Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 700 bal toplayan abituriyentlərin uğur hekayələri

700 bal toplayan abituriyentlərin uğur hekayələri

19.07.2016 [09:58]

Xəbər verildiyi kimi, iyulun 15-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən (TQDK) 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib. Qeyd edək ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 47 binada aparılıb. İmtahanda iştirak etmək üçün sənəd vermiş 25956 abituriyentdən 1035 nəfəri imtahana gəlməyib. Eləcə də, imtahanda iştirak edən 24921 abituriyentdən 13 nəfəri qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.
İmtahanda I ixtisas qrupu üzrə 3 oğlan abituriyent, IV ixtisas qrupu üzrə isə 2 oğlan, 1 qız olmaqla ümumilikdə 3 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. IV ixtisas qrupu üzrə maksimum nəticə əldə edən abituriyentlərdən biri də İsmayıllı rayon 5 saylı İsmayıllı şəhər tam orta məktəbin məzunu Ağalətif Lətifovdur.
Ağalətif Lətifov 1999-cu il avqustun 1-də İsmayıllı rayon Gülyan kəndində anadan olub. İsmayıllı şəhər 5 saylı tam orta məktəbində təhsil alan A.Lətifov hər zaman öz dərslərinə ciddi yanaşması ilə seçilib. Təbii ki, müəllim ailəsində doğulub-böyüməsi də Ağalətifin təhsilə marağında xüsusi rol oynayıb. A.Lətifov bildirib ki, 700 bal toplayaraq maksimum nəticəyə imza atmaq çox gözəl, fərqli hissdir: “Sualların cavablarını yaxşı yazdığımı bilirdim, 700 bal hər bir halda mənim üçün sürpriz oldu. Eşidəndə, əlbəttə ki, böyük sevinc hissi yaşadım. Ailəm də xəbəri eşidəndə çox sevindi. Xüsusi ilə atam çox sevinir”.
Ağalətif bildirib ki, imtahanlara ciddi şəkildə hazırlaşıb. O, artıq ixtisas seçimi də edib. Ağalətif müalicə işi fakültəsində təhsil almağı planlaşdırır: “İstədiyim ixtisas Müalicə-profilaktika fakültəsidir. Tibb Universitetində həkimliyin sirlərinə yiyələnmək istəyirəm”.
A.Lətifov bu gün ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan razı olduğunu bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət Azərbaycanda müasir texnologiyaların geniş şəkildə tətbiqinə yol açıb, rayonlarımızda, bölgələrimizdə təhsilə diqqət yüksək səviyyədədir. A.Lətifov orta məktəbdə təhsil alan gənclərə də kitaba bağlı olmağı, təhsil proqramını mükəmməl səviyyədə mənimsəməyi arzulayıb.
IV ixtisas qrupu üzrə maksimum balı yığan abituriyentlərdən biri də Qazax rayonu Canallı kənd orta məktəbinin məzunu Səbinə İsmayılovadır. Səbinənin bu uğuru istər yaşadığı kənddə, istərsə də öz ailəsində böyük coşqu ilə qarşılanıb. Səbinə İsmayılova qəzetimizə açıqlamasında bu uğuru qazanacağına əmin olduğunu bildirib. Onun sözlərinə görə, məktəbdə oxuyarkən hər zaman yüksək nəticələr göstərib, fənn olimpiadalarında uğur əldə edib: “Qəbul imtahanında 700 bal toplayacağımı təxmin edirdim. Çünki çox ciddi hazırlaşırdım. Qəbuldan öncə keçirilən sınaq imtahanlarında da yaxşı nəticələr göstərmişəm”.
Səbinə bizimlə söhbətində gələcəkdə xalqımıza həkim kimi xidmət etmək istədiyini bildirib. Onun təhsilə bağlılığının arxasında həm də ailə ənənəsi dayanır. Belə ki, S.İsmayılovanın anası, eləcə də babası və nənəsi müəllimdirlər: “Bizim ailədə anam, nənəm və babam müəllim peşəsinin sahibidirlər. Yəni uşaqlıqdan ziyalı ailədə, təhsil mühitində böyümüşəm. Ona görə də elmə, oxumağa qarşı xüsusi bir sevgim və marağım olub. Həkim ixtisası seçməyim isə öz istəyimdən irəli gəlir. Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil almaq niyyətindəyəm”.
Qazandığı bu uğurlara görə oxuduğu məktəbin müəllim kollektivinə minnətdarlıq edən Səbinə gələcək abituriyentlərə də daha yaxşı oxumağı arzuladı: “Hər bir şagird uşaq yaşlarından hazırlaşmalıdır. Çünki uğura aparan yol yaxşı oxumaqdan, bilikli olmaqdan keçir”.
Öz sevincini bizimlə bölüşən Səbinənin babası, qocaman müəllim Rza İsmayılov bildirib ki, bəzi hisslər var ki, onu sözlə izah etmək mümkün deyil. Hazırda gözəl və fəxr ediləsi hisslər keçirdiyini söyləyən R.İsmayılov Səbinənin hər zaman dərslərinə məsuliyyətlə yanaşdığını bildirib. Onun sözlərinə görə, qrup və ixtisas seçimində də nəvəsinə heç bir təsir göstərməyiblər: “IV ixtisas qrupunu seçməsi də özünün istəyi ilə olub. Təbii ki, Səbinənin bu cür gözəl nəticəyə imza atmasında təhsil aldığı məktəbin də rolu böyükdür”.
R.İsmayılov dövlətimizin təhsilə qayğısını yüksək qiymətləndirib. O bildirib ki, Prezident İlham Əliyev hər zaman təhsilin səviyyəsinin artırılmasına, o cümlədən təhsil ocaqlarının maddi-texniki bazasının yeni dövrə uyğun şəkildə müasirləşdirilməsinə xüsusi diqqət göstərib. R.İsmayılov Heydər Əliyev Fondunun ölkəmizdə təhsilin inkişafı istiqamətində həyata keçirdiyi layihələrə də toxunub. Qeyd edib ki, yaradılan əlverişli mühit gənclərimizin daha yaxşı oxumasını, təhsilə daha diqqətlə yanaşmasını şərtləndirib.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 732 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30