düşüncə tərzinin dəyişməsi Dövlət Komitəsi və digər dövlət orqanlarının həyata keçirdiyi tədbirlərlə yanaşı, cəmiyyətin bütün təbəqələrinin ümumi dəstəyi ilə mümkündür. Ziyalılarımızın fikirlərinin ictimaiyyətə çatdırılması, mövzuyla əlaqədar jurnalist tədqiqatlarının aparılması, televiziyada bununla bağlı mütəmadi “dəyirmi masa”ların təşkil edilməsi, ilahiyyatçıların və mütəxəssislərin iştirakı ilə diskussiyaların geniş auditoriyaya təqdim olunması zəruridir.
Çox arzu edərdik ki, yas mərasimləri ilə bağlı məsələ öz həllini tapanadək gündəmdən düşməsin, geniş və davamlı diskussiya xarakteri alsın. Onu da qeyd edək ki, bu işdə Dövlət Komitəsi hər cür dəstək verməyə hazırdır.
Elnarə KƏRİMOVA,
Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin Təhlil və
proqnozlaşdırma şöbəsinin müdiri

Paylaş:
Baxılıb: 671 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30